Yorulmuş atları güllələyirlər...
60-cı illərin
məşhur bir filmi var: "Yorulmuş atları güllələyirlər,
elə deyilmi?". Ceyn Fonda bu filmdə baş rolu
oynayırdı. Qısa məzmununu xatırladım - 30-cu illərin
Amerikası - Böyük Depressiyanın
yıxıb-dağıdan vaxtıdı. Aclıq çəkən,
iş tapa bilməyən bir qrup adam rəqs marafonuna
qatılır. Bu yarışma elə-belə
yarışma deyil, gecə-gündüz meydançada olub rəqs
eləməlisən. Arada bir neçə dəqiqə fasilə
verirlər ki, yemək, su, tualet ehtiyaclarını ödəyəsən.
Azacıq dinclikdən sonra yenə qayıdırsan
meydançaya, rəqs edirsən. Saatlarla, günlərlə,
aylarla. Yarışın sonu görünmür, aradabir
yarışmaçılar sıradan çıxırlar.
Yıxılan kim, ölən kim, dəli olan kim. İşdi əgər
partnyorun yıxılsa, bir neçə saat ərzində sənə
tək oynamağa icazə verirlər. Əgər bu bir
neçə saat ərzində yeni partnyor tapmasan, səni də
yarışmadan çıxarırlar. Hər kəs bir-birinin
yıxılmağını, düşməyini gözləyir.
Hər kəs bir-birinin gözlərinə nifrətlə
baxır. Ətrafda tamaşaçılar oturub seyr edirlər.
Onların öz favoritləri var, mərcə girənlər
var, pul qoyanlar var, lap at yarışmalarındakı kimi.
Finişə çatanları isə deyilənə görə,
böyük mükafat gözləyir. Bu ölüm-dirim
mübarizəsidi. Sonda aylarla, günlərlə davam edən
marafonun finalçısına deyirlər ki, heç nəyə
ümidli olmasın. Mükafat üçün
ayrılmış pulu onun yeməyinə, geyiminə xərcləyiblər.
Və bu marafon da nə qədər adamın başını
qatmaq üçün bir vasitədi. Finalçı qadın
intihar qərarına gəlir. Özü bu aktı icra edə
bilmədiyindən tərəfmüqabili olan oğlanı onu
öldürməyə məcbur edir.
Bu film Ceyn
Fondanın yaradıcılığında ən parlaq işlərdən
biridir. "Oskar"a təqdim olunsa da, ala bilməyib.
Amerikalıların içində də vicdanlı adamlar var. Və
onlar zaman-zaman kapital dünyasının bəşəriyyətə
gətirdiyi faciələri təsvir edə bilirlər. Filmin adı
isə çox şey deyir - Yorulmuş atları güllələyirlər.
Yadımdadı ki, ilk dəfə bu filmi seyr edəndə
uşaq idim və Böyük Depressiya sözü ilə
tanışlığım bu film vasitəsilə olmuşdu. Sonra
Steynbekin "Qəzəb salxımları"nı da oxudum.
Bu əsər də 30-cu illərdə yaşanmış
iqtisadi, həm də mənəvi böhrana həsr olunub. Amma
nəsə son illər bu filmi tez-tez xatırlayıram. Özlərini
satışa çıxaranları gördükcə, pula
iman gətirənlərin artdığına baxdıqca,
bütün dəyərlərin itdiyini ürək
ağrısı ilə izlədikcə xatırlayıram. Yəqin ki, günümüzdə baş verənlər
də nə zamansa böyük əsərlərin mövzusu
olacaq.
Uzun müddət
30-cu illərdə dünyada baş verən iqtisadi
çöküşü Böyük Depressiya
adlandırıblar. İndi nəsə depressiya sözünə
ehtiyatla yanaşırlar. Ancaq böhranla depressiya arasında nə
qədər məsafə var ki?!
... Birinci
Dünya müharibəsindən sonra Birləşmiş
Ştatların iqtisadiyyatı görünməmiş templərlə
yüksəlməyə başladı. Səbəb isə sadə
idi - müharibə vaxtı bütün dünyanın
varlıları öz qızıl ehtiyatlarını ora
köçürmüşdü. 1913-cü ildən 27-ci ilə qədər milli gəlir 32 milyarddan 89 milyarda yüksəlmişdi.
Sənayedə, fond və daşınmaz əmlak bazarında əməlli
qalxınma nəzərə çarpırdı.
Torpağın və daşınmaz əmlakın bahalanma
prosesi başlayırdı. Siyasi mübarizə arxa plana
keçmişdi. Ancaq şirkətlərin gəliri
üç dəfə artsa da, sadə insanların qazancı
yerində saymaqda idi. Lakin hər bir halda həyat səviyyəsi
yüksəlirdi. Orta statistik amerikalının evində
maşın, telefon, qramafon yayğın hala gəlir.
Dövriyyədə olan pul kütləsinin sayı durmadan
yüksəlir. Və nəticədə 1921-29-cu illərdə
dövlət büdcəsindəki kəsir artmağa
başlayır. Çünki pulun qızılla tənzimlənməsi
prosesi pozulur. Kağız üzərindəki
yalançı rəqəmlər şişdiyindən
(iqtisadçılar bunun izahını daha yaxşı verə
bilərlər, amma böhran deyilən bu məsələ
başlayandan bunu bizə adam dilində başa salacaq bir
söhbət eşitmədim). 29-cu ilin oktyabrında
aksiyaların qiyməti kəskin düşməyə
başlayır. Və bir neçə həftə ərzində
Birləşmiş Ştatlar Birinci Dünya müharibəsində
xərclədiyindən daha ciddi itkilər verir. Bank sisteminin
çöküşü başlanır, kreditlərin verilməsi
dayandırılır, panika içərisində olan insanlar
banklardan pullarını çəkməyə
çalışırlar. Aksiyaların düşməyi təxminən
20-25 milyon insanın maraqlarına toxunur. Ancaq bir məsələ
var ki, böyük əksəriyyət pulunu itirsə də,
kiçik bir qrup bundan yararlana bilir - vaxtında
kağızı qızıla çevirdiyi üçün.
Böyük Depressiya zamanı qiymətlər də kəskin
şəkildə düşür. Və təbii ki, iş
yerləri bağlanır, ticarət əlaqələri zəifləyir
və sonda bütün ümidlər puç olur. Maddi
böhran mənəvi böhrana keçid alır. Bu,
depressiya deyilsə, nədi? Çünki burda yalnız
iqtisadi yox, həm də psixoloji, mental elementlər də
mövcuddur. İnsan cəmiyyəti depressiv çabalarla əlləşirkən
intiharlar dalğası artır, cinayət adi hal alır, lokal
üsyanlar çıxır. Kimsəyə
gücü çatmayanlar özünü öldürür,
azacıq iradəsi olanlar müqavimət göstərməyə
çalışır. İqtisadçıların dediyinə
görə, Böyük Depressiyanın iki vacib xüsusiyyəti
vardı: birincisi, böhran bütün dünyanı əhatə
etmişdi, qlobal idi. Dünyanın qüdrətli
dövlətləri sənaye və təsərrüfatın
bütün sahələri öz nəsibini
almışdı. İkincisi isə sinxron idi. Yəni Birləşmiş
Ştatlar və Almaniyanı dərindən sarsa da Fransaya
ötəri toxunmuş, Böyük Britaniyanı isə
azacıq tərpətmişdi. Mərkəzi Avropanın, Cənub-Şərqi
Avropanın, Asiyanın, Latın Amerikasının aqrar ölkələrinə
isə tam dağıdıcı təsir etmişdi. Dövlətlər arasında manevr imkanları
azaldığından ticarət və valyuta savaşları
başlayır. 1931-ci ildən 76 ölkə gömrük
rüsumlarını artırır, idxala kvota qoyulur,
südü okeana tökürlər, Braziliya kofesini asfalt əvəzi
yollara döşəyirlər, ocaq yandırmağa sərf
edirlər. Yüksək qiymətləri saxlamaq
üçün. Nəticə isə o olur ki, müxtəlif
ölkələrin iqtisadiyyatı bir-birindən kəskin
aralanır, çəpərlənir və inam yox olur.
1932-ci
ildə Franklin Delano Ruzvelt Amerikada prezident seçkilərində
qələbə qazanır. Nəzərə alsaq ki,
32-ci il Depressiyanın ən ağır ili
kimi qiymətləndirilir, Ruzveltə inamın nə qədər
güclü olduğunu anlamaq olar. Yeni prezident
ölkəyə "yeni kurs" vəd edir. Ayıq və hər yeniliyə açıq siyasətçi
bir çox güzəştlərə gedə bilir. Sosial-iqtisadi islahatlar aparır, daxili siyasətdə
vacib tədbirlər həyata keçirir. Nəticədə
36-cı il seçkilərində o vaxt
mövcud olan 48 ştatın 46-sı Ruzveltə səs verir. Bundan
sonrakı 40 və 44-cü il seçkilərində
də Ruzvelt prezident seçilir, yəni dörd dəfə. Amerika tarixində unikal hadisədi. Yalnız Ruzveltin ölümündən sonra Amerikada
iki müddətə prezident seçilmək haqqında qanun qəbul
olunur. Təbii ki, hər kəs, hər prezident Ruzvelt ola bilməz. Parlaq natiq olan bu
şəxs xalqa apardığı dövlət siyasətinin,
iqtisadi islahatların məzmununu açmaqdan çəkinmirdi.
Mütəmadi olaraq radio ilə xalqa müraciət
edirdi və sonralar bu çıxışları
"buxarı ətrafı radio söhbətləri"
adlandırdılar. Fiziki
çatışmazlığı ona səfərə
çıxmağa imkan verməsə də, Ruzveltin xalq
içərisində nüfuzu çox böyük idi. Deyək ki, Böyük Depressiya Amerikada Ruzvelti
hakimiyyətə gətirdi. Amma Avropada Hitler, Mussolini,
Franko yetişdi. SSRİ-də isə
hakimi-mütləq Stalin idi. Böyük
böhranlar böyük müharibələr doğurur,
böyük dəyişmələr doğurur. Böhranlar həm ölkə daxilində, həm də
beynəlxalq münasibətlərdə gərginlik yaradır.
Böyük Depressiyanın ardından İkinci
Dünya müharibəsi gəldi. Savaş
nəticəsində isə dünya yenidən
bölündü. İki düşmən
koalisiya yarandı. Özü də elə
düşünməyək ki, belə terminlər yalnız
yeni tarixə aiddir.
... Hələ Roma İmperiyasının qüdrətli
dövründə müstəmləkələrdən
axıb gələn var-dövlət Roma pulunun inflyasiyasına
səbəb olmuşdu. Və bu barədə
tarixdə Siseronun Senatdakı məşhur nitqi məlumdur.
Siseron böhranın səbəbini ucqarlarda
axtarır və daha çox vassalları ittiham edir. Təbii ki, o zamankı zənginlik də
harınlıq yaratmışdı. O dövr Roma əxlaqı
haqqında oxuduqlarımız nəsə bir təsəvvür
verə bilər. Böhran Roma cəmiyyətinin
bütün təbəqələrini əhatə etmişdi.
Nəticə nə oldu? Antik
dünyanın süqutu, yeni eraya keçid, yeni əxlaqın
bərqərar olması, yeni dünyanın
(xristianlığın) yaranması.
Orta
çağlarda isə Avropa inflyasiya ilə XVI əsrdə
tanış olur. Eyni səbəblərdən - müstəmləkələr
artdığından, ucqarlardan mərkəzə qızıl
axdığından, həyat bahalılığından, qiymət
artımından. Həmin dövrü dəyərləndirən
tarixçilərin sözünə görə,
"İspaniyanı var-yoxdan çıxaran onun zənginliyi
idi". Bəzi tarixçilər isə bunu əhali
artımı ilə əlaqələndirirlər. Kəndlilər
böyük şəhərlərə üz tuturlar, əmək
haqqı qiymət artımından geri qalır, böyük
bir dilənçilər ordusu yaranır, iri torpaq sahibləri
maksimal gəlir əldə etməyə
çalışır, hökumətlər isə vergiləri
artırmaqda davam edirlər. XVII əsrin ortalarına qədər
eyni proseslər davam edir. Kapitalizmə keçid
üçün münbit şərait yaranır. Kilsə
Reformasiya ideyalarını təbliğ edir və artıq sələmçiliyə
günah kimi baxılmır. İnkişaf bütün sahələrdə
özünü göstərir, hətta hərbdə də.
Nizami ordu hissələri yaradılır. Yeniliklər bir-birini
əvəz edir və nəhayət, "Milli dövlət"
anlayışı meydana gəlir. Hakimiyyət, qanun, güc,
azadlıq haqqında əsərlər yaranır. Makiavellinin əsrarəngiz
obrazı bu günə qədər insanları cəzb edir. Mənə
görə, Makiavellinin dediyi "Roma kilsəsinə
yaxınlaşdıqca insanlar dindən bir o qədər
uzaqlaşırlar" ifadəsi hər zaman aktualdı. Bu aforizmi hər sahəyə tətbiq eləmək
olar.
... Mən bu
gün nə qədər xatırlatmalar elədim. Yəqin ki,
izlədiyiniz bu proseslərin içərisində öz həyatınıza
tanış gələn nə qədər epizodlar
gördüz. Yəni hər zaman eyni proseslər gedir.
İnsanlar varlanırlar, zənginləşirlər, sonra
harınlayırlar, bütün dəyərləri, prinsipləri
unudurlar, Allahsız olurlar. Sonra böhran başlayır - maddi,
mənəvi. İntiharlar, cinayətlər, müharibələr.
Bir azacıq özlərinə gəlirlər, sakitlik
yaranır, yeni dövrə keçid alırlar. Xronoloji
ardıcıllıqla baxsaq, tarixə məlum olan ilk
böhrandan sonra yeni ideologiya - xristianlıq gəldi. Orta əsrlərdəki
böhrandan sonra protestantizm və kapitalizm bərqərar oldu.
XX əsrin 30-cu illərində nasizm, kommunizm ideyaları tətbiq
olunmağa başladı və dünya sosialist və kapitalist
düşərgələrinə bölündü. XXI əsrin başlanğıcında bizi nə
gözləyir? Yaşaya bilsək, görəcəyik.
... O filmi heç unuda bilmirəm, Sidni
Pollakın məşhur filmini: "Yolrulmuş atları güllələyirlər,
elə deyilmi?". Amerikalı olanda nə
olar? Orda da vicdanlı adamlar yox deyil. Bu film Ceyn Fondanın şəxsiyyət kimi
formalaşmasına güclü təsir etmişdi.
"Oskar"a təqdim olunan filmə mükafat verməmişdilər
(ola bilər siyasi-ideoloji
çalarlarına görə). Solçu
qruplara qoşulan aktrisa sonradan müharibə əleyhinə
bütün kampaniyaların iştirakçısına
çevrilmişdi.
Yorulmuş
atları güllələyirlər... Marafon hələ sona
çatmayıb, möhkəm olun!
525-ci qəzet.- 2009.- 14 mart.- S.21.