Qapıları Vətən dərdi döyəndə...
QARABAĞ İTKİSİNİN
AĞRILARINI ƏKS ETDİRƏN DAHA BİR KİTAB
İŞIQ ÜZÜ GÖRÜB
Bu dünya
belədir: kimi Vətənin çiynində
yaşayır, kimi də Vətəni çiynində yaşadır.
Vətənin çiynində yaşayanlar
onun bütün nemətlərindən bol-bol
bəhrələnirlər. Vətəni
çiynində yaşadanların
qazancı isə Vətən sevgisidir.
Bu sevgidə təmənna,
umacaq yoxdur.
Vətəni
çiynində yaşadan oğullardan biri də Əkbər
Rüstəmovdur. O Qarabağ savaşı başlayan gündən
üç oğlu - Sənan, Kənan və Sarvanla birlikdə
silahlanıb doğma torpaqların müdafiəsinə
qalxdı. Əkbər müəllim bir əlində silah
tutdu, birində qələm. Hər dəfə
döyüş bir az səngiyən kimi cəbhə gündəliyinə
qeydlər etdi. Oraya gün ərzində
şahidi olduğu hadisələri yazdı.
Əkbər
müəllim neçə illər idi, bu gündəlikdəkiləri
hissə-hissə "Qarabağ", "Ədalət",
"Təzadlar" və başqa qəzetlərdə
çap etdirirdi. Günlərin birində öz qyedlərini səliqə
ilə toplayıb "Azərbaycan işıqları" qəzetinin
baş redaktoru, yurda təmənnasız
bağlılığı ilə seçilən jurnalist
Elşən Əliyevə təqdim etdi ki, kitab halına
salıb, çapa hazırlasın. Bundan xəbər tutan
Ağdamın qeyrətli oğlu xeyriyyəçi
işadamı Namiq Hadi oğlu Məmmədov kitabın
çapına maddi və mənəvi yardım göstərdi.
Beləliklə, Əkbər Rüstəmovun
"Qapımı Vətən döydü..." kitabı
Vasif Quliyevin redaktor olduğu "Şuşa" nəşriyyatında
nəfis şəkildə çapdan çıxdı. Kitab
başdan-başa Vətən sevgisinə, doğma yurd həsrətinə,
onun uğrunda döyüşüb şəhid olanlara,
yaralanıb yarımcan düşənlərə, əlilə
çevrilənlərə həsr edilib. Bu mövzular o qədər
müqəddəs hisslərlə qələmə
alınıb ki, oxucu bu hisslərin səmimiliyinə
inanır, bu inam da onu təmizləyir, paklaşdırır. Oxucunun
içində bir Vətən sevgisi, yurd həsrəti
qığılcımları varsa, dərhal onu
alovlandırır, hər tərəfdən görünən
bir tonqala çevrilir.
"...Otaqda
fikir-xəyal içində ikən, qapı döyüldü
birdən. Açdım qapını, görünmür
heç kim, yoxdur bir kimsə. Qayıdıb oturdum yenidən.
Fikrim yurdumuzda ikən qapı döyüldü bir də. Açdım
qapını, yoxdu yenə bir kimsə. Öz-özümə
deyirəm, kimdi görəsən, bəlkə qulağıma
səs gəlir. Bəlkə məni qara basır, bu nədi
belə, həmişə kimsə məni səsləyir. Birdən
qəhərlənmiş, möhkəm, əmredici bir səs
eşidirəm: - Yox, yanılmamısan, qapını döyən
mənəm - Vətən"!
Bu
misralar nəsrlə yazılsa da, onda daxili bir şeiriyyət
olduğu üçün poeziya kimi səslənir. Kitabda Vətən,
Qarabağ, Ağdam, yurd yerimiz sözləri çox işlənir.
Sonsuz sevgi və həsrətlə yazır bu sözləri Əkbər
müəllim.
Kitab
dörd bölmədən ibarətdir:
"Döyüş", "Haqqın yolu", "Mənim
tanıdıqlarım", "Həsrət nəğməsi".
Bu bölmələrdə Əkbər müəllimin
gördüyü, birbaşa iştirakçısı
olduğu hadisələrə, tanıdığı adamlara
münasibəti öz əksini tapıb.
Əkbər
Rüstəmov öz duyğu və düşüncələrini
bəzən çox sərt şəkildə, qəzəblə
ifadə edir. Bu da başadüşüləndir. Müqəddəs,
toxunulmaz, əziz saydıqlarını itirmək, onları
geri qaytarmaqda aciz olmaq istər-istəməz adamı
çılğına döndərir, əsəbiləşdirir,
coşdurur, yandırıb-yaxır. "Xatirələrimi
yazanda özümü unuduram... Ağdamlı günlərimə
qayıdıb xəyalən şirin-şəkər o günləri
alıb, sonradan ayılıb Ağdamsız günümü
görəndə əsəb, həyəcan məni əzir,
fikir dünyasında boğuluram, hissə qapılıb həyəcanlanıram,
iztirablarımı sakitləşdirə bilmirəm" - deyə,
"Cəhənnəmə dönmüş cənnət
Ağdamım" yazısında bunu etiraf edir Əkbər
müəllim.
O,
xalq hərəkatına saf, təmiz niyyətlə
qoşulanlardan, Vətənin azadlığı, suverenliyi
uğrunda hər cəfaya mərd-mərdanə dözənlərdən
olub. Bu hərəkatdan heç bir təmənna, onun nümayəndələrinin
hakimiyyətə gəlişindən heç bir qazanc güdməyib.
Heç bir siyasi oyunun iştirakçısı olmayıb.
Kimlərsə "xalq hərəkatının qələbəsi"
adı altında ələ keçirdiyi müvəqqəti
hakimiyyətin səfasını görəndə bu mərd,
yurdsevər və qeyrətli kişi özü kimi hünərli
və cəsarətli üç oğlu ilə birlikdə
torpaqlarımızın müdafiəçiləri
sırasında yağı düşmənə qarşı
vuruşub, ciyərparası Sənanı Vətən uğrunda
qurban verib. Qarabağda gedən döyüşlərdə
qardaşı Xosrovun oğlu Yusif də qəhrəmancasına
şəhid olub.
Fikrimcə,
Əkbər müəllimin bu kitabı Qarabağ müharibəsinin
maraqlı salnaməsi kimi də oxuna bilər. Ona görə də
cəsarətlə demək olar ki, "Qapımı Vətən
döydü..." kitabı müəllifin bütün vətənpərvərlərə,
ağdamsevərlərə, yurd həsrəti və təəssübü
çəkənlərə dəyərli töhfəsidir.
Surxay ƏLİBƏYLİ