Həmid Araslının
100 illiyilə bağlı
elmi konfrans keçirilib
Azərbaycan
Milli Elmlər Akademiyasında (AMEA) böyük ədəbiyyatşünas
alim akademik Həmid Araslının 100 illiyinə həsr
edilmiş elmi konfrans olub.
AMEA-nın
prezidenti akademik Mahmud Kərimov Həmid Araslının həyat
və yaradıcılığından ətraflı söz
açıb: "Həmid Araslı Gəncə şəhərində
görkəmli ruhani alim Məmmədtağı Araszadənin
ailəsində doğulub və ilkin təlim-tərbiyəni də
ailədə alıb. Gəncə Müəllimlər
Gimnaziyasını bitirdikdən sonra Azərbaycan Pedaqoji
İnstitutuna daxil olub, həmin vaxtlar qələmini ədəbi
yaradıcılıqda sınayıb. İnstitutu bitirəndən
sonra taleyini Azərbaycan Elmlər Akademiyası ilə
bağlayan tədqiqatçı adi elmi işçidən
institut direktoruna qədər şərəfli yol keçib. İlk
elmi əsərini 1935-ci ildə nəşr etdirib". M.Kərimov
Azərbaycan ədəbiyyatşünaslıq elminin
inkişafında H.Araslının müstəsna əməyi
olduğunu vurğulayıb və onu "elm cəfakeşi"
adlandırıb: "Yarım əsrlik tədqiqatçılıq
və ədəbiyyatşünaslıq fəaliyyəti
dövründə Həmid Araslı Azərbaycan şifahi xalq
ədəbiyyatına dair tədqiqatlar aparıb,
xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə
Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi
tanınıb. O, böyük Azərbaycan şairi Nizami Gəncəvi,
Məhsəti Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi,
Nemətullah Kişvəri, Şah İsmayıl Xətai, Saib
Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və başqa
şairlər barədə samballı araşdırmaları
ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib".
Konfransda
AMEA-nın müxbir üzvü, professor Rəfael
Hüseynovun, filologiya elmləri namizədi Fəridə
Qafqazlının məruzələri dinlənilib,
çıxışlarda Həmid Araslı
yaradıcılığından, şəxsiyyətindən ətraflı
söz açılıb, onun elmi fəaliyyətinin misilsiz dəyərə
malik olduğu diqqətə çatdırılıb.
İclas
salonunun foyesində iştirakçılara H.Araslının
elmi yaradıcılığına həsr olunmuş sərgi
də təqdim edilib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-2009.- 13 mart.- S.7.