Şair Ədalət Əsgəroğlu məhkum gənclərlə görüşüb

 

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə Müəssisəsində şair Ədalət Əsgəroğlu ilə görüş keçirilib. Görüşü "İctimai Səhiyyə" proqramı təşkil edib. Tədbiri giriş sözü ilə açan proqramın direktoru, tibb elmləri namizədi Leyla İmanova yazıçı və şairlərlə görüşlərin, onların söhbətlərinin müəssisədəki gənc və yeniyetmələrin tərbiyəsində böyük rol oynadığını vurğulayıb: "Heç kəs səhvlərdən sığortalanmayıb. Əsas odur ki, insan öz səhvini başa düşsün və islah olunmağa çalışsın. Qələm sahibləri, ziyalılarla keçirilən görüşlər buradakı gənc və yeniyetmələrin dünyagörüşünə müsbət təsir göstərir. Ona görə də başqa yazarların da bu gənclərlə görüş keçirməsini arzulayırıq".

Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov Ədalət Əsgəroğlunun poeziyasındakı humanizmdən danışaraq, onun şeirlərinin tərbiyəvi əhəmiyyətini vurğulayıb: "Ədalət Əsgəroğlunun şeirlərində Allaha və onun yaratdıqlarıa sevgi ifadə olunub. Mən buradakı hər bir gəncə də həmin sevgini, imanı arzulayıram".

Sonra Ədalət Əsgəroğlu tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə və gənclərin suallarını cavablandırıb, yeni şeirlərini oxuyub.
   

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.-2009.- 18 mar.- S.7.