Ülviyyət soraqlı poeziya
YAZIÇILAR BİRLİYİNDƏ ŞAİR
ZİRƏDDİN QAFARLININ YENİ KİTABININ TƏQDİMATI
OLUB
İstedadlı şair
Zirəddin Qafarlı ədəbiyyata keçən əsrin
80-ci illərində gəlib və özünün ilk
şeirləri ilə Azərbaycan oxucusunun qəlbinə yol
tapa bilib. Buna özünün istedadı, Azərbaycan
folkloruna, xalq dilinə, el yaddaşına dərin bələdçiliyi
ilə nail olub. O, eyni zamanda, Moskvada Ədəbiyyat
İnstitutunda təhsil aldığı illərdə rus və
dünya ədəbiyyatına dərindən bələd olub
və bununla da özünün seçilən yaradıcılıq
yolunu müəyyənləşdirməkdə çətinlik
çəkməyib. İndi Zirəddin Qafarlı imzası Azərbaycan
ədəbi ictimaiyyətinə, geniş auditoriyaya kifayət
qədər tanışdır. Onun xalq poeziyası ənənələrindən
qaynaqlanan şeirlərini oxucular hər zaman maraqla qarşılayır,
oxuyur, sevirlər.
Bu və buna bənzər
digər fikirlər şair Z.Qafarlının "Hardasan,
ömrüm-günüm" şeirlər kitabının Azərbaycan
Yazıçılar Birliyində keçirilən təqdimatında
onun qələm dostu Musa Ələkbərli söylədi. Z.Qafarlının
həyat və yaradıcılıq yoluna qısa ekskurs edən
M.Ələkbərli onun kədərli, keşməkeşli,
eyni zamanda, mənalı bir ömür
yaşadığını, milli ruha bağlı bir şair
kimi formalaşdığını vurğuladı.
M.Ələkbərli
professor Nizami Cəfərovun Z.Qafarlının kitabına
yazdığı ön sözdəki fikirlərə də
istinad etdi və bildirdi ki, şairin
yaradıcılığını səciyyələndirmək
üçün bundan dəqiq ifadə tapmaq çətindir:
"O, öz qəlbini, öz içində
yaşatdığı ülviyyəti ifadə edir - olduğu
kimi, bəzək-düzəksiz".
"Hardasan,
ömrüm-günüm" kitabı haqqında fikirlərini
bölüşən xalq şairi Sabir Rüstəmxanlı
topluda Z.Qafarlının oxucuların qəlbinə asanlıqla
yol tapa bilən şeirlərinin toplandığını qeyd
etdi. Onun sözlərinə görə, Z.Qafarlının
yaradıcılığına xas ən yüksək keyfiyyət
səmimilikdir: "Çağdaş şeirimizin tanınan,
sevilən nümayəndələrindən biri olan qələm
və əqidə dostumun ədəbi taleyinin və
yaradıcılığının ən mühüm əlaməti
yüksək poetik ovqat və səmimiyyətdir. Məhz bu səmimiyyət
onun bütün şeirlərini birləşdirir,
sözünün yerini və özəlliyini
aydınlaşdırır. Yurd-yuva sevgisi, öz balaca
ocağında vətənin, doğma kəndində
dünyanın taleyini görmək, fərdi və ictimai xətləri
zərif bir şəkildə qovuşdurmaq Zirəddinin
şeirlərinə ciddi bir poetik ovqat gətirdiyindən elə
ilk addımlarından onu fərqləndirib".
Görüşdə
yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair
Oqtay Rza və başqaları da çıxış edərək,
Z.Qafarlının yaradıcılığı haqqında
düşüncələrini dilə gətirdilər.
PAŞA
525-ci qəzet.- 2009.- 18 mart.- 18 mar.- S.7.