Azərbaycan muğamı yeni
inkişaf mərhələsindədir
Məhz
Mehriban xanım Əliyevanın diqqət və
qayğısı sayəsində gənclərdə milli
musiqiyə maraq artmaqdadır
Dünən ölkəmizdə
keçiriləcək “Muğam aləmi” Beynəlxalq Muğam
Festivalı çərçivəsində reallaşacaq Beynəlxalq
Elmi Simpoziuma dair mətbuat konfransı keçirilib.
Konfransı təhsil naziri Misir Mərdanov açaraq son illər
Azərbaycan mədəniyyətinin, xüsusilə də,
muğamının inkişafında YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
rolunun əvəzsiz olduğunu deyib. M.Mərdanov bildirib ki, məhz
ölkənin birinci xanımının muğama göstərdiyi
diqqət və qayğı nəticəsində gənclərdə
bu sahəyə böyük maraq oyanıb. Beynəlxalq
Muğam Festivalında iştirak etmək haqqı qazanan
respublika müsabiqəsinin gənc qaliblərinin
istedadlarından razılıq edən nazir onların püxtələşməsi
üçün dövlət tərəfindən yaradılan
imkanlardan danışıb. Nazir onu da bildirib ki, Azərbaycanda
ilk dəfədir ki keçiriləcək simpoziumda ABŞ,
Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland,
Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan,
Tacikistandan olan alimlər və musiqi xadimləri iştirak edəcəklər.
Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və
Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən
30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı var.
Simpoziumda etnomusiqişünaslıq elminin məşhur
simalarından Nyu-York şəhər Universitetinin professoru,
YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri
professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi
musiqi sahəsi üzrə Beynəlxalq Şuranın
vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən
Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri
professoru Hiromi Lüter Sakata, eləcə də, MDB ölkələrindən
Özbəkistandan Rövşən Yunusov, Moskva
Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən
“Akademiya makoma”nın direktoru Abduvali Abduraşitov iştirak edəcəklər.
Seksiyaların iclasında Azərbaycanın, İranın,
Türkiyənin, Pakistanın, Hindistanın, Tunisin, Özbəkistanın
və Tacikistanın musiqi mədəniyyətinə həsr
olunan məruzələr dinləniləcək.
Simpoziumun mahiyyətindən
söhbət açan Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadə bildirib ki, muğama yaxın olan musiqi
ənənələrinə həsr olunan elmi
görüşlər xüsusi tarixi əhəmiyyət kəsb
edir. Xalq artistinin sözlərinə görə, simpoziumun
işinə BBC radiosunun “Word Routes” musiqi proqramının
aparıcıları, tanınmış musiqi xadimləri
professor Lyusi Düran və Ceyms Parkin, “Pan Rekords”
kompaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya
musiqisinin Böyük Britaniyada təbliğçisi “Azian
Serkyüt” kompaniyasının meneceri Viram Casani və digər
tanınmış simalar qatılacaq. Sözügedən
festival və simpozium sayəsində Azərbaycan
muğamının daha da inkişaf edəcəyini
vurğulayan F.Əlizadə paralel olaraq muğamın
dünyada populyarlıq qazanacağını dilə gətirib.
Xatırladaq ki, mart
ayının 20-də Beynəlxalq Muğam Mərkəzində
təntənəli açılışı baş tutacaq
“Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının prezidenti
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı,
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi
ilə reallaşacaq festival konsertlərində 10 ölkədən
musiqiçilər çıxış edəcəklər.
Konsertlər beş gün müddətində Beynəlxalq
Muğam Mərkəzində keçiriləcək. Konsertlərdə
Azərbaycan muğam ustalarının ifasında 7 əsas Azərbaycan
muğamı ifa olunacaq. Festival çərçivəsində
Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək
konsertlərdə Silvio Sergio Barbato və Fəxrəddin Kərimovun
dirijorluğu ilə F.Əmirovun “Şur”, “Kürd
Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik
muğamları, Niyazinin “Rast” simfonik muğamı, o cümlədən,
Aqşin Əlizadənin “Muğamvari” simfoniyası, Nazim Əliverdibəyovun
“Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirovun
“Füzuli” kantatası səsləndiriləcək. O ki
qaldı Azərbaycan Dövlət Opera və Balet Teatrında
Azərbaycan bəstəkarlarının muğam
operalarına, tamaşaçılara Ü.Hacıbəylinin
“Leyli və Məcnun”, Z.Hacıbəyovun “Aşıq Qərib”
operası təqdim olunacaq. Caz Mərkəzində isə
etno-caz musiqisi axşamları planlaşdırılıb.
Onu da qeyd edək ki, I
Beynəlxalq Muğam Festivalında iştirak etmək
üçün YUNESKO-nun baş direktoru Koisiro Matsuura da Azərbaycana
təşrif buyuracaq. Səfər çərçivəsində
martın 19-da baş direktor YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva ilə görüşəcək. O ki
qaldı sözügedən festivalın təntənəli
bağlanış mərasiminə, tədbir martın 25-də
Heydər Əliyev Sarayında reallaşacaq.
Turanə QADİR
Yeni Azərbaycan.-2009.- 18 mart.- S.4.