Milli təhlükəsizlik
orqanlarının 90 illiyi
Bakı Dövlət Universitetində qeyd olunub
Dünən Bakı
Dövlət Universitetində (BDU) Azərbaycan milli təhlükəsizlik
orqanlarının yaranmasının 90 illik yubileyinə həsr
olunan tədbir keçirilib. Tədbirdə Milli Təhlükəsizlik
Nazirliyi (MTN) əməkdaşları, Milli Məclisin
deputatları, alim və tələbələr iştirak ediblər.
BDU-nun rektoru Abel Məhərrəmov MTN-in keçdiyi şərəfli
inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin bu quruma
göstərdiyi diqqət və qayğıdan
danışıb. Dövlətçiliyin, milli maraqların
etibarlı şəkildə qorunmasında MTN-in mühüm
rolunu qeyd edən rektor, əlamətdar gün münasibətilə
qurumun rəhbərliyini və əməkdaşlarını təbrik
edib.
Milli təhlükəsizlik
nazirinin müavini Əli Nağıyev Azərbaycan təhlükəsizlik
orqanlarının yaranma tarixi, inkişaf mərhələləri,
dövlətçiliyin qorunmasındakı xidmətləri
barədə məlumat verib. O bildirib ki, 1919-cu il martında
yaradılan Azərbaycan təhlükəsizlik orqanları
çətin, amma şərəfli tarixi yol keçib.
Ümummilli lider Heydər
Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik
orqanlarında çalışdığını və bu
quruma rəhbərlik etdiyini xatırladan nazir müavini, ulu
öndərin xüsusi xidmət orqanlarının
formalaşmasında və inkişafında böyük rolu
olduğunu qeyd edib: "1993-cü ildə xalqın təkidi
ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıdandan sonra onun diqqət və qayğısı sayəsində
Milli Təhlükəsizlik Nazirliyinin işi yenidən quruldu. Qurumun
fəaliyyəti xeyli təkmilləşdirildi. Ölkənin
müstəqilliyi əleyhinə yönələn
qəsdlərin qarşısının alınmasında,
milli maraqların qorunmasında təhlükəsizlik
orqanları bütün səylərini səfərbər
etdi. Xarici xüsusi xidmət
orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, beynəlxalq
terrorçuluğa, narkotik
vasitələrin qanunsuz
dövriyyəsinə və
transmilli mütəşəkkil
cinayətkarlığın digər təzahürlərinə
qarşı mübarizə
istiqamətində mühüm
tədbirlər həyata
keçirildi. Bu
tədbirlər ölkənin
beynəlxalq aləmdə
nüfuzunun daha da yüksəlməsinə,
digər tərəfdaş
dövlətlərin müvafiq
strukturlarının bu
sahədə MTN-lə
əlaqələrinin genişləndirilməsinə
zəmin yaratdı".
Milli maraqların və
mənafelərin qorunması naminə qazanılan uğurlardan
bəhs edən nazir müavini, milli təhlükəsizlik
orqanlarının hər bir əməkdaşının bundan
sonra da vətənə, dövlətçiliyə ləyaqətlə
xidmət edəcəyini vurğulayıb.
Heydər Əliyev
adına MTN Akademiyasının rəis müavini Şahin
Sultanov ümummilli liderin müvafiq sərəncamı ilə
yaradılan akademiyanın fəaliyyəti barədə
danışıb. Rəis müavini təhsil müəssisəsində
müasir tələblərə cavab verən tədris şəraitinin
yaradıldığını və burada yüksək
ixtisaslı, bacarıqlı kadrlar
hazırlandığını deyib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2009.- 18 mart.- S.2.