"Qızıl kəlmə" əsərlərin qəbulu yekunlaşıb

 

Keçən ilin iyulunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən "Qızıl kəlmə" ədəbi mükafatına 4 nominasiya üzrə əsərlərin qəbulu martın 1-də başa çatıb. Nazirliyin nümayəndəsi Şərif Ağayarovun verdiyi məlumata görə, nəsr nominasiyasında Elçin Hüseynbəylinin "On üçüncü həvari - Don Juan" , Əlisahib Əroğulun "Boz adam", Yunus Oğuzun "Nadir şah", Aqil Abbasın "Dolu", Varisin "Sonuncu ölən ümidlərdir" romanları, Eldar Qəmərlinin "Ağacdələn", Gülşən Tofiqqızının "Oxatan", Ülviyyə Heydərovanın "Noutbuk", Rövşənin "Qadın düşərgəsində", Natiq Rəsulzadənin "Adacıq" hekayələr topluları, Eyvaz Zeynalovun "Qarabağ hekayələri" və Hacı Abdullanın "Qaçqınlar" silsiləsindən "Ulduz" jurnalında çap olunan hekayələri təqdim edilib. Poeziya nominasiyasında Elxan Zalın "Türk əsrinin türküləri", Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya" ,Taleh Həmidin 4 cildlik əsərlərinin 1-ci və 2-ci cildi, Mətləb Misirin "Çadır, çadır rəngləri", Dayandur Sevginin "50-dən o yana yollar yoxuşdu", Mehman Qaraxanoğlunun "Sənin nəğmələrin", Səlim Babullaoğlunun "İlyas Göçmənin şəkil dəftəri", Firudin Şahbuzlunun "Səbəbli səbəbsizlər", Qəşəm Nəcəfzadənin "Qadının ölümü", Şərqiyyə Süleymanlının "Ürəkdən gələn misralar", Mənsurə Qaçayqızının "Dünəndə qalan sabah" şeirlər kitabları və Ramiz Məmmədzadənin "Zirvə" poeması mükafata iddiaçıdır.

Ədəbi mükafata təqdim olunan Hüseynbala Mirələmovun "Heydər Əliyev" , Həsən Quliyevin "Azərbaycanın mühacir ədəbiyyatı", Gülxani Pənahın "Fikrət Qocanın yaradıcılıq yolu", Nəsib Bayramoğlunun "Arı və demokratiya", Şamil Süleymanlının "Azərbaycan Ədəbiyyatı Ensiklopediyası", Mustafa Çəmənlinin "Leyli və Məcnun" 100 il səhnədə", Qəşəm İsabəylinin "Ölü bilər, mən bilərəm", Əkbər Qoşalının "Altun bitig", Müslüm Hikmətin "Sosial həyatın ensiklopediyası", Sərvaz Hüseynoğlunun "İmamverdi Əbilov tənhalığı" və Mahirə Abdullanın "Əbədiyyət-an" kitabları ədəbi tənqid və publisistika nominasiyası üzrə qiymətləndiriləcək.

Saday Budaqlı, Məmməd Oruc və Bəsti Əlibəylinin orijinaldan etdikləri bədii tərcümələr uyğun nominasiya üzrə mükafata təqdim olunub. Onlar Mixail Bulqakovun "Master və Marqarita", Gülşən Lətifxanın "Azər və Aida" və Orxan Arasın "Son cənnət" romanlarını dilimizə çeviriblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.-  12 mart.- S.7.