Taleyin bəxş etdiyi doğmalıq
Əgər
Azərbaycan kinosu tarixinə nəzər salsaq, biz görkəmli
kinorejissorlarımızın keçən əsrin 50-60-cı
illərində çəkdikləri filmlərin indiyədək
öz ədəbi-bədii dəyərlərini,
aktuallığını, "müasirliyini" qoruyub
saxlamalarının, tamaşaçılar tərəfindən
sevilə-sevilə baxılaraq yüksək qiymətləndirilməsinin
şahidi olarıq.
"Arşın
mal alan", "Onu bağışlamaq olarmı?",
"Ögey ana", "Bəxtiyar", "O olmasın, bu
olsun", "Aygün", "Ulduz" və bir çox
başqa filmlər uzun illərdir ki, nəinki yaşlı nəsil,
hətta müasir gənclərimiz tərəfindən də
başadüşülən, sevilən və maraqla baxılan
filmlərdəndir.
Azərbaycan
səhnəsinin görkəmli sənətkarları
Möhsün Sənani, Ağasadıq Gəraybəyli,
Hökumə Qurbanova, Nəcibə Məlikova, Həsənağa
Salayev, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Bəşir
Səfəroğlu, Əliağa Ağayev, Nəsibə
Zeynalova və başqaları o illərdə çəkilmiş
filmlərdə unudulmaz obrazlar yaradaraq böyük rəğbət
və ümumxalq məhəbbəti qazanıblar.
O illərin
yadigarı olan bu filmlərdən biri də görkəmli Azərbaycan
rejissoru Həbib İsmayılovun 1958-ci ildə böyük
professionallıqla çəkdiyi və filmotekamızın
qızıl fondunun layiqli, samballı incilərindən biri
"Ögey ana" filmidir. Azərbaycanın gözəl
guşəsində - İsmayıllı rayonunda çəkilən
bu film öz aktyor ansamblı və onların yüksək
ifaçılıq məharəti ilə
tamaşaçıları 50 ildən artıqdır ki, heyran
edir, düşündürür, kövrəldir...
Görkəmli
sənətkarlar Ələsgər Ələkbərov, Nəsibə
Zeynalova, Həqiqət Rzayeva, Fateh Fətullayev, Hacımurad
Yegizarov və başqalarının iştirak etdikləri, ailə
münasibətlərindən bəhs edən filmdə
respublikamızın xalq artisti Nəcibə Məlikovanın
yaratdığı ANA obrazı xüsusi ilə diqqətəlayiq
və valehedicidir! Dünya kino korifeylərinin ifasından
heç də geri qalmayan, nəcib, ülvi hisslərlə
yaradılan bu obraz Azərbaycan və dünya kino
ekranlarında yaradılan möhtəşəm ANA obrazı
ifaçıları üçün bir meyar kimi qiymətləndirilməyə
layiqdir.
Nəcibə
xanım gözəlliyi, cazibədarlığı, uca qaməti,
işıqlı gözləri, baxışları və təbəssümü
ilə insanı heyran edən bir Azərbaycan xanımı idi.
Onun ailəsinin böyük hörmət və ehtiram bəslədiyi,
ailənin bir üzvü kimi qiymətləndirdikləri
görkəmli sənətkarımız Adil İsgəndərov
hələ o vaxtlar Həbib İsmayılova "Ögey
ana" filmində məhz Nəcibənin çəkilməsini
tövsiyə etmişdi. Nəcibə xanımın
özünün keşməkeşli həyatından bəhs
edən filmdəki ana rolunda başqa bir aktrisanın
ifasını təsəvvür etmək qeyri-mümkün
idi. Çünki Nəcibə xanım bu filmdə
özünü yaradırdı, həyatda gördüyü,
keçirdiyi, bütün əziyyətlərə
qatlaşaraq, qətiyyən sınmadığı çətin,
mənalı və müdrik anları yaradırdı.
Ucqar bir kəndə
təzə ailəsi ilə birlikdə yaşamağa və
işləməyə gələn həkim Dilarə həyat
yoldaşı Arifin oğlu balaca İsmayılla tanış
olur, onu öz balası kimi sevməyə başlayır. Ərköyün
İsmayılın qəlbini ələ almaqdan ötrü o,
hər cür ağrılara, yersiz təhqirlərə
dözür, mənəvi sıxıntılara məruz
qalır, lakin bütün bunlar Dilarəni
sındırmır, sarsıtmır. Ərinə, ailəsinə,
xüsusi ilə balaca İsmayıla olan analıq məhəbbətini
ləyaqətlə qoruyur, saxlayır və bu məhəbbətlə
yaşayır. Ərköyün böyüyən və hələ
də doğma anasının məhəbbətini qəlbindən
çıxarmayan İsmayıl ögey anası Dilarəyə
və onun qızı Cəmiləyə doğmalaşa bilmir,
atası Arifin onlarla mehriban davranışını həmişə
bir uşaq qısqanclığı ilə izləyir.
Kənddə
həkim işləyən Dilarə tezliklə kənd
camaatının hörmətini qazanır, xəstələrin
qayğısına qalır, hətta, kəndin baş
çobanı Ayazı ölümdən qurtarmaqdan
ötrü öz həyatını təhlükə
qarşısına qoyaraq dağlara qalxır. Kəndin
ağsaqqalı Hüseyn dayının nəsihətlərini
bir övlad utancaqlığı ilə dinləyib, ona
İsmayıldan "şikayətlənməyə" cəhd
göstərən, lakin "bacarmayaraq" bu şikayəti
ürəyində, qəlbində saxlayan Dilarənin kənd
müəlliməsi ilə də mehriban söhbətlərindən
aydın olur ki, o, İsmayılın bircə dəfə də
olsa ona ANA deməsi arzusu ilə yaşayır, həmişə
bu arzunu ürəyində gəzdirir, bütün əməlləri
ilə bu arzunu yaxınlaşdırır, həqiqətə
çevirmək istəyir. Ariflə söhbət zamanı
"sənin oğlun mənə yad ola bilərmi" söyləyən
və İsmayılın məhəbbətini qazanmasa onunla
xoşbəxtliyini təsəvvürünü belə gətirməyən
Dilarə bu xoşbəxt anların
yaxınlaşdığını bir ana qəlbi ilə hiss
edir. Çünki bu, həm də Nəcibə Məlikova
arzusu idi. Filmə baxarkən adama elə gəlirdi ki, biz bu
anların yaxınlaşmasını Dilarədən daha
çox Nəcibə xanımdan umuruq, gözləyirik.
İsmayılın
könlünü almaqdan ötrü hər şeydən belə
keçməyə hazır olan Dilarə "yarasa əhvalatı"nda
İsmayılın təqsirkar olduğunu bilsə də, bu
işdə qızı Cəmiləni təqsirləndirir. Çünki
o, nəyin bahasına olursa-olsun, ögeylikdən uzaqlaşmaq
istəyirdi, ögey ana olmaq istəmirdi, ögey olmaq ona
yaraşmırdı.
Balaca
İsmayılın nənəsi Qəmər xalanın sonsuz təhqirlərinə,
"hücumlarına", nəhayət, dözməyən və
məğrurluqla "Mən bu evə ana kimi gəlmişəm"
söyləyən Dilarənin hirslənməsində də,
özündən çıxmasında da bir şirinlik,
gözəllik var, çünki daxili mədəniyyəti, səviyyəsi,
xüsusi ilə İsmayıla olan məhəbbəti ona
başqa cür davranmağa imkan vermirdi. Doğma balası qədər
sevdiyi İsmayılın dəftərini vərəqləyərkən
rast gəldiyi "Ögey ana" sözləri Dilarəni
sarsıdır, ana məhəbbəti ilə dolu qəlbini
yandırır, yaxır. Görkəmli sənətkarımız
Şövkət Ələkbərovanın ifasında səslənən
Tofiq Quliyevin bəstələdiyi lirik mahnını Dilarə
elə bir kövrəkliklə oxuyur ki, bu, mahnıdan daha
çox, adama doğmalaşmaq istəyən bir insanın
incidilmiş qəlbinin çırpıntılarını,
şikayətini, xatırladır.
Günlər
keçdikcə hər şeyi tədricən anlamağa
başlayan İsmayıl getdikcə dəyişir,
atasının məsləhətlərini eşidir, Dilarənin
onu həqiqətən sevməsinə inanmağa
çalışır. İsmayılın ona qarşı
münasibətlərinin dəyişdiyini hiss edən Dilarənin
sevincinin həddi-hüdudu yox idi. O, nəhayət, oğlunun qəlbinə
yol tapdığına görə, İsmayılın məhəbbətini
qazanmağa nail olduğuna görə körpə uşaq kimi
sevinirdi. Bütün mənəviyyatı,
xeyirxahlığı ilə bu məhəbbəti
yaxınlaşdırmağa nail olan Dilarə öz sevincini həyat
yoldaşı Ariflə, rəfiqəsi Solmazla, hətta
İsmayılın sinif yoldaşları ilə də
bölüşürdü.
İsmayıl
rolunun ifaçısı mərhum Ceyhun Mirzəyev
haqqındakı fikirlərin ayrıca bir mövzu olmasına
baxmayaraq, bəzi epizodları xatırlamamaq insafsızlıq
olardı.
Atasının
onu özü ilə tikintiyə aparmadığına görə
İsmayılın mərhum anasının portreti
önündə diz çöküb
hönkün-hönkür ağlaması, yaylaq çəmənliyində
körpə quzu anasının südünü əmdiyi zaman
onlara nəzər salıb ana həsrəti ilə dərindən
köksünü ötürərək məyus olması, yaralanmış
dostu çoban Ayazın ağır vəziyyətinə bir
uşaq məsumluğu ilə kövrəlməsi və nəhayət,
onun üçün doğmalaşmağa başlayan xəstə
bacısının sağalmasından ötrü təhlükə
ilə üzləşməkdən qorxmayaraq itburnu
çiçəyi yığmaq üçün
dağın zirvəsinə qalxması 12 yaşlı Ceyhunun
ifasında necə də heyranedicidir.
İsmayılın
dağın zirvəsinə qalxdığını və
tezliklə partlayış baş verəcəyini biləndən
sonra ayaqyalın, başıaçıq dağlara tərəf
qaçaraq keçirdiyi dəhşətli anlar,
partlayışdan sonra İsmayılı ölmüş
bilib, yalnız doğma anaya xas olan bir yanğılıqla
saçlarını yolaraq qopardığı fəryad Dilarəni
yüksəklərə qaldırır, daha da
doğmalaşdırır. Yüksək professionallıqla ifa
olunan bu epizodda Nəcibə Məlikova böyüklüyü
bizi bir daha valeh edir.
Filmin sonunda
Dilarənin İsmayılın gözlərini açaraq ona
bütün film boyu həsrətlə gözlədiyi və
eşitmək istədiyi "ANA, ANACAN" deməsindən
sonra "CAN ANA!" cavabı, bu an onun bir doğma ana məhəbbəti,
məğrurluğu ilə keçirdiyi hisslər və nəhayət,
ögeylikdən doğmalığa keçən bu andan
ötrü xoşbəxtlik sevincindən
axıtdığı göz yaşları daşı da, dəmiri
də kövrəldir...
Filmdəki
gözəl ifası ilə tamaşaçıya nəcib və
ülvi hisslər bəxş edən, onu
düşündürən, kövrəldən, sevindirən
səhnəmizin gözəl xanım-xatını Nəcibə
Məlikova həyatda da qalib çıxdı, ögey ola bilmədi,
həyatı qədər sevdiyi övladlarını
doğmalaşdırdı. Çünki həyatda və
oynadığı bütün filmlərdə daxili mədəniyyətinə,
mənəvi qüdrətinə heyran olduğumuz
respublikamızın xalq artisti Nəcibə Məlikovaya TANRI tərəfindən
yalnız doğmalıq bəxş edilmişdi...
Məhsun QƏDİROV
525-ci qəzet.-2009.- 11 mart.- S.7.