Bakıda "Novruz-2009" festivalına start verilib

 

Əsas məqsədi dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini təşkil etmək olan "Novruz-2009" Gənclərin Beynəlxalq Festivalı Gənclər və İdman Nazirliyi ilə "Avropa Tələbələr Forumu - Bakı" İctimai Birliyinin təşkilatçılığı sayəsində Bakıda keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da başlayan və ayın 22-dək gerçəkləşəcək festivalda qonaqlar üçün "dözümlülük", "yerli adət-ənənələr və qloballaşma", "müasir dünyada mədəniyyət", "musiqi özünü ifadə etmə üsulu kimi" mövzular üzrə təlimlər təşkil olunacaq. Azərbaycan ailələrində Novruz axşamını qeyd edəcək iştirakçılar eyni zamanda tarixi abidələrə baxacaq, Bakıdakı bayram şənliklərinə qatılmaq imkanı qazanacaqlar.

Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Polşa, Böyük Britaniya, Yaponiya, Qırğızıstan, Misir, Moldova, Rusiya, İordaniya, Suriya, Türkiyədən bu festivala 30-dan artıq gənc qatılacaq. Məlumata görə, festival və Novruz bayramı haqqında daha çox Avropa ölkələri gənclərinin məlumatlandırılması məqsədilə ayrıca internet səhifəsi - www.novruz.aegee-baki.org yaradılıb.

Qeyd edək ki, "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyi (AEGEE-Bakı) Avropanın 40-dan artıq ölkə, 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17 mindən çox tələbəni birləşdirən AEGEE-Avropa təşkilatının yerli nümayəndəliyidir. Nazirlikdən bildirilib ki, təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadiləni həyata keçirməklə, qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır.
   

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 17 mart.- S.7.