Şairi sakitcə məhvetmə
növbəsində dayananlar sonda var gücləriylə əfv
növbəsinə qaçırlar
Arseni
Aleksandrovic Tarkovski 1907-ci ilin iyununda indiki Ukraynanın
Yelizavetpol şəhərində doğulmuşdur. Uşaq
vaxtı o atasıyla tanınmış rus şairləri
Severyaninin, Balmontun, Soloqubun poeziya gecələrinə gedir. Onlar
Tarkovskiyə çox təsir edirlər.
20-ci illərin
əvvəllərində ac-yalavac Ukraynanı, Krımı
dolaşır, təsadüfi işlərlə çörək
pulu qazanır. 1925-ci ildə Moskvada Ali Ədəbiyyat
kurslarına girir, orda bir çox şairlərlə, o
cümlədən öz gələcək arvadı
M.Vişnyakova ilə tanış olur. Onların izdivacından
dünya şöhrətli kino-rejissor Andrey Tarkovski və
bacısı Marina doğulur. Boz həyat və acgöz
dünya tezliklə onları ayrılmağa məcbur edir. Arseni
şeirlər, felyetonlar yazır. 1932-ci ildə
yazdığı "Şüşə" radiopyesində
mistikaya görə o tənqid olunur. Sovet dövlətinə
qarşı şübhəli şəxs kimi elə o vaxtdan
"diqqəti" cəlb edir. Onu daha heç yerdə
çap etmirlər. O da tərcüməyə keçir, tərcüməçi
kimi də Yazıçılar Birliyinə qəbul olunur.
1939-cu ildə
Marina Svetayeva ilə tanış olur. Sonradan ona şeirlər
silsiləsi həsr edir.
1942-ci ildə
Tarkovski öz təkidləri nəticəsində cəbhəyə
gedir, ordu qəzetinin ön cəbhə müxbiri olur,
ağır yaralanır, ayaqlarında bir neçə dəfə
cərrahiyyə əməliyyatı aparılır. Müharibədən
sonra onun şeirləri müəyyən redaktələrlə
çapa hazırlanır, ancaq elə bu vaxt Mərkəzi
Komitənin "Zvezda" və "Leninqrad" jurnalları
haqqında qərarı çıxır və Tarkovskinin
kitabı bir antisovet ədəbiyyatı kimi elə mətbəədəcə
məhv edilir.
1946-cı ildə
o ilk dəfə Anna Axmatova ilə görüşür və
onların dostluğu Axmatovanın ölümünəcən
davam edir.
1962-cı ildə,
nəhayət ki, onu çap etməyə başlayırlar. 55
yaşında onun ilk şeirlər kitabı
çıxır. Kitab "Qardan qabaq" adlanırdı.
Sonra ciddi redaktəyə məruz qalan bir neçə
kitabı çap olunur. 1982-ci ildə oğlu Andrey İtaliyaya gedib, 1984-cü
ildə geri qayıtmaqdan imtina etdikdən sonra yenidən onu
sıxışdırmaya başlasalar da, dünyanın və
mütərəqqi rus ziyalılarının təzyiqi və
ölümü ərəfəsində
1989-cu ildə Tarkovskiyə Rusiyanın Dövlət
mükafatı verilir. Beləliklə, Rusiya, elə bizim
doğma Azərbaycan kimi öz heyvərə və nadan məmurlarının
əvəzinə daha bir böyük sənətkarından
üzr istəməli oldu. Tarix isə belə mükafatlara və
üzrlərə heç tüpürmək də istəmir,
böyük övladlarının adını Allahın Şərəf
kitabına yazmaqla Allahın Şərəf
kitabxanasını zənginləşdirir. O məmurlara isə
cəzanı Allah onların övladlarının, nəvələrinin
zülm etdikləri sənətkarları sevə-sevə
oxumaları, şeirlərini əzbər demələriylə
elə öz evinin içindəcə verir. Bu, həm də
onların cəzalarının ən yüngülü və
başlanğıcı olur. Axırda hətta
mırıldamaq, hürmək də gəlir.
Böyük
övladlarını məhv edən xalq və onun
hökmdarları heç vaxt böyük ola bilməz. Beləcə,
onlar həm də özləri özlərini məhv etmiş
olurlar. Bu adi həqiqəti hətta ən kiçik
cücülərin, quşların xalqları və
hökmdarları da bilir.
"Biz adamları, quşları
birgə oxuyan bir ailədənik"
A.Tarkovski
haqqında yazımı keçən yüzilliyin 70-80-ci illəri
Moskvanın, ümumiyyətlə, SSRİ-nin ictimai və ədəbi
mühitləri, Tarkovski ilə tanış olduğum, söhbətləşdiyim
yer, mühit haqqında yazmaqla başlamasam, söhbətlərimizin
və yazımın, o cümlədən Tarkovskinin Azərbaycan
türkcəsinə çevirdiyim şeirlərinin bəzi məqamları
indiki gənc oxucularımız üçün müəyyən
qədər qaranlıq olacaq. Ona görə də A.Tarkovski
haqqında qısa bioqrafik məlumatdan sonra o mühit
haqqında bir balaca gəzişməli oluram.
O dövrdə
mən hər dəfə Moskvaya gedəndə Peredelkinoda -
yazıçıların yaradıcılıq evində
qalırdım. Getməyimin səbəbi çox sadəydi, əlimə
təyyarə və ya qatarla harasa getmək üçün
pul düşən kimi mən Bakıdan dərhal, sürətlə
uzaqlaşmaq istəyirdim. Nə qədər vətənimizi
sevsəm də ancaq təcili uzaqlaşmaq istəyi sevgidən
daha güclü idi.
Peredelkino
həm Moskvaya çox yaxın idi (Elektrik qatarıyla cəmisi
40-50 dəqiqəyə şəhərin mərkəzinə
çatmaq olurdu), həm də özü meşənin
içində gözəl bir yerdəydi. Hələ üstəlik,
məşhur yazıçıların,şairlərin
adlarıyla bağlı çox xatirə yerləri vardı. Mənim
üçün bir önəmli cəhəti də vardı
ki, Moskvaya nisbətən orda qalmaq 2-3 dəfə ucuz başa gəlirdi.
Bakıdankından da xeyli ucuz idi. Evsiz-eşiksiz bir əyalət
yazarı üçün burdan yaxşı yer yox idi. Hətta
yazar və dissident dostlarımızın bağlarında lap
pulsuz da yaşamaq imkanları olurdu. Moskvaətrafı vilayətlərdə
pul qazanmağın Bakıya nisbətən çox asan, həm
də maraqlı olmasını da bura əlavə eləsək,
qorxuram ki, Bakıda qalmağa, harasa getməyə imkanı
olmayan bugünkü gənc yazarlarımıza Sovet
dövrü hətta gözəl də görünsün. Ancaq
bütün bu bunlar üçün orda sənin səviyyəni
qiymətləndirən, səni hər an gözləyən
sadiq dostların, ürəyin, beynin olmalıydı.
Moskvada
disidentlərlə, disident şairlərlə tez-tez
görüşmək, qadağan olunmuş kitabları onlardan
alıb oxumaq imkanım olurdu. Yeri gəlmişkən, qeyd edim ki,
mən Bibliyadan tutmuş Nitşeya, Freydə qədər
qadağan olunmuş bir çox kitablarla orada tanış
olmuşdum. Dissidentlər arasında da tanınırdım. Bu
barədə mən gələcəkdə geniş yazmaq
fikrindəyəm. Hətta İosif Brodskinin yaxın
adamlarıyla söhbətim olmuşdu. Haqqımda hər
şeyi öyrənmişdilər, mənə böyük rəğbətləri
vardı. Onlar mənə təklif edirdilər ki, xaricdən
bir yəhudi qızı göndərsinlər və mən
onunla evlənim. Sonra ailələri birləşdirmək
adıyla məni xaricə keçirsinlər. Onlar mənə
deyirdilər, sən çox istedadlı adamsan, ancaq burda məhv
olacaqsan, xaricə getsən tez məşhur olarsan. Əlbəttə
mən öz vəziyyətimi anlayırdım, mətbuatda
açıq şəkildə mənə müxtəlif hədələr,
antisovet, pantürkist, panislamist damğalar vururdular,
başqalarından fərqli hələ üstəlik məni
hətta dəlixana ilə hədələyirdilər. Əlbəttə,
mən xaricdə Türk dili, Azərbaycan Türkcəsi
mühiti olmayan yerdə yaşamaq istəmirdim (heç indi də
yaşaya bilmərəm), özü də yad millətlə. Həm
yazılarıma, həm də məni ittiham edən
qaraguruhçulara görə mən tək Azərbaycanda yox,
Moskvada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda bir
xeyli tanınırdım. O vaxt Moskvada yaşayan,
yazıçı kimi orda yaxşı tanınan Rafiq
Tağı şahid ola bilər, mən ona zəng edib
xahiş etmişdim ki, gedib mənim "Sovetskiy Pisatel" nəşriyyatında
məndən icazəsiz buraxılan kitabımı
dayandırsın. Rafiqə demişdilər ki, bu nə qəribə
adamdı. Bakıdan bizə kilolarla kürü gətirirlər
ki, kitablarını buraxaq, bunun heç üzünü də
görməmişik, qoymur kitabını buraxmağa. O vaxt şeirlərimə
görə Gürcüstanın ən yüksək Dövlət
mükafatını mənə vermişdilər. Özbəkistan
da bunu etməyə hazırlaşırdı, ancaq Bakıdan
demişdilər ki, mükafat yox, onu həbs etmək
lazımdır. Sonralar məşhur
özbək disidenti şair Muhamməd Salihlə dost
olmağımı da bildirmişdilər.
Həm də
qeyd etməliyəm ki, Y.Brodskini çıxmaq şərtiylə
bütün günü rejim əleyhinə deyinən, guya
heç kimin onları anlamadığı üçün
tez-tez ah çəkən, indi Rusiyada, hətta bizdə də
az qala Soljenitsin, H.Cavid səviyyəsində təqdim olunan,
yazıçılığı - ancaq antisovet olmaqdan ibarət
olan "yazıçıların" "bəh-bəhlə"
verilən əsərləri məni cəlb eləmirdi,
onların çoxu "ədəbiyyatabənzər ədəbiyyatları"
təsiri bağışlayırdı. Bu qrupların 90-95%-i
ancaq bir məşhur millətin nümayəndələri idi.
Hətta mənə də hərdən guya zarafatla deyirdilər
ki, hayıf ki, bizdən deyilsən. Allahın bu "səhvini"
düzəltməyin yolunu da göstərirdilər, onların
bir qızıyla evlənib xaricə getmək. Bu həm də
ölkə daxilində hakimiyyətdə təmsil
olunmağın, mühüm post tutmağın daha asan bir yolu
idi. İkinci yerdə erməni qızları gəlirdi. O millətlər
səni daim irəli itələyirdi. Sən də özünəbənzərləri
irəli dartırdın. Biz bunu Azərbaycanda çox
görmüşdük.
Ən
çox da mübahisəmiz milli məsələlər və
Elçibəy haqqında olurdu. Onlar istər Avropa ölkələrində,
istərsə də dissident yayımlarında, söhbətlərində
Əbülfəz bəyin adını çəkmirdilər.
Onun adı heç bir antisovet siyahıda
hallandırılmırdı. Özlərindən olanların
kiçicik bir sözünü göylərə
qaldırır, bizim müstəqillik məsələmizə
gələndə isə onların dili topuq vururdu. Sonralar, siz
də şahid oldunuz ki, başda Saxarov, Soljenitsin, ayaqda
Stravoytovalar olmaqla onlar bizim torpaqlarımızı necə
asancasına, məsuliyyətsizcəsinə öz dədə
malları kimi ermənilərə "hədiyyə"
edirdilər.
80-ci illərin
sonu isə onlar mən dediyimə gəldilər. Artıq
Elçibəyin adı rejimin ən böyük disidentləri
sırasında birincilərdən çəkilirdi.
Beləcə,
indi də mən bu fikirdəyəm ki, heç bir demokrat
axıra qədər demokrat, heç bir faşist də
axıra qədər faşist olmur. Faşistlərin Vaqnerin əsərlərini
dinləyib ağlamalarını, özünü demokrat sayanların
isə Elçibəyin yıxılmasında xüsusi canfəşanlıq
etmələrini xatırlamaq kifayətdir.
Amma qeyd etməliyəm
ki, onlar arasında bütün türk xalqlarına,
bütün Sovet respublikalarına azadlıq tələb edən
general Qriqoryev kimi, Türkiyəyə qarşı,
özünün şəxsən mənə söylədiyi
kimi "bu şərəfli xalqa" qarşı cəsusluqdan,
həm də SSRİ-nin Türkiyə səfirliyində ən
yüksək postdan imtina edən Radiy Fiş kimi, ilk
kitabını ancaq 55 yaşından sonra çap etdirən,
bütün əxlaqi və yaradıcılığı ilə
şeytani hakimiyyətə yox, Allaha xidmət edən Arseni
Tarkovski kimi insanlar da var idi.
A.Tarkovskini
ilk dəfə görəndə mən nəsə bir qəribəlik,
həm də doğmalıq duydum. Onun başı uzunsov idi, məğrurluqdan
və çox-çox qədimlərdən xəbər
verirdi, ilk baxışda daha çox yakut-saxa türklərini
xatırladırdı, ancaq bir çox rus
yazıçılarının, sonuncu dəfə isə
şair Mixail Sinelnikovun yazdığı kimi o monqoloid deyildi. Mən
kəndimizdə eynilə belə başları, bizim nəsildən
olan qohumlarımızı xatırladım. Bu daha çox
Kür-Araz ovalığı, şumer mədəniyyətinin
başı idi. Nədənsə, o da mənə diqqətlə
baxırdı. Sonralar məlum oldu ki, o da mənim hansı millətdən
olduğumu, ona doğmalığımı duyub.
Yadıma gəlir,
eynilə belə məşhür türkoloq Radiy Fiş
Vladivostokun ortasında küçədə tək getdiyim
yerdə diqqətlə baxıb mənə yaxınlaşıb:
"Əfəndim, nasılsınız?!"- deməklə məni
heyrətə gətirmişdi.
...Bir qədər
sonra yaradıcılıq evinin yeməkxanasına təzəcə
girmişdim ki, oturacağını dala çəkmək istəyən
Tarkovskinin qoltuq ağacının
sürüşdüyünü, onun yıxılmaqda
olduğunu gördüm və tez sıçrayıb onu yerə
çathaçatda tutdum, sözün düzü, özüm
də özümün bu qədər məsafəni necə
sıçradığıma məttəl qaldım. Ona
oturmaq üçün kömək elədim. O mənə təşəkkür
etdi, elə həmin dəqiqə də soruşdu:
- Bakıdansan?!
- Hə,
dedim, hardan bildiniz?!
O mənimçün
çox xoş və poetik bir cavab verdi:
- Həm
üzünüzdən duydum, həm də bu cür var
gücüylə ilk ovuna sıçrayan pələng
balasıtək ancaq türk atıla bilərdi. Sonra əlavə
elədi: mən də elə siz tərəflərdənəm.
Ancaq pələng balası dediyimə incimə.
- Pələng
balası pələngdən daha poetik, daha doğmadır, həm
də mən həmişə südü ətdən
üstün tutmuşam. Heç ətə qədər
böyümək də istəmirəm.
Sonra onu
yaxşı tanıdığımı, dedim, özünə
və oğluna böyük sənətkarlar və həm də
antisovet disidentər kimi çox hörmət etdiyimi söyləyəndə,
o, mənim "antisovet" sözünü belə rahatca, bərkdən
adi sözlər kimi işlətməyimdən, deyəsən,
bir qədər rahatsız oldu, (ətrafda imperiyaya öz qul
xidmətini təklif edə biləcək kifayət qədər
yazarlar vardı) heç kəsin eşitmədiyi bir səslə
yavaşca mənə dedi:
- Cavan
oğlan, görürəm, siz həddindən artıq
azadsınız, bu barədə sonra danışarıq.
Onun
yanında həmişə ömrünün və
qadınlığının payızını,
qışını yaşayan ancaq az qala hamıyla maraqlanan
çoxlu zənən xeylağı, zənənə bənzər
kişilər olurdu. Onunla ancaq bir neçə dəfə
ikilikdə qala bildik. O mənə bir qədər ehtiyatlı
olmağı məsləhət gördü, dedi, sənin belə
azad olmağın, səndən azadlıq qoxusu, azadlıq
havası yayılması çox yaxşıdır, bu həm
də poeziya üçün yaxşıdır, həm də
gicbəsərlərin idarə etdiyi bu bədbəxt ölkə
üçün daha bir nəfəslikdir. Sənin kimi nəfəsliklər
olmasa ölkə boğular.
Mən
Soljenitsinin "həbs düşərgələri
arxipelaqı" ifadəsindən istifadə edib dedim ki, həbs
düşərgələrinin arxipelaqından ölkəni
ancaq azad adamların arxipelaqı xilas edə bilər. Bu fikrim
ona çox xoş gəlsə də o mənə hər halda
ehtiyatlı olmağı bir daha məsləhət
gördü. Xilas edən özünü xilas etməlidir ki,
xalqını da xilas edə bilsin. Hiss eləyirdim ki, o mənim
taleyim üçün çox narahatdır. O mənə rus
şeiri, dissident hərəkatı, oğlu haqqında
danışdı. Soyadı haqqında soruşanda isə ulu
köklərinin Qafqazdan, tarklardan, kumık türklərindən
gəldiyini söylədi. Dedi ki, tarix səhnəsində, təkcə
elə Qafqazda görün türklərin nə qədər
adları olub: türk, tork, tark, tatar, moğol, qacar... Qacar
adı mənə yeni gəldi; o dedi ki, çeçenlər
Azərbaycan türklərini hələ də "qacar"
adlandırırlar.
Bu
yaxınlarda tanınmış kino-rejissorumuz Şeyx Əbdül
televiziya verilişlərinin birində böyük sənətkarımız
Müslüm Maqomayevin özünün ona əslən kumık
olduqlarını dediyini söyləyəndə, nədənsə,
yadıma birinci Arseni Tarkovski düşdü, bir anlıq xəyalımda
onların üz və baş quruluşlarında bir
yaxınlıq, doğmalıq gördüm. Tarkovski və
Maqomayev - onların hər ikisi o andan yazını sona
çatdıranacan gözümün qabağından getmədilər.
Heç nə öz-özünə olmur, onları bir xeyli
vaxt gözlərimin qabağında saxlamaqla Ulu Tanrı mənə
yazdıqlarım haqqında çox şey deyirdi, ürəyimdən
son dərəcə doğma, ilıq bir hava
axıtmaqdaydı, mən elə bil daha da gəncləşir,
daha doğrusu uşaqlaşırdım. Özümü
tarixin ilkinliklərində, dünyanın uşaq vaxtında
duyurdum. Orda, əziz oxucular, biz hamımız körpə və
cocuq görünürdük. Elə Tarkovski də,
Müslüm də. Bizim bütün ulu babalarımız,
gözəl nənələrimiz də. Elə hamınız
da.
Bura
A.Tarkovskinin dediyi kimi Şeyx Şamilin atasının
kumık, anasının avar olmasının inqilabdan əvvəlki
bir çox rus tarixi mənbələrində
vurğulanmasını əlavə etsək, bir kumık
türkü fenomeni haqqında danışmaq olar.
...Aydınlıq
üçün mən bir məqamı da xüsusi qeyd etməliyəm
- o dövrün informasiya mənbələrini. Çünki
ölkə yalan informasiyalardan boğulurdu. O cümlədən,
xalqların etnogenezi, mənşəyi haqqında.
Mən
bütün gündəlik informasiyaları xarici radiolardan
alırdım, heç vaxt televiziyaya baxmırdım. Radioları
isə möhkəm "vururdular", insanı əsəbiləşdirən
cürbəcür səslərlə. Ancaq mən çəmini
tapmışdım, xarici radioların türkcə verilişlərinə
qulaq asırdım. Bu
kütbaşlar bizim türk olmadığımızı rəsmiləşdirdikləri
üçün, özləri özlərinin bu yalanına
uyğunlaşmış nəsil və siyasət yetişdirmişdilər
və o nəsillər də xüsusi canfəşanlıqla
özləri özlərinə sübut edirdilər ki, biz
türk deyilik, türk dilini də
anlamırıq. Beləcə, mən onların
bu kütlüyündən istifadə edərək Azərbaycan
türkcəsində vurulan verilişləri
"anlamadığımız" Türkiyə türkcəsində
rahatca dinləyə bilirdim və mən bilirdim ki, tək deyiləm,
çünki elə mən özüm bu barədə
çox adamı başa salmışdım, onlar da beləcə
dinləyirdilər.
Moskvada isə
sevimli radiom yanımda olmadığına görə hər
axşam saat 22-də "Zaman" proqramına baxmaq
üçün yaradıcılıq evinin böyük
zalına qoyulmuş televizora baxmağa gedirdim və Tarkovskini
də tamaşaçılar arasında görürdüm. "Zaman"
xəbərlər proqramı qurtaran kimi demək olar ki, təkcə
mən və Tarkovski ordan uzaqlaşırdıq, gic bir serial
göstərirdilər, hamı böyük səylə,
huş-guşla ona tamaşa etməyə qalırdı.
Sonrakı
gün Tarkovskinin dalımca gəldiyini duyub
addımlarımı bir az yavaşıtdım. O mənə
çatcaq üzünü serial tamaşaçılarına
tərəf tutub, onlara işarə edərək bərkdən
dedi:
- İdiotı!
(yəni gicbəsərlər)
Sonra əlavə
etdi:
- Deyəsən,
dünyanın bütün gicbəsərləri bura
yığışıblar.
Mən
gülə-gülə dedim:
- Ancaq
Allahın bu qədər gicbəsəri bir yerə
yığmaqda nə məqsədi ola bilər, axı?! Yəqin
içərilərində bir-iki ağıllısı da
tapıla bilər.
- Hə,
düz deyirsən, ağıllılar indi ordan
uzaqlaşırlar - beləcə, o, biz- ikimizə işarə
eləyirdi.
- Elədi,
dedim, həm də özümüzü ağıllı
saymaqla elə biz də bir az onlara oxşayırıq.
Sözdü
gəldi dedim, düzdü, Rusiyada yaşayanlar
böyük-kiçik məsələsinə çox da fikir
vermirlər, elə o anda fikirləşdim ki, bu söz onun xətrinə
dəyə bilər. Elə üzr istəmək istəyirdim
ki, dedi: Hər halda biz sözün şərəfinin insan
şərəfindən də üstün olduğunu bilirik.
"Zaman"
proqramından sonra böyük zaldan uzaqlaşma əhvalatı
hər axşam təkrar olunurdu. Bir axşam yenə "Gicbəsərlər"
deyəndə söylədim:
- Dostoyevskinin
də "İdiotu" var ha?
Cavab verdi: -
Bunlar mənimkilərdir. Bunlar başqa növdürlər. Həm
də başqa materialdandılar.
Zarafatla
soruşdum: Hansı materialdan?
O rusca
"q..." hərfi ilə başlayan bir söz işlətdi.
Oğluyla
çox fəxr eləyirdi, həm də onun taleyi
üçün çox narahat idi. Oğlu xaricdə
qalıb, geri, SSRİ-yə qayıtmayandan sonra A.Tarkovskiyə
yenicə açılan qapılar təzədən
bağlandı, qapılar nədi, hətta nəfəslikləri
də bağlayırdılar. Oğlunun ölümü
bütün dünyaya dəymiş böyük zərbə
idi. Həm də bütün dünyaya İlahidən xəbərdarlıq
idi. - O, Oğlum sənətdə ən böyük əsərimdir
- deyirdi. Mən də cavabında: Oğlunuz tək sizin yox,
bütün Rusiyanın ən böyük əsəridir. Poeziyada
isə XX yüzil rus şeirinin ən böyük bir neçə
əsərindən biri sizsiniz. Siz Andreyin atası, Andrey sizin
oğlunuzdur. Rejimin sındıra bilmədiyi atanın daim
minalı ərazidə gəzən oğlu. O dinməsə də,
ancaq gözlərinin yaşardığını hiss elədim.
Bir az susub dedi:
- Siz şeirin
tərəfini tutursunuz. Əlbəttə, şeir sənətlərin
tacıdır. Ancaq məni daha çox onun atası kimi
tanıyırlar. Bir qədər kədərli olsa da, bu
idiotxanada bu mənə xoş gəlir.
O məndən
bir neçə dəfə tərcümə etməkçün
şeirlərimi və onların sətri tərcüməsini
istəmişdi. O vaxt mənim çox lovğa vaxtım idi
(Elə bu yazıdan da göründüyü kimi indi də
çox təvazökar deyiləm). Həm də çox istəyirdim
ki, şeirlərimi Tarkovski tərcümə eləsin, söz
vermişdim ki, yaxşı, səviyyəli sətri tərcümə
elətdirib gətirəcəyəm. Bir neçə dəfə
onun xahişiylə şeirlərimi ona oxumuşdum və
bacardığım qədər tərcümə etmişdim.
Şeirlərimdəki bəzi məqamlar onun diqqətini cəlb
etmişdi. Deyirdi, bu, rus şeirində heç bir şairdə
yoxdur, ümumiyyətlə, bu, mən bildiyim qədər
dünya şeirində yeni bir istiqamətdir - deyirdi. Həmişəki
kimi "təvazökarcasına" onun mənim haqqında
dediklərinə əlavə elədim: Siz dediyiniz Ruhi istiqamət,
ruhi sıçrayışlardı.
O:
- Düzdür,
söz, ancaq ruhi ola bilər, onu əşyalaşdırmaq
sovet və rus şeirinin əsas yoludur. Buna yol demək
mümkünsə.
Arada
mübahisələrimiz də olurdu. Bu da çox vaxt mənim
sənətdə maksimalizmimdən doğurdu, bu çox zaman
mənim rus şeirinin bir çox görkəmli nümayəndələrini
heçə saydığımda baş verirdi.
Növbəti
dəfə Moskvaya gələndə ilk sözü "sətri
tərcümələr" oldu. Mənim özümə və
yazdıqlarıma səhlənkarlığım bu gün də
davam edir. Həm də mənim o vaxt da, indi də bir fikrim var:
Türkcə heç bir başqa dildə türkcədə
olduğu qədər gözəl səslənə bilməz.
Həm də mən şeirlərimi Tarkovskinin çevirməsini
elə istəyirdim ki! Kaş o, Ulu babalarının dilini
xatırlayaydı. Xatırlasaydı bu tərcümədəki
bəzi dil məqamları bəlkə də eyni olardı. İki
adamın müxtəlif zamanlarda eyni ağrılı bir yuxunu
görmələri kimi.
V. B. ODƏR
525-ci qəzet.- 2009.- 14 mart.- S.24-25.