Hafiz Paşayevin
"Yüksəkliyə doğru"
kitabının Azərbaycan
dilində nəşri
təqdim edilib
Dillər
Universitetinin Amerika Mərkəzində xarici işlər
nazirinin müavini, Diplomatik Akademiyanın rektoru professor Hafiz
Paşayevin "Yüksəkliyə doğru"
kitabının Azərbaycan dilində nəşrinin təqdimatı
keçirilib. Azərbaycan Marketinq Cəmiyyətinin və
Amerika Təhsilli Azərbaycan Məzunları
Assosiasiyasının (ATAMA) təşkilatçılığı
ilə keçirilən mərasimi giriş sözü ilə
açan ATAMA-nın sədri Ceyhun Kərəmov əvvəlcə
müəllifin fəaliyyət yolundan danışıb. O
bildirib ki, görkəmli diplomat Hafiz Paşayev 1993-cü ilin
fevralından 2006-cı ilin iyununa qədər Vaşinqtonda Azərbaycanın
ABŞ-dakı ilk səfiri kimi müvəffəqiyyətlə
çalışıb. Səfir işlədiyi dövrdəki
fəaliyyətini əks etdirən müxtəlif materiallar
kitab şəklində 2006-cı ildə Vaşinqtonda ingilis
dilində nəşr edilib: "Oxucuların marağı nəzərə
alınaraq, kitab Azərbaycan Marketinq Cəmiyyətinin təşəbbüsü
ilə dilimizə tərcümə olunub. Kitaba müəllifin
Amerika universitetlərində, müstəqil tədqiqat mərkəzlərində,
habelə ABŞ-ın 30-dan çox ştatında
keçirilən biznes forumlardakı
çıxışları, Amerika mətbuatında dərc
olunmuş bir sıra məqalələri, müsahibələri
və bəyanatları daxil edilib". C.Kərəmov
oxucuların bu nəşr vasitəsilə Azərbaycanın
ABŞ-dakı səfirliyinin açılmasından etibarən
meydana gələn ikitərəfli əlaqələrin mürəkkəb
inkişaf dinamikası barədə ətraflı məlumat
almaq imkanı qazanacaqlarını qeyd edib.
Dillər
Universitetinin prorektoru Natiq Yusifov, Azərbaycan Marketinq Cəmiyyətinin
sədri Rəhim Hüseynov, İqtisad Universitetinin rektoru,
Milli Məclisin elm və təhsil məsələləri
daimi komissiyasının sədri Şəmsəddin
Hacıyev, BDU-nun professoru Abuzər Xələfov, tərcüməçi
Xumar Hüseynova və başqaları kitabın məziyyətlərindən
söz açıblar. Qeyd edilib ki, burada toxunulan məsələlərin
- Xəzərin enerji ehtiyatlarının Qərb ölkələrinə
çatdırılması, regional münaqişələrin
həlli, yeni müstəqil dövlətlərdə
demokratiyanın dəstəklənməsi, Cənubi Qafqazda təsiri
gücləndirmək üstündə geosiyasi rəqabət
və ABŞ-ın xarici siyasətinin
formalaşdırılmasında Konqresin rolu kimi məsələlərin
əhəmiyyəti Amerika-Azərbaycan əlaqələri
çərçivəsindən çox-çox geniş
miqyaslıdır. Azərbaycanlı oxucular buradakı
materiallar əsasında ölkəmizin beynəlxalq aləmdə
özünü təsdiqləmək üçün
keçdiyi çətin yol, aradan qaldırılan maneələr
barədə aydın təsəvvürə malik ola biləcəklər".
Professor Hafiz
Paşayev kitabın yazılma səbəbi, nəşr
prosesi, habelə okeanın o tayında Azərbaycan
diplomatlarının fəaliyyəti barədə
danışıb. Müəllif ümummilli lider Heydər Əliyevin
1997-ci il iyulun 27-dən avqustun 7-dək davam edən ABŞ-a
ilk rəsmi səfəri, keçirdiyi görüşlər
haqqında xatirələrini danışıb. H.Paşayev
prezident İlham Əliyevin 2006-cı ilin aprelində ABŞ-a
səfərinin, prezident Buşla, digər dövlət rəsmiləri
ilə danışıqlarının, səmimi söhbətlərinin
ölkələrimiz arasında münasibətlərin
inkişafında yeni mərhələ
açdığını bildirib: "Kitabın
1993-94-cü illəri əhatə edən birinci fəsli
"Azərbaycanın Vaşinqton xəritəsində yerləşdirilməsi",
1995-2001-ci illəri əhatə edən ikinci fəsli
"ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsi",
2001-2006-cı illəri əks etdirən
üçüncü fəsli isə "Əməkdaşlıqdan
strateji tərəfdaşlığa doğru" adlanır. Bunlar
həm də iki dövlət arasında əlaqələrin
inkişaf mərhələlərini göstərir".
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 14 mart.- S.18.