Moskvada "Ocaq" Cəmiyyətinin 20 illiyi qeyd olunub

 

Rusiyanın paytaxtı Moskvadakı Mərkəzi Ədiblər Evində "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin 20 illik yubileyilə bağlı mərasim keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Cəmiyyət sədri, Ümumrusiya Azərbaycanlıları Konqresi rəyasət heyətinin üzvü, professor Tofiq Məlikli bildirib ki, Moskvada Azərbaycan milli-mədəni cəmiyyətinin yaradılması ideyası ilk dəfə ötən əsrin 60-cı illərində ortaya çıxıb: "O vaxtlar biz - Moskvadakı ali məktəblərdə və elmi tədqiqat institutlarında təhsil alan bir neçə aspirant düşündük ki, nə üçün macar, polyak, bolqar və başqa millətlərdən olan tələbələrin, aspirantların həmyerlilər birliyi var, amma azərbaycanlıların belə bir qurumu yoxdur. Sonralar, 1988-ci il dekabrın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin yaradılması barədə qərar qəbul edildi". Bununla da Moskvada yaşayan minlərlə azərbaycanlı öz mədəniyyətilə sıx təmasda olmaq, ana dilini, tarixini öyrənmək, milli mənafeyini müdafiə etmək imkanı qazanıb. "Ocaq" Ukraynanın "Flavutiç"i və yəhudilərin "Şalom"u ilə yanaşı, Moskvada qeydə alınmış ilk üç təşkilatdan biri olub. "Ocaq" fəaliyyət göstərdiyi 20 il ərzində daim Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və tarixinə dair silsilə tədbirlər, dəyirmi masalar, mühazirələr, ana dili kursları, bazar günü məktəbi təşkil edib. Bu məktəbdə Azərbaycanın əməkdar mədəniyyət işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir. "Ocaq" cəmiyyəti 1997-ci ildə Moskva Təhsil Departamentinin köməyi ilə Azərbaycan etnomədəni yönlü 157 nömrəli orta məktəbin açılmasına nail olub: "Cəmiyyətin yaranmasından 3 ay sonra - 1989-cu ilin martında ilk dəfə rəsmən milli bayramımız Novruzu qeyd etmişik. "Ocaq"dan sonra Novruzu öz bayramı sayan digər milli-mədəni birliklər də onu qeyd etməyə başladılar".

Yubiley mərasimində Azərbaycan mədəniyyəti cəmiyyətinin yaradılması barədə videoçarxın nümayişindən sonra ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından səfirliyin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, Moskva merinin müavini və Şəhər Regionlararası Əlaqələr Milli Siyasət Komitəsinin sədri adından onun müavini V.Nujdin, Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova, Moskva Millətlər Evinin direktoru Pyotr Lempard, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov, ÜAK-ın icraçı direktoru Eldar Quliyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, 157 nömrəli Azərbaycan etnomədəni yönlü məktəbin direktoru Aida Quliyeva və başqaları təbrik nitqi söyləyiblər.

Tədbir cazmen Vaqif Sadıxovun, müğənnilər Sərxan Sərxan və Əbdül Xaliqin, tarzən Qorxmaz Axundovun, Parisdə yaşayan Azərbaycan pianoçusu Renara Axundovanın, 157 nömrəli məktəbin rəqs kollektivinin, eşitmə imkanları məhdud uşaqlardan ibarət "Buta" ansamblının iştirakı ilə konsert və teatrlaşdırılmış səhnəciklərlə davam etdirilib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 19 mart.- S.7.