AŞIQ QANI
Haqq
aşığını öldürdülər.
Haqqı
işığını söndürdülər.
Günahı o idi ki,
aşıqdı.
Günahı o
idi ki, el-oba onu sevirdi.
Günahı o
idi ki, bircə kəlmə "gəl" desəydi, camaat
ardınca düşərdi.
Onu
öldürənçünsə bundan böyük
təhlükə ola bilməzdi. Ardınca el gedə bilənlər, el-obaya görk
olsun deyə, məhv edilməliydi.
Nə fironların
zamanıydı, nə də bunlar qorxulu bir nağılın
içindəki qatmaqarışıq yuxuda baş verirdi.
1937-ci il idi.
Gülləyə tutulanların, şirin canı
əlindən alınanların sırasında sözə can
verən el aşığı öndəydi. Haqq
aşığını öldürənin, haqq
işığını söndürəninsə gec-tez
öz işığı kor qalmalıydı.
Şura hökuməti
tar-mar oldusa, bilin, onun tifaqını dağıdan həm
də o aşığın ahı idi.
Namərd ilə
şirin şərbət içməkdən
Mərd ilə
içməyə ağu yaxşıdır.
Yalançı molladan,
qanmaz sufidən,
Mey paylayıb qanan saqi
yaxşıdır.
Aşıq Bilal
aşıqların atası,
Qəşəd
kəndi olub yurdu-yuvası,
Bir insana əgər
dəysə xətası,
Kəsilsə qolunun
sağı, yaxşıdır.
Beləcə hikmət
dolu, dürr kimi, mərcan kimi incə sözlər qoşan
bir ozan idi Mirzə Bilal.
Namərd insanla
şərbət içməyi belə məsləhət
görməyən bu aqil kişinin qismətinə namərd
zəmanə düşmüşdü.
1937-ci il iyulun 31-dən
avqustun 1-nə keçən gecə Mirzə Bilalın
doqqazının qarşısında maşın dayanır.
Külfət
səsə oyanır. Mirzə Bilalı növbəti toya
dəvət etməkçün gəlməmişdilər.
Bu, vay maşını
idi.
Mirzə Bilalın
oğlu, məşhur Şirvan aşığı Ağalar
Mikayılov danışırdı ki, isti yay
günüydü, eyvanda miçətkən qurub
yatmışdıq. Birdən yoldaşım vahimə
içində məni silkələdi. Diksinib ayıldım.
Yoldaşım qayıtdı ki, Allah xeyir eləsin, yaman pis
yuxu görürdüm. Bir iri qara quş uçdu evimizə
sarı, atanı caynağına aldı, uçub getdi.
O qara quşun yuxuya
girməyi ilə o qara maşının gəlməsinin
arası 5-10 dəqiqə çəkmir.
Bu yuxu qəziyyəsini
mənə çox illər öncə Aşıq Ağalar
söyləyirdi, səsini radioda eşitdirməkçün
lentə alırdım, hələ o zamanlar Sovetin
"bro-bro" çağlarıydı, arxivləri
qapalıydı və hələ bixəbər idik ki,
Aşıq Mirzə Bilalı necə aparıblar, nə
soruşublar, başına nə müsibətlər
gətiriblər.
Zaman o arxivlərin
qapısındakı qıfılı da sındırdı.
Azərbaycan
aşığını azadlıqdan (və həyatdan)
məhrum etmək haqqındakı sənədin altında
erməninin imzasıydı. Azərbaycan NKVD-si Dövlət
Təhlükəsizliyi İdarəsi 4-cü
şöbəsinin əməliyyat müvəkkili Martirosovun
qol qoyduğu sənəd təsdiq olunmuş siyahı
üzrə tutulmalıların birinci dərəcəsinə
(yəni ən təhlükəlilərinə) aid olan
Mirzə Bilalın evində axtarış aparmağa, onu dustaq
götürməyə rəsmən icazə verirdi. O,
Şamaxı rayonundakı qiyamçı hərəkatın
ən fəal üzvlərindən sayılır,
Qəşəd kəndindəki əksinqilabi dəstənin
başçısı kimi qələmə verilir, onun
əksinqilabi təşkilata əhalini cəlb edənlərin
və əksinqilabi təbliğat aparan şəxslərin
ən əsaslarından olduğu qeyd edilir, silahlı
üsyana hazırlıqla bağlı sursat əldə etdiyi
göstərilirdi.
Mikayılın
nəvəsi, Mustafanın oğlu Bilal Şamaxının
Qəşəd kəndində 1872-ci ildə dünyaya
gəlmişdi. Atası 42 yaşında vəbadan vəfat
edəndə Bilalın vur-tut 8 yaşı vardı. Savad
alası, öyrənəsi vaxtları idi. Getdi
nökərçiliyə.
Səlim bəylə
Kərim bəyin qoyun sürülərini otardı. Amma
qismətində çobanlıq deyil, aşıqlıq
varmış.
O, çiyni
çomaqlı yox, sinəsi sazlı və sözlü
olmalıymış.
Yazı belə imiş.
Mən aşıq,
elçiyəm mən,
Sanma
dilənçiyəm mən.
Bəyə nökər
olsam da,
Xalqa
qəzəlçiyəm mən.
Bunu hələ
sözlə təzə-təzə sevişməyə
başlayanda demişdi.
Allah onu qoyun-quzu ilə
deyil, sözlə yatıb-durmağa yönəltdiyindən
bir də ayılır ki, kənd mollası Veyis kişinin
yanındadır. Ondan yazı-pozunu, ərəbcəni, farscanı
öyrənir. Tale onu gətirib çıxarır Seyid
Əzimin məktəbinə. Burada da qəzəliyyatın,
şeiriyyatın sirlərinə vaqif olmağa başlayır.
Görünməyən
bir qüvvə yapışmışdı əlindən. Hara
getməli, nə etməli olduğunu o müəyyən
edirdi.
Bir də baxdı ki,
əngəxaranlı Aşıq İbrahimə (1850-1914)
şəyirddir.
Aşıq
İbrahimsə o zamanlar yalnız Şirvan mahalında
tanınmırdı. Ad-sanı, sorağı Qafqazdan tutmuş
İrana, Orta Asiyayacan yayılmışdı,
yaratdığı dastanlarla, saz havalarıyla, "İbrahim
pişrövü"ylə aşıqlıqda
möhürünü vura bilmişdi.
Bu əhvalatı da
mənə Mirzə Bilalın oğlu Aşıq Ağalar
söyləmişdi.
Atasından deyil,
məşhur Şirvan xanəndəsi və şairi Mirzə
Məhəmmədhəsəndən bəhs edəndə bu
hadisə yadına düşmüşdü.
El adətidir ki,
öyrədən aşıq yetirməsinin artıq
müstəqil aşıqlığa başlamağa hazır
olduğunu qət edəndə ona ustad şilləsi vurar. Belə
bir gün Bilalçün də yetişir.
Əngəxaranlı İbrahim: "Səndən o
qədər razıyam ki, heç şilləni vurmağa
ürəyim də gəlmir. Amma neyləyim ki, sənə bir
yox, iki şillə vurulmalıdır. Sənə
aşıqlığın ustad şilləsini mən vururam.
Ancaq sən həm də hazır xanəndəsən. Mənim
adımdan get mahalımızın ən böyük
xanəndəsi Mirzə Məhəmmədhəsənin
yanına. Qoy qulaq asıb xanəndəlik ustad şilləsini
də o vursun", - deyir.
(İllər
keçəcək, Şirvanda müstəqil
aşıqlığa başlamaq istəyənlərin
əksəri Mirzə Bilalın yanına ustad şilləsi
minnətiylə gələcək. Layiq bilmədiyinə
şilləni əsirgəyəcək, yarızaraat,
yarıgerçək: "İmkan varsa, get özün
özünə şillə vur" söyləyəcək.
Oğlu Şəfi
dayı atasının sözünü çatdırır:
"Ustad şilləsi odur ki, şəyird səni
hirsləndirə bilsin. Elə gözəl çalıb-oxusun
ki, hətta bir az qısqanasan da. Azı sənə
bərabər olan bir sənətkara çevrildiyini
görüb bir az sevincindən, bir az da onu artıq rəqib
kimi gördüyündən şilləni çəkəsən
ki, get, işin avand olsun!").
Ustaddan şillə
yeməyə nə var ki!
Bir şillə
əvəzinə 2 müəllim şilləsi qazanmaq nə
şərəflidir!
Təki sənə
qəzavü qədər şillə vurmaya!
Bu gələn
gəvəlidir,
Atlıdır,
dəvəlidir,
Üzdən
deyib-gülsəm də,
Qəlbim ki
zədəlidir.
Aşıq Bilalın
zədəsi vardı.
Sağ ayağına
və mizrab vuran sağ əlinin barmaqlarına güllə
dəymişdi. Lakin şikəst əliylə o, sazda
möcüzələr yaratdı, eşidənləri heyran
qoyan xallar vurdu, sağlam bir məktəb vücuda gətirdi.
Barmaqdakı,
əldəki-ayaqdakı zədədən insan güclü ola
bilir, qəlbdəki zədənin öhdəsindən
gəlməksə müşküldür.
Bilalı bəla
ömrü boyu izlədi.
O, el
aşığı idi, gördüyünü
çağırırdı, görünənlərsə
heç də həmişə ürəkaçan deyildi.
Pristavı oxusuyla,
kinayəli qoşqularıyla qırmancladı.
Bir dəfə baş
qoşmadılar, iki dəfə eşitməzliyə vurdular,
ancaq görəndə ki, bu cavan aşıq sakitləşmir,
1917-ci ildə damladılar.
Bəxti kəsdi ki, bu
hökumət tez yıxıldı və aşıq
həbsdə çox qalmadı.
Amma Şirvan və onun
ətrafında Mirzə Bilalın məlahətli səsinin
ucalmadığı, müdrik sözlərinin
eşidilmədiyi hər gün camaatın nəzərində
aylarca uzun idi.
Çörək
müqəddəsdir, çörək əzizdir,
İnsanları
yaşadandır bir tikə.
Nadanlara zurna çalsan,
eşitməz,
Aqillərə dağ
aşırar bir tikə.
Yolçu yolda
əgər qalarsa naçar,
Bir tikə
çörəklə məcazın açar,
Qıyımlıya
Cənnət qapısın açar,
Qıyımsızı
savaşdırar bir tikə.
Həyat özü
yaxşı-pisi ələyər,
Hərəni öz
bələyinə bələyər,
Halallara uğurlu yol
diləyər,
Haramxoru dolaşdırar
bir tikə.
Bilal yazdı bu
sözlərin sətrini,
Cənnət
meyvəsidir, duysan ətrini,
Çörəyi
düz kəsən bilər qədrini,
Yerində qan
barışdırar bir tikə.
Dəyərli bir folklorçumuz
vardı - Mürsəl Mürsəlov (1922-1983). İkinci
dünya müharibəsində qıçını itirib
qayıtmışdı. Aşıq Bilalın
vurğunlarından idi. İllərlə zəhmət
çəkmişdi, ayaqlı adamın getmədiyi
yerlərə getmişdi, Şirvanı
qarış-qarış dolaşıb ustadın
şeirlərini, onun barəsində xatirələri,
bilgiləri toplamışdı, məqalələr
yazmışdı, müqavimətlərlə
qarşılaşdığı da olmuşdu, amma ruhdan
düşməmişdi. Şirvan aşıqlarının
başbiləni haqda namizədlik dissertasiyası müdafiə
etmişdi, Mirzə Bilal alimi olmuşdu.
Rəhmətlik
Mürsəl müəllim 1970-ci illərin
əvvəllərində yaşı 90-ı haqlamış
şamaxılı Məmmədəmin Rəsulzadədən
(oxşayışa baxın! Təsəvvür edin sovet onillərində
bu ad və soyad nə əcaib səslənirmiş)
diqqətədəyər bir xatirə almışdı.
1890-cı ildə
Şamaxı qəzasının Göylər kəndindəki
toya əngəxaranlı İbrahim şəyirdi Bilalı da
aparır. Özü xəstəymiş. Məclisdən
üzr diləyib meydanı gənc həmkarına verir.
Sifətini turşudanlar çox olur ki, ustad bizi uşaq
əlində qoydu. Ancaq o gənc Bilal elə şövqlə,
elə ilhamla çalıb-oxuyur ki, əngəxaranlı
İbrahimin fərəhindən gözləri yaşarır
və Göylər əhli də həmin gündən
etibarən düz 40 ildən artıq müddətdə
şənliklərinə Bilaldan qeyri aşıq dəvət
etmir...
Tək Göylər
deyildi ki!
Qubanın Cümi,
Nügədi kəndlərində onu elə sevirmişlər
ki, toylarına başqa sənətkarı dəvət
etməzlərmiş. Mirzə Bilalın başqa
yerlərdə sifarişləri çox olsaydı,
toylarını aylarla təxirə salıb onu
gözlərdilər.
Başına
döndüyüm, a Şirvan əhli,
Nə şəhər
əhliyəm, nə də kənd əhli.
Qəfil məni bir
dilbilməz ovladı,
Gecə-gündüz
başı müsibətdəyəm.
Sinəmə ox
dəyib, yaram ağrıyır,
Təbiblər
bilməyir haram ağrıyır,
Taqətim yoxdur ki, duram
yeriyəm,
Gör nə
sevdalıyam,
Məcnun
dərdliyəm.
Görmüşəm,
sevmişəm, olmuşam bihal,
Atam Mustafadır, öz
adım Bilal,
Yediyim-içdiyim olubdur
halal,
Soruşsaz əslimi,
mən qəşədliyəm.
Hələ
təzə-təzə çıxdığı vaxtlarda
kimliyini-haralılığını,
əslini-kökünü soruşa bilərdilər. Amma ay
dolandı, il sovuşdu, daha onu qəşədli hesab
etmədilər. O qədər doğma idi, Şirvanın,
Muğanın hər kəndinin camaatı onu elə
özününkü bilirdi. Yediyi-içdiyi də
həqiqətən halal idi. Baxmayaraq ki, sazla bağlanandan sonra
daha nə əkməyə, nə biçməyə
macalı vardı. Onu sevən xalq da bunu yaxşı bilirdi.
Salyanda Ərəbbaloğlanlı kəndində onu elə bu
kəndin balası sayırmışlar.
Ona bu kənddə bir
neçə hektarlıq bərəkətli torpaq sahəsi
də ayırıblarmış.
El yığılıb
iməcilik edirdi, taxılını səpirdi,
buğdasını-arpasını yığırdı,
tay-tay kəl arabasına yükləyib göndərirdi
Bilalın evinə.
El Bilalı belə
sevirdi, belə əziz tuturdu, Mirzə Bilal bu elə, bu camaata
necə qurban olmayaydı?!
Məzluma hörmət
et, qolundan yapış,
Əlindən var-yoxun
alandan olma.
Haqq yoldan yayınma,
sən Adəm kimi
Nəfsindən
peşiman olandan olma.
Həmişə qar
olmaz dağların başı,
Qaçırma
özündən yarı, yoldaşı,
Qohumu, qardaşı,
yarı, sirdaşı,
İlan tək
yalmanıb çalandan olma.
Beş gün bu
dünyada ömr edər hərə,
Hərəsi meyl
edər bir cür gövhərə,
Baxginən
Cəmşidə, peyğəmbərlərə,
Mütini
qürbətə salandan olma.
Seyrağub insandan yan
dolanginən,
Salma bu dünyada qan,
dolanginən,
Hər kəsə can
denən, can dolanginən,
Hərcayı
söyləyib güləndən olma.
Mirzə Bilal,
möhkəm yapış halaldan,
Bunu öyüd aldın
ata-anandan,
İstəyirsən get
xəbər al mahaldan –
Zalımın qaydına
qalandan olma.
Şamaxının
bulaqlı-qaynamalı dağlarına bənzəyirdi Mirzə
Bilalın köksü. Təzə-təzə
sözlərlə çağlayırdı və Mirzə
Bilal meydana girib oxumağa başlamazdan qabaq
gülümsərmiş. Bir dəfə soruşurlar ki, ay
aşıq, nədəndir hər dəfə saz
çalıb sözə başlamazdan əvvəl
dodağın qaçır?
Qayıdır ki,
oxumağa hazırlaşanda öz şeirlərim, başqa
aşıqlardan, şairlərdən əzbər bildiyim
qoşqular gəlib başlayır gözümün
qabağında, yaddaşımda sayrışmağa. O deyir
məni oxu, bu deyir məni oxu. Qalıram məəttəl.
Onların bəhsəbəhsinə qımışıram...
Elə zamanlar
gələcək, bir-biriylə yarışa girib daha tez səslənməyə
tələsən o sözləri də
öldürəcəklər, aşıq şairin
əlyazmalarını yandıracaqlar, tək özünü
yox, onun qoşub-düzdüklərini yaddaşlarında
gəzdirənləri də qıracaqlar.
Mirzə Bilal
kasıblığın qamçısını çox
yemişdi. Sonralar öz güzəranı
yaxşılaşsa da, həmişə el içindəydi,
xalqın ağır vəziyyətini lap yaxından seyr
eləyirdi, gəlişiylə süd göllərini
gətirəcəyini vəd edən, bərabərlik yaradacağını
söyləyən təzə quruluşa - sosializmə inanmaq
istəyirdi.
Şamaxıda kolxoza
yazılan birinci adam elə Mirzə Bilal olmuşdu.
Aşıq gərək
coşub yaza,
Gah da mizrab vura saza.
Aşıq Bilal, gir
kolxoza,
Kasıbların
dərmanıdır.
Gəldi sosializm.
Gəldiyi gündən törətdiyi ilk tərsməzhəb
əməllərdən biri də asta-asta aşıqları
haqq aşığı olmaqdan çıxarıb sosializm
aşiqinə, şura aşığına
döndərmək oldu.
Mirzə Bilal
çaşdı.
İnananda
yazırdı:
Aşıq Bilal
yaza-yaza,
Çıxdı
allı-güllü yaza.
Rəhmanov adlı
kolxoza
Könüllü
özüm girmişəm.
1937-ci ildə bu kolxoz
çevrilib Mircəfər Bağırov adına oldu.
Gördüyünü
çağıran aşığa zor etmək, güc gəlmək
asan deyildi. Dünən könüllü təsvir, tərif
edirdisə də, artıq iç üzünü,
dabbaqdakı gönünü gördüyü kolxozu,
təzə məfkurəni öyməyi ona təklif,
təklifin üstündən təkidlə vadar edəndə
dirəndi.
Aşığın bu
hərəkətini qəti bəyənmədilər.
Təzə quruluşa
üzüyola aşıqlar gərək idi.
1928-ci ildə
Azərbaycan aşıqlarının ilk qurultayı
toplanmışdı. Təbii ki, Mirzə Bilal da
nümayəndələr sırasında idi. Qəzetlər
ilk dəfə keçirilən bu böyük sənət
yığnağını geniş
işıqlandırırdı. Xalq maarif komissarı Mustafa
Quliyev "Bakinskiy raboçiy"in həmin il mayın 9-da
buraxılan sayında Mirzə Bilalın da adını
çəkirdi: "Aşıqlar qurultayı bizi musiqi
incəsənəti inkişafının ayrı-ayrı
istiqamətləri ilə tanış etdi. Lənkəran,
Salyan və qismən Şamaxı aşıqlarının
(Aşıq Bilal) mahnılarında İran musiqisinə meyil
hiss olunur və onların mahnıları hələ də
orta əsr İran asılılığından azad ola
bilməmişdir. Onların mahnılarında ümidsiz
kölənin səsi, ibtidai vəhşi heyvanın
ulaması, ağlaşma, göz yaşları,
qəm-qüssə eşidilir".
Qurultayda Üzeyir
bəy əsəbi çıxış etmişdi: "Bizim
oxumağımızın heyvanın bağırtısına
heç bir bənzəyişi yoxdur. Muğam oxumağı
heyvanların səsi ilə necə müqayisə etmək
olar?!"
Bu qurultaydan bir il
əvvəl - 1927-də Şamaxıda baş vermiş
faciəni Mirzə Bilal da, bütün şamaxılılar da
yaxşı xatırlayırdılar.
O dəhşəti
uşaqlıq illərində görüb indiyəcən
unutmayanlar var.
Şamaxının
mərkəzində iri bir meydana evlərdən
yığılmış onlarla tar qalaqlanıbmış.
Bu tar topasındakı
sədəfli gözəl tarlar sanki imdad diləyirmiş.
Nöyütü
töküb, kibriti vururlar.
Tar tonqalının alovu
şahə qalxır.
Hökumət
"Daloy tar!" - "Rədd olsun tar!"
çığırırmış, tarlara divan tutan tonqal bu
səbəbdən alovlanırmış, şamaxılı
ağsaqqallar, ağbirçəklər o tarlara bir insanı
oxşayan kimi acı-acı göz yaşı
tökərək ağı deyirmişlər...
"Əsl hu" dediyin
boş söhbət deyil,
Ot
öz kökü üstə bitə, gərəkdir.
Tuladan it olmaz,
pişikdən pələng,
Yaranmışda
cinsi-təpər gərəkdir.
Qanqalda
qızılgül, söyüddə xurma,
Yetişən deyildir,
özünü yorma,
Qoç Koroğlu olmaz
hər bığıburma,
Cəngavər
olmağa hünər gərəkdir.
Əsli-kökü
olmayan, nacins bir hökumətə ürcah olmuşdular. Bilalın
söz deyən dili vardı. Başqaları
susurdu, amma Allah onu başqalarının deyə bilmədiyini
deməyə kökləmişdi.
Və 1933-də
Aşıq Bilalı salırlar "qulak"
siyahısına.
Yolunu
nökərçiliklə başlamış,
işi-peşəsi xalqa və yeni yaranan bu dövlətə
xidmətdən ibarət olan sənətkarı rəsmən
"qolçomaq", "istismarçı"
adlandırıb seçki hüququndan məhrum edirlər.
Şamaxı
prokurorluğu onu nəzarət altına götürür.
İncəvara bu
xəta tez sovuşur.
Təpinəndən
sonra Aşıq Bilalı sərbəst buraxırlar ki,
bəlkə ağlı başına gəldi - bizim adam oldu.
Özü
danışırmış ki, guya içəridə onu
görüb yanıyan bir yüksək vəzifəli
hökumət adamı "Bezobrazie!" -
"Biabırçılıq! - deyir. - Aşığı
da tutarlarmı?!"
Əlbəttə, bu,
oyun idi, başa salırdılar ki, asanca tuta da bilirik, buraxa da.
Ağıllı olmaq lazımdır.
Buraxırlar,
çünki o, çöldə hökumətə,
təzə quruluşa lazım idi.
Mirzə Bilal
sözü el içində keçən şəxsiyyət
idi və təzə hökumətin belələrinə
başlanğıcda ehtiyacı çox idi.
Buraxmağına
buraxırlar, lakin o saxlanmanın kağız-kuğuzunu,
əlbəttə ki, atmırlar.
Ad artıq
"qara siyahı"da idi.
Mirzə Bilalın
hətta seçki hüququnu da bərpa edirlər.
Yenə toylar onu alır
ağuşuna.
Çəmənlər
qoynunda, güllər içində,
Mən səni çiçəklər
əlində gördüm.
Şəkəri,
badamı, noğulu, qəndi,
Ağzında,
ləbində, dilində gördüm.
Zülfün kimi
görməmişdim kamanı,
Səni gördüm,
atdım dini, imanı.
İncini,
mərcanı, qızıl şananı,
Qolunda, boynunda,
telində gördüm.
Bu, Mirzə Bilalın
gözəlliyi görən gözləri idi.
Şübhəcil
hökumətin xəbis gözləri isə ağı da
qapqara görmək iqtidarındaydı.
O əyri gözlər
Bilalı düşmən görürdü.
Bilala edilmiş
azadlıq güzəşti uzun sürmür.
Birdəfəlik
aparmaqçün ardınca bir də gəlirlər.
1937-ci ilin yayında
Şamaxıda sovet elə bir "təmizləmə"
başlayır ki, yüzlərlə ocağın
çırağı kor qalır.
Hərənin
həyətinə bir tüfəng ataraq əksər
gözə görükən, sayılıb-seçilən
şamaxılını "xalq düşməni"
damğasıyla zindana atırlar.
Məqsəd
Azərbaycan elatını başıpapaqlısız,
ağsaqqalsız, nüfuzlu adamlarsız qoymaq idi.
Həbslər hazır
siyahılar üzrə aparılırdı.
Milli
Təhlükəsizlik Nazirliyinin arxivində belə bir
sənəd də qalıb: "1937-ci ildə
Azərbaycanın sabiq daxili işlər naziri Sumbatov-Topuridze
tərəfindən Şamaxı rayonu üzrə təcrid
edilməli 200 nəfərin siyahısı tutulmuşdu.
Həbs olunanları "Müsavat" təşkilatına
üzv olmaqda, silahlı üsyana hazırlaşmaqda ittiham
edirdilər. Halbuki NKVD-nin Şamaxıda "Müsavat"
təşkilatının mövcudluğu barədə konkret
məlumatı olmamışdı".
Aşıq Bilal
Mikayılov 1937-ci il avqustun 1-də tutulsa da, qəribədir
ki, cinayət qovluğunda onun həbsi haqqında sanksiyada
sentyabrın 9-u tarixi göstərilir.
Yəni bu
kağız-filan, sənəd-mənəd boş şey idi.
Məqsəd tutmaq, əzmək, yox etmək idi.
Bəd ayaqda
sənədləri lap sonradan da hazırlamaq
mümkündü.
Hərdən
məndə təəccüb də oyanır ki,
sənədlərdəki səliqə-sahmana, sanılı qoz
kimi sıralı protokollaşdırmalara niyə belə vaxt
ayırırmışlar?!
Özlərindən
başqa onları görən yox idi ki!
Kim idi onlardan haqq-hesab,
ədalət istəyən!
Əksinqilabi qüvvələrin
cəbbəxanasını təşkil etməkdə
suçlu bilinən Mirzə Bilalın evindən heç bir
silah-sursat tapılmadığı axtarış protokolunda açıqca
yazılsa da, gələnlər əliboş da
getməmişdilər.
"Silah"
tapmışdılar və aparmışdılar - Mirzə
Bilalın əlyazmalarını.
Mirzə Bilalın
sazını.
Ən nəhayət,
Mirzə Bilalın özünü.
(Evlərində
Mirzə Bilalın aşıq libasından bircə qanovuz
köynəyi yadigar qalıbmış. Ömür-gün
yoldaşı Soltanxanım ölənə kimi o
köynəyi gecələr qoynunda saxlarmış.
Ağıllı
qızısan bizim Şirvanın,
Nə yaman gözəlsən,
a Soltanxanım!
Hökm edir
qəlbimə sənin hicranın,
Olasan sirdaşım, a
Soltanxanım.
Mirzə Bilal bu
misraları qoşanda hələ heç
qovuşmamışdılar. Nə biləydilər ki,
qarşıda necə nisgilli, möhnətli ayrılıqlar
var!).
Mirzə Bilalın
ən kəskin silahı sazıydı, qələmiydi,
diliydi, özüydü.
Ona görə də bu
silahları yox etdi dövlət.
Mirzə Bilalı
artıq yaxşı tanıyırdı bu dövlət.
Haqq deyən dili
vardısa, o, hər zaman tətiyi basıla biləcək bir
silah demək idi.
Onun içindəki
söz hədəfə dəyməyə həmişə
hazır olan lülədəki güllə kimiydi.
Bu boyda silaha göz
yummaq olmazdı ki!
Mirzə Bilalın
oğlu Şəfi kişinin yadına düşür -
atası tutulmazdan təxminən 1 ay qabaq kənd sovetinə
məktub gəlibmiş ki, hörmətli, imkanlı kənd
sakinlərinin siyahısı tərtib edilsin. Bəziləri
elə zənn edirmiş xeyirliyədir, özləri
xahiş-minnətlə adlarını siyahıya
saldırırmış.
"Köməkçi
adında bir kişi vardı, onun adı yazıldı,
Qədir adında varlı-hallı bir nəfər vardı,
onu yazdılar, köhnə partiyaçılar vardı,
onları yazdılar, atamın adı siyahıda birinci
olanlardan idi...
Hamısını
apardılar.
Atam tutulandan sonra
nəinki başqaları, heç öz kəndimizdəki
qohum-əqrəba bizə salam vermədi. Bizi heç bir
işə yaxın qoymurdular. Kotan sürmək nədir -
işlərin ən ağırı! Hətta bizi ona da
yaxın buraxmadılar. Atamı aparanda isə
hərəmizə saxladıqları bir
yorğan-döşəkdən savayı nəyimiz vardısa,
hamısını süpürləmişdilər.
Atımıza,
camışımıza, qoyun-quzumuza qədər hər
şeyi süng eləmişdilər.
Çox korluq
çəkirdik..."
1937-ci il avqustun 6-da
Mirzə Bilalla aparılan növbəti dindirməni
köhnə palan içi eşməkdən
başlamışdılar.
"- Siz səsvermə
hüququndan məhrum edilmişdinizmi və bu, hansı
səbəblərə görə omuşdu?
- Bəli, mən
1933-cü ildə səsvermə hüququndan məhrum
edilmişdim. Amma sonra, 1934-cü ildə hüququm bərpa
edildi. Səsvermə hüququm ona görə
alınmışdı ki, guya 1927-ci ildə muzdur
saxlamışam.
- Siz qulak olmusunuzmu
və muzdur saxlamısınızmı?
- Xeyr, mən heç
vaxt qulak olmamışam və heç vaxt da
başqasının əməyini istismar etməmişəm.
Yalnız 1924-cü ildən 1926-cı ilə qədər
hər il mövsümi işlərlə əlaqədar
məhsulunun səkkizdə birinə şərik olmaq
şərti ilə əkin-biçində mənə
kömək etməkçün adamlar cəlb edərdim.
- Bəs 1927-ci ildə
sizin muzdurunuz vardımı?
- Yox, nə 1927-ci
ildə, nə də ondan sonrakı illərdə mənim
nə muzdurum, nə də mövsümi işlərlə
əlaqədar cəlb etdiyim adamlarım olub.
- Siz müsavat
dövründə yüzbaşı olmusunuzmu?
- Mən 40 gün
ərzində - 1918-ci il sentyabr ayının 21-dən noyabr
ayının 30-na kimi Ləngəbiz kənd sahəsi
üzrə seçki yolu ilə yüzbaşı olmuşam.
- İstintaqa məlumdur
ki, siz yüzbaşı olduğunuz zaman muzdurları
döyürsünüzmüş. Bunu etiraf edirsinizmi?
- Mən muzdurları yox,
onları məsxərəyə qoyanları və
incidənləri döymüşəm.
- Antisovet, əksinqilabi
elementlərdən kimlərlə əlaqələrinizin
olmasından danışın.
- Mənim antisovet,
əksinqilabi elementlərlə əlaqəm
olmamışdır.
- İstintaqa məlumdur
ki, siz kəndlilər arasında əksinqilabi təbliğat
aparmısınız. Bunu boynunuza alırsınızmı?
- Rədd edirəm.
Mən heç vaxt əksinqilabi təbliğat
aparmamışam.
- Siz doğru
danışmırsınız. İstintaqa dəqiq məlumdur
ki, siz sistemli şəkildə Sovet hakimiyyətinə
qarşı təbliğat aparmısınız. Təklif
edirik ki, müqavimət göstərmədən düzgün
ifadə verəsiniz.
- Mən bunu qəti
surətdə inkar edirəm. Mən heç bir zaman Sovet
hakimiyyətinə qarşı təbliğat aparmamışam".
Tut orucu, qıl namazı,
Allahına
xidmət elə.
Məkkə olsun
qibləgahın,
Sən haqqa
inayət elə.
Qəlbini gül kimi saxla,
Yaxşını, yamanı yoxla.
Cənnət qazan,
düzü haxla
Məramını
şəfqət elə.
Sidqini bağla Allaha,
Naümid qoymaz səni
mövla,
Gecə-gündüz elə
dua,
Aşkara,
həm xəlvət elə.
Q.Martirosov
düz deyirmiş. Sovetin nəzərində Mirzə
Bilalın bu və bu qəbil sözləri elə antisovet
təbliğat demək idi.
Amma dilinə
güldən ağır söz gətirməyi
özünə rəva bilməyən, həmişə
fağırların halına yanan Aşıq Bilalı
qəddarlıqda, muzdur döyməkdə ittiham etmək,
əlbəttə ki, böhtan idi. Amma gərək protokolda
belə bir şərli bənd də olaydı. Çünki
bu hökumət guya kasıb-kusubu, muzduru-fəhləni
müdafiə edən, qayğısını
çəkən hökumət idi.
Can-i
dilim, hədyana yol vermə gəl,
Cüda
düşər səndən, ellər inciyər.
Adam
kobudluqdan sınar, - demişlər,
Gülə
də kəm baxma, güllər inciyər.
Nadan
adətkardır dodaq büzməyə,
Meyl
edər qəlb qırıb, ürək üzməyə,
Göl
yaranıb sonalarçün üzməyə,
Yaşılbaş
sonasız göllər inciyər.
1937-ci il
sentyabrın 15-i. Aşıq Bilal şahid Hacəliyev Hatəm
Qərib oğlu ilə üzləşdirilir.
Müstəntiq: -
Bir-birinizi tanıyırsınızmı, aranızda
düşmənçilik, ədavət varmı?
Bilal Mikayılov: -
Bəli, mənimlə üzbəüz oturanı yaxşı
tanıyıram. O, Ləngəbiz kəndindəndir. Onunla
hələ 1933-cü ildən haqq-hesabımız var. O həmin
vaxt
partiya özəyinin katibi idi
və məni seçki hüququndan məhrum etdirmiş,
haqqımda düzgün olmayan məlumatlar vermişdi ki, guya
nökərlərim olub.
Hatəm
Hacəliyev: - Bəli, mən qarşımda oturanı
yaxşı tanıyıram. O, Ləngəbiz Kənd
Sovetinə daxil olan Qəşəd kəndinin sakini Bilal
Mustafa oğlu Mikayılovdur. Aramızda şəxsi ədavət
yoxdur. O, seçki hüququndan mənim tərəfimdən
deyil, kənd soveti tərəfindən sabiq bir
yüzbaşı və istismarçı kimi məhrum
edilmişdi.
İstintaq bilirdi
üzləşdirməyə kimi gətirmək
lazımdır.
Amma indinin vaxt
hündürlüyündən baxanda nə o şahidi
qınayıram, nə də həmin qəliz
əyyamlardakı digər sınanları, yola
gələnləri.
Müqəssir
amansız zəmanə idi.
Əsl qiyməti Allah
özü versin, biz kimik?!
Bəlkə elə
həmin şahidin hafizəsində Mirzə Bilalın
neçə şeiri yaşayırmış və
özü o illərdən salamat çıxaraq
yaşayıbsa, həmin qoşqular da, aşığın
məlahətli avazı da illərcə onunla olub.
Çünki bu şeirlər də, bu səs
də Vətən ətriylə, Vətən
rəngləriylə dolu idi.
Mirzə Bilal da, o
şahid də, nəvə-nəticələr,
kötükcələr də gedəcək, Mirzə
Bilalın qoşduqlarısa bayatı olub qalacaq,
ömrünü davam etdirəcək.
Mən aşıq,
ləngə bizi,
Qəşədi,
Ləngəbizi.
Qobunun tozlu
yolu,
Salıbdır
ləngə bizi.
Mən
aşığam Qobuda,
Qobustanda,
Qobuda.
Dönəydim
sal daşlara,
Qalaydım
o Qobuda.
Mən
aşığam hər saat,
Yağsa,
yağar bir saat,
Su
götürər aləmi,
Aşıb-daşsa
Pirsaat.
Mən
aşığam, bu dağlar,
Bu
dərələr, bu dağlar.
Yar busəsin
görməsəm,
Getməz
məndən bu dağlar.
Mən
aşığam yazım var,
Baharım
var, yazım var.
Sənin
varın-dövlətn,
Mənim
isə sazım var.
Aşığam,
qaravəlli,
Qonşumuz
Qaravəlli.
Sevirəm
mən o yarı,
Çal
gəlsin Qaravəlli.
Mixək əkdim,
açıldı,
Zülf
gərdəndən saçıldı.
Cürə sazım çalanda
Bütün qəlblər
açıldı.
Amma indi qəlblər
açan Mirzə Bilal açılmaz qapılar arxasında
idi.
1937-ci il sentyabrın
15-i idi.
Müstəntiq: - Siz bu
il sentyabrın 3-də Bilal Mikayılovun əksinqilabi
fəaliyyəti barədə verdiyiniz ifadəni təsdiq
edirsinizmi?
Hatəm Hacəliyev: -
Bəli, mən bu il sentyabrın 3-də Bilal Mikayılovun
əksinqilabi fəaliyyəti barədə verdiyim ifadəni
tamamilə təsdiq edirəm. O, Sovet hökumətinə qarşı
düşmən mövqedə olan bir adamdır. Qabaqlar
yüzbaşı olub, kəndliləri
söyüb-döyüb, bir yüzbaşı,
mülkədar, istimarçı kimi seçki hüququndan
məhrum edilib. Dövlət vergisini ödəməkdən
qəti şəkildə boyun qaçıranlardan olub.
Dövlət tədarükü üzrə
tapşırıqları yerinə yetirmirdi. Kəndlilər
arasında təbliğat aparırdı ki,
işləməsinlər, deyirdi ki, hökumət hər
şeyi sizdən alaraq fəhlələrə verir, bizisə
ac qoyur; Sovet hökuməti adamları kolxozda ona görə
birləşdirib ki, yığmaq istədiyini rahatca
yığsın. Söyləyirdi ki, çar hökuməti
vaxtı belə deyildi. Onda hamının şəxsi
təsərrüfatı vardı və camaat ildə bir
dəfə vergi verirdi.
Bilal Mikayılov
dövlət tədarükü üzrə ət, yağ,
digər məhsulları verməkdən qəti
şəkildə boyun qaçırırdı. Kənd
sovetinin binasında o, açıqca söylədi ki, mən
məhsul verməyəcəyəm, hara istəyirsiniz
şikayət edin.
Müstəntiq: - Siz
şahid Hatəm Qərib oğlu Hacəliyevin dediklərini
təsdiq edirsinizmi?
Bilal Mikayılov: - Xeyr,
Hatəm Qərib oğlunun dediklərini təsdiq etmirəm. O
mənimlə şəxsi ədavətinə görə
bunları yalandan deyir.
Müstəntiq: -
Şahid Hacəliyev, siz ifadənizi təsdiq edirsinizmi?
Hatəm Hacəliyev: -
Bəli, mən bir daha ifadəmi təsdiq edirəm.
Dediklərimin hamısı düzdür, müttəhimlə
heç bir şəxsi ədavətim yoxdur.
Bu dindirmə və
üzləşdirmədən 19 il əvvəl Ustad Bilal
söyləmişdi:
Bu ədavət
nədir, balam,
Düşüb
millət arasına?
Dedi-qodu, qeybət, yalan
Düşüb
millət arasına.
...Fürsət
tapıb yaltaq-yultaq
Düşüb
millət arasına.
Bu da Bilal Mikayılovun
13773 saylı cinayət işi ilə bağlı Azərbaycan
Daxili İşlər Nazirliyi üçlüyünün 10
noyabr 1937-ci il tarixli iclasının protokolundan 25
nömrəli çıxarış: "Mikayılov Bilal
Mustafa oğlu bunda ittiham edilir ki, o, Şamaxıdakı
əksinqilabçı, qiyamçı, ziyanverici
təşkilatın rəhbərlərindən olan
İ.İbrahimov tərəfindən cəlb edilmiş və
onun tapşırığı ilə Qəşəd
kəndindəki əksinqilabçı, qiyamçı qrupa
məlumatlar ötürmüş, mütəmadi
şəkildə əksinqilabi, millətçi
şayiələr yaymış, Sovet hökumətinə
qarşı silahlı üsyana hazırlıqda iştirak etmişdir.
7 avqust 1937-ci ildə
həbs edilmiş, SSRİ NKVD-si (özüm qəsdən bu
mənhus sovet təşkilatının rusca
abreviaturasını - qısaltmasını verir, DİXK
yazmıram. Çünki insanların yaddaşına bu
üşəndirici sözcük elə mən
yazdığım kimi həkk olunub - R.H.) yanındakı
həbsxanada silahlı nəzarət altında
saxlanılır.
Azərbaycan NKVD-si
üçlüyünün katibi Koqan".
Qərar da budur:
"Güllələmək, əmlakını
müsadirə etmək".
Dövlət
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə
güllələnmə hökmü 1837-ci il noyabr
ayının 26-dan 27-nə keçən gecə yerinə
yetirilir.
Azərbaycanın
ən şaqraq aşıqlarından biri əbədi
susdurulur.
(İllər sonra
ailəsinin ardıcıl müraciətlərindən sonra
orqanlar cavab vermişdilər ki, Aşıq Bilal guya 1942-ci
ildə sürgündə tifdən ölüb.
Yaxşı, bu
yalanın məqsədi nə imiş?).
Allah bu
zalım divanı
Yıxıb
bir dəyişərmi ola?
İlahidən
yanan çıraq
Bizim yurda
düşərmi ola?
Əyilməz
möhkəm vüqarım,
Tükənməzdir
arzularım,
Görən,
ya Rəbb, intizarım
Ürəyimi
deşərmi ola?
Qan
ağlayır tamam hər yan,
Tapılmamış
dərdə dərman,
Boran,
çiskin, bu kor duman,
Bu
dağlardan aşırmı ola?
...Yol
üstdə rastlaşdılar.
Molla:
"Aşıq qardaş, xeyir ola, haradan gəlib hara
gedirsən?" - soruşdu.
Sənətkar
dilxoşluğa saldı: "Mən gəlirəmsə,
xeyirdən gəlirəm, gedirəmsə, xeyirə gedirəm.
O sənsən ki ya matəmə gedirsən, ya
hüzrə..."
Mirzə
Bilal xeyirdən gəlib xeyirə gedirdi.
Sinəsində
sazı, köksü sözlə ləbələb, oxusu
yapışıqlı.
Şirvanlı
Mirzə Məhəmmədhəsən kimi nəhəng
xanəndə onun sadəcə aşıq yox, muğamı
elə xanəndə məharəti ilə oxuya bilmək
ustalığına zəmanət vermişdi.
Yaxşı
nağılçı, dastançı, meydangir imiş.
Oğlu
Aşıq Ağalar söyləyirdi ki, atam Şah
İsmayılın dastanını deyəndə dönüb
olurdu Şah İsmayıl, Koroğlunun qollarını
söyləyəndə deyirdin ki, bəs Koroğludu durub.
Hansı
sözü oxuyurdusa, elə bil o qəhrəmanın
surətinə, cildinə girirdi.
Mirzə
Bilal öndər idi. Aşıqlıqda Şirvan oxu yolunu
açan, həmin binanın təməlini qoyub
sütunlarını dikəldən elə odur.
Cığır
açdı, məktəb doğurdu və aşıq
boğazıyla xanəndə boğazını
qovuşdurmağı da Şirvan sənətkarları ondan
mənimsədilər.
Boy-buxunuyla,
oturuşu-duruşuyla, biliyi-qanacağıyla toy-düyün
bəzəyi idi.
Dədə
Ələsgərin umduğu pür kamalı olan, oturub-durmaqda
ədəbin bilən, mərifət elmindən dolu, xalqa
həqiqətdən mətləb qandıran, şeytanı
öldürüb nəfsin yandıran aşıq idi.
Bəd
günlərin birində şər qənşərini
kəsdi.
Macal
vermədi ki, Mirzə Bilalın xeyir yolu başacan olsun.
Mirzə
Bilalın son saatı harada bitdi - bilinmədi.
Bir
daha sevimli aşığı görən olmadı.
Bilalı
öldürdülər. Amma "Şirvan
şikəstəsi"ni, "Bilal qara qafiyəsi"ni,
"Qobustan şikəstəsi"ni, "Bilal
gəraylısı"nı, "Bilal təcnisi"ni,
"Şirvan gəraylısı"nı, "Bilal
gözəlləməsi"ni... ustadın
yaratdığı saz havalarını susdura bilmədilər.
Bu havalar
uçub bütün Azərbaycan boyu
yayılmışdı.
Daha
onların qanadını qırmaq mümkünsüz idi.
Dövlət
Mirzə Bilalın qatar-qatar qoşmalarını,
gəraylılarını, bayatılarını,
qəzəllərini dustaqlaya, güllələyə
bilmədi.
Onlar
ürəklərə, beyinlərə sərilmişdilər,
könüllərdə, düşüncələrdə
rişə atmışdılar.
Amma bu şeiri
Mirzə Bilal yazmamışdı:
Könlüm
coşub-daşır ilham içində
Baxanda nur
saçan dövrana, Lenin.
Elədin
elləri qüssədən azad,
Əhsən
olsun sən tək loğmana, Lenin.
Bu şeir
də onun deyil:
Aşıq
Bilal gəlsin dilə,
Xoş
gün görər bundan belə,
Yoxsul
kəndli, qara fəhlə,
O,
Lenindən bir fərmandır.
Bəraətdən
sonra "xalq düşməni" elan edilmiş qələm
sahiblərinin kitablarını budayıb-darayıb buraxan
vaxtlarda Mirzə Bilalın ruhunu bir daha incitməyi bu əzazil
quruluş rəva görmüşdü. Ciddi partiya
nəzarətində olan nəşriyyatdan məsləhət
bilmişdilər ki, kitabın əvvəlində partiyanı,
Lenini, kolxozu vəsf edən şeirlər olsun.
Mirzə Bilal belə
şeirləri sağlığında yazmamışdı,
indi necə "yazaydı"!
Oğlu Aşıq
Ağalar o biri şeirlər də itib-batmasın, nəşr
edilərək yayılsın, üzə çıxsın
deyə 3-4 qondarma şeiri cızmaqaralamağa vadar olur.
Mahiyyəti, zatı
hiylədən, saxtakarlıqdan və riyadan ibarət olan Sovet
belə Sovet idi...
Həyatsa davam edirdi.
Yenə aşıqlar
yarandı, yenə sözlər qoşuldu. O yeni yaranan
aşıqlardan biri də Mirzə Bilalın oğlu Ağalar
oldu.
Şeirlər yazdı,
dastanlar qoşdu və araya-ərsəyə gətirdiyi
dastanlardan biri də atası haqqında idi. Yalnız
özünün deyil, bütün Şirvan
aşıqlarının atası Mirzə Bilal
barəsində.
El
sözümüzün yorulmaz araşdırıcısı
Sədnik Paşayev danışır ki, bir dəfə
güzarım Bico kəndində bir toya
düşmüşdü. Aşıq Məmmədağa
Babayev (1930-1977) oxuyurdu. Oxumağına gözəl oxuyurdu,
amma camaatın onu xüsusi ruh yüksəkliyi ilə
alqışlaması, heyrətli bir valehliklə
dinləməsi, mənə elə gəldi ki, bu oxudan da
üstündür.
Məmmədağaya bu
gümanımı açanda "Düz müşahidə
eləmisiniz" dedi. Bu kənddə məni yalnız
Məmmədağa kimi dinləmirlər. Dədə-babadan
onlar Mirzə Bilalın vurğunu olublar. Mənim də oxumda,
çalğımda o böyük ustadın dadını duyan
kimi olurlar, ona görə belə diqqət kəsiliblər.
Bunu bildiyimdən mən də bura gələndə
həmişə Mirzə Bilalın sözlərini, onun
havalarını oxuyuram, onun boğazlarını vururam.
Şirvanın
saz-söz ustaları içində həmişə
seçilmiş Aşıq Əhməd (1920-2008) yeniyetmə
çağlarında Kürdəmir kəndlərində
Mirzə Bilalı görməyini möcüzə kimi
xatırlayırdı. Möcüzə onda idi ki, quruluşuna
görə yetərincə mürəkkəb olan,
bəndləri bir-birinə sanki qaynaq edilmiş, əvvəlki
bəndin son misrasının əvvəli yeni bəndin
başlanğıcında təkrarlanan təzə
parçada ayrı bir biçimdə səslənən
şeiri Aşıq Əhməd 70 il əvvəl bircə
dəfə eşitməklə yadda saxlamışdı.
Etiraf edirdi: "Bu
mənim yaddaşımın gücü deyil. O qədər
eşitdiyim şeirlər olub ki... Burdan dinləmişəm, o
yandan huşumdan çıxıb.
Bu, Mirzə Bilalın
səsindəki, deyişinin tərzindəki təlqinedici
qüdrətin sayəsində beynimə pərçim
olunub".
Surətdə
mələksən, xilqətdə insan,
Yoxdur bərabərin el
arasında.
Bir ovçu öz
ovun görərsə əgər,
Var qıya
baxışın göz arasında.
Var qıya
baxışın canlar dilinə,
Canımı
qoymuşam can bədəninə,
Düşməmisən
tülək tərlan əlinə,
Dağıda
tükünü toz arasında.
Dağıda
tükünü tökə çöllərə,
Dibaçə
deyərlər hər məsəllərə,
Laçın
kimi baş vurursan göllərə,
Sən də bir
sonasan qaz arasında.
Sən də bir
sonasan, göldə üzərsən,
Qıraq
çıxıb qollarını süzərsən,
Tovuz kimi ikiyanlı
gəzərsən,
Öldürdün
məni sən naz arasında.
Öldürdün
məni sən naz qaşları fil-fil,
Gözləri
yasəmən, saçları sünbül,
Sənin təki bir
gül, mən təki bülbül,
Yoxdur gülüstanda,
yaz arasında.
Yoxdur gülüstanda
tayın, yoldaşın,
Xuraman yerişin,
qəh-qəh gülüşün,
Tanınır
görəndə ceyran baxışın,
Var olsun daim min qız
arasında.
Var olsun daim o
şirin dillərin,
O şümşad
qolların, gözəl əllərin,
Aşıq Bilal
deyər, ağ məmələrin
Öləndə
qəbrimi qaz arasında.
Arzuladığı
belə şairanə bir məzar idi.
Məzarının yeri
də naməlum qaldı.
Övladlarının
gedib çiçək qoyacağı, Mirzə Bilalın
xatirəsinə dalacağı məkanı da rəzil
zəmanə onlara qismət etmədi.
Adı yaşayır,
amma boş yeri də hər zaman görünür.
Nurlu insanların,
seçilmişlərin boş yerini heç vaxt, heç
nə, heç kəs doldura bilmir.
Ondan yaxşı, ondan
zəif ola bilir.
O olmur.
Mirzə Bilal və
Mirzə Bilal kimi sənətkarlarımızın,
kişilərimizin yoxluğuyla mədəniyyətimizə,
mənəviyyatımıza ağır zədələr dəydi.
O
zədələrin yeri həmişə sızıldayır.
O
çapıqların yarası həmişə
göynəyir.
Buzlu
bulağından içə bilməsəm,
Sızlayar
sazımda tellər, ağlaram...
Bu
qoşqu Mirzə Bilalın şirin səsinə qoşulub
havalanan çağlarda o lap cavan idi, göz açıb
gördüyü meşələrdən,
çiçəklərdən, bulaqlardan ayrı qala
biləcəyinə inanmırdı.
Onu
həyatdan ayırdılar.
Bulağından
ayrı düşən sızlayarsa, həyatından ayrı
düşən nə edər?!.
Vaxtilə
İranda, Təbrizdə bir uca Aşıq heykəli vardı.
Ətrafı həmişə izdihamlı olardı.
Aydınlar, ürəyi sözlə dolu olanlar daim o
Aşıq heykəlinə can atardılar.
Şahlıq
qorxdu o heykəldən.
Uçurdular
Aşığı.
Meydandakı
heykəli yıxdılar.
Amma o
Aşıq heykəli dərhal ürəklərə,
düşüncələrə köçdü.
Daim
belə olub.
İstibdadlar
müdam haqq aşığından (və haqq aşiqindən)
çəkinib.
Dirisindən
də, daşdan olanından da.
Lakin
heç vaxt aşığı sonadək öldürə
bilməyiblər.
Bilməyəcəklər
də.
Aşıq qanı
yerdə qalmaz!..
13 mart, 2009
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2009.- 14 mart.- S.15-18.