Türkiyəli təhsil mütəxəssisləri Naxçıvan
Dövlət Universitetində
Türkiyə
Cümhuriyyəti Ali Təhsil Şurasının (Yüksək
Öyrətim Kurulu - YÖK) nümayəndələrilə
Naxçıvan Dövlət Universitetində (NDU) olublar. Qeyd
edək ki, səfər NDU-nun rektoru, akademik İsa Həbibbəylinin
bu universitetin yenidən Tələbə Seçmə və
Yerləşdirmə Sistemi kataloquna daxil edilməsi,
diplomların qarşılıqlı tanınması və digər
məsələlərin müzakirəsi məqsədilə
Yüksək Öyrətim Kurulunun sədri professor Yusif Ziya
Özcanı buraya dəvət etməsilə əlaqədar
gerçəkləşib.
Heyət ilk
öncə NDU-da təhsil alan türk tələbələrin
əl işlərindən ibarət rəsm sərgisinə
baxıblar. Qonaqlar tanıtma filmi vasitəsilə universitetin
tarixi, fəaliyyət strukturu, elm və təhsil sahəsində
qazandığı nailiyyətlər, ictimai-mədəni həyatı,
idmandakı uğurları barədə bilgi alıblar. Qonaqlara
azərbaycanlı və türkiyəli tələbələrin
birgə konserti təqdim olunub. İki qardaş xalqın milli
musiqisinin tərənnümü NDU-da milli mədəniyyətin
təbliğindən, xarici tələbələrin də
ictimai fəallığından, mədəni həyatlarının
və asudə vaxtlarının yüksək təşkilindən
soraq verib.
Növbəti
gün YÖK nümayəndələri universiteti gəzərək
Memarlıq və mühəndislik fakültəsində sərgilərə
baxıb, buradakı fənn kabinələrində olublar. Sonra
universitetin olimpiya tipli idman komleksində idmanın
inkişafı və tələbələrin sağlam həyat
keçirməsi üçün yaradılan şəraitlə
tanış olaraq, azərbaycanlı və türkiyəli tələbələrin
futbol yarışına azarkeşlik ediblər. Qonaqlar
Atatürk Mərkəzində Türkiyə Cümhuriyyətinin
tarixinin, iki qardaş xalqın sarsılmaz dostluğunun təbliğindən,
internet mərkəzinin fəaliyyətindən
razılıqlarını bildiriblər.
Sonra
rektorluqda işgüzar görüş keçirilib. Görüşdən
əvvəl qonaqlar Universitet Televiziyasının
hazırladığı proqramı maraqla izləyiblər. Rektor,
akademik İsa Həbibbəyli universitetin fəaliyyəti, beynəlxalq
əlaqələri, dünya təhsil sisteminin və müasir
informasiya kommunikasiya texnologiyalarının ən son yeniliklərindən
bəhrələnməsi barədə ətraflı məlumat
verib. O, NDU-nun Avropa Rektorlar Klubunun, Asiya Universitetləri
Assosiasiyasının üzvü seçildiyini, Beynəlxalq
Sosial Əməkdaşlıq Korporasiyasının
"Minilliyin universiteti" adlı beynəlxalq
mükafatına layiq görüldüyünü
xatırladıb. Rektor təmsil etdiyi ali məktəbin digər
dünya universitetləri ilə yanaşı Türkiyənin
ali məktəbləri ilə tərəfdaşlığa
böyük önəm verdiyini, Türkiyənin Qars Qafqaz,
Kocaeli, Fırat, Ankara universitetləri ilə bir çox
istiqamətlərdə davamlı əməkdaşlıq
etdiyini, birgə elmi istehsalat təcrübələrinin
keçirildiyini, beynəlxalq elmi konfransların və
simpoziumların təşkil olunduğunu söyləyib. Millət
vəkili, akademik İsa Həbibbəyli universitetdə bir
neçə türkiyəli tələbənin təhsil
aldığını bildirərək, iki il əvvəl
türk tələbələrin bu ali məktəbə qəbul
edilməsinin dayandırılmasının əsassız
olduğunu vurğulayıb, qarşılıqlı tələbə
mübadiləsinin Azərbaycan-Türkiyə dostluğunun
möhkəmləndirilməsində və bu dostluğun gənclər
arasında təbliğində böyük əhəmiyyət
kəsb etdiyini dilə gətirib.
YÖK sədrinin
müavini professor İzzet Özgenc səfərin məqsədinin
Naxçıvan Dövlət Universiteti ilə yaxından
tanışlıq, türkiyəli tələbələrin
buraya qəbulunun dayandırılmasının səbəblərini
obyektiv şəkildə araşdırmaq olduğunu bildirib. YÖK-ün
İcra Şurasının üzvü professor M.A.Yekta
Saraç, Baş Məclis üzvü professor Ənvər Həsənoğlu,
Diplomların Qarşılıqlı Tanınması bölməsinin
müdiri Hülya Pişirici, Qars Qafqaz Universitetinin rektoru Əbumüslüm
Güven türk tələbələrinin təhsili və
yaşayışı ilə bağlı suallar veriblər.
Görüşdə
iştirak edən Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Naxçıvan Dövlət Universitetində türk tələbələrinin
gələcəkdə təhsil almasına əngəl olacaq
heç bir səbəb olmadığını, əksinə
burada hər cür şərait
yaradıldığını açıqlayıb.
İzzet
Özgenc "Zaman" qəzetinin əməkdaşı Attik
Mezluma verdiyi müsahibəsində bildirib ki, əgər
araşdırmalar türkiyəli tələbələrin
Naxçıvan Dövlət Universitetində təhsil
almasına heç bir ciddi maneə olmadığını təsdiq
edərsə, bundan sonra türk tələbələrin buraya
qəbul olunmasına razılıq veriləcək. Qonaqlar hərarətli
qarşılanmaya görə səmimi minnətdarlıqlarını
bildiriblər.
Sonra YÖK
nümayəndələrinin türk tələbələrlə
görüşü keçirilib.
Mehriban SULTAN,
Naxçıvan Dövlət Universiteti
mətbuat şöbəsinin müdiri
525-ci qəzet.-
2009.- 13 mart.- S.7.