Şairlər şəhərə
ölməyə gəlir
Bəlkə
də sənin nə mənim bu yazıma ehtiyacın var, nə
də sənsiz günlərimdə sənli
yaşadığım ağrı-acıya. Çünki sən
heç sağlığında da kimdənsə bir
qayğı, diqqət ummamışdın. İçin
çölündən daha səmimi idi dostlarına,
yovuşduqlarına. Mən səninlə, təqribən, 25 il
bundan əvvəl, şeirləri qəm şələli əziz
dostum Vaqif Bəhmənlinin sayəsində tanış
olmuşdum! Ancaq ilk tanışlıqdan səni öz ruhuma
yaxın və əziz bildim, həmişə yollarında
gözüm qalan ulu Təbrizim kimi. Dəfələrlə
görüşdük, danışdıq, söhbətləşdik.
Nə sözlərindən zərrə qədər incidim, nə
baxışlarından. Həmişə bir qardaş
qayğısı (qardaş qayğısından da artıq)
duydum səndən, bir ata nəvazişi. Qarşımda
qoyduğun ən böyük tələb, kənddən gəlmiş
kəndçi balası kimi səmimi və təbii
qalmağımı saxlamaq oldu. Süfrəndə çörəyini
atamın süfrəsindən də artıq ərklə kəsdim.
İlk dəfə qonaq apardığın o təkotaqlı
evini saray sandım. Sənin qəlbinin genişliyi, sözlərinin
şirinliyi iri kitab şkafı ilə özündənrazı
divanınızın canını
boğazına yığdığı
dar otağının
divarlarını intəhasız
bir sonsuzluğa çəkib apardı gözlərimdə. Nə
darlıqdan əziyyət
çəkdim, nə
sıxıntıdan. Nə zaman
gəldim, iş yerində otağının
qapısını taybatay
açıq gördüm.
Tək mənə yox, mənim kimi yüzlərinin üzünə. Qarşılanma
da, qayğı da, yolasalınma da yerində. Bir müddət çalışdığın "Açıq söz" qəzetində hərdən
sürprizlərlə qarşılaşardıq.
Tək sənin qələminin xatirinə
qəzetin daimi oxucusuna çevrilmişdik.
Qəzeti alanda ilk dəfə vərəqləyib sənin
imzanı axtarardıq.
Kədərli yazıların
da olurdu, hər sözü bir igidə arxa olan misraların
da. Mən sənin gözəl idmançı, məntiqli
təbib, pianoda şirin musiqi ifadə etməyi bacaran bir pianoçu
olduğunu bilirdim. Şairliyindən danışmaq
artıq olar, sən bu sənət
üçün doğulmuşdun.
Çünki
bunu sən demişdin:
Yersiz
boşalandan, yersiz dolandan,
Yerində
köyrəklik, sərtlik gözləmə.
Çörəyi
dizinin üstə olandan,
Kişilik
gözləmə, mərdlik gözləmə.
Ancaq rəssamlığından
heç xəbərim yox idi. Bir dəfə "Açıq
söz" qəzetinin yeni nömrəsini alaraq yenə də
vərəqləyib sənin imzanı axtarmağa
başladım. Qəzetin son səhifələrindən birində
gözümə bir şəkil dəydi. Elə bil bir anda səksəndim.
Öz-özümə dedim: "Xudaya, bu necə də mənə
oxşayır?" Ancaq mən heç vaxt belə şəkil
çəkdirməmişdim. Qəzeti vərəqləyib məqaləni
oxumağa başlayanda çaş qaldım. Mənim
haqqımda (iki nəfər digər şairlə birlikdə)
qısa məlumat verəndən sonra, orada iki şeirim də
verilmişdi.
Bir neçə
gündən sonra görüşəndə mənim o şəklimin
qəzet səhifəsinə necə
çıxdığını soruşdum.Cavabın belə
oldu: "Qəzetin səhifəsinin materialını
hazırlayıb, yazılarla bərabər şəkilləri
də stolun üstünə qoydum. Sabahı gün qəzetin
yeni nömrəsini mətbəəyə göndərmək
istəyəndə nə qədər axtardım, üç
şəkildən heç birini tapmadım. Bir az axtarandan
sonra şəkillərin ikisini zibil vedrəsinə atılmış
kağızların içərisindən tapdım. Sonra səni
onlardan seçməmək üçün onların öz
şəkillərini səhifəyə yerləşdirdikdən
sonra sənin də şəklini əlimdə qara
karandaşla çəkib səhifəyə qoydum!"
O, şəkli
elə qəzet səhifəsindəcə bir əvəzsiz hədiyyə,
səndən yadigar bir əl işi kimi xatirə saxlayıram.
Saxlayacağam da, lap ömrümün sonuna kimi. Nə bilim, bu
sənin birinci əl işindi, sonuncu əl işindi, onu bilmirəm.
Sən hər bir rəssamın qibtə edə biləcəyi
rəssamlıq bacarığına da malik imişsən, Səyavuş!
Nə bilim, bəlkə də, sənin bu cür əl işlərin
çoxdur?! Çünki heç təcrübəli rəssam
da, ilk əl işi ilə insanın şəklini özünə
bu qədər dəqiq oxşada bilməzdi.
Səninlə
bağlı şahidi olduğum hadisələr çox, xatirələr
saysız. Hər şey yerindədir. Dəniz də, günəş
də, sənin aram-aram, düşüncəli, fikirli
keçdiyin küçələr də. Yazıçılar
Birliyinin qarşısında yenə də çoxlu
toplaşanlar, söhbətləşənlər olur həmişə.
Lakin sən gözə dəymirsən Səyavuş Sərxanlı,
sən!
1993-cü ildə
nəşr olunan bir kitabıma ön söz yazanda onun
başlığını belə yazmışdın:
"Bütün böyük oğullar kənddə
doğulur, şəhərə ölməyə gəlir. Mən
bircə şeyi Tanrım kimi bilirəm: sən şəhərə
ölməyə (Allah eləməsin) gəlməmisən, (Mənim
dostlarımdan ən böyüyü olan Altay elli, türk nəfəsli,
Vasili Şukşin Moskvaya hansı havanı gətirmişdisə...)
sən Bakıya təmizlik havası gətirmisən".
Elə bu
dediklərinin hamısı sənin öz adına, öz
imzanın arxasına yazılmalı sözlərdir. Yəqin
elə onu yazanda belə bir acı anı
düşünüb yazmısan ki, mən sənin adına,
böyüklüyünə, təmizliyinə, səmimiliyinə
aid, onu ifadə edə biləcək sözlər tapmayanda,
dediklərin köməyimə çatsın. Toplayıb nəşrə
hazırladığın və nəşrini görə bilmədiyin
son kitabının adını "Məni soruşan olsa"
qoymusan. Yox, əzizim, səni heç kəs soruşmayacaq.
Çünki ürəklərdə sözdən heykəl
quranları, heç kəs kimdənsə soruşmağa
ehtiyac hiss etməyəcəkdir. Çünki sən həmişə
bizim qəlbimizdəsən. Sən digər dostların kimi mənim
də qəlbimdə həm daimi alışan közsən, həm
də dilimdə titrəyən söz. O sözləri misralara
çevirib müqəddəs ruhuna ərməğan eləyirəm,
əziz Səyavuş Sərxanlı!
Göz
yaşım qəbir daşın,
Göz
yaşından daş olmaz.
Ömrü əmanət
olan,
İnsandan
qardaş olmaz.
Al bayraq eyləmişdin,
Qardaşlığı,
dostluğu.
Necə
bütövləşdirim
Sənsiz
qalan boşluğu
Bir dünya
axtarırdın,
Güllərin
ləçəyində,
Xətrinə
dəymədin sən,
Bir körpə
çiçəyin də.
Hər
şeirin xoş xəyal,
Hər
sözün bir iztirab.
Bu sonsuz
ayrılığa,
Bəs necə
eləyim tab?!
Körpəcə
uşaq kimi,
Qismətinə
yovuşdun.
Gəzdin
haqqın dalınca,
Axır haqqa
qovuşdun.
Ayrılıq
həsrətindən,
Birinin
gözü dolsa,
Misraların
dinəcək,
Səni
"soruşan olsa"
Sərdar ZEYNAL,
Azərbaycan Müəllimlər
İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2009.- 17 mart .- S.7.