"Ömür
keçdi. Onun haqqında danışmaq məqamı gəldi"
Heç vaxt yalqız olmayan, tənhalığını
özüylə daşıyan adamın ekran portreti ilə
bağlı mülahizələr
"Yeganə
müəllif Allahdı!
Həyat
adlı kitabın müəllifi.
Biz isə bu
kitabın oxucularıyıq..."
"Gecə
düşüncələri". Anar.
Bu
kitabın oxucularından olan - özünü, sənətini,
obrazını yaratmış, polifonik istedada malik şəxslərdən
biri də yazıçı Anardı. Bu obraz zamandan, səbrdən,
dözümdən yoğrulub, Allaha və vaxta arxalanmadan və
sözsüz ki, yaradıcılıq əzablarından
formalaşıb. O təsəvvürü dəyişmək,
ona nəsə əlavələr eləmək, onu daha
qabarıq, daha tutumlu təqdim eləmək qəliz prosesdi.
Rejissor Ramiz Həsənoğlunun amalı, istəyi, həmin
bu yeni təsəvvürü-portreti yaratmaqdı.
Adətən
son söz, nəticə, yaxşı və pis qənaətdən
asılı olmayaraq, əvvəl deyilmir. Mən isə
mülahizələridə, bu ənənəni pozmaq istərdim.
Çünki deyiləcək mülahizələrin əsası,
özülü, hardasa fəlsəfi və ruhu məhz bu qənaətlə
bağlıdı...
Məncə,
rejissorun ən böyük uğuru, yazıçının
"Gecə düşüncələri"nə
istinadıdı. Bu, leytmotivdi, filmdən keçən
"qırmızı xətt" idi. Filmin
yönünün, səpgisinin, rejissor yozumunun ifadəsidi. Nəzərə
alsaq ki, "Gecə düşüncələri", hardasa
daxili bir monoloqdur, yazıçının özüylə
üz-üzə, təkə-tək söhbətidi və
burda səmimiyyətin apogey nöqtəsi var, deməli, portretə
yeni çalarların əlavəsini də məhz elə
burda axtarmaq lazımdı. Rejissor da məhz elə burda
axtarıb.
"Sənətkarın
əlindən alına bilməyəcək yeganə şey
onun keçmişidir... Keçmiş yalnız
ötüb-keçmiş olaylar deyil, min bir anımdır,
sözdür, səsdir, qoxudur..."
"Gecə
düşüncələri"
Taksi gəncliyimə
apararmısan?
Ötən
günlərimi qaytararmısan?
Bu özləm,
bu həsrət üzdü qəlbimi
Məni bu həsrətdən
qurtararmısan?
Zaman qürbətinə
düşmüşəm indi
Məni
öz vaxtıma çatdırarmısan?
("Taksi və
vaxt" şeirindən)
Vaxt!
Keçmiş! Həsrət!
Həqiqətin
isə bir üzvü var - nə keçmişi yaşamaq
mümkündür, nə də keçmişə
qayıtmaq. İnsan isə gözəl, poetik bir illyuziya
arzusundadır. O arzunun isə səsi, sözü, qoxusu, olayları
var. Xalq demişkən; "Ötən günlərimi
qaytaraydılar, gələn günlərtmi qurban verərdim..."
Sənət
adamları bu hissi başqalarına nisbətən daha niskilli,
daha kövrək keçirir. Bəlkə də daha əzabla
yaşayır? Bir sözlə zaman qürbətinə
düşənləri öz vaxtına çatdırmaq
mümkün deyil... Amma yox!? Sən demə keçmişə
qayıtmaq mümkünmüş. Kino sənətinin ecazkar
gücüylə, müasir texniki imkanlarıyla! Ramiz Həsənoğlu
da bu imkandan məharətlə bəhrələnib. Zamanın
qüdrətinə düşmüş Anarı - qəhrəmanını
ötən günlərinə qaytarır.
Qəhrəmanın
müasir kadrlarını təxəyyül yoluyla, nə
vaxtsa çəkilmiş, gənclik dövrünün xronikal
kadrları və bədii əsərlərindən
alınmış fraqmentlərlə üzvü surətdə
bağlayır - zamandan-zamana keçidlə paralel bir
yaşamı təqdim edir və bu süjet xətti real
görünür. Eyni zamanda, sənədli filmin prinsiplərini,
tələblərini saxlamaqla, bədiiliyi, poetikanı gücləndirir.
Təxəyyülün illyuziyası reallaşır.
Keçmişi görürük.
Bəzən
rejissor, hətta bədii filmlərin kadrlarına, dialoqları
belə məharətlə müəyyən əlavələr
eləyir. Bu da portretin formalaşmasına təsirini göstərir.
Məsələn "Cavid ömrü" filmində,
yazıçının bədii əsərinin qəhrəmanının
söylədiyi fikirlər birbaşa Anarın öz
sözü kimi səslənir.
"Qocalıqla
gəncliyin bir təfavütü də ondadır ki, gənclikdə
dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostları
ölüm alır, bəzilərini həyat".
"Gecə
düşüncələri"
Filmin
aparıcı bölmələrindən biri dostların, mənən,
ruhən yaxınların Anarın şəxsiyyəti,
xarakteri, yaradıcılığı ilə bağlı
deyimləridi. Şərti desək - "sinxron bloku".
Çingiz Aytmatovun, Oljas Suleymenovun, İvan Draqın, eləcə
də bizim görkəmli sənətkarlarımızın
sayqılı fikirləri! Geniş tamaşaçı və
oxucu kütləsinə məlum omayan məlumatlar. Bu deyimlər
portretin daha tutumlu, qabarıq, xarakterik alınmasına xidmət
eləyir. Rejissor bu deyimləri film boyu səpələməklə
dinamikanı gücləndirir, müxtəlif dövrlərə
aid məqamları tamaşaçıların, filmlərdən
alınmış parçalarla bağlayır, vahid bir
süjet yaradır. Amma, məncə, "sinxronlar"ın
çoxluğu daim artan tempi, dinamikanı nisbətən zəiflədir,
ləngidir. Sənədli film üçün xarakterik hardasa ənənəvi
sayılan, sinxronların azaldılmasına ehtiyac duyulur. 12
sinxronun hər birinə 2-3 dəqiqə vaxt ayrılması
bir saatlıq filmin yarısı deməkdi. Razılaşaq ki,
bu böyük həcmdi. Sinxronlar sayca sıxılsaydı,
film qazanardı.
Paralel
müqayisə olmasaydı, mən burda başqa bir amili qeyd etmək
istərdim. Amma bu artıq rejissorun uğurlu
"gedişi"- tapıntısı sayılmalıdı. Nədi
bu gediş?
"Gecə
düşüncələri" məntiqinə, xarakterinə
görə daxili monoloqa uyarlıdı. Çünki burada
intimlik, səmimilik, etiraflar, müəyyən mənada
"deyilməyən" sözlər var. Gözləmək
olardı ki, rejissor məhz bu yolla gedəcək. Əvvəlcə
mən də elə düşünürdüm. Amma yox!
Rejissor səsin təkrarlanmasından yayınmaq
üçün bu "daxili monoloqları" aktyora həvalə
edir. Məntiqi baxımdan, kino dili baxımından yerinə
düşən, özünü doğruldan gedişdi.
Çünki Anarın film boyu danışması ilə bu
"monoloq" monotonluq yaradardı, yorucu təsir
bağışlayardı.
Sənətkarın,
şəxsiyyətin portretinin cızılması, təkcə,
bilavasitə onun özüylə bağlı olunmur. Burda
müxtəlif amillər nəzərə alınır. Filmin
yaradıcılarının Rəsul Rza dühasına, Nigar Rəfibəyli
ruhuna, ümumiyyətlə Anarın söz kökünə -
Azərbaycan tarixində müstəsna xidməti olmuş Rəfibəylilər
fenomeninə müraciəti, Anarın bu irsə sədaqəti,
onların layiqli davamçısı olmasının təqdimi,
özü də onun portretinə bir əlavədi. Özü
də tutarlı əlavədi.
"Hər
hansı hakimiyyət açıq və gizli şəkildə
sənətkara nifrət bəsləyir... Həqiqi sənətkarlar
isə əsrlər boyu şüurlara hakim kəsilirlər..."
"Gecə
düşüncələri"
Anar ictimai
xadimdi, seçilən fərddi, özünü təsdiqləmiş
sənətkardı. Müəyyən qism adamlar onun müxtəlif
ictimai proseslərə münasibətinə, fikrinə ehtiyac
duyur. Bu hardasa mənəvi təsəllidi. İctimai-siyasi
hadisələr isə həmişə təzadlıdı.
Burada mütləq həqiqəti söyləmək
qeyri-mümkündür. Əksər hallarda kütlə
müxalif fikir istəyir, iqtidar isə, ən azı loyal
münasibət. Yazıçı isə deyir ki, "xalq bu və
digər miqdarda camaat deyil və əlbəttə ki, guya gedən
kütlə də deyil". Ona görə də mövqeyini
belə açıqlayır: "Mən yuxarıdan və
aşağıdan gələn diqtəni
xoşlamıram". Yəni mənim olaylara, hadisələrə,
problemlərə öz fərdi münasibətim var. Bu,
artıq mövqedi! Açıq və kəskin mövqedi.
Burda dualizm yoxdur. Kiminsə bununla razılaşıb, razılaşmamağından
asılı olmayaraq, bu xarakterin ifadəsidir, təsdiqidi...
Məncə
yazıçının ekran portretini formalaşdıran, amillərdən
biri də budur. Filmdə bu amilə toxunulmasaydı,
qabardılmasaydı portret tam, bitkin alınmazdı.
"Keçmiş
- yaşadığımız hər gün, hər an
bizimdir... Yaddaş - vaxtın qatılaşmasıdı".
"Gecə
düşüncələri"
Şəkillər
- dondurulmuş anlar, məqamlardı. Ömrün, yaşanan həyatın
zərrəcikləridi. Filmin "Anarın anları"
adlandırılması təsadüf deyil;
düşünülmüş prinsipdi. Həmin o anların
bir növ "kollaj" şəklində təqdimi əsaslandırılmış
üslubdur. Film boyu bu üslubun bir neçə dəfə təkrarlanması
- yığılıb-dağılma prosesi, zərrəciklərə
dönüb səpələnməsi yaşanmış
ömrə işarədi, həm də yeni bir fikrə,
dövrə, bölməyə keçidə işarədi.
Effekt xatirinə düşünülməsə də, bu
"partlayış" effektli təsir
bağışlayır.
Ümumiyyətlə,
kameranın ekranın dərininə işləməsi -
nüfuzlu, kadrlara həcm verir, onları tutumlu eləyir.
Tamaşa və filmlərdən fraqmentlərin yerli-yerində
istifadəsi isə qəhrəmanın çoxşaxəli bədii
yaradıcılığı barədə lazımi təsəvvür
yaradır. Kadrlar əsasən orta planda çəkildiyinə
görə arxa planlar itmir. Kənara - arxa planlara lazım gəldikcə
vurğu edilməsi, onların ön plana çəkilməsi
mühitin aurasını yaradır. Belə planlar isə, daha
çox, bədii film estetikasına uyğundur. Bu da təbiidir
- çünki Ramiz Həsənoğlu teletamaşa və bədii
filmlər rejissorudur. Bədiilik isə onun xislətindədi.
"Səbr
- vaxtın ölçüsüdür. Vaxt da, tarix də
Allahın səbridi".
Sözsüz
ki, ədəbi tənqid, sənətşünaslar, mətbuat
filmlə bağlı fikirlərini söyləyəcək. Mülahizələr
təzadlı da ola bilər; bu sənətin mahiyyətindən,
xislətindən doğan haldı. Nə təzədi, nə
də qəribə. Amma hələlik məlum həqiqət
odur ki, şəxsiyyətin, illah ki, tanınmış sənətkarın
özü barədə formalaşmış təsəvvürü
kənar mülahizələrlə üst-üstə
düşməyə bilər. Bu da danılmaz gerçəklikdi...
Gerçəklik isə vaxtın ölçüsü deyil.
Vaxtın ölçüsü səbrdi...
Adətən
filmin ictimai baxışından sonra müəlliflərə
- yaradıcı heyətə minnətdarlıq söylənilir,
onlara sayğı göstərilir. Bu etik normadı. Gözləmək
olardı ki, Anar da bu ənənəni pozmayacaq. Elə
pozmadı da. Amma fikrini, sayğısını özünəməxsus
tərzdə çatdırdı. Alqışlar altında
ayağa qalxıb - "Mən bu filmdən sonra
özümü sevdim" dedi. Zarafatla, ərklə və səmimi
deyilmiş bu sözlər maraqlı və çoxmənalıydı.
Bu ilk növbədə o deməkdi ki, onun özü haqda təsəvvürü
bu yeni ekran obrazıyla üst-üstə düşür. Və
özünün bu tərzdə, bu formada təqdimi onun
üçün məqbuldur. Məncə, filmə verilən ən
dəqiq qiymət də elə budur...
Gəlin bu
fikirlə də razılaşaq ki, doğrudan da ömür
keçdi,onun haqqında danışmaq məqamıdı.
Camal YUSİFZADƏ
525-ci- qəzet.- 2009.- 14 mart.- S.19.