"Şeir yazanda sözləri öldürürük,
DUYĞULARIMIZI ÖLÜMSÜZLƏŞDİRMƏK
ÜÇÜN"
"Sözdən Səs"in
aparıcısı Əli Əlioğlunun budəfəki həmsöhbəti
gənc yazar
- Yəqin ki,
gənc olduğuna görə dinləyicilərin bir qismi səninlə
tanış deyil. Əvvəl özün barədə
yığcam məlumat ver.
- İlk
öncə demək istəyirəm ki, səninlə bu
verilişdə ikinci dəfə görüşmək
çox gözəldi. Mirbəhram Əzimbəyliyəm,
Bakıda doğulmuşam. Türk Dünyası Bakı
Atatürk liseyinin 9-cu sinif şagirdiyəm. Bilirsən,
özüm haqqında məlumat verərkən dəqiq məlumatları
bildirməyin çox da əsas olmadığını
düşünürəm. Zaman, məkan və insan möhtəşəm
üçlüyünün "ən"i insandır. Yəni,
"harada" və "nə zaman" suallarından
çox "nə edirəm" sualına cavab verərək
tanış olmaq istəyirəm insanlarla. Yaşayıram,
yazıram. Ruhumun qaranlıq gecəsindəki parlaq ulduzlara, o
biri insanlara şeir yazıram. Bəzən də hekayə...
- Artıq iki
kitab müəllifisən. Neçə yaşından
yazırsan ki, artıq iki kitablıq şeir və hekayələrin
var?
- İndiki
dövrdə müəllifi olduğun kitabların sayı
deyil, kitabın içindəkilər daha diqqət edilməli
məsəlidir. Çünki maddi imkanların çərçivəsində
kitab çıxarmaq olar. Neçə yaşımdan
yazdığımı soruşdun. Əli, mən elə fikirləşirəm
ki, yazarlar həmişə yazır. Hələ dünyaya gəlməmişdən
əsrlər əvvəl ruhlar ilahi xoşbəxtliyin qələminin
doğduğu bakirə sözlərlə yazmağa
başlayırlar. Anadan olandan sonra digər insanların
gözlərində işığın dalğalarında
boğulan və ümidsizliklə can çəkişən
sözlərə nəfəs verməyə
çalışırkən sözlərin sevgidən
yaranmış dodaqlarıyla öpüşürlər. Öləndən
sonra da yazarın yazdıqları oxucunun gözlərində əbədi
həyatla sevişir. Yəqin məndə də belədir.
Amma 7-8 yaşımdan bəri yazdıqlarım
yadımdadır. Bəli, 7-8 yaşımdan yazıram. İlk
yazım Qarabağla bağlı bir esse idi. Xəstə idim,
qızdırmam var idi.
-
Cavablarından görürəm ki, səninlə istədiyim
mövzuda söhbət eləyə bilərəm. Qadınlara
münasibətin necədir?
- Qadın
anadır. Tanrı dünyaya insan gətirmək
üçün onları seçib. Qadın fərqlidir.
Kişilərdən də, digər qadınlardan da.
Qadınlar həmişə xəstədir. Bu xəstəlik
daha fərqlidir. Qadınlardaki bu keçici xəstəliyə
yoluxmamaq mümkünsüzdür. Sizin ruhunuz daim onunla təmasdadır.
Qadınlardan sizə sevgi keçir. Zaman-zaman da onların qəzəbinə,
intiqamına yoluxursunuz.. Qadınlar şeytanı da sevə biləcək
qədər eşq dolu, mələyi belə öldürə
biləcək qədər qəzəbli ola bilərlər. Qadınlar
sizin hər gün küçələrində məhəbbət
axtardığınız möhtəşəm şəhərdir.
Biz yalnız bu şəhərin xəritəsini görə
bilirik, yəni bədənlərini. Əslində qadın
ruhu xəyallar qədər sadə, gerçəklər qədər
mürəkkəbdir. Bu şəhəri kəşf etməyə
çalışmaq ana bətnində roman yazmaq qədər
çətindir, bəlkə də asan. Amma bir şeyi dəqiq
bilirəm: onlara ehtiyacımız var.
- Səncə,
şeytana kişilər daha çox yaxındır, yoxsa
qadınlar?
- Şeytan
günah işləməsi üçün o qədər də
böyük cinsi ayrım etmir. Kişilərin dua edən
qadının gözəlliyinə baxarkən ağlından
keçən şeytani duyğularda hər halda şeytan daha
çox yaxınlaşır kişiyə. Qadının
duası daha fərqli olur. Tanrıya yalvarışında
şeytanı küllərə çevirə bilər,
özü də şeytanlaşa bilər. Həmin dualarda
şeytanın cəhənnəmdən bir balaca sərin
küləyi olanda, yəqin ki, şeytan qadınlara daha
yaxın olur. Amma şeytan daha çox, mənim fikrimcə,
uşaqlara yaxınlaşmağı sevir.
Çünki
uşaqlar böyüyəndə "hörmət"i
unutmurlar.
- Sabahlar kimin
üçün açılır?
- Sabahlar gecə
Tanrıya dua edənlər üçün
açılır. Əgər sabah sevgilinizin üzündə
günəşin doğacağına inanırsınızsa,
sabahlar sizin üçün açılır. Gözlərindəki
günəşi yuxudan oyada bilməyənlər
üçün sabahın gecədən o qədər də
fərqi olmur. Sevginin səsini duya bilənlər
üçün bu səhərlər çox uğurlu olur.
- Sevgi nə
rəngdədir?
- Sevgi şəffafdır.
Onu boyamaq bizim işimizdir. Bəziləri sevdiyi qadının
gözləri rənginə boyayır sevgini. Bəziləri
ümidsizliyin cəhənnəmin divarlarındakı rənginə
boyayır sevgini. Bəziləri həyatn rəngində
görür sevgini. Bəziləri üçün sevgi qara, bəziləri
üçün ağdır. Mənim üçün sevgi
ruhla bədən öpüşərkən,
"uşaqlar" görməsin deyə asılan pərdənin
rəngindədir. Çünki həmin pərdə
varlığıma çox gözəl yaraşır. Sevginin
rəngi mənim "sənsizliyimi" və "səssizliyimi"
gizlədir.
- Səssizliyin
harayını eşidirsən?
- Bəzən...
Səssizliyimin harayını eşidəndə
özümü xoşbəxt hiss edirəm. Tək otaqda qalarkən
baxışlarım divarların tozunu alanda, "ürəklərimin"
döyüntüsünü eşidəndə səssizliyin
harayını dinləyib, özümü yazıram.
- Şeirlərində
ölüm motivləri var. Nədir sənin üçün
ölüm?
- Həyatımızda
çox şeyin doğumla yox, ölümlə bağlı
olduğunu düşünürəm. İnsan doğulanda
ölür, yaşayanda bəzən sevgisi, bəzən xəyalları,
bəzən ümidləri, bəzən kini ölür, sonda
da özü. Ölüm haqqın özüdür. Şeir
yazanda sözləri öldürürük,
duyğularımızı ölümsüzləşdirmək
üçün. Mənim üçün ölüm -
ölümsüzlüyü öldürməkdir. Ancaq xaincəsinə
yox.
- Şeirlərindəki
pessimizm haradan qidalanır?
-
İnsanların üzündəki mələyin qanadlarında
bəslənən yaralı şeytanı görürəm. Küçədən
keçən adamların addımları arasında cəhənnəm
boyda yalanları, sevgiyə insan bədənində təcavüz
olduğunu, duyğuların ümidsizliyin soyuğunda
donmağını, dualarda məhkum olan imansızların
"tanrılarını", rüşvət gedən nəzir
pullarını, məzarına diri-diri həbs olunmuş
eşqləri görürəm. Anlayırsan da? Amma bədbinliyim
əbədi ümidə qucaq açır.
- Kimləri
oxuyursan? Azərbaycan ədəbiyyatı ilə nə qədər
tanışsan?
- Azərbaycan
poeziyası ilə nəsrə nisbətən daha çox
tanışam. Indi Anarı oxuyuram.
- Yeni
kitabın artıq satışdadır. Oxucular onu haradan əldə
edə bilərlər?
- İndi
kitablarım Bakıdakı kitab satış məntəqələrindədir.
Oxucular o məntəqələrdən ala bilərlər. İnşallah,
bəyənərlər.
- Türkiyə
türkcəsində də yazırsan. Rəşad Məcid Gənc
Ədiblər Məktəbində bununla bağlı səni tənqid
etmişdi. Bu haqda nə
deyə bilərsən?
- Burada bir
açıqlama verim ki, Rəşad Məcid mənim
Türkiyə türkcəsində yazmağımı tənqid
etmirdi. O, sadəcə Azərbaycan türkcəsində daha
çox yazmağımı məsləhət
görmüşdü. İndi
yaradıcılığımda Azərbaycan türkcəsi əsas
yer tutur. Qeyd edim ki,
zaman-zaman Rəşad
Məcidin ədəbiyyatla
bağlı verdiyi tövsiyələrdən bəhrələnməyə
çalışıram. Buna
görə Rəşad
müəllimə təşəkkür
etməyi özümə
borc bilirəm. Bir də ki,
türkdilli xalqların
ədəbiyyatlarının yaxınlaşması günümüzün
vacib məsələlərindəndir.
Azərbaycan ədəbiyyatının
dünya, xüsusən
türkdilli xalqların
ədəbiyyatı ilə
təmasları çox
əhəmiyyətlidir. Bu yolda da dil ən güclü vasitədir.
Mirbəhram Əzimbəylidir.