Sərgi mövsümü
başlayır
Mart
ayının 26-dan 29-a kimi Heydər Əliyev adına İdman
və Sərgi kompleksində artıq ənənəvi xarakter
alan "AutoShow" Avtomobil sərgisi keçiriləcək. Sərginin
təşkilatçıları "İteca Caspian" və
"İTE Group PLC" şirkətləridir. Sərgiyə
Azərbaycan Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisinin
Baş İdarəsi və Azərbaycanda İxracatın və
İnvestisiyaların Təşviqi Fondu rəsmi dəstək
verir. Ötən gün 6-cı Azərbaycan Beynəlxalq
Avtomobil və 3-cü Azərbaycan Beynəlxalq Ehtiyat Hissələri,
Aksessuarlar və Xidmət Avadanlıqları sərgilərinin
açılışına həsr olunmuş mətbuat
konfransı keçirilib. "İteca Caspian" şirkətinin
direktoru Fərid Məmmədov bildirib ki, sərgiyə
dünyanın 15 ölkəsindən 50-dən artıq
şirkət qatılaraq Rusiya, Almaniya, Türkiyə, İran,
Çin, Belarus, Yaponiya, Ruminiya, Avstriya və digər ölkələri
təmsil edəcək: "Artıq 6 ildir ki, "AutoShow"
və "AutoParts" sərgiləri regionda avtomobil, avtomobil
ehtiyat hissələri və komponentləri bazarının ən
son yeniliklərini nümayiş etdirən yeganə
meydança olub".
Daha sonra
"AutoShow" sərgisinin meneceri Babək Amaşov sərgidə
təqdim olunacaq məhsullar barədə məlumat verib:
"Sərgi çərçivəsində 2009-cu ilin
avtomobili elan edilmiş "Opel İnsignia" avtomobilinin təqdimatı
keçiriləcək. "Qaz" qrupu "Siber"
avtomobilinin ekspozisiyası ilə çıxış edəcək.
Sərginin ekspozisiyası minik avtomobilləri, furqon və
pikaplar, yük avtomobilləri, qoşulan vaqonlar, kommunal texnika,
ictimai nəqliyyat, və sığortalama kimi məhsul və
xidmətləri təqdim edəcək. "AutoShow" sərgisində
"Aztexnika" şirkəti ilk dəfə mütəxəssislərin
diqqətinə Amerikanın "MACK" özüboşaldan
yük maşınlarını təqdim edəcək".
Onun sözlərinə
görə, "AutoShow" ilə bərabər
üçüncü Azərbaycan Beynəlxalq Ehtiyat Hissələri,
Aksessuarlar və Xidmət Avadanlıqları Sərgisi
"AutoParts" keçiriləcək və ehtiyat hissələri,
aksessuarlar və servis avadanlıqları sektorunu təqdim edəcək:
"Dünyanın aparıcı istehsalçılarında
şinlərin geniş çeşidi və ilk dəfə
olaraq kommersiya nəqliyyatı üçün portal
avtoyuyucular təqdim olunacaq. Hazırda dünyanın təxminən
12 ölkəsindən 20-dən çox iştirakçı
qeydə alınıb. Bunların arasında Yaponiya,
İtaliya, Almaniya, Türkiyə, BƏƏ, İran,
Çin, Rusiya, Belarus, Finlandiya, ABŞ və s. ölkələrdən
olan şirkətlər var. Ekspozisiyalarda ehtiyat hissələri
istehsal edən "Aral", "Febi", "Hengst",
"Maxi Car", "Pex", "Alca Mobile" və digər
tanınmış brendlər nümayiş olunacaq. Bu il sərgidə
ilk dəfə olaraq Hindistanın "Garima Global"
istehsalçı şirkəti iştirak edəcək. Sərginin
digər debütantı Ruminiyanın "FLOVVEY" şirkəti
avtokosmetika ekspozisiyasını təqdim edəcək. Sərgidə
həmçinin daha bir yenilik isə "Caspin Navtel"
şirkətinin GPRS naviqasiya sistemlərini nümayiş etdirməsi
olacaq. "Kazbek Motors" şirkəti sərgidə unikal
eksponatını təqdim edəcək".
Qeyd edək
ki, sərgi çərçivəsində müxtəlif təqdimatlar,
seminarlar keçiriləcək. "Kama Şina" şirkəti
ən yeni istehsalat texnologiyaları və şinlərin istifadəsinə
dair seminar keçirməyi nəzərdə tutub.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2009.- 17 mart.- S.6.