"İndi Azərbaycanda rəssamlıq dalana dirənib"

 

ELÇİN MUXTAR ELXAN: "ƏSƏRLƏRİMİN HANSISA TOMASIN, CONUN ŞƏXSİ KOLLEKSİYASINDA SAXLANMASINI QƏBUL EDƏ BİLMİRƏM"

 

Müsahibim 1934-cü ildə Bakıda doğulub. Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib, təsviri sənətin kitab qrafikası, rəngkarlıq, teatr tərtibatı və miniatür rəssamlıq sahələrində çalışıb. 1965-ci ildən başlayaraq rəssamlıqla yanaşı, milli-mədəni irsimizin tarixi kökləri və çağdaş problemlərini araşdırmaqla məşğuldur. 160-dan artıq irili-xırdalı araşdırmanın və "El-oba oyunu, xalq tamaşası", "Mən Dədə Qorqud", "Azərbaycan toyu", "Təxti-nərd dəstgahı", "Şəbeh epik teatrımız", "Zorxana mədəniyyəti", "Nuhun dabanı", "Padşahın kiçik oğlu", "Yeddi çərşənbə, yeddi bayram" kimi kitabların müəllifidir. Beləliklə, bu il 75 yaşı tamam olan Elçin Muxtar Elxan Azərbaycan rəssamlığı və mədəniyyətinin aktual məsələləri, eləcə də digər mövzular barədə düşüncələrini bizimlə bölüşür.

- Öncə böyüdüyünüz mühit, ailə haqqında məlumatlarınızı eşitmək istərdik.

 - Ziyalı ailəsində dünyaya gəlmişəm. Atam Muxtar Aslanov yumorist yazıçı idi, "Kirpi" jurnalında işləyirdi, həm də yaxşı musiqi duyumu vardı. Əsasən Əliağa Vahid, tanınmış musiqiçilər evimizin qonağı olardı. Anam da iki il rəssamlıq məktəbində oxuyub. Həmişə sənətkarları əhatəsində, sənət içində olmuşam. İş elə gətirdi ki, Böyük Vətən müharibəsi başlayanda anam da təhsilini yarımçıq qoydu və biz maddi vəziyyətin ağırlığına görə Buzovna kəndinə köçdük. Orada bizə bir bağ vermişdilər, təsərrüfatla məşğul olurduq. Onda mən lap yeniyetmə idim. Müharibə qurtardıqdan sonra yenidən şəhərə gəldik. Bizim ailəmizdə həmişə bir qüssə hökm sürüb. Ailəmiz incik olub. Çünki iki dayımı müsavatçı olduqlarına görə 1937-ci il repressiyası zamanı güllələyiblər. Əlbəttə ki, bunlar mənə təsirsiz ötüşə bilməzdi. Mənə istər-istəməz həmin illərdən miras qalan bir senzura xofu hakim kəsilib; bunu yazsam edərlər, bunu yazsam, pozarlar. Sözümüzü deməyə qorxurduq. İndiki dövr söz demək istəyənlər üçün çox əlverişlidir. İndi istədiklərini yazırlar, çap etdirirlər. O cümlədən mən folklorumuza, adət-ənənələrimizin tarixinə aid kitablarımı asanlıqla nəşr etdirirəm. Amma atamın, babamın vaxtında bunlar olmayıb. Onlar ömür boyu belə bir azadlığın həsrətilə yaşayıblar. Babam hərdən İçərişəhərdə yaşadığı zirzəmidən başını çıxarıb hündürdə yellənən qırmızı sovet bayrağına işarə ilə: "Bu hələ burdadır, bunlar hələ getməyiblər?"- deyərdi. Özümü xoşbəxt hesab edirəm ki, ata-babamın həsrətini çəkdiyi bu günləri, bu azadlığı görmək, ürəyi istəyən şəkildə yaşamaq mənə nəsib oldu. Hələ o vaxtlar Leninqradda oxuyanda azərbaycanca danışırdım, adət-ənənələrimizə aid suallarla öz həmyerlilərim mənə müraciət edirdilər, adımı da "millətçi" qoyurdular. Onda azərbaycanlıların çoxusu rusca danışırdılar, bəziləri məcburiyyətdən, bəziləri özləri belə istəyirdilər. Sovetin senzurasında azərbaycanca danışmaq yasaq idi. Amma bəla burasındadır ki, indi qadağan-filan yoxdursa da, yenə öz dillərini bəyənməyənlər, başqa dillərdə danışanlar var.. Bu, əslində xalqımızı rusdilli azərbaycandilli tirələrə ayırıb bölməkdir. Bu da məni çox narahat edir.

- İxtisasca rəssam ola-ola folklor sahəsi üzrə araşdırmalar aparmağınız hansı zərurətdən meydana gəlib?

 - Xalqımızın milli adət-ənənələrini araşdırmaq cəhdlərim, bu kitabları çap etdirməyim insanları maarifləndirmək, soykökümüzü gənclərə tanıtmaq istəyimlə əlaqədardır. Mən bunun üçün dövlətdən, hökumətdən heç nə ummuram. Hətta indi çıxan kitablarımı da Sovet vaxtında mənə verilmiş rəssamlıq emalatxanamı sataraq nəşr etdirmişəm. Fikirləşmişəm ki, rəssamlığımdan daha çox bu araşdırmalar, bu bilgilər xalqıma xeyir verə bilər, ona görə də bu addımı atmışam. Hələ tələbə ikən xalqımızın folkloru məni maraqlandırmağa başlamışdı. Bakıya qayıtdıqdan sonra mənə uşaqlar üçün nəşr olunmuş nağıllar kitabına illüstrasiyalar çəkməyi tapşırdılar. Bu, marağımı daha da gücləndirdi. Beləcə, bu sahəni öyrənmək cəhdi get-gedə məndə bir adət halını aldı. Folklorumuzu, adət-ənənələrimizin tarixi köklərini araşdırmaq istəyi hobbimə çevrildi. Sonralar məni teatrlara tərtibatçı işləməyə dəvət edəndə bu sahədə olan araşdırmalarımı davam etdirdim. Teatrlarda işlərkən çox təəssüfləndim ki, bizim teatrımızın öz siması yoxdur. Digər xalqların teatrlarının öz siması var. Bu, Avropa ölkələrində belədir, Şərqdə . Yapon, yaxud da Çin teatrı Avropada çıxış edəndə avropalılardan onların dilini bilməyənlər tamaşaya maraqla baxırlar. Çünki o teatrların özünəməxsus siması var bu çox baxımlı ekzotikadır. Əfsuslar olsun ki, bizdə bu yoxdur. Teatrda psixoloji düşüncəni qabartmaqdansa, sima formalaşdırmaq lazımdır. Psixoloji məqam onsuz da filmlərimizdə var. Nədənsə bizim rejissorları zəngin teatr folklorumuzdan bəhrələnmək üçün inandıra bilmədim. Çünki onlar tam başqa - sosrealizm, Stanislavski məktəbini keçiblər. Xalq teatrını öyrənmək məqsədilə müxtəlif mənbələrlə tanış oldum xalq nağıllarımızın, xalq oyun tamaşalarımızı araşdırıb kitab şəklində çap etdirdim. Bu yaxınlarda Novruz bayramı, çərşənbələrlə bağlı kitablarım çap olunub.

- Söhbətimiz Novruz bayramı ərəfəsinə düşdüyü üçün bəlkə bu bayramın tarixi kökləri ilə bağlı araşdırıb əldə etdiyiniz bəzi maraqlı, indiyədək məlum olmayan bilgiləri oxucularımızla da bölüşəsiniz...

- Novruz bayramının 4 min ildən artıq yaşı var. Ona görə də bu bayramda islam izləri axtarmaq mənasızdır. Novruz sırf Günəş bayramıdır. Günəşsiz həyat yoxdur. Qədim əcdadlarımız ona görə də Günəşə tapınıblar. Bu gün keçirilən Novruz bayramlarının ideoloji mahiyyətini anlamaq olmur. Bütün bayramlar mifologiyaya bağlanır. Amma biz Novruzu elə təhrif olunmuş şəkildə qeyd edirik ki, burada qədim əcdalarımızın miras qoyduğu mifoloji sistemdən söhbət belə gedə bilməz. Belə davam eləsə, bu bayramın ömrü uzun olmayacaq. Onun ideoloji tərəfini dərindən öyrənməli və buna əməl etməliyik. 1967-ci ildə Sovet rejimi Novruz bayramını keçirməyə icazə verdiyi vaxt məni bir rəssam kimi şəhəri bəzəmək üçün dəvət etmişdilər. Onda icazə olsa da, qədim tarixi köklərə malik bu bayrama bir qondarma "Bahar qız" obrazı əlavə etməyi də unutmadılar. 40 ildən artıq vaxt keçib, amma hələ də bayramda həmin Bahar qız mərasimlərdə iştirak edir. Yaxud da Keçəl və Kosa personajlarının haradan gəldiyi barədə heç bir məlumat verilmir. Bu gün hamının Kosa, Keçəl obrazları kimi tanıdığı Novruz personajlarının əslində kosmoqonik miflə və əslində həqiqətlə bağlı olduğunu əksəriyyət bilmir. Günəşsevər əcdadımızın təsəvvürünə görə, 21 mart Kous - Oxatan bürcündən Oğlaq bürcü vasitəsilə xilas edilən cavanlaşmış Dədə Günəşin taxta çıxdığı gündür. Kosa və Keçi (Oğlaq) oradan qaynaqlanan obrazlardır. Möhtəşəm "Dədə Günəş" əsatirinə görə, Novruz Günəşin şərəfinə təşkil olunan bayramlardan yalnız biridir. Ondan əvvəl Çıraqan bayram, sonra isə Abrizan, Xəzan, Şəhrivər, Azərcan və Səddə bayramları qədimdə qeyd olunub. Bunlar ardıcıllıqla oynanılsa, maraqlı, məzmunlu Novruz tamaşası olar. İş elə gətirib ki, bu vaxta kimi biz milli bayramlarımızın tədqiqinə və ümumiyyətlə, "bayramşünaslıq" deyilən elmə lazımi əhəmiyyət verməmişik. Elə buna görə biz Novruzu olduğu kimi keçirmirik, yalnız intuitiv olaraq qeyd edirik. Sovet dövrünün senzurasına, bir az da öz laqeydliyimizə görə bu qədim bayram getdikcə cılızlaşıb nəticə etibarilə müxtəlif çeşidli rəqs ansambllarının çıxışları, süni şüarlar, açıq havada yeyib-içmək, növbənöv yarmarkalar buna bənzər tədbirlər keçirməklə bu bayramın əsl qayəsini, əsas məziyyətlərini tədricən aradan çıxarmışıq. Əgər Novruz əsl büsatı ilə keçirilsə, bu bayram bir ölkənin rəsmi milli-dövlət mərasimi hüdudlarından çıxmaqla, geniş turizm gəlir obyektinə çevrilər, çox yaxın gələcəkdə beynəlxalq səviyyəli tədbirlər sırasına daxil ola bilər.

 - Bu gün Azərbaycanda rəssamlığın vəziyyəti sizi qane edirmi?

- Bu elə ağrılı mövzudur ki, onun haqqında çox danışmaq olar. İndi Azərbaycanda rəssamlıq dalana dirənib. Müasir texnologiyalar o qədər inkişaf edib ki, rəssamlıq onların içərisində əriyib. 20-30 il əvvəl Rəssamlar İttifaqının nəzdində bir fond vardı, rəssamlar orada rayonlardan gələn sifariş əsasında dövlət xadimlərinin portretlərini yaradaraq onun hesabına dolanırdılar. İndi artıq rəssamın bu cür müntəzəm dolanışıq yeri yoxdur. Rəssam gərək əsərini bazara çıxarıb sataraq dolansın. Bizdə belə bir bazar yoxdur. Ona görə də rəssamlıq istər-istəməz sıradan çıxmaq məcburiyyətindədir. Mən artıq on il var ki, rəssamlıqla məşğul olmuram, açığı, bu bazarın vəziyyətinin dəyişdiyinə inanmıram. İndi dizaynerlik kimi peşələr zamanın tələb etdiyi sənətlərdəndir və rəssamlığı üstələyib.

- İndiyədək neçə fərdi sərginiz açılıb?

- Çox olub. Azərbaycandan başqa bir sıra xarici ölkələrdə də sərgilərim təşkil edilib. O vaxtlar əsərlərimin bir çoxu satılıb.

- Bəzi rəssamlar əsərlərinin xaricdə muzey və şəxsi kolleksiyalarda olmasından qürur hissi keçirirlər...

- Məndə belə bir qürur olmayıb, əksinə, əsərimi əcnəbilər alıb aparanda çox pis hisslər keçirmişəm. Mən əsərlərimi xalqım üçün yaradıram, onların hansısa Tomasın, Conun şəxsi kolleksiyasında saxlanmasını qəbul edə bilmirəm. Ondansa yaxşı olmazdımı, belə əsərləri ölkəmizin muzeyləri alsın və xalqımız üçün nümayiş etdirsin? Yaxşı olan hər şeyin millətimə aid olmasını istəyirəm.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 14 mart.- S.27