Sözə and içən şair

 

VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ HAQQINDA QEYDLƏR

 

Azərbaycan poeziyasının tanınmış imzalarından olan, təxminən otuz illik yaradıcılıq yolu keçən Vaqif Bəhmənli poeziyasının bütövlükdə təhlil etmək iddiamız yoxdur. Sadəcə olaraq, fəlsəfiliyi və lirizmi, sadə, canlı dil və orijinal obrazlılığı özündə birləşdirən bu poeziya haqqında təəssüratlarımızı, özü də ən ümumi şəkildə bölüşə bilərik.

Şəhər öz urbanizmi ilə həyatımıza çox yeniliklər gətirir, amma çox şeyləri də əlimizdən alır. Nə yazıq ki, qaçılmaz zərurətə çevrilən urbanistik şəhər həyatı ilə kəndin mənəvi saflığı çox zaman bir araya sığmır. V.Bəhmənli isə artıq neçə illərdən bəri şəhərdə yaşasa da, kənddə doğulub və onun poeziyasında sadəcə təbiətə yox, həm də insan təbiətinin ilkin saflığına çağırış burdan gəlir. Urbanistik selin insanı ilkin köklərindən uzaq salmasının doğurduğu ağrı V.Bəhmənlinin yaradıcılığının ana mövzularındandır.

 

Belə ocaq olar, belə yurd olar?

Yəqin ki, yəqin ki, çatar dözümüm.

Allahın altında bir şah tut ola,

Canlı qanadından asam özümü.

 

Ana, ata, nənə, baba, qardaş - insanın ən əziz adamları V.Bəhmənlinin poetik dünyasında kəndlə, təbiətlə, ağacla kürək-kürəyə dayanan adamlardır.

 

Bu mənəm, əynimdə kətan köynəyim,

Yetmiş birinci il, ötən yüzillik.

Anam qoca tuta kürək söykəyib

Qopur gözlərindən yaş çilik-çilik.

 

Bəlkə bu şeirlərdə diqqəti çəkən tənhalığın da əsas psixoloji motivi elə budur - kənddə doğulub, şəhər adlı bir qürbətdə yaşamaq! Amma V.Bəhmənlinin şeirlərində bu, dünyaya, həyata, yuxarıdan aşağı baxan məğrur bir romantikin, yaxud nifrətlə baxan ekzistensialistin yox, insanları bütün qəlbiylə sevən bir adamın tənhalığıdır. Bəlkə bu ilhamlı anlarında ilhamı ilə baş-başa qalan, ilhamın gəlmədiyi anlarda isə darıxan bir şair duyğusudur. Tənhalıq bu şeirlərdə zahid həyat tərzi yox, sadəcə, təbii insan ovqatıdır:

 

Dartın, qoy qırılsın, çəkin qapımı,

Dərviş həyatına əzəldən yoxam.

Bir döyən tapılsın təki qapımı,

Təki bu təklikdən qurtarsın yaxam.

 

Poeziya daxili dünyanın açılışı deməkdir, amma hər adamın içindən işıq çıxmır. V.Bəhmənlinin poeziyasının səciyyəvi cəhəti bütün kədəri, ağrısı ilə birgə şairin daxili aləmindən gələn işığa bələnməsidir. Onun hər şeiri bu işığın bir zərrəsidir. Eybəcərlik qış kimidir, ötür keçir, dünyanı gözəllik baharı bürüyür və bu prosesin sonu yoxdur. Gözəllik mütləq və ölümsüzdür. O, otun dirçəlişində, gülün, çiçəyin açışında, gözəlin üzündə hər dəfə dünyaya yenidən gəlir:

 

Qalxırıq torpaqdan bir-bir, iki bir,

Yaşımız çoxalır, saça dən gəlir.

Elə gözəllik də bahar kimidir,

Hər il yer üzünə təzədən gəlir.

 

Şairin yaradıcılığında qadına sevgi də ümumən gözəlliyə sevginin təzahür formalarından biridir:

 

Gözüm üzüm dərir, salxım azalır,

Gözəl üz görəndə kövrək oluram.

Gözəl üz görəndə ağlım azalır,

Təpədən-dırnağa ürək oluram.

 

Füzuli ideyaları və ənənələrinin davamçısı olan şairə görə, gözəl üzlərin gözəlliyinin səbəbi onların Tanrı tərəfindən yaradılmasındadır. Gözəlliyin mənbəyi Tanrıdır və onun əbədiliyinin sirri də bundadır:

 

Haqqın üzünə bax, bir dəniz işıq,

Kim haqdan ayrılıb, ondan iz yoxdu.

Allahın nurudur ən təmiz işıq,

Allahın üzündən təmiz üz yoxdu.

 

V.Bəhmənlinin sözün, şeirin ilahi mənşəyinə dair fikirləri də Füzuli ənənələrinin davamı kimi qəbul oluna bilər. Söz şair üçün mənəvi məkan - "Vətən, su, çörəkdir". Sözün kökü Allahdan gəlir, insanı Allaha bağlayan isə ürəkdir. Buna görə söz qələmə ürəyin ilahi işığındam süzülüb gəlir:

 

Boyuna, dam dolu toyuna baxdım

Dedim: - Lampa balam şairdir hazır.

Qaranlıq olsaydı yatmışdım çoxdan

Mənim yazdığımı o işıq yazır.

 

Ona görə son illər sözün, şeirin meyarlarının pozulması, "gövhərin qumdan ayrılmaması", "fikir təknəsində, söz xırmanında toyuqların eşənək atması", bu hərcmərclikdə "doğru sözün yalavac yetim kimi" boynunu burması, "bijənki" sözlərin "sırtıq uşaq kimi üzə durması", nəticə etibarilə, yaradan sözün dağıdıcılıq alətinə çevrilməsi V.Bəhmənlini dərindən narahat edir. Çünki o sözə Quran kimi and içən şairdir və Quran özü də Sözdür:

 

Sözü xırdalayıb, boynundan asıb,

Lotu mafar vermir bizə, İahi!

Müqəddəs kitaba bir vaxt əl basıb,

Biz ki and içmişdik sözə, İahi!

 

Dünyanın bünövrəsi sözlə qoyulub, sözün axırına çıxmaq dünyanın da axırına çıxmaq - qiyamət deməkdir. V.Bəhmənlinin bədii-fəlsəfi görümündə söz bu mənada universal kateqoriyadır:

 

Zığ çıxır bulağın dibindən daha,

Dözür hər yazıya varaq deyirəm.

Kəsək dilimizi dibindən daha,

Gərəksiz qələmi qıraq deyirəm –

İlahi, bu sözün axırı çatıb,

Çatıb axırımız elə bizim də...

 

V.Bəhmənli öz qınına qapılıb qalan, ictimai mövzulardan uzaq şair deyil. Onun qənaətincə, haqdan gələn sözün bir işi yer üzündə haqq işi uğrunda çarpışmaqdır. Sosial ədalətsizlik, xalqın güzəran problemləri ilə müqayisədə harınlaşan varlılar təbəqəsinin allahsızlığı, nadanlığın dünyanı məhv etmək təhlükəsi, yaltaqlığın az qala mənəvi-əxlaqi normaya çevrilməsi... Şairin qələminə düşən sosial-mənəvi problemlərin tam olmayan siyahısı budur. Onun təkcə tipik bir yaltağa müraciətlə yazdığı şeirdən aşağıdakı parçada yox, hər cür sosial-mənəvi problem virusu yayanlara qarşı qələmi sərtdir. Bu, artıq lirik yox, az qala satirik Vaqifdir:

 

Vallah, alışardı yer olsaydı yer,

Niyə dayanmışam, niyə ölmürəm?!

Əgər ki, bu saat yarılsaydı yer,

Mən yerə girərdim, səni bilmirəm!

 

Tanınmış şairin yaradıcılığı janr baxımından rəngarəngdir: şeirlər, esse və məqalələr, "Araz səsi", "Ağ bulaq", "Çiyinlər", "Çəkilməmiş şəkillər" və başqa poemalar, ispan şairi Lorkadan tutmuş rus şairi Robert Rojdestvenski və türk şairi Orxan Vəliyə qədər dünyanın ən müxtəlif şairlərindən yüksək səviyyəli çevirmələr... Onun "hər çəməndən bir çiçək" kimi bu topladığı bu çevirmələrin önəmi bədii tərcümə işinin diletantlar əlinə keçmək təhkükəsi ilə üzləşdiyi indiki dönəmdə xüsusən aydın görünür. Şairin təkcə türkmən şairi Qurbannəzər Əzizovdan çevirdiyi aşağıdakı dördlük yox, bütün çevirmələrinin bədii səviyyəsi orijinaldan seçilmir:

 

Şair qəlbini də torpaq kimi san,

Əkdiyi bar verər, çıxar çörəyi.

Bircə fərqi var ki, tikan batırsan,

Yenə gül bitirər şair ürəyi.

 

Şeirlərindən görünür ki, V.Bəhmənlinin də ömür yoluna tikan səpənlər çox olub, amma onun şair ürəyi yenə gül bitirib. Biz bu yazıda o güllərdən ancaq bir neçəsinə nəzər yetirdik...


   

SABUTAY

 

525-ci qəzet.- 2009.- 14 mart.- S.26.