Yazıçılar Birliyi nəzdində "Bayatı"
kitab mağazası açılıb
Ötən
gün Yazıçılar Birliyində (AYB)
"Bayatı" kitab mağazasının
açılış mərasimi keçirilib. Birliyin sədri
xalq yazıçısı Anar açılan mağazanın
məqsədinin təkcə kitab satmaq deyil, həm də
kitabın təbliği olacağını vurğulayıb:
"Yazıçı və şairlərimizin yeni
çıxan kitablarının təqdimatı ilə
yanaşı, burada müəlliflərin imza günü də
keçiriləcək. Mətbuat vasitəsilə ictimaiyyətə
məlumat veriləcək və müəyyən olunmuş
tarixdə kitablar yazıçının öz imzası ilə
satılacaq". Anar bununla kitaba əvvəlki marağın bərpası
yönündə ciddi addım atıldığını
ifadə edib: "Güman edirik ki, kitab yenə əvvəlki
kimi, həyatımızda layiq olduğu yeri tutacaq". Xalq
yazıçısı çıxışının
sonunda hər kəsi kitabı sevməyə, kitab almağa
çağırıb.
Miniatür
Kitab Muzeyinin direktoru Zərifə Salahova mağazanın
açılmasının dəyərli təşəbbüs
olduğunu qeyd edərək son illərdə kitaba
marağın azalmasından təəssüf hissilə
danışıb.
Millət vəkili,
professor Cəmil Həsənli mağazanın
açılışının kitaba münasibətin
müsbət yöndə dəyişməsinə təkan verəcəyinə,
Azərbaycanın ədəbiyyat və mədəniyyətinin
təbliğində bu kitab evinin böyük rol
oynayacağına əminliyini dilə gətirib.
Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli
bu mağazanın gələcəkdə bütün kitabsevərlər
üçün arzuolunan məkana çevriləcəyinə
inandığını deyib. Çıxışlardan sonra
AYB sədri Anar rəmzi lenti kəsib və qonaqlar
mağazadakı kitablarla tanış olublar.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-2009.- 11 fevral.- S.7.