Fəxriyyə Xələfova:
"Azərbaycanda moda anlayışı dəyişməlidir"
"FASHİON TV" AZƏRBAYCANDA
APARILMIŞ MODA ÇƏKİLİŞLƏRİNİ
HEÇ YAXINA DA BURAXMAZ"
Əməkdar incəsənət
xadimi, modelyer Fəxriyyə Xələfovanın APA-ya
eksklüziv müsahibəsi
- Bildiyimizə
görə, maraqlı bir layihə üzərində işləyirsiniz.
Layihənin mahiyyətinin açıqlaya bilərsiniz?
- Mənə
çox maraqlı bir dəvət gəlib. Adətən
elektron poçtumu açanda orada çox maraqlı dəvətlərlə
rastlaşıram. Bu dəvətlərin çox maraqlı
coğrafiyası var. Dəvətlərin əksəriyyəti
Amerikadandır. Çox zaman müxtəlif tədbirlərdə
və mükafat təqdimatı mərasimlərinə dəvət
olunuram. Düşündüm ki, mənə
bu qədər dəvətlər varsa, daha çox bu istiqamətdə
iş aparmalıyam. Çox sevinirəm ki, Fəxriyyə Xələfovanı
tanıyır və qəbul edirlər. Amma etiraf edim ki, hələ
brendimi, reklamımı ifadəli şəkildə təqdim
eləməmişəm. Əslində buna zərurət də
olmayıb. Artıq geyim və ətriyyat
istehsalçısı kimi təqdim ediləndə reklama
ehtiyac olacaq. Hazırda reklam işlərinə baş
vurmağa hazırlaşıram. İndi ətriyyat üzərində
işləyirəm. Düşündüm ki, ətriyyatın
özü ilə yanaşı, gözəl də reklamı
olmalıdır. Bu istiqamətdə bir neçə ideyam var.
Yaxın günlərdə təcrübə şəkilləri
çəkdirəcəyəm. Hələlik zahiri
görünüş baxımından imkanım olduğu
üçün ilk ətriyyatımın reklam sifəti
özüm olacağam. İndiyə qədər yaranan
ideyalarımın çoxunu reallaşdırmamışam.
İstər-istəməz hansısa çərçivələrdə
öz fantaziyamı saxlamışam.
- Buna səbəb nə olub?
- Bəlkə
də İtaliyada və Fransada çalışsaydım, bəzi
işlərimin ifadəsi çox fərqli olardı. Səbəb
odur ki, bizdə qeyri-adi görüntülər o qədər
də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə
dəyişməsinin xeyrimə, yoxsa ziyanıma işləyəcəyini
bilmirəm. Yenə də bunu təcrübədən
keçirməliyəm. Bir az ictimai qınaq obyektinə
çevrilmək istəmirəm. Amma ətriyyat
üçün mən fərqli bir obraz yaratmalıyam.
- Sirr deyilsə,
ətriyyatınızın adı necə olacaq?
- "Fəxriyyə
Xələfova təqdim edir". Amma ətriyyatda
istehsalçının adı olmur, ona ad verilir. Mənim ətriyyatımın
adı "Nuray" olacaq. Bunu ilk dəfə
açıqlayıram. Nuray mənim bu dünyada ən
çox sevdiyim qadındır. Ancaq onun kimliyini
açıqlamayım, qoy bu sirr olaraq qalsın. Nuray
özümdən sonra əhval-ruhiyyəsini qəbul etdiyim bir
insandır. Bilirsiniz ki, moda aləminin insanları yalnız əhval-ruhiyyə
ilə yaşayır. Nurayın kimliyini isə təqdimat mərasimində
görəcəklər.
-
"Nuray" ətriyyatını dünyaya
çıxarmağı
düşünürsünüzmü?
- Çox istəyirəm
ki, bu ətriyyat Azərbaycandan kənarda da yayılsın. Bunun
üçün mən beynəlxalq ətriyyat
strategiyasını yaxşıca öyrənmişəm. Bir
ildir yalnız ətriyyat məsələsi ilə məşğulam.
Beynəlxalq strategiya fərqli bir strategiyadır. Dünyada
çox az insanlar var ki, onlar ətriyyat yarada bilərlər. Ətriyyat
istehsal etməyə çox insanın maddi imkanı
çatar. Amma ətriyyat buraxılışında da
çoxlu uğursuz faktlar mövcuddur. Hər ətriyyat
uğurlu alınmır. Uğursuzdursa, bu həmin
investisiyanın və istehsalçının adının
batması deməkdir. Şanslıyam ki, məni ətir icad edən
insanların sırasına daxil ediblər. Mən xaricdə məsləhətləşmələr
aparmışdım, demişdilər ki, sən ciddi
düşün, bu işə çoxlu vaxt, vəsait
ayıracaqsan. Soruşurdular ki, bu işin uğurlu
olacağına əminsən? Mən dedim ki, hansı testlərdən
keçmək lazımdırsa, mən keçim, siz də
baxın. Mən bu testlərdən keçdim və dedilər
ki, məndə bu iş alınır.
- Ətriyyat
hazırlamaq üçün insanda hansı xüsusiyyətlər
olmalıdır?
- İlk
öncə bu insanın həssaslığı
olmalıdır. Mən psixoloji baxımdan çox həssas insanam. İnsanın
mimikasından, energetikasından onu başa düşə
bilirəm. Ətirlərə, rənglərə, hətta dəyişən
havaya da həssasam. Bilirəm ki, insanlar nəyi istəyəcəklər.
Bəzən deyirlər ki, insanlar üçün gözəl
ətriyyat yaradanda, hansısa arzularını onlara bəxş
edirsən. Əslində bu çox qeyri-adi prosesdir. Əgər
belə olmasaydı, dünyada onminlərlə ətir
olardı. Amma statistikaya əsasən, dünyada cəmi 50-60
çeşiddə ətir var.
- Ətirlər əsasən
çiçəklərdən hazırlanır. Sizin ətrinizdə
hansı çiçəklərdən istifadə olunacaq?
- Mən ətirlərin
həm çiçək istiqamətini, həm kimyəvi tərkibini
öyrənmişəm. Bunun üçün o
qarışığı tapana qədər üç ay laboratoriyadan
çıxmamalısan. Mənə deyilənlərə
görə, hətta elə ola bilər ki,
yaratdığım ətir iki aydan sonra özümə
xoş gəlməyə bilər. Buna görə
özümü sanki çətinliyə salmışam. Amma
indiyə qədər çox çətinliklərin öhdəsindən
gəlmişəm. Mənim karyeramda ən çətini o idi
ki, Azərbaycanda ilk peşəkar modelyer olmuşam. Əslində
mənə qədər bu işi bu səviyyədə edən
olmayıb. Çətin işlərin öhdəsindən gəlirəm.
Mən yavaş-yavaş bunu edə bildim.
- Azərbaycanda
bu anonsu verənlərin sayı çox olub. Ancaq, deyəsən,
reallığa çevirən Siz olacaqsınız?
-
Düşünürəm ki, bu şəxs mən
olacağam. Ona görə də özümü hər
şeydən təcrid etməliyəm. Ətriyyat işində
özümü tamamilə tapmışam. Bir ilə
yaxındır ki, bu işlə məşğulam. Bu iş məni
modadan ayırmayacaq, ona görə ki, modanın içində
ola-ola bu işi görürəm. Fəaliyyətim
dövründə o qədər xoşbəxt modelyer
olmuşam ki, təsadüflər nəticəsində Pier
Karden, Valentin Yudaşkin və başqalarıyla
tanışlıq fürsətim olub. Əslində mən də
çox fərqli insanam, sadəcə fərqli cəhətlərini
hələ təqdim etməmişəm. Çalışmışam,
özümü real insan kimi təqdim edim.
- Plastik əməliyyat
olunmanızla bağlı söz-söhbətlər gəzir...
- Mənim 11
illik fəaliyyətim var. 2004-05-ci ilə qədər çox
rahat həyat tərzi keçirmişəm. Heç kimin nə
şübhələri var idi, nə bu cür sualları. Görün,
indi mənim neçə yaşım var və bu şübhələrin
hamısı indi peyda olub. Mən 1969-cu il təvəllüdlüyəm
və bu söhbətlər indi ortaya çıxır. Mən
plastik əməliyyatlar etdirməmişəm. Bu şübhələrin
yaranmasına mənim üz cizgilərim səbəb ola bilər.
Üz cizgilərimin də səbəbkarları mənim
valideynlərimdir. İkisi də zahirən çox gözəl
insanlardır. Atam rəhmətə gedib. Mənim çox
gözəl nənə-babalarım olub. Bir dəfə təsadüfən
Toğrul Nərimanbəyovla rastlaşdım. O uzun zamandır
Parisdə yaşayır, buranın ictimaiyyəti ilə o qədər
də tanış deyil. Toğrul Nərimanbəyovu
verilişimə dəvət etmək üçün ona
yaxınlaşdım. Onun anası fransızdır və
modelyer olub. O mənə baxanda birinci sözü bu oldu ki,
sizin nə gözəl fakturanız var, mən mütləq
sizin portretinizi çəkməliyəm. O an onu heç bir
şey maraqlandırmırdı, sonradan bildi ki, mən Fəxriyyə
Xələfovayam. Belə bir peşəkar rəssamı
plastik əməliyyatlı xanım cəlb edə bilməz.
- Azərbaycanda
bir çox brendlər öz mağazalarını
açırlar. Siz niyə Fəxriyyə Xələfova butiki
açmırsınız?
- Mən də
çox böyük məmnuniyyətlə butik
açardım. Ancaq bunun iqtisadi tərəfi də var. Bunun
üçün sərmayə lazımdır. Mən sponsor
anlayışından yox, investisiya anlayışından
danışıram. Sponsorluq qısamüddətli bir maddi
yardımdır. Amma investisiya uzunmüddətli kapital qoyuluşudur.
Mən isə uzunmüddətli kapital qoyuluşunu gözləyirəm.
İnvestisiya olmalıdır ki, 15 çeşidi istehsala buraxa
biləsən. Çox istərdim ki, qızıl əşyalarım,
saatlarım da istehsal olunsun. Dünyanın hər yerində
belədir. Əslində mənim üçün butik
açmağın vaxtı yetişib. Ancaq hazırda şəhərin
mərkəzində bir yer almağa imkan yoxdur. Düşünürəm
ki, Fəxriyyə Xələfovanın butiki şəhərin
lap mərkəzində olmalıdır.
- Parisdə və
Milanda modelyerin geyimlərinin nümayişi neçəyə
başa gəlir?
- Mən
bunların hamısını öyrənmişəm. Məsələn,
moda həftələrində ən bahalı nümayişlər
Paris və Milandadır. Orada da ən üst kateqoriyalı moda
evləri təqdim edilir. Parisdə "Cristian Dior" moda
evi, "Shanel" moda evi, "Valentino" və "İv
Sen Loran" moda evləri geyimlərinin nümayişi təşkil
edilir. Konkret olaraq moda həftəsində bir moda
nümayişinə 70 min avrodan 100 min avroya qədər vəsait
sərf olunur. Bu məbləği də yalnız maliyyə
qurumları verə bilər. Sadəcə bu moda həftələrindən
sonra artıq bütün dünya ictimaiyyəti bilir ki,
hansı modelyer hansı istiqaməti hansı rənglər və
çalarları təqdim etdi. Bundan sonra həmin istiqamət,
rəng və çalarlar çox reklam olunur. Milan moda həftəsi
çox bahalıdır.
- Bəs,
yerli modelyerlərin geyimlərin nümayişi
üçün neçə müddət gözləmək
lazımdır?
- Hazırda
bizim imkanlarımız ancaq festivallar keçirməyə
çatır. Moda həftəsində iştirak bizim
üçün çox böyük rəqəmdir.
Varını-dövlətini satıb ora gedə bilərsən,
amma lüzumu yoxdur. Çünki orada geyimlərin
nümayişindən sonra dünyanın müxtəlif
ölkələrindən zəng gələcək ki, mən
bu paltardan yüz ədəd istəyirəm. Axı bu yüz
geyimin istehsalı üçün gücün olmayacaq. Mən
Parisdə festivalda iştirak etmişdim, bu, mənə
çox şey verdi. Ondan sonra mən bir çox festivallara dəvət
olundum.
- "Fashion
TV"də də kolleksiyanın nümayişi
üçün çox böyük sərmayə tələb
olunur?
- "Fashion
TV"də çəkiliş çox keyfiyyətlidir. Oraya
ancaq o material düşür ki, çəkilişi super səviyyədə
olsun. Onlar Azərbaycandakı çəkilişi heç
yaxına buraxmazlar, hətta pul ödəsək də.
Tamaşaçını onlar super görüntü ilə cəlb
edirlər. Yoxsa mən çoxdan çəkib göndərərdim,
ancaq mənim yaradıcılığımı deyil, o
görüntünü qəbul etməyəcəklər.
- Bəs, Azərbaycanda
moda kanalının yayımlanması nə dərəcədə
realdır?
- Heç şans
yoxdur. Buna əsaslı cavabım var. Bu gün Türkiyədə,
Rusiyada "Fashion TV" fəaliyyət göstərir. Ancaq
bu tezliyi alacaq iş adamı burdan pul götürməlidir.
Bizdə geyim satışı ilə məşğul olan
butiklər reklam yerləşdirmirlər. Heç yerli kanallara
reklam vermirlər, o ki qaldı "Fashion TV"yə. Bunu belə
əsaslandırırlar ki, onların reklama ehtiyacı yoxdur.
Bu inanılmaz bir şeydir. Azərbaycanda moda
anlayışı dəyişməlidir, bu çox vacibdir.
- Bu
anlayışın dəyişməsi üçün
neçə il tələb olunur?
- Mənim 11 ilim
getdi. Öz işimlə paralel mən nə qədər
iş görmüşəm. Bu illər ərzində dəbə
münasibət dəyişdi, moda anlayışı
yarandı, indi modanı özlərinə peşə kimi
seçirlər. Bunlar hamısı əladır, ancaq biznes
baxımından hələ çox şey dəyişməlidir.
Bu gün Azərbaycanda bir dənə də moda jurnalı
yoxdur. Bu, anormal bir vəziyyətdir.
- Siz niyə moda
jurnalı nəşr etdirmirsiniz?
- Yenə sərmayə
qoymalıyam, yenə vəsait tapmalıyam. Ancaq heç nə
qazanmayacağam. Təsəvvür edin ki, moda jurnalının
içində makaron, pendir, spirtli içkilər reklamları
yerləşdirilib. Axı orada butiklərin reklamları
olmalıdır. Sevinirəm ki, heç olmasa bununla
bağlı bir veriliş var. Dəfələrlə efirdən
də demişəm ki, moda verilişinin olması zəruridir.
Ancaq mənim bu təşəbbüsüm qəbul olunmur və
heç kim yerindən tərpənmir. Sonra telekanallardan biri bu
təklifi etdi və belə bir veriliş hazırladıq. Bu
ancaq moda ilə bağlı informasiya verən bir proqramdır.
İndi aparıcılıq etdiyim bu veriliş canlı getmir,
ancaq düşünürəm ki, mən canlı veriliş də
apara bilərəm. Qonaqların suallarını özüm
hazırlayıram. Mən bir stadionda insanların
qarşısına çıxıb nitq də söyləyə
bilərəm. Ümumiyyətlə kütləviliyi çox
sevirəm.
- Fəxriyyə
Xələfova yerli şou-biznes nümayəndələrinin
geyimini necə dəyərləndirir?
- Buna cavabım
belə olacaq: televizora baxmıram və onları görmürəm.
Bu yaxınlarda Aygün Kazımovanın üç tədbirinə
geyim hazırladım. Zeynəb Xanlarova, İlhamə Quliyeva,
Aygün Kazımova, Brilliant Dadaşova ilə əməkdaşlıqda
heç zaman problem yaranmır. Gənclər çox
müraciət edirlər, ancaq onlarla iş bir az çətindir.
Çünki hələ özlərini tapmayıblar.
Neçə illər eyni şəkildə ideal qalmaq
mümkün deyil.
- Bir
çoxları Fəxriyyə Xələfovanın geyimlərini
geyinir, bəs özünüz hansı geyimlərə
üstünlük verirsiniz?
- Gecə geyimləri
ancaq özümə məxsusdur. Mən idman üslubunda geyimləri
çox sevirəm. Türk mallarını xoşlayıram.
Deyim ki, dünya brendlərinə müracət edirəm, yox.
Çünki nəticə etibarilə o geyimlər çox
baha olur. Mən geyimi bilən insanam. Tanınmış brendin
istehsalı olan cins paltar 300 avroyadırsa, eyni cins olan türk
malı 50 dollaradır.
- Azərbaycanda
ən bahalı modelyer hesab edilirsiniz. Geyimlərinizin qiymətini
açıqlaya bilərsiniz?
- Heç də
elə deməzdim. Müştərilər və qiymətlər
modelyer üçün sirr olmalıdır. Bunu
açıqlamağa lüzum yoxdur. Ancaq Cristian Dior Pier Kardeni
öyrədəndə demişdi ki, əlindən gələn
qədər bahalı satmalısan, elə etməlisən ki,
bahalı satılsın. Əksər halda moda biznesinin mahiyyəti
də itir.
525-ci qəzet.- 2009.- 14 mart.- S.23.