Şəxsiyyət və zaman
Bu iki məfhum bəzən
o qədər vəhdətdə olur ki, onları bir-birindən
ayırmaq çətinləşir. Şəxsiyyətlər
zamanı yaradır, zaman isə öz növbəsində
şəxsiyyətləri yetişdirir. Elə şəxsiyyətlər
də var ki, onlar zamanın fövqünə ucalmağı
bacarırlar. Belə şəxsiyyətlər bəzən
zamanında ətrafdakılar tərəfindən qəbul
olunmur, zamanı qabaqladıqlarına görə hətta
ictimai qınağa tuş gəlirlər. Lakin elə
zamanın özü də onlara bəraət
qazandırır. Haqqında söhbət açmaq istədiyimiz
insan bu cür şəxsiyyətlərdəndir - Novruz Kərim
oğlu Rizayev. 1920- 40-cı illərin repressiyalarının
qurbanlarından bəhs edərkən, bir qayda olaraq,
şüurumuzda, düşüncələrimizdə Azərbaycanın
say-seçmə ziyalılarının adları canlanır və
hamı birmənalı olaraq bu ədalətsizliyə görə
partiya-sovet və təhlükəsizlik orqanlarını
qınayır. Lakin heç də hamı bu repressiyalara
qarşı çıxanların sırasında elə təhlükəsizlik
orqanlarında çalışan vicdanlı məmurların
da olduğu barədə kifayət qədər məlumata
malik deyil. Sovetlər İttifaqının tərkib hissəsi
olan Azərbaycanın təhlükəsizlik orqanları
keşməkeşlərlə dolu uzun tarixi yol qət
etmişlər. Əfsuslar olsun ki, bu tarix müsbət hadisələrlə
yanaşı, qaranlıq səhifələrə də
şahid durub.
Mart ayının 28-də
Azərbaycan təhlükəsizlik orqanlarının
yaradılmasının 90-cı ildönümü tamam olur. Bu
orqanların yaradılmasında Novruz Kərim oğlu Rizayevin
də özünəməxsus rolu olub. O, 1886-cı ildə Azərbaycanın
Naxçıvan vilayətinin Ordubad şəhərində
qulluqçu ailəsində anadan olub. N.Rizayev fəhlə kimi
əmək fəaliyyətinə başlayaraq xalq komissarı
vəzifəsinədək yüksəlmişdi. 1905-ci ildən
inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin
iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq
Culfa-Təbriz şosse yolunda müxtəlif vəzifələrdə
çalışıb, məhz bu dövrdə İran Azərbaycanında
baş verən milli özünüdərk proseslərində
iştirak edib və həm də çar rejiminin təqibləri
ilə üzləşib. Qeyd etmək lazımdır ki, həyatının
bu dövrü sonradan ona qarşı sovet cəza aparatı tərəfindən
irəli sürülmüş qondarma ittihamların
ayrılmaz tərkib hissəsini təşkil edirdi. Oktyabr
çevrilişi və Azərbaycanın sovet Rusiyası tərəfindən
işğalından sonra uzun müddət sovet partiya
orqanlarında rəhbər vəzifələrdə
çalışan Novruz Rizayev 1927-ci il mayın 22-dən
Fövqəladə Komissiyadan sonra adını dəyişərək
Dövlət Siyasi İdarəsi kimi fəaliyyət göstərmiş
təhlükəsizlik orqanına başçılıq
etmişdi. Lakin dəyişən yalnız forma idi, məzmun
isə dəyişməmişdi və bu orqanlar dövlətin
yürütdüyü ideoloji xəttə qulluq edən
repressiya aləti idi. Novruz Rizayev həqiqi əqidə sahibi kimi
sovet ideologiyasının onun xalqının ümdə problemlərini
həll edəcəyinə ümid bəsləyirdi. Lakin hər
keçən gün onu öz inamında
yanıldığı qənaətinə gətirirdi. O, bu vəzifədə
çalışdığı müddətdə müvafiq
orqanda özünü büruzə verən nöqsanları kəskin
şəkildə pisləmiş və onların aradan
qaldırılması üçün səylər göstərmişdir.
Novruz Rizayev mərkəzə yazdığı məktublarda dəfələrlə
repressiyalara, xalqımıza qarşı həyata keçirilən
əsassız siyasi təqiblərə qəti
etirazlarını bildirmişdi. Müttəfiq respublikalarda
milli mənlik şüurunun oyanmasının
qarşısını almaq üçün total repressiyalara
rəvac verən mərkəzi hökumət nəinki bu
müraciətlərə biganə qalır, söz sahibi olan
insanları sıradan çıxarmaqla milləti intellektual
elitadan məhrum etməyə yönəlmiş siyasət
yürüdürdü. Novruz Rizayevə qarşı qondarma
ittihamlara o qədər geniş meydan verilir ki, hətta mərkəzi
mətbuat orqanı olan "İzvestiya" qəzeti
"Sovet aparatında jandarmlar" adlı məqalə dərc
etdirir. Məqalədə Novruz Rizayev əksinqilabçı təşkilatlarla
əlaqədə, dövlət əmlakına laqeyd münasibətdə
ittiham olunur. N.Rizayev Moskvaya - Orcanekidzeyə, Molotova, Yaroslavskiyə
ünvanladığı məktubda özünə
qarşı irəli sürülmüş ittihamları
tutarlı dəlillərlə təkzib edir, təmiz
adının qarayaxmalardan müdafiə olunmasını tələb
edir.
Təhlükəsizlik orqanlarında çalışan və dövlətin cəza aparatının həyata keçirdiyi repressiyaların forma və metodlarına dərindən bələd olan Novruz Rizayev Moskvanın bu məkrli niyyətlərinin həyata keçirilməsi yolunda ciddi əngələ çevrilirdi. Məhz bu səbəbdən o, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Lakin bu addımı atan şəxslər onu siyasi səhnədən tam uzaqlaşdıra bilmədilər. Bunu N.Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir. Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışan Mirzoyan dəvət edir və burada da erməni məkrinin izləri görünməkdədir. Azərbaycan ziyalılarına, məmurlarına qarşı başlanılmış istintaq işlərinin əksəriyyətini erməni müstəntiqləri aparıb və ermənilər bolşevik, menşevik, daşnak kimi örtüklər altında pərdələnsə də, erməni siyasətinin mahiyyəti dəyişməyərək millətimizə qarşı kökləri tarixə gedən düşmənçilikdən qaynaqlanıb. İstintaq materiallarından məlum olur ki, Novruz Rizayev ilə üzləşdirmədə Mirzoyan ona qarşı çıxır, Rizayevin Qazaxıstan millətçiləri ilə əlaqədə olduğu barədə ittihamlar irəli sürür və buradan belə qənaətə gəlmək olar ki, azərbaycanlılara qarşı repressiyalar əslində bir zəncirin həlqələridir və bu, millətimizin say-seçmə oğullarının məhv edilərək sonradan onun taleyi ilə bağlı qəbul olunacaq ədalətsiz qərarlara qarşı müqavimət gücünü zəiflətməyə hesablanıb. N.Rizayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir. Maraqlıdır ki, onun barədə həbs-qətiimkan tədbirinin şeçilməsi haqqında qərara da Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi İdarəsinin 2-ci şöbəsinin rəisi Qriqoryan razılıq verir. Bu işi aparan müstəntiqlərin səriştəsizliyinin, savadsızlığının və onların bu işləri tələm-tələsik bitirməkdə maraqlı olmasının bariz nümunəsi kimi müttəhimin həbsi haqqında qərarda məhkumun doğulduğu Ordubad şəhərinin İrana mənsubiyyəti barədə məlumatın özünə yer tapması faktını göstərmək olar.
1939-cu il
avqustun 2-də Qazaxıstan
SSR Xalq Daxili İşlər Komissarlığı
qoşunlarının Hərbi
tribunalının məhkəməsinin
qərarına əsasən
bəraət almasına
baxmayaraq, 1940-cı il
yanvarın 5-də saxtalaşdırılmış
sənədlər əsasında
təkrar həbs olunmuş və SSRİ
Ali Məhkəməsinin Hərbi
Kollegiyasının hökmü
ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilmişdir. 1955-ci il mart ayının
19-da N.Rizayev SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyasının
Sərəncamı ilə
bəraət almışdı.
Novruz Rizayev şəxsiyyətinin
layiqli qiymətini zəngin və mənalı ömür yolunun 25 ilini təhlükəsizlik orqanlarında
yorulmaz fəaliyyətdə
keçirmiş ulu öndər Heydər Əliyev verir. Heydər
Əliyev Milli Təhlükəsizlik Nazirliyinin
şəxsi heyəti
ilə görüşlərinin
birində Novruz Rizayev barədə bu fikirləri söyləmişdi:
"Qısa müddət
- 1926, 1927, 1928-ci illərdə Novruz Rizayev bu orqana rəhbərlik
edibdir. Amma onun başına da sonra çox böyük bəlalar
gətiriblər, Tarixdən məlumdur və mənim xatirimdədir,
1956-cı ildə Mircəfər Bağırovun qrupunun məhkəməsi
zamanı Novruz Rizayevin istintaq işinin içindən onun
Stalinə göndərdiyi bir məktubu
çıxmışdı. Bu, çox məşhur məktubdur
o, çox cəsarətli, çox əqidəli bir insan kimi
o məktubda 1937-38-ci illərdəki kütləvi repressiyalara
qarşı etirazmı, hiddətini açıq-aydın
bildiribdir. Çox məşhur məktub idi, o vaxtlar bizim mətbuatda
da ondan istifadə etdilər. Ona görə də, xatirimdədir,
mən Dövlət Təhlükəsizliyi Komitəsində
işləyərkən biz Novruz Rizayevin adını əbədiləşdirdik.
Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə
tanış oldum. Çox dəyərli bir insan olmuşdur və
xalqına çox sədaqətlə xidmət
etmişdir"
Əlbəttə, məhz
Heydər Əliyev dühası öz sələfinə bu
qiyməti verə bilərdi. Çünki, məhz Heydər Əliyev
təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə
çalışdığı müddətdə bu
orqanların millilışdirilməsi işində əsaslı
dönüş yaratmış, azərbaycanlıların
xüsusi ixtisas təhsili alması və irəli çəkilməsi
yolunda məqsədyönlü və ardıcıl fəaliyyət
göstərmişdir.
Bu gün 90 illik zaman məsafəsində
bu tarixi şəxsiyyətlərin ölməz xatirələri
qədirbilən insanların sayəsində mərdlik və
peşəkarlıq nümunəsi kimi yaşayır.
525-ci qəzet.- 2009.- 18 mart.- S.4.