Onları doğma yurdlarından qovmuşdular
Taleyin qismətindən,
mən 1948-ci ilin yayında azərbaycanlıların Ermənistandan
deportasiya edilməsinin şahidi olmuşam.
Əhvalat belə
olmuşdu. O vaxt Azərbaycan ərazisinə Arpaçay sahillərində
respublikanın bütün geoloqlarına yaxşı məlum
olan Əsmara əhəngdaşı yerin səthinə
çıxırdı. Müharibə illərində indiki
İran İslam Respublikasında işləmiş akademik Əhəd
Yaqubov əhəngdaşı qatlarında hər bir quyudan
gündə 10 min ton neft çıxarılmasının
şahidi olmuşdu. O, əhəngdaşı çöküntüləri
yerləşən ərazidə iki quyu qazılması
üçün SSRİ Neft Sənayesi Nazirliyindən icazə
almışdı. O vaxt mən Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) üçüncü kursunda oxuyurdum. Mən həmin
ekspedisiyada kollektor işləyirdim. Quyuların
qazılacağı yer müəyyənləşdirildi, lakin
hər iki quyu "boş" çıxdı. Ə.Yaqubov
dedi ki, axtarış işlərini Naxçıvan bölgəsində
davam etdirmək lazımdır. Həmin işlərin
görülməsində Azərbaycan Elmlər
Akademiyasının akademiki, çöküntü və
vulkan süxurlarının petroqrafiyası sahəsində
tanınmış mütəxəssis Ş.Əzizbəyov da
iştirak edirdi.
1948-ci ilin yay
günlərindən birində biz axtarış rayonunun
geologiyasını aydınlaşdırmaq üçün
Naxçıvan Muxtar Respublikasından qonşu Ermənistana
işə gedərkən dəhşətli bir mənzərənin
şahidi olduq. Bizim gözümüzün qabağında
insanları çox hündür bortlu yük
maşınlarına mindirirdilər. Həmin adamların
yalnız başları görünürdü. Onların
arasında kişilərlə yanaşı, qadınlar və
uşaqlar da vardı. Ə.Yaqubov və Ş.Əzizbəyov həmin
adamlardan soruşdular: "Bu nə deməkdir? Siz haraya
gedirsiniz?". Maşındakı adamlar cavab verməyə
macal tapmamış ermənilərdən biri Azərbaycan
dilində cavab verdi ki, bu adamları Ermənistandan Azərbaycana,
pambıq becərməyə göndərirlər. Sonra həmin
erməni əlavə etdi ki, Azərbaycanda torpaq çoxdur,
amma işçi qüvvəsi çatışmır. Biz azərbaycanlıları
sorğu-suala tutanda dedilər ki, onlara özlərilə
yalnız sənədlərini və paltarlarını
götürməyə icazə verilib və təzə
yaşayış yerində onlara pul veriləcəyini vəd
ediblər. Adamlar şikayətlənməyə
başladılar ki, onlar həmişə dağlıq ərazidə
yaşayıblar və Azərbaycanın aran rayonlarında
yaşaya bilməyəcəklər. Ermənilər isə
onları məsxərəyə qoyaraq deyirdilər: "Ara,
ölməzsiniz, hər şey qaydasında olacaq, işləriniz
düzələndən sonra ünvanlarınızı bizə
göndərin, biz sizə qonaq gələcəyik".
Orada
gördüklərimiz hamıdan çox akademik Ə.Yaqubov təsir
etmişdi, tez-tez ürəyini tuturdu. O, vəd etdi ki,
Bakıya gələn kimi bu barədə Azərbaycan KP
MK-nın birinci katibi Mircəfər Bağırova məlumat
verəcək. Akademik Ə.Yaqubov gördüklərini
M.Bağırova söyləyəndə isə o demişdi ki,
hər şeydən xəbəri var.
SSRİ Nazirlər
Sovetinin İ.Stalin tərəfindən imzalamış qərarına
əsasən Ermənistan SSR-in azərbaycanlı əhalisinin
Azərbaycana köçürülməsi və onların zəruri
maliyyə vəsaitlərilə təmin edilməsi qərara
alınmışdı. Stalin də, ermənilər də
yaxşı bilirdilər ki, dağlıq ərazidə
yaşamış bu adamlar başqa iqlim şəraitinə
dözməyəcəklər. Doğrudan da, azərbaycanlı
köçkünlərin çoxu onların qismətinə
düşmüş sınaqlara dözmədi və həyatdan
vaxtsız köçdü. Stalinin ölümündən və
Mircəfər Bağırov vəzifədən
çıxarılandan sonra azərbaycanlı
köçkünlərin bir qismi Muğan düzünü tərk
edərək Azərbaycanın dağlıq rayonlarına
köçdü və bu, onların salamat qalmasına kömək
etdi, Azərbaycanlı əhalinin Ermənistandan
köçürülməsinin məqsədi Ermənistan
SSR-in milli tərkibini dəyişmək idi.
1813-cü
ildən 1988-ci ilə qədər olan dövrdə azərbaycanlı
əhali üç dəfə - əvvəlcə İrəvan
xanlığından, sonra İrəvan quberniyasında və
nəhayət, Ermənistan SSR-dən zorla deportasiya edilib. 1897-ci
il fevralın 9-da (yanvarın 28-də) keçirilmiş Birinci
Ümumrusiya Siyahıyaalmanın yekunlarına görə, o
vaxt İrəvan quberniyasının əhalisinin 37,75, İrəvan
şəhərinin əhalisinin 51,37 faizi azərbaycanlılar
olublar. 2001-ci ildə Ermənistanda aparılmış
siyahıyaalmaya görə isə, bu respublikada yaşayan bir nəfər
də azərbaycanlı olmayıb.
Azərbaycanlı
əhalinin Yerevandan və Ermənistandan
köçürülməsi mərhələlər üzrə
baş verib. Birinci mərhələ 1937-1947-ci illərə,
regionda müharibə dövrünə düşür. Azərbaycanlıların
Ermənistandan deportasiyasının ikinci mərhələsi
Qara dəniz boğazlarına birgə nəzarət edilməsi
barədə Sovet İttifaqının təklifindən
Türkiyənin imtina etməsi səbəbindən SSRİ ilə
Türkiyə arasında problemlər yarandıqdan dərhal sonra
başlayıb. O vaxt Ermənistanın Türkiyə ilə həmsərhəd
rayonlarında yaşayan kürd-müsəlmanlar Qazaxıstana
deportasiya ediblər. Elə həmin dövrdə (1945-ci ildə)
SSRİ Türkiyənin Qars və Ərdahan vilayətlərinə
ərazi iddiaları təqdim etmişdi. İki ölkə
arasında münasibətlərdə yaranmış bu
qarşıdurma Stalinin ölümünə qədər davam
etmişdi. Həmin iddiaları əsaslandırmaq
üçün 1953-cü ilə qədər hazırlıq
işləri aparılmışdı. Stalinin xaricdə
yaşayan ermənilərin Sovet Ermənistanına
köçməsinə icazə verməsi bu yolda
mühüm addım olmuşdu. Türkiyənin Şərqdə
çox əlverişli hərbi-coğrafi mövqeyə malik
olduğundan SSRİ bu ölkəni özünün nüfuz
dairəsinə cəlb etmək istəyirdi. Ermənistanı
döyüş meydanı kimi möhkəmlətmək məqsədilə
respublikanın müsəlman-azərbaycanlılardan təmizlənməsi
də bu planın tərkib hissəsi idi. Partiya rəhbərliyinin
fikrincə, Türkiyə ilə münaqişə baş verəcəyi
halda "etibarsız" olan azərbaycanlılar bir növ
"beşinci kolonna"ya çevrilə bilərdi. Bunu nəzərə
alan Stalin azərbaycanlı əhalinin Ermənistanın
SSRİ-dən deportasiya edilməsinə icazə vermiş və
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947 tarixli 4083 nömrəli
qərarına əsasən bu deportasiya həyata
keçirilmişdi.
Nüsrət XƏLİLOV
Azərbaycanın əməkdar geoloqu,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü