Bakıda "Muğam aləmi" açılır

 

GÖRÜLƏN CİDDİ HAZIRLIQ İŞLƏRİ BEYNƏLXALQ FESTİVALIN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLƏCƏYİNDƏN XƏBƏR VERİR

 

Ötən gün Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalı ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda martın 18-25-də Bakıda keçiriləcək festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi və festival konsertləri silsiləsinin təşkil olunacağı haqqında məlumat verildi. Festival Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyilə gerçəkləşəcək.

Mətbuat konfransını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov millət vəkili Mehriban Əliyevanın son dövrlərdə muğamın inkişafı naminə göstərdiyi xidmətləri önə çəkdi, qarşıdan gələn bir həftə ərzində Azərbaycanın çox əhəmiyyətli bir tədbirə ev sahibliyi edəcəyini vurğuladı. Nazir beynəlxalq muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpoziumun tarixi əhəmiyyət daşıdığını bildirdi: "Bu simpoziuma ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri böyük maraq göstərirlər. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyadan ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim var".

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov da bu beynəlxalq tədbirin Azərbaycan muğamının inkişafı və bütün dünyada tanınması, ənənəvi musiqimizin dünyanın müasir sənət müstəvisində daha da əhəmiyyətli yer tutması istiqamətində geniş imkanlar açacağını diqqətə çatdırdı.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə beynəlxalq yarışmada ölkəmizi təmsil edəcək namizədlər haqqında söz açdı: "Müsabiqəyə 100-dən artıq ərizə verilib, 5-6 martda keçirilən ilk seçim turundan 27 namizəd, 9 martda baş tutan ikinci turdan 10 namizəd keçib. Respublika müsabiqəsinin qalibləri Təyyar Bayramov, Vəfa Orucova və Babək Niftəliyev ilk üç yerə layiq görülüblər. Bunlardan başqa, diplomantlar Arzu Əliyeva və Səbuhi İbayev də ölkəmizi beynəlxalq müsabiqədə təmsil edənlər sırasındadır".

Festival çərçivəsində konsertlərin Muğam Mərkəzində baş tutacağını vurğulayan F.Əlizadə Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə Hüseynova və Zabit Nəbizadənin ifasında 7 Azərbaycan muğamının səslənəcəyini nəzərə çatdırdı.

Mədəniyyət və turizm nazirini müavini Sevda Məmmədəliyeva simpoziuma dəvət olunanlar haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humboldt universitetinin professoru Yurqen Elsner və başqaları iştirak edəcəklər. Beynəlxalq elmi simpozium üç seksiya üzrə keçiriləcək, iclaslarda Azərbaycan, İran, Türkiyə, Pakistan, Hindistan, Tunis, Özbəkistan və Tacikistanın musiqi mədəniyyətinə həsr olunan məruzələr dinləniləcək. Simpoziumun işinə BBC radiosunun aparıcılarının, tanınmış musiqi xadimləri, professor Lyusi Düran və Ceyms Parkin, "Pan rekords" kompaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya musiqisinin Böyuk Britaniyada və dünyada yorulmaz təbliğatçısı, "Azian serkyüt" kimi nəhəng şirkətin meneceri Viram Casani və başqaları da qatılacaq.

Festival çərçivəsində Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə F.Əmirovun "Şur", "Kürd Ovşarı", "Gülüstan Bayatı-Şiraz", Niyazinin "Rast" simfonik muğamları, Aqşin Əlizadənin "Muğamvari" simfoniyası, N.Əliverdibəyovun "Bayatı-şiraz" xor muğamı, C.Cahangirovun "Füzuli" kantatası səslənəcək. Konsertlər zamanı Dövlət Simfonik Orkestrinə italiyalı Silvio Sergio Barbato və həmyerlimiz Fəxrəddin Kərimov dirijorluq edəcəklər. Festivalla əlaqədar Opera və Balet teatrında Ü.Hacıbəyovun "Leyli və Məcnun", Z.Hacıbəyovun "Aşıq Qərib" operaları nümayiş olunacaq. Caz Mərkəzində İsfar Sarabski, Emil Məmmədov, Salman Qəmbərov və "Bakustik-caz" qrupunun ifasında etno-caz axşamları təşkil ediləcək.

Martın 20-də Muğam Mərkəzində açılacaq tədbirlər silsiləsinin bağlanış mərasimi martın 25-də Heydər Əliyev adına Sarayda olacaq.
   

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 18 mart.- S.7.