Bu gün axır çərşənbədir

 

QLOBAL BÖHRAN, AZƏRBAYCAN VƏ NOVRUZQABAĞI DÜŞÜNCƏLƏR

 

Azərbaycan Qadın Jurnalistlər Birliyi Novruz bayramı ərəfəsində müxtəlif peşə adamları arasında rəy sorğusu keçirib.  

 

Aygün Səmədzadə, bəstəkar: "Mən axır çərşənbədə qulaq falına çıxmağı çox sevirəm"

 

- Sizcə qlobal maliyyə böhranı Azərbaycanda Novruz süfrəsinə necə təsir edəcək?

- İqtisadçı ailəsindən çıxmağıma baxmayaraq, böhran və iqtisadi məsələlərdən başım çıxmır. Bayramı hər bir azərbaycanlı qeyd etməyi özünə həm borc bilir, həm də gözəl bayramımızdır.

- Ənənəvi bayram süfrənizdə nələr olur?

- Ənənəvi olaraq, paxlava, şəkərbura, qoğal, səməni, qoz, fındıq, bazarın ən bahalı məhsulları... əslində Novruz süfrəsində bunların hamısı olmalıdır. Amma iqtisadi böhran başlamazdan çox-çox əvvəl və sonra da kasıb və dövlətli olub və olacaq. Mənə elə gəlir ki, məhz bu bayramda iqtisadi böhran kənara qoyulur. Şükürlər olsun ki, biz böhranı o qədər də hiss etməmişik. Novruzun öz ənənələri var. O ənənələrə sadiq qalmaq lazımdır. Novruz bizim yaddaş bayramımızdır. Mənə elə gəlir ki, dünyaya bir dəfə gəldiyimizdən hər bayram hər kəs üçün ilk və ya sonuncu ola bilər. Buna görə də hər kəs bu bayramı lazımi səviyyədə keçirməlidir.

- Bayramda çox xərciniz çıxır?

- Novruz bayramında, məncə, hədiyyə vermirlər axı. Qışdan buz bağlayan ünsiyyətin donu açılır və insanlar bir-birinə qonaq gedirlər. Hədiyyə kimi, şirniyyat aparmaq olar. Amma bilirik ki, nişanlı qızlara bayram xonçası aparılır. Yəqin ki toya hazırlaşanların xərci daha çox çıxır.

- Novruz ənənələrindən hansına daha çox əməl edirsiniz?

- Mən axır çərşənbədə qulaq falına çıxmağı çox sevirəm. Həyət evində yaşadığıma görə böyük tonqal qalayır, dost və qohumlarımızı, musiqiçiləri dəvət edirik. Həyətdə çalıb-oxuyuruq. Çox maraqlı keçir. Yaradıcı adam olduğumdan xərcləri hesablamıram. Ümumiyyətlə, pula münasibətim zəifdir. Xərcləri heç bayramda da hesablamıram.?

 

Tahir Əmiraslanov, Milli Kulinariya Mərkəzinin direktoru: "Azərbaycan qadını üçün mətbəx eşq məsələsidir."

 

- Sizcə iqtisadi böhran bayram süfrəsinə təsir edəcəkmi?

- Allahdan arzu edərdim ki, mənim süfrəmdə olan nemətlər bütün Azərbaycan xalqının süfrəsində olsun. Hətta daha bol olsun. Bayram ildə bir dəfə olur. Buna görə də iqtisadi böhran, kasıbçılıq, varlılıq bu bayrama təsir etmir. Hamı bayramı gözləyir. Bayramda bahalı şeylər bişirilmir. İndiki bayramda heyvan kəsilmir. Yalnız şirniyyat və quru meyvələrdir. Düyü elə də baha deyil. Südlü, şirin plovun xərci cüzidir. Lənkəran tərəfdə quru balıqdır, qalan rayonlarımızda, plovlar ətsiz bişir. Bəzi yerlərdə plovun yanında toyuq olur. Ona görə də süfrə zənn edildiyi kimi baha deyil. Paxlava, şəkərbura, Gəncə zonasında qatlama, fəsəli bişirilir. Bunları da paylamaq üçün bişirirlər. İnsanlar əzizlərinin, ata-anaların, baba-nənələrin qəbri üstünə gedərkən şirniyyatı orada qəbr üstündə buraxır, qalanını da papaqatdıya saxlayırlar, qonşuya pay verirlər. Mütləq bir-birinin evinə gedir. Şəhərdə ənənə başqa cürdür. Amma rayonlarda milli adətlər qalıb.

Məncə, bu, ailənin büdcəsinə mənfi təsir göstərməyəcək. Hamının evində, qoz, fındıq, noğul, ləbləbi var. Kimin evində də yoxdursa, o biri evə papaq atacaq yığıb gətirəcək. Yəni bu bayram bölüşmə bayramıdır. Ya özü göndərir, ya papaq atdıya, ya da şal atdıya gəlir. Gözəl bayramdır Novruz; millət birləşir, böyük süfrə arxasında oturur, küsənlər barışır.

- Bayram şirniyyatlarının hazır əldə edilməsinə münasibətiniz necədir?

- O bədbəxtçilikdir. Paxlavanın, şəkərburanın hamısının mənası var. O alqı-satqı məhsulu deyil. Onları niyyətlə, arzu ilə bişirirlər. Düşünürlər ki, bunu qızıma, bunu qonşuya göndərəcəm, papağa qoyacağam. Təsəvvür edin, bayramqabağı sexdə yorğunluqla istəksiz bu şirniyyatları bişirənlərin əlindən çıxan məhsul adama necə ləzzət verə bilər? Hər bir qadın özü bişirməlidir. Az da olmasa bişirilməlidir. Yoxsa nə oldu? Hər şey qadın təcəssümüdür. Özünün nümayişidir. Sara Oğuz demişkən, Azərbaycan qadını üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir. Uşaqlarına, ailələrinə olan eşqini burada bildirir.

 

   İlhamiyyə Rzayeva, jurnalist: "Gərək elə edək ki, uşaq bayramı görsün"

 

- İqtisadi böhranla bağlı bayram süfrənizdə hər hansı dəyişiklik gözlənilirmi?

- Çalışacayıq ki, iqtisadi və maliyyə böhranı bizim bayram süfrəmizə təsir etməsin. Azərbaycanda insanlar ilboyu nə qədər korluq çəksələr də, çalışırlar bayram qabağı süfrələri bol olsun. Ən azından ona görə ki, qapını döyüb bir papaq atan olacaq, hörmətli qonaqlar gələcək, sənin süfrəndən kimlərəsə pay gedəcək. Bunun üçün çalışacayıq ki, süfrəmiz normal olsun, minimum tələblərə cavab versin.

- Valideyn olaraq bayramın qeyd olunmasında zərurət görürsünüzmü?

- Mütləq oğlum bu bayramı hiss etməlidir. Bəlkə də özümüz olsaq, heç süfrəyə bu qədər fikir verməzdik. Amma uşaq olandan sonra evdə mütləq səməni də olmalıdır, şam da yanmalıdır, çünki uşaq bunu tələb edir. 3 yaşlı oğlum İbrahim hər gün soruşur ki, tonqal nə vaxt qalanacaq? Deyirəm gözlə, tonqalın öz vaxtı var! Çərşənbə axşamlarında həyətdəki uşaqlar tonqal qalayırlar , o da elə bilir ki, tonqal hər gün qalanmalıdır. Və ya deyirəm ki, artıq bayram gəlib. Həmən soruşur: "Hanı bayram? Mən görmürəm, axı". Ona görə də indi gərək elə edək ki, uşaq bayramı görsün.

- Bayram şirniyyatlarını özünüz bişirirsiz?

-Bişirmirəm, hazır alıram. Anamla birgə bu günədək sadiq qaldığımız bir adətimiz var, o da evdə aş dəmləməkdir. Şirniyyatı son illərə qədər həmişə özümüz bişirmişik, indi isə hazır alırıq. Nə vaxt, nə qüvvə, nə həvəs və nə də imkan var. Başa düşürəm, evdə bişəni əvəz etmir. Yenə də, hər halda vaxta var və imkan daxilində çalışacam ənənəvi şirniyyatdan heç olmasa birini bişirim ki, evdən ətri çıxsın.

 

Azər Mehtiyev, iqtisadçı: "Bayram ərəfəsində qiymətlərin düşməsindən çox qalxmasını gözləmək olar"

 

- Qlobal iqtisadi və maliyyə böhranını nəzərə alaraq Azərbaycanda bayram qabağı qiymətlərin düşməsini gözləmək olarmı?

- İstehlakçı üçün birinci növbədə maraqlı olan bazarda qiymətlərin səviyyəsidir. Bu baxımdan dünya ölkələrində son vaxtlar böhranla bağlı olaraq qiymətlərin kəskin aşağı düşməsi baş verib. Söhbət yalnız daşınmaz əmlakdan deyil ,həm də əhalinin geniş istehlak etdiyi ərzaq və sənaye məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi prosesindən gedir. Lakin bizim ölkəmizdə bu proses gözlənilən hədlərdə baş verməyib. Yəni dünya ölkələrində baş verən qiymətlərin aşağı düşmə səviyyəsinə uyğun Azərbaycanda problem yaşanmayıb. Düzdür, Azərbaycanda böhran başlayandan bəri tikinti materiallarında ayrı-ayrı məhsullarda qiymət düşməsi baş versə də, bu geniş xarakter almayıb. Xüsusilə də ərzaq məhsullarında, əhalinin geniş istehlak etdiyi sənaye məhsullarında ciddi dəyişiklik izlənilmir. Burada müxtəlif amillərin rolu var. Əslinə qalsa bu baş verməli idi, çünki bizim qeyd etdiyimiz istehlak məhsullarının böyük əksəriyyətini xarici ölkələrdən gətiririk və həmin ölkələrdə qiymətdüşmə prosesi mütləq Azərbaycanda da baş verməli idi. Çünki adətən həmin ölkələrdə qiymətlərin qalxması Azərbaycanda çox yüksək sürətlə qiymət qalxması müşahidə edilir və biz onu idxal olmuş inflyasiya kimi qiymətləndirirdik. Lakin son vaxtlar gördük ki, qiymətlərin aşağı düşməsi prosesi adekvat baş vermədi. Burda təbii ki, ölkədə olan inhisarçılıq meyli rol oynayır. Adətən müəyyən milli adət-ənənələrinə uyğun şəkildə əhalinin geniş süfrə hazırlaması nəzərdə tutulan bu cür bayramlarda qiymətlərin düşməsini gözləmək əbəsdir. Əgər ötən ildən bəri bu böhran barədə danışılırsa, böhranın dərinləşməsi nəticəsində qiymət aşağı düşməyibsə, Novruzqabağı bu qiymətlərin düşməsini gözləməyinə dəyməz. Əksinə, indiki şəraitdə bayrama və axırıncı çərşənbəyə az vaxt qaldığı müddətdə camaat bu istiqamətdə bazarlığa meyl göstərəcək. Belə olan halda qiymətlərin düşməsindən çox qalxmasını gözləmək olar.

- Özünüz bayramı necə qeyd edəcəksiniz?

- İnsanların hər birinin yaşayış səviyyəsi kimi bayramlara münasibəti də fərqlidir. Şəxsən mənim ailəmdə bayrama hazırlıqla bağlı elə bir ciddi problem izlənilmir. İmkanım yol verir ki, biz bu bayramı lazımınca qarşılayaq. Amma söhbət vətəndaşın bayramı təmtəraqla deyil, normal şəkildə qarşılamasından gedir. Yəni harasa səfər etmək, geniş bayram tədbiri keçirməyə imkan olmasa da, imkanımız hələ ki, Novruz süfrəsini açmağa yol verir.

 

Əminə Yusifqızı, xalq artisti: "Qoza qarşı allergiyam var"

 

- Dünyadakı qlobal maliyyə və iqtisadi böhran Novruz bayramı ərəfəsində əhval-ruhiyyənizə təsir edirmi?

- Böhran barədə fikirləşmirəm. Çünki mənə bunun heç bir təsiri yoxdur. Allahdan arzulayıram ki,hamı üçün də belə olsun. Masamın üstündə nəyinsə olub-olmamasına çox da əhəmiyyət vermirəm. Bacardıqca zəngin süfrə olmasına çalışıram. Novruz bayramını çox sevirəm.

- Özünüz Novruz təamlarından nə isə hazırlayırsınız?

- Özüm heç nə hazırlamıram. Mənim üçün həmişə hazırlayırlar . Bunun üçün çox gözəl qonşularım və doğmalarım var.

-Bayram süfrəsində ən çox nəyi sevirsiniz?

- Mən olduqca çox şəkərbura sevənəm. Bayram başlayandan bitənə qədər doyunca şəkərbura yeyərdim. Amma görünür vaxtında çox yediyim üçün indi qozdan allergiya əmələ gəlib. Vaxtında yaxşı ki, çox yedim, indi yeyə bilmirəm.

- Birinci kimi təbrik etmək istərdiniz?

- Həmişə anamla bayramlaşardıq. Biz iki bacı idik, yadımdadır, anam hər Novruz bayramında hər ikimizə çitdən eyni qırmızı rəngli paltar tikib geyindirərdi. Mənim üçün ən sevindirici hal bu olardı.O bizim yeni ilimizdir axı. Köhnə təqvimə görə yeni il məhz mart ayında qarşılanardı.

Uşaqlara bahalı yeni paltar geyindirmək əsas şərt deyil. Məsləhətdir bu bayramda doğmaları təbrik etmək, mütləq nə iləsə qapısını döymək. Evdən ayrılıb şəhərə köçəndə də, anam hər bayram səhəri böyüdüyümüz Bakıxanov qəsəbəsindən mənə lobyalı çilov pay gətirərdi.Çox sevərdim onun lobyalı plovunu. Bax indi bu mənə çatmır. Yadıma düşəndə kövrəlirəm.

 

 

525-ci qəzet.- 2009.- 17 mart.- S.5.