Böyük ədibin böyük
arzusu: bütöv və azad Azərbaycan məmləkəti
Millətə xidmət
etməyi əsas vəzifə sayan Cəlil Məmmədquluzadənin
yaradıcılığının ruhunu, demək olar ki,
bütünlüklə Azərbaycan məmləkəti
ideyası təşkil edir. Özünün "Üzr istəyirəm"
felyetonunda böyük ədib "hər bir vətən
övladının" borcunu "öz hökumətinin, məmləkətinin
təmiri yolunda ona əl uzatmaqda" görürdü. Mirzə
Cəlil üçün Azərbaycan məmləkəti
dünyanın müqəddəs məkanıdır. Onun əsərlərində
aydın görünən vətən yanğısı, millətin
dərdlərinə dərman axtarışları sübut
edir ki, böyük ədibin bu məmləkəti gözəl
görməkdən daha ülvi arzusu olmayıb. İstər
öz yaradıcılığının, istərsə də
"Molla Nəsrəddin"in bütün mərhələlərində
Cəlil Məmmədquluzadə xüsusilə millətin
"milli özünüdərketmə prosesinin dərinləşməsinə
səy göstərib". Bu proses isə Azərbaycan deyilən
bir məmləkətin qorunmasına, bütövləşməsinə,
təkmilləşməsinə xidmət etməlidir.
Ümumiyyətlə,
Cəlil Məmmədquluzadə Azərbaycanın mükəmməlliyi
üçün dövlətçiliyin inkişafını
ilkin şərtlərdən sayıb. "Dövlət olmazsa,
məmləkət labüd olmayacaq" prinsipindən
çıxış edən ədib qədim dövlətçilik
ənənələrinin mütləq yenidən zühür
edəcəyinə inanırdı.
Bu yerdə
Azərbaycan milli dövlətçilik ənənələrindən
danışmaq və bu ənənələrin əsrlərlə
formalaşdığına şübhə edənlərə
cavab olaraq demək istərdik: Professor Nizami Cəfərov
özünün "Azərbaycanşünaslığa
giriş" əsərində göstərir ki, Azərbaycanda
milli dövlətçilik təfəkkürünün
müəyyənləşməsində I Şah
İsmayılın yaratdığı Səfəvilər
dövləti xüsusi mərhələ təşkil edir. Səfəvilərin
araşdırıcısı tarixşünas O.Əfəndiyev
göstərir ki, Azərbaycanda biri digərini əvəz edən
Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaş-Səfəvi
dövlətlərini məhz azərbaycanlılar qurub
yaratmışdılar, bu dövlətlər arasında
bilavasitə tarixi varislik əlaqəsi mövcud idi.
Nizami Cəfərovun
fikrincə, Səfəvilərin İran dövləti deyil, məhz
Azərbaycan dövləti olmasını sübut edən bir
sıra dəlillər var ki, bunların içərisində
dövlətin (xüsusilə onun banisi I Şah
İsmayılın) dil, mədəniyyət siyasəti daha
çox maraq doğurur. Belə ki, Qaraqoyunlular, Ağqoyunlular
kimi Səfəvilərin sarayında, ordusunda geniş
yayılmış ünsiyyət vasitəsi məhz Azərbaycan
türkcəsi idi. Və türk-oğuz mədəniyyətindən
Azərbaycan mədəniyyətinə keçid Səfəvilər
dövründən başlanır - bu elə bir mürəkkəb
etnokulturoloji prosesdir ki, qeyri-milli ictimai-siyasi, ideoloji şəraitdə
gedə bilməzdi. Səfəvilər dövründə
sarayda xalq ədəbiyyatının, incəsənətinin
nümayəndələri xüsusi nüfuza malik idilər. Nəinki
XVI əsrdə, hətta XVII, XVIII əsrlərdə belə
Şah İsmayıl Xətai xalq sənətkarları -
aşıqlar tərəfindən "mürşidi-kamil"
sayılırdı.
"Etiraf
etmək lazımdır ki, Şah İsmayıl Xətainin
övladları milli dövlət quruculuğu sahəsində
qoyulmuş yolu, müəyyənləşdirilmiş
ideologiyanı davam etdirə bilmədilər. XVI əsrin sonu
XVII əsrin əvvəllərində isə I Şah Abbas Səfəvilər
dövlətini, demək olar ki, farsların ixtiyarına
verdi". Bu, milli dövlətçilik ənənələrinə,
mənsub olduğu xalqa qarşı tarixi xəyanət idi. Və
bundan sonra Azərbaycanın bir dövlət tərkibində
olan Şimalı ilə Cənubunun yenidən ayrılması
üçün şərait yarandı. I Şah Abbas Səfəvilərin
mərkəzini İrana köçürməklə öz
sarayını "narahat" regiondan - Azərbaycandan
uzaqlaşdırır, lakin Vətəni yadların
ayağına verdiyi barədə düşünmürdü.
Milli
düşüncənin çiçəkləndiyi XVII-XVIII əsrlərdə
(Azərbaycan İntibahı dövründə!) Azərbaycanın
ərazisi, daha doğrusu, azərbaycanlıların
yaşadığı ərazi bir neçə dövlətin
ixtiyarında idi ki, onların heç biri xalqın - Azərbaycan
türklərinin milli ideyalarını ifadə etmirdi. Bu, Azərbaycan
dövlətçiliyi tarixinin paradokslarından biri idi.
Səfəvilərin
süqutundan sonra Azərbaycanda (və həmhüdud
regionlarda) bir müddət Nadir şah rəhbər oldu. Lakin
tarix ona az-çox mükəmməl bir dövlət qurmaq səlahiyyəti
verməmişdi. Heç bir ideoloji əsası olmayan,
yalnız qılınc gücünə yaradılmış
dövlətin uzun zaman yaşayacağını
düşünmək siyasi sadəlövhlük idi. Nadir isə
dövlət xadimindən, siyasətçidən çox,
qorxmaz bir əsgər, dahi bir sərkərdə olmuşdu.
Xanlıqlar
dövrü Azərbaycanın milli dövlətçilik
tarixində olduqca maraqlı hadisədir. Ölkənin bu
cür kiçik "dövlət"lərə
parçalanmasının əsası XVI əsrdən
qoyulmuşdu. Yəni hələ Səfəvilər
dövründən etibarən yerli hakimlərin geniş səlahiyyətləri,
hətta özlərinə məxsus hərbi qüvvələri
- qoşunları vardı. Bu, qədim türk dövlətçilik
ənənəsindən gəlirdi. Və bu da bir paradoksdur ki,
Azərbaycanda oturaq həyatın artıq möhkəmləndiyi
dövrdə də köçəri türk
imperiyalarının adəti qorunub saxlanmışdı. Biz
xüsusilə ordunun birbaşa mərkəzi hakimiyyətə
deyil, ayrı-ayrı hakimlərə tabe olması ənənəsini
nəzərdə tuturuq ki, bu, yeni tarixi dövrdə Azərbaycan
üçün artıq münasib deyildi. Ölkənin
"narahat" geopolitik şəraiti bu cür "inzibati sərbəstlik"dən
imtina olunmasını israrla tələb edirdi.
Xanlıqlar
dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün
tamamilə süqut etdiyini söyləmək düzgün
olmazdı. Heç olmasa ona görə ki, kifayət qədər
güclü yerli idarə sistemi vardı və "dövlət"in
- xanın iradəsi onun bütün təbəqələrinin
həyatında özünü bu və ya digər dərəcədə
hiss etdirirdi. Lakin mərkəzi hakimiyyətin olmaması istər-istəməz
dərəbəylik əhval-ruhiyyəsi yaradır,
ümummilli proseslərin lazımi miqyasda cərəyanına
imkan vermirdi. Xanlıq üsul-idarəsi Azərbaycanı
müxtəlif sosial-siyasi "mühit"lərə,
mikroregionlara bölməklə, daxili ziddiyyətlər
yaratmaqla əslində siyasi baxımdan sahibsiz bir regiona
çevirdi. Və bu hadisə o zaman baş verdi ki, Şimaldan
Rusiya, Cənubdan isə artıq farslaşmış İran
dövləti öz hüdudlarını genişləndirməklə
məşğul idilər. XIX əsrin əvvəllərindən
etibarən Azərbaycan dövlətçiliyi ayrı-ayrı
kiçik xanlıqların timsalında həmin dövlətlərin
(Rusiyanın, İranın) işğalçılıq
ehtiraslarına qarşı mübarizə aparmaqda idi. Bu
amansız mübarizə milli dövlətçilik təfəkkürünün,
demək olar ki, darmadağın edilməsi ilə nəticələndi.
Tədqiqatçı
Nizami Cəfərov öz fikirlərində belə bir nəticəyə
gəlir ki, "XIX əsrin əvvəllərindən
dünyanın siyasi-ideoloji münasibətlərinin tarixində
olduqca qaynar bir dövr başlayır. Məhz bu dövrdə
qabaqcıl Şərq mütəfəkkirləri milli birlik,
ictimai ittifaq, müstəqil dövlətçilik idealları
üzərində daha ardıcıl, daha intensiv
düşünməyə ehtiyac duyurlar. Azərbaycanda bu
cür mütəfəkkirlər kifayət qədər
çox olmuşdur: A.Bakıxanov, M.F.Axundov, C.Əfqani".
Tədqiqatçının
göstərdiyi bu ziyalı sırası bir azdan Həsən
bəy Zərdabi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli
və başqa önəmli şəxsiyyətlərlə zənginləşir.
Bu şəxsiyyətlər sırasında azərbaycançılıq
baxımından Cəlil Məmmədquluzadə bəlkə də
əsas ideoloq səviyyəsinə yüksələ bilib.
"Azərbaycan
maarifçiliyi və maarifçi realizm əsri" kimi dəyərləndirilən
XIX yüzilliyin Azərbaycan dərsləri Cəlil Məmmədquluzadə
tərəfindən sələflərinə, xüsusilə
M.F.Axundova minnətdar bir xələf kimi qəbul edilib. Cəlil
Məmmədquluzadə bu ideyaları öz
yaradıcılığında ideologiya səviyyəsinə
qaldırıb.
Bəzən
Azərbaycana və Şərqə münasibətdə
yaradıcılığın məkan miqyasının, məsələn,
Mirzə Fətəli Axundovda, C.Əfqanidə daha geniş
dairəni əhatə etdiyi barədə fikirlər səslənir.
Bu doğrudur. Lakin bu keyfiyyəti Mirzə Cəlilə
şamil etmək düzgün deyil. Ona görə ki, Cəlil
Məmmədquluzadəni daha çox düşündürən
öz Vətəni, Azərbaycan məmləkəti olub. Ona
görə ki, Cəlil Məmmədquluzadə əsərləri
öz başlanğıcını məhz bu reallıqlardan
alır. Ona görə ki, Cəlil Məmmədquluzadə Azərbaycanı
Şərqdən çox, inkişaf etmiş Qərbyönümlü
ölkə kimi görmək istəyirdi.
Cəlil Məmmədquluzadə
yaradıcılığında Azərbaycan məmləkəti
ideyasının tematik ifadəsinə bir neçə
mühüm bucaqdan yanaşmaq olar: Azərbaycan məmləkətinin
tarixi ərazi bütövlüyü; Azərbaycan məmləkətinə
vətəndaş məhəbbəti; Azərbaycan məmləkətini
sivil görmək arzusu.
Azərbaycan
məmləkətinin tarixi ərazi bütövlüyü
Mirzə Cəlilin əsərlərində çox
açıq şəkildə özünü tez-tez göstərir.
Xüsusilə publisistikasında bu məsələ daha
qabarıqdır. "Xoş təqrir" felyetonunda Araz
çayının Azərbaycanı iki hissəyə ayırması
nağılçının dili ilə çox maraqlı
şəkildə dilə gətirilir: Araz deyir: "Mən
yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi, ay
İran, sən nə yamansan". Bu kiçik nağıl
parçasında Arazın Azərbaycan məmləkəti
üstündə ayrılıq ağrısı öz ifadəsini
tapıb.
Mirzə Cəlil
Azərbaycanın bütövlüyü uğrunda mübarizədə
xalqa gerçəkçi olmağı, dostu, düşməni
tanımağı məsləhət görür, mübarizə
üsullarında fanatizmi rədd edirdi. "Tarix" adlı
felyetonunda mübarizələr tarixinin ibrətamiz dərslərini
xatırladaraq yazır: "İnsan üçün
böyük dərslərin biri də tarixdir. Aç
qabağına tarixin səhifələrini və əgər
gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv
eyləyiblər, dəxi sən həmin səhvi eyləmə".
Bu birbaşa və dəqiq tezisdən sonra publisist əsas mətləbə
keçir. Bu mətləbdə vaxtilə İranda öz
azadlığı uğrunda mübarizəyə girişmək
fikrində olan həmvətənlərimizin bu mübarizədəki
qeyri-real hərəkəti açıqlanır: "Tehranda
balaca uşaqların düşmən qabağına Quran
götürüb çıxmaqları gələcək
üçün bir tarixdir. Gələcəkdə tarixin
Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və
topun qabağına Tehranda balaca uşaqlar Quran
çıxartdılar və padşahın qoşunu tüfəng
və top güllələri ilə uşaqları da tikə-tikə
elədi, Quranın vərəqlərini də
parça-parça eyləyib havaya uçurtdu. Bu bir tarixdir
ki, bəni-növi-bəşər üçün bir ibrət
olacaq". Daha sonra müəllif bu tipli mübarizə
üsulunun müsəlman dünyası üçün səciyyəvi
olduğunu tarixin digər faktları ilə sübut edir. "Belə
işlər keçən vaxtlarda da olub. Müaviyənin əsrində
Buxara davasına kimi müsəlmanlar bərkə düşəndə
düşmən qoşununun qabağına Quran
çıxarıblar və hər dəfə Quranın səhifələrini
düşmənlər oxun və nizənin ucu ilə
cırıb dağıdıblar".
Bundan sonra
Mirzə Cəlil əsl mətləbə keçir. Əsl mətləb
isə Azərbaycandan həmişə torpaq iddiası ilə
bəd əməllərə əl atan ermənilərə
qarşı mübarizəylə bağlıdır. Müəllif
bu yerdə ən yaxın tarixdən misal gətirərək
yazır: "Erməni-müsəlman davasında
Şeytanbazar müsəlmanları Quranın ayələrini
kağız üstə yazıb
yapışdırmışdılar divarlara ki, evlərinə
xətər toxunmasın; amma bu evlərin çoxusuna od
düşəndə hər bir şeydən qabaq bu dualar
alışıb yandılar; çünki kağız taxtadan
və daşdan tez yanar". Mirzə Cəlil bunu da tarixin dərsi
kimi qiymətləndirir, mübarizənin, millət və vətən
davasının öz üsulları olduğunu
xatırladır. Uzun müddət Cəlil Məmmədquluzadənin
erməni xislətini ifşa edən əsərləri barədə
danışmağa yasaq qoyulduğundan, bəlkə də elə
təsəvvür yaranıb ki, guya ədib yalnız xalqlar
dostluğunun tərənnümçüsü olub. Doğrudur,
vicdanlı bir humanist yazıçı kimi Cəlil Məmmədquluzadə
həmişə sülhün, xalqlar dostluğunun tərəfində
dayanıb. Təkcə "Kamança" pyesinin ideya istiqamətini
xatırlamaq kifayətdir ki, bu böyük insanın Qafqaz
xalqları arasında əmin-amanlıq barədəki
mövqeyini anlamaq mümkün olsun. Azərbaycanlıları
qırıb çatan ermənilərin əlindən zara gəlmiş
Qəhrəman yüzbaşı qəfil əlinə
keçmiş və öldürmək istədiyi erməninin
kamançada çaldığı "Segah-zabil
havası"ndan fikrini dəyişir və təbəddülatlar
içərisində "Adə, erməni, tez kəmənçəni
yığışdır, itil get burdan! Yoxsa, atamın goru
haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən
bu saat səni də öldürərəm, özümü də
öldürərəm". Bu sözlərdə Qəhrəman
yüzbaşının "namərd dünyaya" nifrəti
və təəssüfü, əsəbiliyi və kədəri,
peşmançılığı kimi qəribə hissləri
ifadə olunmuşdur ki, bütün bunları erməni-müsəlman
münasibətlərinin gərginləşməsinə Mirzə
Cəlilin etirazları kimi qəbul etmək olar. Bununla belə,
Mirzə Cəlil erməni xislətinə yaxşı bələd
idi. Necə ki, Üzeyir Hacıbəyli özünün bir
çox məqalələrində erməniyə arxayın
olmamağı məsləhət görürdü, eləcə
də Cəlil Məmmədquluzadə bu bəd əməli
millətin qarşısında silahı yerə
qoymamağı xüsusi qeyd edirdi. Hətta bəzən mənalı
sarkazmla müsəlmanın - azərbaycalıların tərksilah
olmasını lağa qoyurdu. Ədib özünün
"Müsəlmanlar silahlanır" kimi məlum felyetonunda
Azərbaycan torpaqlarını ermənidən qorumağın
bu məmləkətin qeyrətini çəkməyin bir yolu
olduğunu göstərirdi: silahı əldə hazır
saxlamaq! Birləşmək! Bir məqsədə xidmət etmək.
Vətəni, məmləkəti hər şeydən uca
tutmaq.
Məqalədə
müsəlmanın (oxu - azərbaycanlının)
özünün özünə qənim kəsilməsi,
öz qardaşını, qohumunu düşmən
gözündə görməsi ciddi satira atəşinə
tutulur. Müəllif əslində sətiraltı eyhamlarla ermənilərin
azərbaycanlıları qırmaq üçün
silahlandıqlarına işarə edərək azərbaycanlıları
ayıq olmağa çağırır. Lakin bu məqalənin
əsas qayəsi azərbaycanlıların erməni
qarşısında acizliyinin səbəbini açmaqla
bağlıdır.
Publisist əvvəlcə
müsəlmanların silahlanması ilə bağlı ermənilər
arasında gedən söz-söhbəti xatırladır. Və
bu söhbətin həqiqət olub-olmadığını yəqin
etmək üçün Batuma, İrəvana, Gəncəyə,
Bakıya səfərə çıxır,
gördüyü şeyləri oxuculara danışır. Ədib
göstərir ki, bəli, azərbaycanlılar silahlanır.
Amma nəyə görə, nə məqsədlə? Felyetonun
bütün ruhu bu suala cavabla bağlıdır. Müsəlman
silahlanır ona görə yox ki, erməniyə cavab versin, ona
görə ki, onun "sağı və solu düşməndir,
qonşusu, əqrəbası və hətta qardaşı
düşməndir". Sonra müəllif bir az da
aydınlaşdırır: "Düşmən onsuz da
çoxdur. Müsəlman qardaşın tək bircə qeyrət
üstündə hədsiz düşməni var, qeyrətdən
keçəndə su üstündə yay fəsli hər bir
müsəlman qardaş yeddi-səkkiz adam yaralar. Sudan keçəndə
ziyanlıq üstdə, ziyanlıq keçəndən sonra
"niyə sənin toyuğun mənim həyətimə
keçdi" üstdə gündə hər məhlədə
bir qan axır". Sonra müsəlmanların bir-biri ilə düşmənçiliyindən
yaranmış daha konkret faktlara keçir: "İrəvan
mahalının "Qarğalı" kəndində bu il
hürriyyət zamanı on yeddi müsəlman on yeddi
qardaşı vurub öldürüb. Gəncə
quberniyasında Cavanşir mahalında bu il azadlıq veriləndən
bu yana müsəlman kəndlərində iki min dörd
yüz müsəlman yaralanıb, Bakı tərəfdə
qeyrət üstə hürriyyət günləri hədsiz
qan axıb. Bəli, sözümüz orasındadır ki, erməniləri
qınamaq olmaz, doğrudan da müsəlmanlar silahlanırlar,
səbəb də budur: onların yaxın qohum-əqrəbası
bir-birinə düşməndir".
Publisist
öz-özünə düşmən kəsilən bir millətin
bu adətini ifşa edir, sətiraltı eyhamlarla ermənilərin
azərbaycanlılara qarşı, bu məmləkətə
qarşı silahlanmalarına cavab kimi hazır və ayıq
olmağı məsləhət görür. Bu, Azərbaycan məmləkəti
uğrunda Mirzə Cəlil mücadiləsidir.
(Ardı var)
Allahverdi MƏMMƏDLİ,
filologiya elmləri namizədi
525-ci qəzet.-2009.- 12 mart .- S.7.