Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

Artıq 11 ildir ki, Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıram. Bu illər ərzində təhsil sahəsində görülən işlərin bilavasitə iştirakçısı olmuş, bütün səylərimi problemlərin, çətinliklərin aradan qaldırılmasına yönəltmişəm. Hər zaman istəmişəm və çalışmışam ki, təhsilin bütün pillələrində effektli yeniliklər olsun, Azərbaycanın təhsili yeniləşsin, milli və bəşəri dəyərlərə əsaslansın, Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya olunsun. Bu istiqamətdə müəyyən addımlar atılıb. İndiyə qədər biz daha çox ümumi təhsilin problemlərinə, bu sahə üzrə görülən işlərə diqqət yetirmişik, etiraf edim ki, əsaslı nailiyyətlər də əldə olunub. Bunu da təbii hesab edirəm. Çünki hər bir şəxsin həyatında orta təhsilin müstəsna rolu barədə ikili fikir ola bilməz. Məhz orta təhsil vasitəsilə cəmiyyətin iqtisadi, mədəni və sosial inkişafının həlledici qüvvəsi olan şəxsiyyətin formalaşdırılmasının əsası qoyulur.

Lakin, ilk növbədə, ali məktəb işçisi olduğumdan, təhsilin bu pilləsi ilə bağlı məni narahat edən bir çox məsələlər barədə fikirlərimi "525-ci qəzet" vasitəsilə ictimaiyyətlə bölüşmək, Azərbaycanda ali təhsilin dünəni, bu günü və sabahı barədə məlumat vermək istərdim. Bunun üçün bir qədər geriyə - yaxın tarixə nəzər salmağı vacib hesab edirəm. Çünki bu işin kökünü, tarixini bilmədən bütün problemlər barədə danışmaq, onlara obyektiv qiymət vermək çətin olar. Mən uzun müddət Bakı Dövlət Universitetində çalışmış, 1970-ci ildən 1989-cu ilə qədər burada müəllimlik etmişəm. Sonra Təhsil Nazirliyinə işləməyə dəvət olunmuşam. Müəyyən müddət Universitetdə prorektor və rektor vəzifələrində işlədikdən sonra yenidən Nazirliyə qayıtmış, nazir vəzifəsinə təyin olunmuşam. Bu baxımdan ölkənin ali təhsilinin inkişafı tələbə olduğum 1964-cü ildən indiyədək gözlərim önündə baş verib. Azərbaycan Dövlət Universiteti - indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışam, aspiranturada oxumuşam, dissertasiya müdafiə edib müəllimlik fəaliyyətinə başlamışam. O dövrdə bütövlükdə təhsil, həmçinin ali təhsil sovet qayda-qanunlarına, kommunist ideologiyasına əsasən idarə olunurdu. Təhsilin məzmunu da bu ideologiyaya uyğun müəyyənləşirdi, yalnız Azərbaycan dili və Azərbaycan tarixi istisna olmaqla dərsliklər, təhsillə bağlı bütün normativ-hüquqi sənədlər bir mərkəzdə - Moskvada hazırlanaraq SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən müttəfiq respublikalara göndərilirdi. O zaman Azərbaycanın ali məktəbləri arasında Bakı Dövlət Universiteti və Dövlət Neft Akademiyası seçilirdi. Hətta deyirdilər ki, bu iki universitet SSRİ-nin ən yaxşı 50 ali təhsil müəssisəsi sırasına daxil olub. Bir faktı da qeyd edim ki, 1959-cu ilə qədər bütün müttəfiq respublikaların ali və orta ixtisas təhsili müəssisələri, yəni universitetlər və texnikumlar birbaşa SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə tabe idi. Daha dəqiq desək, 1959-cu ilə qədər müttəfiq respublikalarda Ali və Orta İxtisas Təhsili Nazirliyi olmayıb. Ümumtəhsil müəssisələri isə 1920-ci ildən yaranmış Maarif Nazirliyi tərəfindən idarə olunurdu. Yalnız 1959-cu ildən sonra müttəfiq respublikalarda Ali və Orta İxtisas Təhsili Komitəsi, sonra isə Ali və Orta İxtisas Təhsili Nazirliyi yarandı. Ali məktəblərin Sovet İttifaqından xaricdə olan universitetlərlə, demək olar ki, heç bir əlaqəsi yox idi. Bu baxımdan ali məktəblərimiz dünyanın ali təhsil sistemindən təcrid olunmuş şəkildə fəaliyyət göstərirdi. 60-cı illərdən sonra xarici ölkələrdən, xüsusilə Vyetnam və Çindən, daha sonra isə Misir, Əlcəzair, Yəmən və digər ərəb ölkələrindən Azərbaycanda təhsil almağa gəlirdilər. Hətta elmi-tədqiqat işləri aparmağa gələnlər də var idi. O dövrdə SSRİ-nin ayrı-ayrı respublikalarından, əsasən də Orta Asiya ölkələrindən Azərbaycanda təhsil alan və elmi-tədqiqat işləri aparanlar da az deyildi. Ədalət naminə deyim ki, o dövrdə ali məktəb müəlliminin nüfuzu və dövlət tərəfindən maddi təminatı yüksək idi. Məsələn, mən 1978-ci ildən 1989-cu ilin yayına kimi Bakı Dövlət Universitetinin nüfuzlu fakültələrindən biri olan mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışmışam. O zaman aylıq əməkhaqqım 420 rubl idi. Bu məbləğ hətta rayon komitəsi rəhbərinin maaşından da yüksək idi. Bir qədər əvvəlki illər barədə danışırdılar ki, ölkədə Elmlər Akademiyasının prezidenti ən yüksək əməkhaqqı alıb. Universitet rektoru isə ikinci yüksək maaşlı şəxs imiş. Avropa və Amerika mətbuatı ilə tanışlıq göstərir ki, indi də mütəxəssislər o zamankı SSRİ təhsil və elm sistemini çox yüksək qiymətləndirirlər. 1980-ci illərin ortalarından SSRİ kimi nəhəng bir dövlət dağıldı, nəticədə 1991-ci ildə bütün respublikalar, o cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi. Mən o zaman Təhsil Nazirliyində nazir müavini vəzifəsində çalışırdım. Çoxları kimi mən də düşünürdüm ki, müstəqillik Azərbaycana və onun hər bir vətəndaşına xoşbəxtlik gətirəcək, həmçinin təhsil sisteminin inkişafına səbəb olacaq. Buna ürəkdən inanırdım. Amma həyat göstərdi ki, qarşıda bizi çox ciddi problemlər gözləyirmiş. Xalqımızın uzun illər həsrətlə gözlədiyi müstəqilliyin ilk illərində Azərbaycan böyük bəlalarla qarşılaşdı. Ermənilərin torpaq iddiası üzərində qurulan təcavüzü, ölkənin bir ictimai-siyasi quruluşdan tamamilə yenisinə keçməsi, ölkədəki qeyri-sabitlik bütün sahələrdə olduğu kimi Azərbaycanın təhsil sistemini də az qala iflic vəziyyətinə salmışdı. Ən qabiliyyətli, bilikli, savadlı ali məktəb işçiləri, professorlar dolanışıq dalınca Türkiyəyə, İrana, Rusiyanın ayrı-ayrı şəhərlərinə və dünyanın müxtəlif ölkələrinə üz tutmalı oldular. O vaxtlar fasiləsiz keçirilən mitinqlər tədris prosesini pozurdu, universitetlərin, bütövlükdə təhsil müəssisələrinin maddi-texniki bazasının dağıdılması tendensiyası hökm sürürdü. Rusiyanın və digər ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr tamamilə kəsildi. Acınacaqlı bir vəziyyət yarandı. Bir tərəfdən Qarabağ savaşı, bir-birinin ardınca Azərbaycan ərazilərinin işğal olunması, Azadlıq meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən mitinqlər, müxtəlif çağırışlar, digər tərəfdən universitetin maddi-texniki bazasının yararsız hala düşməsi vəziyyəti xeyli çətinləşdirmişdi. O illərdə universitetdə istifadə üçün hətta təbaşir belə tapılmırdı, axşam şöbəsində otaqlarda elektrik lampaları, yazı lövhələri yox idi, partalar bərbad vəziyyətdəydi. Azərbaycanın təhsil sistemi çox ciddi bir böhran keçirirdi və bu böhran, acınacaqlı vəziyyət 1993-ci ilin yayına kimi davam etdi. Azərbaycan xalqının çağırışı ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra əvvəlcə ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs elan edildi və ölkə iqtisadiyyatı tədricən möhkəmləndi. Bundan sonra təhsildə də irəliləyişlər hiss olunmağa başladı. Ali təhsillə bağlı bir mühüm qərarı xüsusilə qeyd etmək istəyirəm. Heydər Əliyev o zaman üçün müdrik bir qərar qəbul etdi ki, Azərbaycanın ali təhsil müəssisələrinə dövlət hesabına qəbulla yanaşı, ödənişli əsaslarla tələbə qəbulu aparılsın. Həmin qərar təhsil tarixində yaddaqalan, mühüm bir sənəd oldu. Bütün fəaliyyəti ali məktəblə bağlı olan bir insan kimi belə hesab edirəm ki, əgər o dövrdə bu qərar qəbul olunmasaydı, qısa bir zamanda ölkənin dövlət ali məktəblərinin hamısı fəaliyyətini dayandırmaq təhlükəsi ilə qarşılaşacaqdı. Yalnız bu qərar nəticəsində ali məktəblər az da olsa vəsait əldə etdilər. Həmin vəsaitin müəyyən hissəsi universitet müəllimlərinin əmək haqqının qismən də olsa artırılmasına, daha böyük hissəsi isə avadanlıqların alınması, təmir işlərinin aparılması, istilik sisteminin qaydaya salınması kimi zəruri işlərə sərf olundu. Tədricən Azərbaycanda təhsil sahəsində irəliləyişlər hiss olunmağa başladı. O tarixi qərarın qəbul olunmasından 15 il vaxt keçsə də, hətta Azərbaycanın indiki yüksək iqtisadi göstəriciləri zamanında onun uğurlu nəticələri göz qabağındadır. Ali təhsilin tarixindən danışarkən bir məsələni də xüsusilə qeyd etməyi özümə borc bilirəm: 1994-cü il idi, Azərbaycanda hələ siyasi sabitlik tam bərqərar olmamışdı. Universitetdə prorektor vəzifəsində çalışırdım. Belə bir dövrdə Bakı Dövlət Universitetinin 75 illiyini keçirmək istəyirdik. Məlumdur ki, bu Universitetin əsası 1919-cu ildə qoyulub və 1994-cü ildə 75 illiyi tamam olurdu. Universitetin 50 və 60 illik yubileyləri Heydər Əliyevin rəhbərliyilə keçirilmişdi. 75 illik yubileyin keçirilməsi məsələsi Heydər Əliyev tərəfindən müsbət qarşılandı və dövlət başçısının bu barədə ayrıca sərəncamı oldu. Sərəncama əsasən Dövlət Komissiyası yaradıldı və komissiyanın sədri Heydər Əliyev özü oldu. İndiki Heydər Əliyev adına Sarayda ümummilli liderin sədrliyi ilə BDU-nun 75 illik yubileyi böyük təntənə ilə keçirildi. Bu da bir tarixi hadisə idi və düşünürəm ki, Heydər Əliyev bu tarixi addımla öz siyasi iradəsini nümayiş etdirərək, yalnız Universitetin yubileyini keçirmək məqsədi daşımırdı, eyni zamanda belə bir çətin dövrdə təhsilə qayğı və diqqət göstərməklə sanki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və sarsılmazlığını bir daha bəyan edirdi. 1995-ci ildən etibarən ölkədə siyasi sabitlik bərqərar oldu, ölkə iqtisadi cəhətdən ciddi uğurlar əldə etdi, dünyada nüfuzu artdı, milli təhsil quruculuğu istiqamətində də əhəmiyyətli addımlar atıldı. 1998-ci il martın sonunda Heydər Əliyevin imzaladığı sərəncama əsasən təhsil sahəsində islahatlar aparmaq üçün komissiya yaradıldı və mən həmin komissiyanın sədri təyin olundum. Komissiyanın tərkibinə nazirlər, komitə sədrləri və digərləri daxil idi. Qarşıya qoyulan tapşırıqlardan biri də bu idi ki, Dünya Bankının Bakı ofisi ilə əlaqələr yaradılsın və islahatların həyata keçirilməsində Dünya Bankı Azərbaycana yardım göstərsin. Komissiya və işçi qrupları təxminən bir il ərzində Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq "Təhsil islahatı proqramı" hazırladı. Dəfələrlə müxtəlif səviyyələrdə, o cümlədən Heydər Əliyevin şəxsən özünün iştirakı ilə müzakirələr aparıldı və 1999-cu il iyunun 15-də proqram Prezident tərəfindən təsdiq olundu. Burada təhsilin bütün pillələri, onların hər birinin mövcud vəziyyəti, problemlər, onların həlli istiqamətində mərhələlər üzrə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdı. Onu da qeyd etmək lazımdır ki, 1992-ci ildə təsdiq olunan Təhsil Qanununa görə ölkənin ali məktəblərində ikipilləli ali təhsil sisteminə keçilmişdi, bakalavr və magistr anlayışları mövcud idi, onların proqramları, planları təsdiq edilmişdi. Lakin bir sıra obyektiv səbəblərdən bu qərarların əksəriyyəti kağız üzərində qalmışdı. Yalnız 1999-cu ildən sonra, əsaslı islahatlar nəticəsində bu məsələlər gerçək həllini tapmağa başladı. Həmin vaxtdan 10 il ötmüşdür. Əlbəttə, 10 il bir dövlətin inkişafı, təhsil sisteminin formalaşması üçün o qədər də böyük bir dövr olmasa da, inkarolunmaz faktdır ki, bu müddət ərzində Azərbaycanda təhsil sahəsində çox ciddi addımlar atılıb, həmçinin ali təhsil sahəsində də bir sıra əhəmiyyətli işlər görülüb.

Xüsusi qeyd etmək istəyirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və yaxından dəstəyilə 2003-2008-ci illərdə bütövlükdə Azərbaycanda, o cümlədən təhsil sistemində çox ciddi işlər həyata keçirildi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi və iqtisadi yüksəliş öz bəhrələrini verməyə başladı. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü. Azərbaycanın büdcəsi davamlı olaraq artdı, ümumdaxili məhsul, vətəndaşların əmək haqları yüksəldi. Prezident belə bir vacib ideya irəli sürdü ki, "qara qızıldan, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilməlidir". Cənab İlham Əliyev belə bir konseptual ideya da irəli sürdü ki, "təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir".

Həyata keçirilən əhəmiyyətli tədbirlər, islahatlar nəticəsində ümumi orta təhsil sahəsində keyfiyyət göstəriciləri xeyli yüksəldi. Son 5 ildə orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşdı, 600-dən çox bal toplayanların sayı 2 dəfədən çox artaraq 766-dan 1582 nəfərə yüksəldi. 2008-ci ildə 6 nəfər şagird mümkün olan maksimum bal - 700 bal topladı. Ali məktəblərə qəbul imtahanlarında 300-dən çox bal toplayanlar arasında da ciddi keyfiyyət dəyişiklikləri baş verdi. Belə ki, 2004-cü ildə sənəd verən məzunların 22.84 faizi 300-dən çox bal toplamışdısa, 2008-ci ildə bu göstərici artaraq 31.68 faiz təşkil etdi. Keyfiyyət göstəricilərinin inkişafını sübut edən faktlardan biri də bu oldu ki, son illərdə ali məktəblərə qəbul olan abituriyentlərin orta bal göstəriciləri xeyli yüksəldi. Belə ki, 1999-cu ilə nisbətən 2008-ci ildə BDU-ya qəbul olunanların orta bal göstəriciləri 357-dən 488-ə, ADNA-da 275-dən 462-yə, AZTU-da 244-dən 352-yə, AMİU-da 214-dən 357-yə, ATU-da 441-dən 572-yə, ADPU-da 263-dən 438-ə, Dövlət İdarəçilik Akademiyasında 444-dən 630-a, Qafqaz Universitetində 284-dən 479-a çatdı və sair. Son 5 il ərzində ölkəmizin ali təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş vermişdir. 2005-ci ilin mayında rəsmi olaraq Boloniya prosesinə qoşulduq və Boloniya Bəyannaməsinin tələblərinə uyğun ali məktəblərimizdə islahatlar aparmağa başladıq. Ali məktəblərimizin beynəlxalq əlaqələri genişləndi, maddi-texniki bazası sürətlə möhkəmlənməyə başladı. Azərbaycanda o cümlədən yeni ali məktəblər yarandı. Bütün bunlarla yanaşı, 1990-ci illərin əvvəllərində müstəqilliyin ilk illərində özəl ali məktəblər fəaliyyətə başladı. Fəaliyyətinin ilk illərində bu sahədə bir sıra ciddi nöqsanlar özünü büruzə verdi. Təəssüf ki, 90-cı illərin əvvəllərində Azərbaycanda neçə universitetin olduğu, onların dəqiq sayı heç kimə məlum deyildi. Hətta rayonlarda, qəsəbələrdə də özəl ali məktəblər fəaliyyət göstərirdi. Böyük dövlət adamı Heydər Əliyev tərəfindən özəl ali məktəblərin fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə həvalə olunduqdan sonra qısa zaman ərzində bu sahədə müəyyən stabillik yarada bildik. İndi özəl ali məktəblərin sayını minimum həddə gətirib çıxarmışıq. Artıq onlardan yüksək keyfiyyət tələb edirik və bu tələbi çox ciddi şəkildə qarşıya qoyuruq. Hazırda Azərbaycanda 50-yə yaxın dövlət və özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

 Son illərdə baş vermiş əsaslı yeniliklərdən biri də budur ki, təhsil sistemi elmi şəkildə əsaslandırılmış proqramlar əsasında idarə olunur. Bu gün təhsilin ayrı-ayrı sahələrinin inkişafına yönəlmiş 14 dövlət proqramı üzrə iş aparırıq. "Ali təhsilin inkişaf proqramı"nı da hazırlayıb təqdim etmişik, inanırıq ki, yaxın müddətdə həmin proqram cənab Prezident tərəfindən təsdiq olunacaq. İndi Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsili üzrə Dövlət Proqramı həyata keçirilməkdədir. Ölkədən kənarda 4 minə yaxın azərbaycanlı gənc təhsil alır. Onlardan min nəfəri dövlət vəsaiti hesabına təhsil alanlardır. Bu bizim böyük nailiyyətimizdir. Hazırda Azərbaycan universitetlərində çoxlu sayda əcnəbi tələbə təhsil alır və onların sayı ilbəil artır. Bu da çox sevindirici bir haldır. Müsbət cəhətlərdən biri də odur ki, azərbaycanlı tələbələrin sorağı dünyanın ən aparıcı universitetlərindən gəlir. Gənclərimiz Amerikanın Harvard, Kolumbiya universitetlərində, Böyük Britaniyanın, Almaniyanın, Fransanın, Yaponiyanın və digər ölkələrin ali təhsil müəssisələrində ölkəmiz üçün zəruri olan ixtisaslara yiyələnirlər. Prezidentin təsdiq etdiyi xaricdə təhsil proqramına əsasən ABŞ-ın Dövlət Departamenti, Fransanın KNOUS, Almaniyanın Akademik Mübarizə Xidməti (DAAD) təşkilatları ilə müqavilələr imzalamışıq. Həmin müqavilələr əsasında yüzlərlə azərbaycanlı xaricdə təhsil alır və təhsillərini başa vurduqdan sonra vətənə dönüb xalqımıza xidmət göstərəcəklər. Yeri gəlmişkən, iki il əvvəl İstanbulda bizə sevindirici bir xəbər verdilər ki, iki nəfər azərbaycanlı gənc uzmanlıq sınağında 17 minə yaxın tələbə arasında birinci və ikinci yerləri tutub. Bu hadisə məni hədsiz sevindirdi, həmin tələbələrlə İstanbuldakı Baş Konsulluğumuzda görüşdüm. İndi ölkəmizin ali təhsil müəssisələrində geniş yenidənqurma işləri aparılır. Cari dərs ilinin əvvəlində Prezident İlham Əliyev ali məktəb əməkdaşlarının əmək haqlarının artırılması barədə sərəncam imzaladı. Bu sərəncama əsasən ali məktəb əməkdaşlarının əmək haqqı 2-3 dəfə artdı. Yəni əvvəlki illərə nisbətən təhsil işçilərinin əmək haqları hiss olunacaq dərəcədə artırılıb. Əminəm ki, ölkənin maliyyə imkanları artdıqca bütövlükdə təhsil işçilərinin, o cümlədən ali məktəblərdə çalışanların əmək haqları yenidən artırılacaq. Bu məsələ cənab Prezidentin diqqət mərkəzindədir.

 Ümumiyyətlə son illərdə Azərbaycanda təhsillə bağlı ciddi irəliləyişlər müşahidə olunur, bu nailiyyətlər beynəlxalq təhsil ekspertlərinin hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, ötən ilin may ayında ölkənin birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO və İSESKO-nun təhsillə bağlı beynəlxalq konfransları məhz müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir.

Bütün bunlarla yanaşı, ölkədə təhsil siyasətini həyata keçirən, təhsilin keyfiyyətinə nəzarət edən bir qurumun rəhbəri və Prezident tərəfindən ikinci dəfə təhsil naziri vəzifəsinə layiq görülən şəxs kimi hər gün, hər dəqiqə fikirləşirəm ki, təhsilin səviyyəsini ictimaiyyətin, ölkə rəhbərliyinin tələbləri, Avropa və dünya ölkələrinin təhsili səviyyəsinə yaxınlaşdıra bilmişikmi? Bu suallar məni gecə-gündüz düşündürür. Həmin sualları qısaca cavablandıraraq deyə bilərəm ki, təhsilin bütün pillələrində ictimaiyyətin tələbatını hələ tam ödəyə bilməmişik. Təhsilimiz dünya təhsil sisteminə doğru irəliləsə də, bu sürət şəxsən məni qane etmir. Arzum budur ki, təhsil sahəsində, xüsusilə ali təhsil sistemində islahatlar daha sürətlə getsin. "525-ci qəzet" vasitəsilə ictimaiyyətə müraciətimin əsas məqsədi də ondan ibarətdir ki, ali təhsil sahəsində mövcud problemləri bəyan edək və onların həlli istiqamətində gələcəkdə hansı addımların atılması barədə mülahizələrimizi bildirək. Bu problemlərin yaranmasının obyektiv və subyektiv səbəbləri var. Əsas məqsədim ondan ibarətdir ki, bu səbəblər barədə ictimaiyyətə geniş məlumat verək və ali təhsilin inkişafı üçün müəyyən mexanizmlər təklif edək. Elə edək ki, təhsilimiz bütövlükdə Boloniya prosesinin tələblərini ödəsin, dünyanın aparıcı ali təhsil müəssisələrinin sırasına bizim universitetlər də daxil olsun.

Zamanın hər bir kəsimində dövlətin və millətin inkişafında təhsilin müstəsna xidməti olub. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev "təhsili millətin gələcəyi" adlandırırdı. Dahi Nizami isə deyirdi ki, "qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz". Bir çox mütəfəkkirlər bu haqda dəyərli fikirlər söyləyiblər. Qurani-Kərimdə də bu barədə ayələr var. Elmi və təhsili olmayan millət, əlbəttə, qabaqcıl millətlər sırasında ola bilməz. Bu baxımdan, müasir dövrdə elm və təhsilin inkişafına daha çox ehtiyac, tələbat duyulur. Bu da onunla bağlıdır ki, artıq dünyada maddi sərvətlər tükənmək üzrədir. Dünya alimləri, elm adamları yeni qaynaqlar axtarışındadır, dünyanın inkişaf etmiş ölkələrində elmə əsaslanan iqtisadiyyatın qurulması ən prioritet tədqiqat sahələrindən biridir. Cəmiyyətin bugünkü səviyyəsi elmin, yeni texnologiyaların inkişafını birbaşa zərurət kimi qarşıya qoyur. Bu prosesdə, şübhəsiz, ali təhsilin müstəsna rolu var. Yəni ali təhsil bu işdə lokomativ rolunu oynayır, bir tərəfdən ölkədə təhsilin inkişafını təmin edirsə, digər tərəfdən kadr potensialını formalaşdırır. Ali məktəbləri bitirənlərin müəyyən hissəsi orta və ali məktəblərdə, bir qismi isə iqtisadiyyatın müxtəlif sahələrində çalışır. Bütün dünyada belə qəbul olunub ki, ali təhsilin ölkənin, cəmiyyətin inkişafında rolu böyükdür. Bu səbəbdən dünyada ali təhsilin inkişafına xüsusi diqqət yetirilir. Məsələn, bu gün Amerika dünyanın fövqəldövləti sayılır. Təhlillər, hesabatlar təsdiq edir ki, Amerikanın inkişafının əsas təminatçısı bu ölkədə elmin, təhsilin yüksək tərəqqisidir. YUNESKO-nun məlumatlarına görə, dünyanın bütün ölkələrinin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin yarıdan çoxu məhz Amerika universitetlərinin payına düşür. Onu da qeyd edim ki, hər ilin sonunda "Tayms" jurnalında və Şanxay Universitetinin tədqiqatlarına əsasən dünyanın ən yüksək reytinqli universitetlərinin siyahısı verilir. Birinci siyahıda 200, ikincisində isə 500 universitet yer alır. Təsadüfi deyil ki, bu reytinq cədvəllərinin hər ikisində birinci onluqda ABŞ və Böyük Britaniya universitetləri yer alır. Bir sözlə, bu gün dünyanın inkişafı bilavasitə elmlə, təhsillə bağlıdır. Bu baxımdan düşünməliyik ki, ölkəmizin təhsil sistemi, xüsusilə ali təhsili necə və hansı yollarla yüksək inkişafa çatdırılmalıdır. Təəssüf edirəm ki, ali təhsil müəssisələrimizdə çalışanlar bu barədə az düşünürlər. Əvvəllər isə belə deyildi. Məsələn, 70-80-ci illərdə mən ali məktəbdə sıravi müəllim işləyəndə hamımız bir universitet ailəsinin üzvü idik və bu ailədə baş verən hər bir mənfi tendensiya bizi ağrıdırdı. Yəni hər birimizdə universitet təəssübkeşliyi var idi və istəmirdik ki, digər ali təhsil müəssisəsindən bizim ali məktəbə müəllim gəlsin. Ehtiyat edirdik ki, birdən yeni gələn müəllim universitetin aurasını, məxsusi ab-havasını pozar. Ancaq təəssüf ki, indi bu təəssübkeşliyi görmürəm. Mövcud imkanlardan səmərəli istifadə etmirik. Əgər bütün imkanlarımızı səfərbər etsək, bütövlükdə təhsil sistemimiz, xüsusilə də ali təhsilimiz bugünkü səviyyədən xeyli yüksəkdə dayanar. Biz, bütövlükdə Azərbaycan cəmiyyəti, xüsusən təhsil işçiləri, ali məktəbləri idarə edənlər gecəni gündüzə qatıb bu sahədəki problemlərin həlli yollarını axtarmalıyıq. Əlbəttə, düşünmək olmaz ki, üç-beş ilə Azərbaycan universitetləri dünyanın aparıcı ali təhsil müəssisələrinə çatacaqlar. Bu çox çətin bir prosesdir. Amma belə bir məsəl var ki, "general olmağı arzulamayan əsgər pis əsgərdir". Bu səbəbdən səy göstərməliyik ki, təhsilin keyfiyyəti daha sürətlə yaxşılaşsın. Laborantdan, universitet rektorundan tutmuş nazirə kimi hər kəs hər gün, hər an ölkənin ali təhsil sisteminin inkişafı barədə düşünməli və fəaliyyət göstərməlidir. İstədim ki, bu yazıda ali təhsillə bağlı mövcud problemlərlə ictimaiyyəti tanış edim və gələcək üçün yolumuzu müəyyən qədər aydınlaşdıraq. İddia etmirəm ki, mən bu yolun bilicisiyəm, bu sahəni bilən yeganə adamam. Azərbaycanda bu işi bilən xeyli insanlar var, dünyada belə insanların sayı daha çoxdur. Dünyada gedən prosesləri izləyərək, mövcud vəziyyətin diaqnozunu düzgün qoyaraq müəyyən mexanizmlər hazırlamalıyıq. Artıq Təhsil Nazirliyində yeni mexanizmlərlə bağlı iş gedir və müəyyən nəticələr də var. İstəyirik ki, yeni mexanizmlərlə Azərbaycanın təhsil ictimaiyyəti tanış olsun və bunlardan bəhrələnməklə hər bir ali məktəb öz inkişaf istiqamətlərini müəyyən etsin. Burada özəl və ya dövlət ali təhsil müəssisəsinə fərq qoymayacağıq. Fikrimcə, dövlətin diqqəti bu gün özəl ali məktəblərə daha çox yönəlməlidir. Nazir kimi mən də çalışacağam ki, Azərbaycan ictimaiyyətini dünya ali təhsil sistemində baş verən tendensiyalarla, keçmiş SSRİ məkanında bu sahədə atılan addımlarla, gördüyümüz və görəcəyimiz işlərlə bağlı mütəmadi olaraq ətraflı məlumatlandırım.

 

 

Misir MƏRDANOV,

 Azərbaycan Respublikasının təhsil naziri,

 fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.-2009.- 7 mart.- S.12.