Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
Məlumdur
ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual
potensialının formalaşdırılmasında, maddi sərvətlərin
insan kapitalına çevrilməsində təhsil, xüsusilə
də ali təhsil müstəsna əhəmiyyət kəsb
edir. Sürətli dəyişikliklərin baş verdiyi
hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni
sahələrdə davamlı inkişafa təkan verən real
qüvvə hesab edilir. Bu mənada təhsilə cəmiyyətdən
təcrid olunmuş şəkildə qiymət vermək
mümkün deyil və belə bir qiymət obyektivlikdən
uzaq olardı. Təhsil cəmiyyətin vacib tərkib hissəsi
olduğundan, cəmiyyətdə baş verən bütün
proseslər son nəticədə təhsil sahəsindən də
yan keçmir. Cəmiyyətin inkişafı təhsilin
inkişafını da şərtləndirir və əsas amilə
çevrilir. Tez-tez mənə Azərbaycanda təhsilin səviyyəsi
barədə suallar verirlər, bu barədə mətbuatda
çoxsaylı yazılar dərc olunur. Həmin suallara
qısaca belə cavab verirəm ki, cəmiyyətimizin səviyyəsi
necədirsə, təhsilimizin səviyyəsi də ona
uyğun dəyişir və yeniləşir. Ona görə də
təhsil sahəsində uğur qazanmaq, təhsilimizin
dünya təhsil sisteminə daha sürətlə
inteqrasiyasına nail olmaq üçün bütövlükdə
cəmiyyətdə yeniləşmə, demokratikləşmə,
inkişaf meylləri olmalıdır. İnkarolunmaz faktdır
ki, Azərbaycanda təhsilin inkişafı üçün əsas
məsuliyyət təhsil işçilərinin, müəllimlərin,
təhsili idarəetmə orqanlarının, ilk növbədə
Təhsil Nazirliyinin üzərinə düşür. Bu da təbiidir.
Lakin yalnız onların səyləri ilə ölkədə
təhsil sahəsində ciddi inkişafa nail olmaq mümkün
deyildir. Dünyada olduğu kimi, təhsili inkişaf etdirmək
üçün cəmiyyətin hər bir üzvü öz
səlahiyyəti, qabiliyyəti, potensial imkanları çərçivəsində
çalışmalı, milli mənafedən
çıxış edərək vətəndaşlıq
mövqeyi nümayiş etdirməlidir.
Yeri gəlmişkən,
son zamanlar tez-tez təkrar etdiyim ibrətamiz bir məsələni
diqqətə çatdırmaq istəyirəm. Artıq 10 ildən
çoxdur ki, Dünya Bankının dəstəyi ilə təhsilin
ayrı-ayrı sahələrində islahatlar aparırıq və
bu baxımdan tez-tez xarici ölkələrdə təlim
kurslarında olur, beynəlxalq ekspertlərlə
görüşür, müzakirələr keçiririk. Həmin
ekspertlərdən biri - ixisasca riyaziyyatçı olan
finlandiyalı professorla görüşümü xüsusi
qeyd etmək istəyirəm. Hamıya məlumdur ki, Finlandiya təbii
sərvətləri zəngin olmayan, əhalisi nisbətən
az olan bir ölkədir, lakin göstəricilərinə
görə dünyanın ən inkişaf etmiş ölkələri
sırasına daxil edilmişdir və beynəlxalq hesabatlarda
da bu ölkə ilə bağlı sürətli inkişaf
tendensiyalar öz əksini tapmışdır. Həmin ekspertdən
Finlandiyanın inkişafının əsas səbəblərini
soruşduqda, o, bir az düşünərək dedi ki, bunun
birinci səbəbi təhsildir. Başqa səbəblərlə
maraqlandıqda o, yenə bir az düşünüb ikinci səbəbin
də, üçüncü səbəbin də təhsil
olduğunu təkrar-təkrar vurğuladı. Həmin anda
ixtiyari olaraq müqəddəs Qurani-Kərimdə öz əksini
tapmış, "insan anadan olandan son mənzilədək
oxumalıdır" kəlamını xatırladım. Yəni
doğrudan da təhsil cəmiyyətin inkişafında əsas,
həlledici amillərdən biridir. Finlandiyanın inkişaf
fenomeni ilə bağlı fikrimi davam etdirərək bir məsələni
də qeyd etmək istəyirəm. Beş milyondan bir qədər
çox əhalisi olan Finlandiyanın "Nokia" şirkətinin
bir ildə ölkəyə verdiyi gəlir 300 milyondan çox
əhalisi olan bütün islam dünyasının, neftdən
gələn gəlirləri istisna olmaqla, ümumi gəlirindən
bir neçə dəfə çoxdur. Bu, son zamanlar tədqiqatçıların
və ekspertlərin daha çox istinad etdikləri biliyə,
elmə əsaslanan iqtisadiyyata, insan kapitalının
formalaşmasına ən parlaq nümunədir. Kiçik bir
ölkə olan Finlandiya bir şirkətlə dünyaya meydan
oxuyur.
Beynəlxalq
ekspertlərlə daha çox müzakirə etdiyim məsələlərdən
biri də təhsilin inkişafına təsir edən həlledici
amillər olmuşdur. Maraqlıdır ki, mütəxəssislərin
fikrincə bu amillər içərisində təhsilin
inkişafına təsir edən birinci və həlledici amil
ailə hesab edilir. Həyat sübut edib ki, təhsilə diqqət
və qayğı göstərilən ailələrdə
formalaşan uşaqlar tərbiyə və təliminə
görə hər zaman digərlərindən müsbət mənada
seçiliblər. Əksinə, təhsilin əhəmiyyətini
dərk etməyən, savadı, biliyi qiymətləndirməyən,
problemli ailələrdən olan uşaqlar mənfi
davranışı, zərərli vərdişlərə
meylliliyi, təhsilə, müəllimlərə və həmyaşıdlarına
mənfi münasibətləri ilə fərqlənirlər.
Tədqiqatlarda
təhsilin inkişafına təsir edən digər bir amil təhsilalanı
əhatə edən ətraf mühit göstərilir. Həqiqətən
də şagirdin, tələbənin hansı mühitdə,
kimlərin əhatəsində olması, kimlərlə
ünsiyyət qurması onların formalaşması və
inkişafına həlledici təsir göstərir. Bu
sıralamada əsas yerlərdən birini də informasiya amili
tutur, yəni təhsilalan hansı mənbələrdən, hansı
məzmunda informasiya alır və bu informasiya onun
üçün nə dərəcədə faydalı və
zəruridir. Nə qədər qəribə və maraqlı
olsa da, aparılan tədqiqatlara əsasən təhsilin
inkişafına təsir edən amillər içərisində
məktəb və müəllim sonuncu yerdə dayanır. Bu
baxımdan təkrarən o fikrə qayıdıram ki, təhsilin
inkişafına cəmiyyətin hər bir üzvü öz
töhfəsini verməlidir.
Fikirlərimi
bir az da konkretləşdirmək istəyirəm. Biz
bütün təhsil pillələri üzrə yüksək
keyfiyyətin təmin olunması baxımından
qarşımıza qoyduğumuz məqsədlərə nail
olmaq üçün nə etməliyik? Bu sahəyə
ölkə rəhbərliyi tərəfindən yüksək
diqqət və qayğı göstərilir. İlbəil təhsilə
ayrılan büdcə vəsaitlərinin həcmi
artırılır, təhsil şəraiti və mühiti
yaxşılaşır, bu tendensiya davamlı xarakter
daşıyır. Lakin bütün bu işlərin
müqabilində təhsilin inkişafına maksimum əmək
sərf edirikmi? Hesab edirəm ki, biz təhsil işçiləri,
xüsusən ali məktəb müəllimləri
yaradılmış bu əlverişli imkanlardan heç də
həmişə səmərəli istifadə etmirik. Konkret
misallar gətirmək istəyirəm. Hər il Avropa
İttifaqı postsovet ölkələrində ali təhsilin,
elmin inkişafı üçün müxtəlif proqramlar, o
cümlədən Tempus, Erasmus Mundus və digər beynəlxalq
layihələr vasitəsilə böyük məbləğdə
vəsaitlər, qrantlar yönəldir. Burada əsas tələb
ondan ibarətdir ki, keçmiş sovetlər birliyinə daxil
olan ölkələrin ali məktəbləri Avropa ölkələrinin
universitetləri ilə əməkdaşlıq əlaqələri
yaratsınlar, elan edilən proqramlar əsasında
dünyanın müxtəlif ölklələrindən olan
üç universitetlə birgə layihələr
hazırlayıb Avropa İttifaqının təhsil və elm
komissiyasına təqdim etsinlər. Qayda belədir ki, həmin
komissiyada baxıldıqdan və təsdiq edildikdən sonra
universitetlər tərəfindən təqdim edilən layihələrin
həyata keçirilməsi üçün lazımi vəsait
ayrılır. Sual oluna bilər, 90-cı illərin əvvəllərindən
başlanılmış bu proqramlarda Azərbaycanın ali təhsil
müəssisələri necə iştirak edirlər. Təhlil
göstərir ki, ölkəmizin universitetlərinin bu
proqramlar vasitəsilə cəlb etdiyi maliyyə resursları
digər postsovet respublikalarının ali təhsil müəssisələrinin
gəlirləri ilə müqayisədə dəfələrlə
azdır. Nə qədər acı olsa da, deməliyəm ki,
inkişaf tempinə görə Azərbaycandan çox geridə
qalan region ölkələrinin ali məktəbləri
Avropanın universitetləri ilə əlaqələr qurmaqla,
qarşılıqlı səfərlər təşkil etməklə,
mübadilə proqramları həyata keçirməklə hər
il bu proqramlardan milyonlarla dollar vəsait əldə edirlər,
təhsil və elmin inkişafına yönəldirlər. Təəssüfləndirici
haldır ki, müəyyən proqramlar həyata keçirilsə
də, universitetlərimiz dünyanın, Avropanın
yaratdığı bu imkanlardan səmərəli istifadə
etmir, lazımınca bəhrələnmirlər. İstərdim
ki, hər il 50 universitetimizin hamısı bu proqramlarda
yaxından iştirak edib Azərbaycanda təhsilin
inkişafına vəsait cəlb etsinlər. Hesab edirəm ki,
bu məsələ həm Təhsil Nazirliyinin, həm də
universitetlərimizin qarşısında duran mühüm vəzifələrdəndir
və bu istiqamətdə təxirəsalınmaz tədbirlər
görülməlidir.
Bu günlərdə
Azərbaycan Dillər Universitetində Avropa Şurası
ölkələrinin Azərbaycandakı səfirlərinin
iştirakı ilə Milli Tempus məlumat gününə həsr
olunan əhəmiyyətli bir konfrans keçirilib, burada beynəlxalq
keyfiyyətin təminatı, 2008-ci ildə Tempus proqramı
üzrə təkliflərin nəticələri, 2009-cu ildə
Tempus çərçivəsində təkliflərin verilməsi,
Azərbaycanda ən keyfiyyətli Tempus layihələri, Erasmus
Mundus Xarici Əməkdaşlıq Pəncərəsi
proqramında ölkə universitetlərinin iştirak
imkanları və Azərbaycanda Tempus və Milli Tempus Ofisinin
rolu kimi məsələlər müzakirə olunub. Bir
sıra obyektiv səbəblərdən həmin konfransda
iştirak etməsəm də, tədbirdəki xarici təşkilatların
nümayəndələrini qəbul edib Azərbaycan
universitetlərinin bu proqramlarda daha yaxından iştirakı və
daha çox sayda qrantların qazanılması yolları barədə
fikir mübadiləsi apardım. Mənə verilən məlumata
görə, bu beynəlxalq konfransda ölkəmizin 50
universitetindən yalnız ikisinin rektoru iştirak edib. Halbuki
bütün ali təhsil müəssisəsinin rəhbərləri
həmin konfransda iştirak etməli və öz təkliflərini
irəli sürməli idi. Fikrimcə, belə bir vəziyyətin
yaranması səbəblərindən biri də odur ki,
universitetlərimizdə beynəlxalq əlaqələrə məsul
olan prorektorların fəaliyyəti qənaətbəxş
deyil, onların əksəriyyəti yaşlıdır və
təşəbbüskar deyildir. Bu vəzifəni tutan şəxslər
gənc, bir və ya bir neçə xarici dil bilən, müntəzəm
olaraq xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq
əlaqələri yaradan bacarıqlı şəxslər
olmalı, beynəlxalq proqramların lazımi səviyyədə
aparılmasına rəhbərlik edə bilməlidirlər.
Bu gün
Avropa təhsil məkanının formalaşması, Avropaya
inteqrasiya kontekstində ali təhsilin inkişafı və
qlobal əmək bazarına istiqamətləndirilməsi, ali təhsilin
keyfiyyətinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Boloniya Bəyannaməsinin tələblərinə uyğun
olaraq akademik və peşə dərəcələrinin
tanınması və akademik mobilliyi təmin edən mexanizmlərin
işlənməsi, təlim müddətlərinin,
ixtisasların uyğunlaşdırılması, Avropa təlim
standartlarından istifadə imkanlarının
yaradılması, ali təhsil sisteminin idarəedilməsinin təkmilləşdirilməsi,
təhsillə əmək bazarı arasındakı
qarşılıqlı əlaqəni, qloballaşma şəraitində
tələbələrin həyata və fəaliyyətə
hazırlanmasını təmin edəcək təlim
konsepsiyasının reallaşdırılması əsas fəaliyyət
istiqamətləri olmalıdır.
Azərbaycanın
Boloniya prosesinə 2005-ci ildə qoşulmasına baxmayaraq,
hesab edirəm ki, ötən müddət ərzində
universitetlərimizin bu istiqamətdə fəaliyyəti qənaətbəxş
sayıla bilməz. Dövlət ali məktəblərində
təhsil alan tələbələrin yalnız 25 faizi Boloniya
Bəyannaməsinin əsas müddəalarından olan tədrisdə
kredit sistemi ilə təhsil alırlar. Bu bizi Qane edə bilməz.
Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, Azərbaycan
Dillər Universiteti yeganə ali məktəbdir ki, öz fəaliyyətini
bütünlüklə Boloniya Bəyannaməsinin tələblərinə
uyğunlaşdırmağa səy göstərir, kredit
sisteminin tətbiqi, müəllim-tələbə münasibətlərinin
tənzimlənməsi, müəllimlər üçün
sistemli treninqlərin təşkili, informasiya-resurs mərkəzinin
yaradılması və onun imkanlarından istifadəsi və
digər sahələrdə uğurlu addımlar atır.
Təəssüfləndirici
haldır ki, cəmiyyətimizdə belə bir yanlış
fikir də formalaşıb, bir çoxları
düşünürlər ki, ümumi orta təhsil kimi ali təhsil
də icbaridir. İcbarilik anlayışı da özünəməxsus
şəkildə şərh edilir. Ölkə
Konstitusiyasında təsbit olunmuş icbarilik o deməkdir ki,
dövlət 11 il ərzində şagirdlər
üçün pulsuz təhsil almaq üçün şərait
yaradır. Bir çoxları isə
orta təhsilin icbariliyini, savad səviyyəsindən
asılı olmayaraq, məktəbi bitirənlərin
hamısına mütləq qaydada attestat verilməsi kimi
başa düşür. Bu yanlış təsəvvürü
aradan qaldırmaq çox vacibdir. Necə ola bilər ki,
şagird məktəbə zəif gəlsin, dərslərə
hazırlaşmasın, təhsilə laqeyd münasibət
göstərsin, nəticədə isə attestat alsın.
İnkişaf etmiş ölkələrdə heç bir
valideyn xahiş və təzyiq etməz ki, onun
uşağı savadsız qaldığı halda təhsil sənədi
alsın. Attestat almaq üçün şagird müəyyənləşdirilmiş
minimum standartlar səviyyəsində fənlər üzrə
imtahan verməli və müvəffəq qiymətlər
almalıdır. İmtahanlar zamanı zəruri səviyyədə
bilik mümayiş etdirməsə, istənilən nəticəni
göstərə bilməsə təhsil sənədi
almamalıdır. Müqayisə üçün deyək ki, ən
inkişaf etmiş ölkələrdə belə orta məktəb
məzunlarının heç də hamısı təhsil sənədi
almırlar.
Orta təhsildə
mövcud olan bu problem ali təhsildə də var. Əvvəllər
ali məktəbi bitirib diplom alanların sayı qəbul
olanların sayından xeyli az idi. Təhsil müddətində
tələbələrin bir qisminin universitetdən xaric
olunması, bəzilərinin dövlət imtahanını verə
bilməyib kursda qalması kimi səbəblərdən diplom
ala bilməyənlərin sayı üstünlük təşkil
edirdi. O dövrdə ali məktəbə daxil olanların
yalnız 60-70 faizi diplom ala bilirdi. Dünyada da bu gün belədir.
İndi isə ölkəmizin bir sıra ali məktəblərində
qəbul olunanların 100 faizi ali məktəbləri bitirib
diplom alırlar. Əgər tələbə 4 il oxuyub diplom
almırsa, onun valideynləri narazılıq edir, ali məktəb
rəhbərinə təzyiq vasitələrinə əl
atır və tələb edirlər ki, övladı 4 il
universitetə gedib-gəlib, ona hökmən diplom verilməlidir.
Düşünürəm ki, bu stereotipdən əl çəkməyin
vaxtı çatmışdır. Cəmiyyətimizin hər
bir üzvü bilməlidir ki, ali məktəbə qəbul
olan tələbə orada təhsil alıb yalnız müvafiq
standartlar həcmində bilik və bacarıqlar nümayiş
etdirdiyi halda ona ali təhsil haqqında sənəd verilir.
Problemlərdən
biri də onunla bağlıdır ki, bu gün biz daha çox
ali məktəblərə qəbula diqqət yetirir, təhsilin
keyfiyyəti, universiteti bitirəcək mütəxəssislərin
hansı bilik və bacarıqlara malik olmasını isə, təəssüf
ki, ikinci plana keçiririk. Fikrimcə, ali məktəblərdən
çıxış, yəni təhsil müəssisələrini
birtirmək məsələsi daha ciddi nəzarətə
götürülməli, burada elə mexanizmlər tətbiq
edilməlidir ki, yalnız layiq olanlar diplom alsınlar.
Çünki ali məktəbi bitirən gənc birbaşa
istehsalata, məktəbə, xəstəxanaya, iqtisadiyyatın
müxtəlif sahələrinə işləməyə
gedir. Bəzi valideynlər yanlış olaraq
düşünürlər ki, onların övladları ali və
orta məktəblərdə təhsil alarkən bilik, savad
göstərməklə deyil, başqa vasitələrlə
qiymət almalıdırlar. Belə insanlar müəyyən mənada
müəllimi təhrik edirlər ki, övladı oxumasa da ona
qiymət yazılsın, bacarığı olmaya-olmaya ona təhsil
haqqında sənəd verilsin. Bütün müəllimlərə,
həm ali, həm də orta məktəblərdə
çalışanlara, övladları universitet və
ümumtəhsil məktəblərində oxuyan valideynlərə
müraciət edib demək istəyirəm ki, təhsil
haqqında sənədi almağın bir yolu var, yaxşı
oxumaq, tədris plan və proqramlarında nəzərdə
tutulan bilik və bacarıqlara yiyələnərək imtahan
verib müvəffəq qiymət almaq. Heç kim başqa yol
axtarmasın, çünki digər yol yanlış yoldur və
bu yol bizi yalnız tənəzzülə apara bilər. Cəmiyyətin
hər bir üzvü bilməli və
çalışmalıdır ki, yalnız müvafiq bilik və
bacarığı olan şəxslər təhsil sənədi
ala bilər.
Mən orta məktəb
rəhbərləri ilə yanaşı, universitetlərimizin
rektorları ilə də tez-tez görüşür, burada
sadalanan və sadalanmayan problemləri müzakirə edir,
çıxış yolları axtarırıq. Onu da qeyd edim ki, fəaliyyətin
uğurlu olması, kadr hazırlığının keyfiyyətinin
təmin olunması ali təhsil müəssisəsinin rəhbərindən,
onun idarəetmə metodlarından xeyli asılıdır. Azərbaycan
Dövlət Pedaqoji Universitetinə iki ildir ki, yeni rektor təyin
olunub. Lakin bu qısa müddət ərzində universitetdə
xeyli müsbət dəyişikliklər baş verib, keyfiyyətə
nəzarətin yeni mexanizmləri tətbiq olunmağa
başlanılıb. Nəticədə qış-imtahan
sessiyasında tələbələrin yalnız 40 faizi müvəffəq
qiymətlər alıb. Hesab edirəm ki, bu göstərici
reallığı əks etdirir. Əlbəttə, məqsədimiz
o deyil ki, tələbələrin 60 faizini universitetdən
xaric edək. Əsas amalımız ondan ibarətdir ki, hər
bir tələbə də, müəllim də, valideyn də
dərk etsin ki, yalnız müvafiq səviyyədə bilik
nümayiş etdirənlər müvəffəqiyyət əldə
edəcək. Rektorlarla müzakirə etdiyim ən
ağrılı məsələlərdən biri də məhz
odur ki, müəllimə və təhsilə
başucalığı gətirməyən neqativ hallar necə
aradan qaldırılmalıdır. Dünya təcrübəsinin
təhlilindən gəldiyim qənaət budur ki, neqativ
halların aradan qaldırılmasının yeganə yolu təhsilin
bütün pillələrində ədalətli, obyektiv
imtahanların keçirilməsidir. Bu imtahanların
keçirilməsinə müdaxilə edilməməli, təhsil
müəssisələrinə idarəetmə sahəsində
geniş müstəqillik verilməli, keyfiyyətə nəzarət
isə gücləndirilməli, bu sahədə müasir
mexanizmlər tətbiq olunmalıdır. Yalnız girişdə
deyil, aralıq mərhələlərdə və
çıxışda da müasir attestasiya mexanizmləri tətbiq
edilməlidir.
Hazırda ölkəmizdə
yeddi ali təhsil müəssisəsinə muxtariyyət
hüququ verilib. Onlar dövlət büdcəsindən
ayrıca sətirlə maliyyələşirlər. Bu status
ali məktəblərin inkişafına müsbət təsir
edən vacib amildir. Təhsil Nazirliyinin mövqeyi belədir ki,
gələcəkdə bütün universitetlərə
muxtariyyət hüququ verilməlidir. Amma təəssüf ki,
bəziləri ali məktəbin muxtariyyətini rektorun
muxtariyyəti kimi başa düşürlər. Muxtariyyət
bütövlükdə təhsil müəssisəsinin
müstəqilliyidir, bütün fəaliyyət istiqamətləri
üzrə sərbəstliyidir, yəni universitetdə rektor, prorektor,
kafedra müdiri, dekan, müəllim öz vəzifə
funksiyalarını sərbəst icra etməli, qərarlar isə
kollegial qəbul edilməlidir.
Ali təhsilin
inkişafı sahəsində tədbirlərin daha sistemli
şəkildə aparılması, bütün maraqlı tərəflərin
rəy və təkliflərinin dinlənilməsi məqsədilə
yaxın günlərdə ali təhsillə bağlı
"dəyirmi masa"nın keçirilməsi ilə əlaqədar
hazırlıq işləri görürük. Bu məqsədlə
mütəxəssislərdən ibarət işçi qrupu da
yaratmışıq, bir neçə dəfə
yığışıb müzakirələr
aparmışıq. Mən bu "dəyirmi masa"ya
çox ciddi əhəmiyyət verirəm. İstəyirəm
ki, keçiriləcək bu tədbir Azərbaycanın ali təhsil
tarixində yaddaqalan bir hadisə olsun. "Dəyimi masa"da
irəli sürüləcək təkliflər və
tövsiyələr əsasında ali təhsilin
inkişafı ilə bağlı real mexanizmlər işləyib
hazırlamalıyıq. Bu mexanizmləri hazırlamaq
üçün isə, ilk növbədə, ölkəmizdə
ali təhsil sahəsində mövcud vəziyyəti öyrənməli,
əsaslı təhlillər aparmalı, universitetlərimizdəki
vəziyyəti dünyanın aparıcı ali təhsil
müəssisələri ilə müqayisə etməliyik. Bu
istiqamətdə artıq bir sıra müqayisəli təhlillər
aparmış, bir sıra ciddi problemləri aşkar
etmişik. Onlardan bəziləri ilə ictimaiyyəti
tanış etmək istəyirəm.
Araşdırmalar
göstərdi ki, qonşu Gürcüstanda 1 ali məktəb
müəlliminə 25,5, Çexiyada 20,4, Estoniyada 16, Ukraynada
14,1, Azərbaycanda isə 7,3 tələbə
düşür. Göründüyü kimi, ölkəmizdə müəllimlərin
sayı qonşu ölkələrlə müqayisədə
3-4 dəfə çoxdur. Yəni ehtiyac olmadan müəllimlər
işə götürülduyündən dövlət
büdcəsindən ayrılan vəsaiti real tələbatdan
dəfələrlə artıq sayda müəllimlər
arasında bölmək məcburiyyətində
qalmışıq. Əlbəttə, mən onun tərəfdarı
deyiləm ki, minlərlə müəllimi işsiz qoyaq. Lakin
süni sıxlığın yaradılması da keyfiyyətli
təhsilə mane olan amillərdən biridir. Bununla əlaqədar
hər zaman dediyim bir fikri yenidən təkrarlamaq istəyirəm
ki, bu məsələdə yeganə çıxış
yolu təhsil müəssisələrinin adambaşına
maliyyələşmə sisteminə keçməsidir. Belə
olarsa həmin problem öz-özünə həll olunacaq.
Başqa bir məqamı
varğulamaq istəyirəm. Ölkənin 24 dövlət ali məktəbində
12 minə yaxın professor-müəllim heyəti
çalışır. Onlardan 656 nəfərinin yaşı
30-dək, 2016 nəfərinin 30-40-dək, 2500 nəfərinin
40-50-dək, 2957 nəfərinin 50-60-dək, 3700 nəfərinin
yaşı isə 60-dan yuxarıdır.
Göründüyü kimi, ali məktəblərimizdə gənc
alimlərin sayı çox azdır, 30 yaşadək müəllimlər
arasında bir nəfərin də elmlər doktoru dərəcəsi
yoxdur. Deməli, elmi dərəcəsi, elmi adı olan ali məktəb
müəllimlərinin əksəriyyəti yaşlı
adamlardır. Bu barədə ciddi düşünməli,
kadrların seçilib yerləşdirilməsi sahəsində
siyasətimizdə ciddi korrektələr etməliyik.
Dünyada
davamlı inkişaf səviyyəsi müəyyənləşdirilərkən
hər bir ölkədə əhalinin sayına nisbətən
ali təhsillilərin çəkisi əsas indikator kimi nəzərə
alınır. Bu sahədə aparılan təhlillər göstərir
ki, Azərbaycanda ali təhsilin kütləviliyi sahəsində
digər ölkələrlə müqayisədə gerilik
müşahidə olunur. Hazırda hər 10 min əhaliyə
ABŞ-da 445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada
233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada 449,
Qırğızıstanda 447, Moldovada 351, Gürcüstanda
321, Ermənistanda 304 tələbə düşür. Azərbaycanda
isə bu göstərici 152 tələbədir.
Həmin
ölkələr üzrə əhalinin ümumi sayına tələbə
nisbəti də Azərbaycandakından xeyli yüksəkdir. Belə ki, bu nisbət
Rusiyada 5,1, Qazaxıstanda 5,0, Gürcüstanda 3,2, Azərbaycanda
1,6 faizdir. Həmin göstərici üzrə MDB ölkələri
arasında Azərbaycan yalnız Özbəkistanı (1%) və
Türkmənistanı (0.2%) qabaqlayır. Bununla belə
Respublikanın iqtisadi inkişaf tempi, hökumətin təhsilə
diqqət və qayğısı, təhsil sahəsində əldə
edilmiş beynəlxalq təcrübə və əhalinin
marağı və təhsilalma imkanlarının genişləndirilməsi
zəruriliyi keyfiyyətə xələl gətirməmək,
təhsil müəssisələrinin maddi-texniki
bazasını genişləndirmək şərtilə əhalinin
hər 10 min nəfəri üzrə ali məktəblərdə
təhsil alan tələbələrin sayının, əhali
sayına tələbə nisbətinin artırılması
istiqamətində səmərəli addımların
atılması da qarpşıda duran vəzifələrdəndir.
Daha bir vacib məsələyə
toxunmaq istəyirəm. Dünyada ali məktəblərin
reytinqi müəyyənləşdirilərkən bir neçə
amil əsas götürülür. Bu amillərdən biri həmin
universitetlərdə ali təhsilin ikinci pilləsində, yəni
magistratura pilləsində təhsil alanların sayıdır.
Azərbaycanda bu məsələ normativ-hüquqi aktlarla tənzimlənir.
Yəni həmin sənədlərdə göstərilir ki,
ali məktəblərin magistratura pilləsinə ümumi tələbə
sayının 20 faizindən artıq qəbul aparıla bilməz.
Mən bunu mənfi hal hesab edirəm. Yəni magistrlərin
sayı normativ-hüquqi sənədlərlə deyil, ali məktəblərin
imkanları, kadr potensialı, maddi-texniki və tədris
bazası, laboratoriyaları ilə müəyyən
olunmalıdır.
Hazırda ali
məktəblərin reytinqinin müəyyənləşdirilməsində
həlledici amillərdən biri də universitetlərdə təhsil
alan əcnəbi tələbələrin sayıdır. Müxtəlif mədəniyyətlərin
qovuşduğu yerdə inkişafın labüd olması
faktı burada xüsusi qeyd olunur. XX əsrin 40-cı illərindən
başlayaraq aparıcı dünya dövlətləri təhsili
öz xarici siyasətlərinin mühüm tərkib hissəsi
kimi dəyərləndirməyə başlamışlar.
2005-ci ilin tədqiqatlarında göstərilir ki, dünya
üzrə əcnəbi tələbələrin ümumi
sayı 2 milyon nəfər olmuşdur. Dünyada təhsil
ixracının lideri isə ABŞ-dır və beynəlxalq
bazarın 30 faizi ona məxsusdur. Amerika universitetlərinin əcnəbi
tələbələrdən qazandığı vəsait,
ABŞ hökumətinin ali təhsil müəssisələrinə
yönəltdiyi büdcə vəsaitlərindən 15 dəfə
çoxdur.
Bu baxımdan
ölkəmizin ali təhsil müəssisələrində
hazırda 7 mindən çox əcnəbi tələbə təhsil
alır. Onların
80-90 faizi İran və Türkiyə vətəndaşlarıdır.
Əlbəttə, bu bizi qane edə bilməz. Ali məktəblərimiz
o qədər inkişaf etməli, təhsilin keyfiyyəti o səviyyədə
yüksəlməlidir ki, inkişaf etmiş ölkələrdən
universitetlərimizdə təhsil alanlar üstünlük təşkil
etsin.
Başqa bir
vacib amil isə dövlətin büdcəsindən təhsilə,
o cümlədən ali təhsilə ayrılan vəsaitin həcmidir.
ABŞ-da
təhsil sektoruna dövlət büdcəsindən 13,5 faiz,
ali təhsilə isə 1,3 faiz vəsait ayrılır. Azərbaycanda
cari ildə təhsilə büdcənin 10,1 faizi, ali təhsilə
isə 0,8 faizi həcmində vəsait ayrılıb. Təhsilin
inkişafında bir tələbəyə dövlət
büdcəsindən çəkilən xərc də
çox önəmlidir.
Məsələn,
Amerikada bir ildə bir tələbəyə 24370 dollar vəsait
xərcləndiyi halda, Azərbaycanda bu məbləğ 3260
manat təşkil edir.
Ümumdaxili məhsuldan
Azərbaycanda ali təhsilə 0,3 faiz ayrılır. Bu rəqəm
Danimarkada 2,5, Böyük Britaniyada 1,1, Malayziyada 0,8 faizdir. Bu
amilin də ali təhsilin və bütövlükdə təhsilin
inkişafında çox böyük rolu var.
Ali təhsil
müəssisələrinin fəaliyyətinə qiymət verərkən
məzunların işlə təmin olunması əsas
göstərici kimi nəzərə alınmalıdır. Təəssüf
ki, bir sıra ali məktəblərin rəhbərləri məzunlarının
müvafiq işlə təmin olunması istiqamətində
ciddi addımlar atmırlar, bu vacib məsələyə laqeyd
münasibət göstərirlər. Hesab edirəm ki, ali məktəblər
və işəgötürənlər arasında yeni
münasibətlər formalaşmalı və bu əməkdaşlıq
ilboyu davam etməlidir.
Ali təhsilin
inkişafına mənfi təsir edən amillərdən biri
də universitetlərin maddi-texniki bazasıdır. Doğrudur, bu sahədə
son illər xeyli işlər görülüb və
inkişaf göz qabağındadır. Bununla yanaşı,
etiraf etmək lazımdır ki, ali məktəblərimizin əksəriyyətinin
tədris bazası təlimin keyfiyyətini təmin etmək
baxımından hazırkı dövrün tələblərini
ödəmir.
Belə ki,
hazırda ölkəmizin ali təhsil müəssisələrinin
əksəriyyəti ikinövbəli rejimdə fəaliyyət
göstərir. Belə vəziyyət isə təhsilin keyfiyyətinə
mənfi təsir etməklə yanaşı, Avropa təhsil
standartlarına uyğunlaşma prosesinə mane olur. Ali məktəblər
hər il tələbə qəbulu planının
artırılması barədə təkliflər verirlər,
lakin, fikrimcə, keyfiyyətli təhsil üçün şəraitin
yaradılması daha vacib məsələdir. Problemin aradan
qaldırılması üçün universitetlərin
infrastrukturunun və tədris bazasının genişləndirilməsi
istiqamətində tədbirlər görülməlidir.
Təlimdə
İKT-nin tətbiqinin artıq zərurətə
çevrildiyi bir vaxtda ali məktəblərimizin əksəriyyətində
bu vacib məsələyə yetərincə diqqət
yetirilmir. Müasir tələbə yalnız mühazirələri
dinləməklə, seminarlarda iştirak etməklə
savadlı mütəxəssis kimi yetişə bilməz.
Geniş informasiya məkanına daxil olmasına şərait
yaradılmaqla bərabər, tələbədə elektron
vasitələrdən istifadəyə marağın
oyadılması çox vacibdir. Boloniya bəyannaməsinin zəruri
müddəalarından biri də məhz bundan ibarətdir.
Elmi-texniki tərəqqinin sürətli inkişafı,
informasiya cəmiyyətinin yaranması indiki zamanda müəllim-tələbə
münasibətlərinin mahiyyətini xeyli dəyişib.
Müəllimin əsas funksiyası get-gedə daha çox
istiqamətverici xarakter alır, o, tələbəyə necə
öyrənməyin yollarını göstərməli,
aldığı bilikləri təhlil və tətbiq etmək
bacarıqları aşılamalıdır. Bu mənada müəllim
özü də, təlim üsulları da dəyişməlidir.
Əgər müəllimin mühazirəsi vaxtı
keçmiş məlumatlara əsaslanırsa və tələbə
üçün maraqlı deyilsə, hansı səmərəlilikdən
danışmaq olar? Biz tələbələri bunları dinləməyə
məcbur etməklə nə qazanırıq?
Düşünürəm ki, bu məsələ ətrafında
ciddi fikirləşmək lazımdır. Ödənişli təhsildən
və digər mənbələrdən əldə olunmuş
vəsaitlər informasiya məkanının
yaradılmasına, müasir avadanlıqlarla təchiz
edilmiş laboratoriyaların qurulmasına yönəldilməlidir.
Təhlil
göstərir ki, ali təhsilin zamanın tələblərinə
uyğun qurulması, keyfiyyətinin yüksəldilməsi,
maliyyələşdirilməsi və idarəolunmasının
təkmilləşdirilməsi, bu sahədə əməkdaşlığın
və beynəlxalq əlaqələrin genişləndirilməsi
bütün ölkələr üçün ümumi
problemlərdir. Həmin problemlərin həlli
yollarının axtarılması və tədricən aradan
qaldırılması isə vahid bir məqsədə-bütün
fəaliyyət sahələrində inkişafın hərəkətverici
qüvvəsinə çevrilə bilən mütəxəssislərin
hazırlanmasına yönəlməlidir.
Müasir
mütəxəssisi şərtləndirən başlıca
xüsusiyyət onun əmək bazarının tələblərinə
cavab verməsidir. Bunun üçün hazırda ali təhsil müəssisələrində
daha çox diqqət yetirilən nəzəri hazırlıq
kifayət deyil, digər bacarıq və keyfiyyətlər də
tələb olunur. Onların sırasında mütəxəssisin
tənqidi təfəkkürə, mədəni-intellektual səviyyəyə,
İKT-dən istifadə və birgəfəaliyyət
bacarıqlarına malik olması, daim öyrənməyə və
ixtisas səviyyəsini təkmilləşdirməyə meyl
göstərməsi, yaradıcılığı, təşəbbüskarlığı,
əməksevərliyi, intizamlılığı ilə fərqlənməsi,
sağlam rəqabətə dözümlü olması,
müstəqil qərarlar qəbul etməsi, bəşəri
və milli dəyərləri qiymətləndirə bilməsi
geniş miqyasda birmənalı qəbul edilən xüsusiyyətlərdir.
Məlumdur
ki, bu cür bacarıq və keyfiyyətləri özündə
birləşdirən mütəxəssis
hazırlığını ali təhsil müəssisələrində
verilən təhsil müddəti ilə məhdudlaşdırmaq
qeyri-mümkündür. Ona görə də insanın
bütün həyatı boyu fasiləsiz təhsil almasına
şəraitin yaradılması, onun biliyinin, bacarıq və
qabiliyyətlərinin daim təkmilləşdirilməsi ali təhsilin
mühüm vəzifələrindən biri kimi qarşıya
qoyulur. Təhsil ekspertləri fasiləsiz təhsili
inkişafın təmin olunmasında həyati məsələ
səviyyəsində qiymətləndirirlər. Artıq belə
bir fikir formalaşmışdır ki, universitetlərin və
digər ali təhsil müəssisələrinin statusu
yüksəldilməklə onlar tədricən elmi-tədqiqat,
peşə hazırlığı, fasiləsiz təhsil mərkəzlərinə
çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri
əmək bazarında yaranan tendensiyaların, eləcə də
elm, texnika və iqtisadiyyat sahələri üzrə yeniliklərin
öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis
hazırlığının yeniləşdirilməsi prosesinə,
bu sahədə təkmil formaların və innovasiyaların tətbiqinə,
gələcəkdə cəmiyyətin rastlaşa biləcəyi
problemlərin həllinə daha geniş cəlb etməkdən
ibarətdir.
Mütəxəssis
hazırlığından danışarkən ali təhsil
müəssisələrində hazırda mövcud olan dərslik
probleminə toxunmamaq mümkün deyil. Reallıq bundan ibarətdir
ki, bu gün ali məktəblərimizin dərsliklərlə
təminatında heç bir sistem yoxdur, bu proses pərakəndə
xarakter daşıyır. Yeni dərsliklərin
hazırlanması sifarişlə deyil, yalnız
ayrı-ayrı müəlliflərin təşəbbüsü
əsasında yazılır. Bununla bağlı hesab edirik ki,
ayrı-ayrı istiqamətlər üzrə zəruri dərsliklərin
dövlət hesabına çapı, eyni zamanda ali məktəblərin
ödənişli təhsildən əldə etdikləri gəlirin
bir hissəsinin bu sahəyə yönəldilməsi, elektron dərsliklərin
və kitabxanaların yaradılması vaxtı
çatmışdır.
Ölkəmizin
kadr hazırlığını təmin edən ali təhsil
müəssisələrinin əsas məqsədi və vəzifəsi
yüksək peşəkarlığa malik və müstəqil
əmək fəaliyyətinə qadir olan mütəxəssis
yetişdirməkdir. Bu isə təhsilalanlara həm nəzəri
biliklərin öyrədilməsi və həm də praktik vərdişlərin
aşılanması vasitəsilə həyata keçirilir.
Sirr deyil ki, qazanılan yüksək keyfiyyətli nəzəri
biliklər, praktik vərdişlərlə möhkəmləndirilməsə,
istənilən səviyyəli mütəxəssis
hazırlamaq mümkün olmaz. Hazırlanan mütəxəssislərin
ilkin praktik vərdişləri isə onlara təlim
dövründə istehsalat təcrübəsinin keçirilməsi
zamanı aşılanır. Son dərəcə vacibliyini nəzərə
alaraq, bu məsələni Nazirliyin kollegiyasında geniş
müzakirə etdik. Təhlil göstərdi ki, qeyri-pedaqoji sahələrdə
istehsalat təcrübəsinin təşkili imkanları məhduddur,
pedaqoji ixtisaslar üzrə təcrübənin təşkilində
isə, əksinə, mövcud imkanlardan səmərəli
istifadə olunmur.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor