"Novruz - 2009" festivalı uğurla davam edir

 

Martın 16-dan etibarən Bakıda "Novruz-2009" Gənclərin Beynəlxalq Festivalı öz işinə başlayıb. Dünən Gənclər və İdman Nazirliyində festivala həsr olunan mətbuat konfransı keçirilib. Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, əsas məqsəd dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini təşkil etməkdir. Onun sözlərinə görə, festival çərçivəsində "dözümlülük", "yerli adət-ənənələr və qloballaşma", "müasir dünyada mədəniyyət", "musiqi özünü ifadə etmə üsulu kimi" mövzuları üzrə təlimlər təşkil ediləcək: "2006-cı ildən etibarən Gənclər və İdman Nazirliyilə "Avropa Tələbələr Forumu - Bakı" İctimai Birliyi Bakıda "Novruz-2009" Gənclərin Beynəlxalq Festivalını təşkil edir. İnanıram ki, bu kimi tədbirlər vasitəsilə Azərbaycan onun, mədəniyyəti, tarixi, qədim adət-ənənələri haqqında dünya ölkələrinin nümayəndələrinə düzgün, ətraflı məlumatlar çatdırılacaq. Biz ənənəvi olaraq hər il Novruz bayramı ərəfəsində bu festivalı keçirmək niyyətindəyik". İ.Babayev vurğulayıb ki, Azərbaycan ailələrində Novruz axşamını qeyd edəcək iştirakçıların tarixi məkanlara səfərləri təşkil olunacaq. "Novruz-2009" festivalı və Novruz bayramı haqqında Avropa ölkələri gənclərinin məlumatlandırılması məqsədilə www.novruz.aegee-baki.org ünvanlı sayt da yaradılıb.

"Avropa Tələbələr Forumu - Bakı" İctimai Birliyinin təmsilçisi Emin Əmirullayev isə vurğulayıb ki, Avropa Tələbələr Forumu festivalın keçirilməsini illik fəaliyyət planına daxil edib. Birlik barədə məlumat verən direktor qeyd edib ki, "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyi (AEGEE-Bakı) Avropanın 40-dan artıq ölkə, 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17 mindən çox tələbəni birləşdirir. Təşkilatın əsas vəzifəsi Azərbaycan və Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclər arasında Avropa dəyərlərini təbliğ etməkdir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 18 mart.- S.7.