"Xalqının Vəlisi, millətin səsi" kitabı təqdim olundu

 

Dünən Yazıçılar Birliyində geologiya-minerologiya elmləri namizədi Xalidə Əlizadənin tərtib etdiyi "Xalqının Vəlisi, millətin səsi" kitabının təqdimatı keçirilib. Maarif Teymurun redaktoru olduğu kitabda X.Əlizadənin həyat yoldaşı, ictimai-siyasi xadim, 1991-ci il noyabrın 20-də vertolyot qəzasında həlak olmuş Vəli Məmmədovun mühüm portret cizgiləri öz əksini tapıb. Burada V.Məmmədova həsr olunmuş yazılar, onun həyat və fəaliyyətini, öz xətti ilə yazılmış düşüncələrini əks etdirən materiallar, sənəd və fotoşəkillər yer alıb. Kitabda X.Əlizadənin fikir və mülahizələrilə yanaşı B.Sultanov, M.Rəfiyev, P.Qasımova, Ş.Hüseynova ilə müsahibələr, H.Abbas, B.Azəroğlu, Əli Tubə və Arif Zeynalovun ona həsr etdiyi şeirlər də var.

 Mərasimdə çıxış edən tənqidçi Vaqif Yusifli Vəli Məmmədovu Azərbaycanın görkəmli ziyalılarından biri kimi səciyyələndirib: "Onun göz önünə gələn ilkin obrazı ziyalılığıdır. Bundan başqa o, özü yanıb hamıya nur paylayan Səməndər quşunu xatırladır. Üçüncü obrazı da odur ki, Vəli müəllim Sovet dövründə partiya funksioneri olsa da, alovlu millətsevər və vətənpərvər idi". V.Yusifli V.Məmmədovun tədqiqatçısı olduğu N.Nərimanovla oxşar tale yaşadığını qeyd edərək, Novruz bayramının rəsmiləşdirilməsində Şıxəli Qurbanovla yanaşı onun da önəmli xidmətləri olduğunu diqqətə çatdırıb.

 "O, çox qeyrətli bir ziyalı idi. Mən ona millətçi deməzdim, Vəli Məmmədov millətpərəst, millətini çox sevən bir şəxsiyyət idi. Hələ Sovet hakimiyyətinin ən güclü çağlarında Mərkəzi Komitəyə məktubları doğma dilimizdə yazardı". Bu fikirləri tədbirdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar səsləndirib. Azərbaycanın ağır günlərində Moskvada xalqımızın haqq səsinin eşitdirilməsi üçün onunla birgə çalışdığını deyən Anar V.Məmmədovun bu kimi xidmətlərinə gələcəkdə daha layiqli qiymət veriləcəyinə əminliyini ifadə edib.

AYB sədrinin müavini Nazim İbrahimov V.Məmmədovu uzun illər öncədən tanıdığını, onunla dostluq etdiyini və mərhumun dəyərli şəxsiyyət olduğunu vurğulayıb.

Tədbirdə Teymur Əhmədovun 1992-ci ildə çap olunmuş "O, vətən üçün yaranmışdı" kitabını da V.Məmmədovla dostluğun və mərhumun xatirəsinə ehtiramın parlaq nümunəsi kimi dəyərləndiriblər.

Sonda Xalidə Əlizadə erkən itirdiyi ömür-gün yoldaşı haqqında danışaraq, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və kitabın ərsəyə gəlməsində, tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

   

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 18 mart.- S.7.