İstiqlal savaşı
qazisi Çingiz Yurtçu Şahtaxtinski kimdir?
Bu günlərdə
türkiyəli yazar Fəthi Gədiklinin mətbuatda çap
olunmuş "Danışan məzarlar" adlı bir
yazısını maraqla oxuduq. Onun böyük məhəbbət
və dərin yanğıyla Çingiz bəy Şahtaxtinski
haqqında yazdıqları diqqətimizi daha çox çəkdi.
Çünki Türkiyənin İstiqlal Savaşında mərdliklə
döyüşən, həlak olan və qazi ömrü
yaşayıb dünyadan köçən azərbaycanlı
oğullarımız yüzlərlədir. Yəqin ki, bu
yöndə ciddi axtarışlar onların unudulmasına imkan
verməz.
Biz də
Çingiz Yurtçu Şahtaxtinski haqqında bildiklərimizi
yazmaq istədik. Çingiz bəy 1898-ci ildə
Naxçıvanda - Şərur mahalının Şahtaxtı
kəndində anadan olub. Onun atası Əliqulu ağa Rusiya
ordusunun mayoru olmuşdu. Ordudan əlil kimi istefaya
buraxıldıqdan sonra ulu əcdadlarının çox sevib
öyündüyü Şahtaxtı kəndində
yaşayırdı. Əliqulu ağanın atası Hacı Vəli
ağa nəinki Naxçıvan və İrəvanda, hətta
o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisdə çox
tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində
(1856-cı il) Qafqazın baş komandanı general-adyutant
Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli
ağa Hacı İsa Sultan oğlunun "İgidliyə
görə" qızıl medalla təltif olması haqda məlumatı
da tapa bildik. Hətta, onun Rusiya ordusunda
daşıdığı vəzifənin adı da göstərilib:
müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi,
yəni ki, komandiri. Qeyd edək ki, bu polkun hamısı
Naxçıvan Kəngərliləri idilər.
Belə bir
babanın ailəsində böyüyən və tərbiyə
alan Çingiz bəy ilk təhsilini Naxçıvandakı
rus-tatar (azərbaycanlı) məktəbində
almışdı. Hələlik tapdığımız arxiv
sənədlərinə əsasən Əliqulu ağanın
İlyas ağa (o da Türkiyədə yaşayıb),
İsmayıl ağa və Məmmədhüseyn ağa
adlı oğlanlarının olmasını bilirik. Bunlar
Çingiz bəyin doğma qardaşlarıdır. Burada bir
haşiyə çıxmağı vacib bilirik. Mirzə Cəlil
Məmmədquluzadənin həyat yoldaşı Həmidə
xanımın "Xatirələri"ndə yazılıb
ki, Heydər ağa Kəngərli mayor Əliqulu ağanın
Nazlı xanımdan (sonralar Mirzə Cəlilin arvadı olub)
olan oğludur. Yox, bu yanlışdır. Çünki Heydər
ağanın tariximiz üçün çox qiymətli olan
arxiv işi bizdədir. Oradakı tərcümeyi-halında
Heydər ağa yazır ki, mənim atam Heydər ağa
Hacı Vəli ağa Şahtaxtinskinin oğludur. Onun atası
Heydər ağanın da Qarsda polis işlədiyi zaman tərtib
edilən işini tapdıq. Gənc ata oğlu dünyaya gəlməmiş
faciəli həlak olduğundan onun adını oğluna
qoyublar. O vaxtkı qaydaya görə dul qalmış gənc
ananı, yəni Nazlı xanımı (əsil adı Zeynəbağa
xanım Kəngərlidir) mayor Əliqulu ağaya alıblar. Sonralar
ərindən ayrılan Nazlı xanım oğlunu da
özü ilə bərabər atası Şəfi
ağanın evinə aparıb. Yəqin ki, arxiv sənədlərindən
xəbərsiz olan Həmidə xanım səhvən Heydər
ağanı mayor Əliqulu ağanın oğlu bilib. Bakıda
çap edilən kitablarda Heydər ağanın
Şahtaxtinski soyadını heç vaxt yazmırlar. Axı,
uzun illər Moskvada yaşayan Heydər ağa bütün sənədlərdə
öz familiyasını fəxrlə "Şahtaxtinski"
kimi yazıb. Arxiv sənədləri çox həqiqətləri
üzə çıxarır. Arzu edərdik ki, tədqiqatçılar
yazdıqları monoqrafiyalarda bu haqda şərh versinlər.
İndi
qayıdaq mətləb üstünə. 1918-ci ilə qədər
Çingiz bəyin Tiflisdə və Sankt-Peterburqda hərbi təhsil
alması haqqında hələlik şifahi məlumatımız
var. Yəqin ki, Tiflis arxivlərində bu haqda onun sənədləri
qalır. 1918-ci ildən sonra Çingiz Şahtaxtinskinin
adına Naxçıvan tarixi ilə bağlı yazılan sənədlərdə
rast gəlirik. Erməni daşnakları Qarsda, İrəvanda,
Şərurda və Naxçıvanda azğınlıq etdiyi
illərdə (1918-1920) onun adı ən yaxşı
döyüşçü kimi çəkilir. Hətta,
türkiyəli araşdırıcıların da bu illərə
aid yazdıqları kitablarda Çingiz bəyin adı var.
Çingiz bəyin
Naxçıvanda yaşayan əmisi oğlu Şahtaxtinskilərin
ağsaqqalı Kamil ağanın dediyinə görə,
Çingiz Yurtçu könüllü olaraq Rusiya hökumətinin
rəsmi icazəsi ilə Türkiyəyə gedib. Kamil
ağanın anası qarxunlu Zivər xanımın oğluna
söylədiyi xatirələrindən məlum olur ki, həmin
illərdə Naxçıvana köməyə gələn
türk əsgərlərinin qərargahı Şahtaxtı kəndində
yerləşirmiş. Və Xəlil bəy Şahtaxtinskilərin
yaxın dostları imiş. 1921-ci ildə Moskvaya gedən
Türkiyə hökumət nümayəndə heyətini
mühafizə edənlərdən biri də Çingiz bəy
Şahtaxtinskidir. Sonralar Türkiyə İstiqlal
Savaşında mərdlik göstərən bu
naxçıvanlı igidi Kamal Atatürkün də
yaxşı tanıdığını söyləyirlər.
Qohumlarının dediyinə görə, Çingiz bəyin
İstanbulda bir qızı yaşayıb, yaxud yaşayır. Bu
haqda dəqiq məlumat öyrənə bilmədik.
Qohumlarının dedikləri bir əhvalat çox
maraqlıdır. Döyüşlərdə əlil olan
Çingiz bəy ömür-gün yoldaşına yazır
ki, artıq yarımadam olmuşam. Bilmirəm indi məni sevəcəksən,
ya yox? Əgər sevməyəcəksənsə, evə
qayıtmayım. Həyat yoldaşı isə ona yazır ki,
indi daha çox sevəcəyəm, sən Türkiyənin
müstəqilliyi uğrunda Qazi oldun. Qaldı onun məzar
daşında yazılan "Yurtçu" sözünə.
Bunu incələmək üçün bir az Kəngərlilərin
soykökü tarixinə ekskurs etməliyik. Bu hamımız
üçün maraq doğurar. Əvvəlcə onu deyək
ki, Şahtaxtinskilər rus etnoqrafçı şərqşünas
alimlər tərəfindən Kəngərlilərin ümumi
siyahısına daxil edilsələr də, bu elmi məsələ
ciddi araşdırılmayıb.
1859-cu ildə
Rusiyada aparılan kameral siyahılarda Şahtaxtinskilərin ulu
babalarının adı Ağacir ağa olduğu bildirilir. Çox
qədim zamanlardan zadəgan nəsil olduğunu da qeydə
alıblar. Və burada göstərilib ki, onlar qazaxlar
tayfasına mənsubdurlar. Bəzən onlara
Cümşüdlü də deyilib. Bir vaxtlar I İsa
Sultanın da çar canişininə dediyi "Biz qazaxlar
tayfasındanıq!"-sözləri bu məsələnin
ciddiliyindən xəbər verir.
Məsələni
araşdırarkən aydın oldu ki, qazaxlar tayfası əsasən
Araz çayının vadilərində
yaşayıçlar. Belə mənbələrdən biri
1843-cü ilə aiddir: "Xozyaystvennıe oçerki
çasti Arakskoy dolinı voşedşey v sostav Qruzino-İmeretinskoy
qubernii" sənədlər toplusudur. Orada göstərilir
ki, qazaxlar da Kəngərlilərdir. Hətta, qarapapaqların
da qazaxlar tayfasına daxil olduğunu yazıblar. Bir ipucu olsun
deyə Şahbuzun Kolanı kəndində əsasən Kəngərlilərin
yaşadıqlarını bildiririk. Oradakı nəsillərdən
biri elə indinin özündə qazaxlar adlanır. Bəzən
çoxlarına elə gəlir ki, bu Qazax rayonunun adı ilə
bağlıdır. Yox, elə deyil. Yuxarıdakı mənbə
qazaxların çox qədimlərdən Araz çayı
vadisində yaşadıqlarını xəbər verir. Bunun
ciddi araşdırmalara ehtiyacı var. Kəngərlilərin
bir qolu Yurtçu adlanır. Onlar əsasən Kəngərli
rayonunun kəndlərində, o cümlədən
Şahtaxtı kəndində və Babək rayonunun Cəhri,
Xəlilli kəndlərində, həmçinin
Naxçıvanda yaşamaqdadırlar. Kəngərlidəki
Yurdçu kəndi Şahtaxtinskilərin ata-babadan miras kəndləri
olub. Əliqulu ağanın da miras torpaqları əsasən
Şahtaxtı və Yurdçuda yerləşib. Bu haqda arxiv sənədlərində
məlumat var.
Bizcə,
Çingiz bəyin məzar daşında yazılan
"Yurtçu" adı onun Kəngərli tayfasına mənsubluğunu
bildirir. Fəthi Gədiklinin yazdığından məlum olur
ki, Çingiz bəy 1961-ci il 4 fevralda Istanbulda vəfat edib və
Qaracaəhməd məzarlığında torpağa
tapşırılıb.
İstanbul
dünyanın qədim və gözəl şəhərlərindən
biridir. İstanbulda böyük Qaracaəhməd qəbiristanlığının
üçüncü hissəsində, girişdən sol tərəfdə
igid bir eloğlumuz uyuyur. Hər birimizin İstanbula yolu
düşəndə həmin kədərli ünvanda uyuyan qəhrəman
Çingiz bəy Şahtaxtinskini yad etmək mənəvi
borcumuzdur. Axı o, həm də 1918-1920-ci illərdə
doğma Naxçıvanımızın öndə
vuruşan oğullarından olub. Arzumuz budur ki, Türkiyənin
İstiqlal Savaşında iştirak edən
naxçıvanlıların həyat və fəaliyyətini
daha dərindən araşdırıb doğma tariximizin səhifələrində
yaşadaq.
Musa QULİYEV,
AMEA Naxçıvan bölməsi Tarix,
Etnoqrafiya və
Arxeologiya İnstitutu
525-ci qəzet.- 2009.- 14 mart.- S.18.