80 yaşın
işığında
Artıq
ömrünün 81-ci baharına qədəm qoymağa
hazırlaşan Abbas Əli oğlu Mazanov 1929-cu il martın
19-da təbiətin bahara qovuşduğu bir gündə, xalq
şairimiz H.Arifin təbiri ilə desək: "Ayağı ləpəli,
başı bulaqlı" Göyçənin Cil kəndində
dünyaya göz açıb. O, hər azərbaycanlıya
nümunə ola biləcək keşməkeşli həyat
yolu keçib. Biz də bu böyük ömrün bəzi
maraqlarını oxucularımızın diqqətinə
çatdırırıq.
Müharibənin
odu-alovu gənc Abbas Mazanovun arzularını qarsalasa da, tamam
yandırıb külə döndərə bilmədi. Oxumaq, təhsilini davam etdirmək
istəyi onu bir an da rahat buraxmırdı. Nəhayət, bu istək, bu həvəs onu Qazax
Pedaqoji Texnikumuna gətirib çıxardı. O günləri
belə xatırlayır:
"1946-cı il avqustun
26-sı idi. "Duzdaq təpə" deyilən
sərnədə kotanla yer şumlayırdım. Kəndimizdən tay-tuşum olan bir neçə
uşağın oxumağa getdiyini eşitmişdim.
Günorta işimi dayandırıb hodaxlara dedim ki, dənizə
çimməyə gedirəm, bir azdan qayıdacağam. Göyçə gölünün kənarına
çatıb bir yük maşını ilə Sevana, oradan da
Qazaxa gəldim. Artıq axşam
düşürdü. Şəhərin
girəcəyində bir qanqallıqda oturdum və buradaca məni
yuxu tutdu. Oyananda saat təxminən on bir
olardı. Soraqlaşa-soraqlaşa Pedaqoji
Texnikumu tapdım. 7-ci sinfi bitirdiyimi
söylədim. (halbuki 5-ci sinfi
bitirmişdim). Deyəsən inanmadılar, məndən
imtahan götürdülər. İki
aldım. Nə edəcəyimi bilmirdim.
Geriyə yol yox idi. Kəndə
qayıdası deyildim. 1946-cı ilin
iyununda 1941-1945-ci illərdəki əməyimə görə
"Şərəfli əməyə görə"
medalı almışdım. Həmişə
onu üstümdə gəzdirirdim. Həmin
medalı yaxama taxıb məktəbin direktoru Gülzar
xanımın otağına getdim. Elə
bilirdim ki medalı görüb məni yuxarı başa
keçirəcəklər. İmtahandan
aldığım qiyməti biləndə Gülzar xanım
duruxdu. Dedim ki, müharibə illərində bizə dərs
keçən yox idi. Kolxozun işini də biz
uşaqlar görürdük. Yaxamdakı
medalı göstərib əlavə etdim ki, bu medalı da
yaxşı işlədiyimə görə veriblər. Xahiş edirəm adımı jurnala yazmasanız da
icazə verin dərslərdə oturum. Gülzar xanım
buna icazə verdi.
Sinifdə
şagird çox olduğundan parta
çatışmırdı. Şagirdlərin bir
hissəsi ayaq üstə qalırdı. Bəzi
müəllimlər oturmağa yer tapmayanları sinifdən
çıxarırdılar. Tələbə
yoldaşlarım mənə çox kömək etdilər.
Həm partada yer verirdilər, həm də
başa düşmədiklərimi izah edirdilər.
Tələbələrin
əksəriyyəti yaxın rayon və kəndlərdən
idilər. Bazar günü evlərinə
gedirdilər.
Tənəffüs
vaxtı da məktəbin həyətinə çıxmaz,
sinifdə qalıb dərslərimi təkrarlayardım. Bir dəfə
belə tənəffüslərin birində yenə sinifdə
tək idim.
Tanımadığım bir oğlan içəri girib bu
sinfin əlaçısının kim
olduğunu soruşdu. Mən cavab verdim ki, bir nəfər
əlaçı var, o da Mazanov Abbasdır. Oğlan əlindəki dəftərə nəsə
qeyd edib getdi.
I rübün
yekununa dair divar qəzeti çıxarmışdılar. Mənim
adım da əlaçılar siyahısındaydı (halbuki hələ
adım tələbələr siyahısında yox idi). Mən yenə direktorun yanına gedib bu haqda məlumat
verdim və xahiş etdim ki, adımı jurnala yazsınlar.
Gülzar xanım Kamal adlı katibini
çağırıb dediklərimin doğru
olub-olmadığını yoxlamağı
tapşırdı. Kamal da çox çəkmədən
qayıdıb gəldi və adımın divar qəzetində
olduğunu təsdiqlədi. Elə həmin
gün adım jurnala yazıldı. Məktəbin
bütün ictimai işlərində fəal iştirak
edirdim. İdman yarışlarında
seçilirdim və mükafatlandırılırdım.
1950-ci ildə texnikumu fərqlənmə diplomu
ilə bitirən üç nəfərdən biri də mən
oldum. Həmin ilin sentyabrında
Basarkeçər rayonunun Pəmbək kəndinə müəllim
təyin edildim. May ayında isə hərbi
xidmətə çağrıldım. Ordu
sıralarından qayıtdıqdan sonra bir müddət öz
doğma kəndimizdə müəllim işlədim.
A.Mazanov 1956-cı ildə
keçmiş Ermənistan SSR-in Krasnoselo Rayon Komsomol Komitəsinə
katib təyin edilir. Son dərəcə məsuliyyətli,
işgüzar, gözəl təşkilatçı olması
gənc A.Mazanovun həyatında yeni mərhələlər
açdı.
Belə ki, o, Krasnoselo Rayon Partiya komitəsinin I
katibi Yunis Rzayevin zəmanəti və təqdimatı ilə
Bakı Ali Partiya məktəbinə göndərildi. 1962-ci ildə fərqlənmə diplomu ilə
doğma yurduna qayıtdı.
Onu kimlərsə tərəfindən
camaatı arasına hərc-mərclik toxumu səpilmiş Cil
kolxozunun idarə heyətinə sədr seçdilər.
Abbas müəllim
qısa müddətdə hər şeyi yoluna qoydu. Kolxoz
respublikanın ən qabaqcıl təsərrüfatları
sırasına çıxdı. Kolxozun vəsaiti
hesabına kənddə uşaq bağçası, tibb məntəqəsi-xəstəxana,
baytar məntəqəsi, hamam, ikimərtəbəli məktəb
binası, dəyirman tikilib istifadəyə verildi və
onların idarəsi yerli kadrlara tapşırıldı.
Məcrasını kənddən
xeyli aralıdakı ayna bulaqlardan götürən su kəmərinin
çəkilməsi də A.Mazanovun doğma el-obasına xidmətinin
bariz nümunəsi idi. Kənddə dövrün tələblərinə
cavab verə bilən rabitə şöbəsi
açdırdı, klub tikdirdi, kino qurğusu gətirtdi və
həmin qurğunu işlətmək üçün
Bakıya kinomexaniklik kursuna yerli camaatdan adam göndərdi.
Kənd
uşaqlarının təhsilini də həmişə diqqət
mərkəzində saxlayır, yerli pedaqoji kadrların
hazırlanmasına xüsusi səy göstərirdi.
Hər il sentyabr
ayının 1-də məktəbə gəlir, birinci sinfə
qəbul olunmuş uşaqları təbrik edir, onlara dərsliklər
verirdi. Abbas müəllim pedaqoji kollektivlə həmişə
sıx əlaqə saxlayır və köməyini əsirgəmirdi. Səkkizillik məktəbin
orta məktəbə çevrilməsi də onun adı ilə
bağlıdır
1975-1983-cü illərdə
A.Mazanov Krasnoselo Rayon İcraiyyə Komitəsinə
başçılıq edib. Əhalisinin 60 faizindən çoxu
azərbaycanlılar olan rayon camaatının Bakıya rahat
gedib-gəlməsi üçün Krasnoselo-Bakı
marşrutunun açılması məsələsini ortaya
qoydu. Həm
Azərbaycan, həm də Ermənistan nəqliyyat nazirliklərinə
rəsmi müraciət etdi. Ermənilər min
bir vəchlə rayon ərazisindəki Martuni döngəsinin
və Darama aşırımının iri
maşınların (ikarusların) gediş-gəlişinə
yaramayacağını bəhanə gətirdilər. Bu bəhanəni aradan götürmək
üçün Abbas müəllim Ermənistan Yol-Tikinti
nazirini məsələyə cəlb etdi.
Nazir vəziyyətlə
yerindəcə tanış olub Gölkənd-Krasnoselo
keçidini tikməyə icazə verdi. Bir ilə o yol çəkildi. Birbaşa
Bakı-Krasnoselo telefon xəttinin çəkilişi də
Abbas müəllimin xidmətidir. Abbas
müəllim iti ağlı, dərin zəkası, uzaqgörən
siyasəti ilə erməniləri yerində oturtmağı
bacarırdı.
Hələ 1959-cu ildə
ermənilər tərəfindən Krasnoselo və
Basarkeçər rayonları ərazisindən keçməli
olan Sevan-Zod dəmiryolunun layihəsi
hazırlanıbmış. 80-cı illərin əvvəlində həmin dəmiryol
xəttinin çəkilişinə hazırlıq işləri
görüləndə Abbas müəllim çox çətinlikdən
sonra həmin layihə ilə
A.Mazanov qəti qərar
verdi: nəyin bahasına olursa-olsun dəmiryol xəttinin
yönü başqa səmtə salınmalıdır. Bu məsələ
ilə bağlı hansı idarənin qapısını
açdısa, orada soyuq münasibətlə
qarşılaşdı. Yerli hakim dairələri onun sözünə
məhəl qoymurdular.
Böyük
ümid hissi ilə SSRİ Nazirlər Sovetinin sədri Kosiginə
teleqram vurdu. Moskvadan gələn nümayəndələr ədalətli
qərar verdilər. Dəmiryol xətti əkinə
yararsız olan qumsal sahələrdən keçməli oldu.
O, erməni dilini
yaxşı bildiyindən camaatının, kolxozunun
haqqını cəsarətlə tələb edir, lazım gələndə
ortaya tutarlı faktlar qoymağı bacarırdı.
1967-ci ilin
fevralında Kənd Təsərrüfatı
İşçilərinin Respublika toplanışı
keçirilirdi. Ermənistan KP MK katibi
çıxış etdi. Bu
çıxışda qabaqcıllar sırasında bir azərbaycanlının
da adı çəkilmədi. Elə
oradaca kiçik bir məktub yazıb katibə
ünvanladı. Fasilə vaxtı katib onu
çağırtdırıb nədən narazı
olduğunu soruşdu. Cavab verdi ki, məruzədə
bir nəfər də azərbaycanlının adının
çəkilməməsini mən yaxşı hal saymıram.
Bir erməni xisləti də burada üzə
çıxdı. Məlumdur ki,
qabaqcıllar haqqında məlumatı hər rayonun
İstehsalat idarəsi təqdim edir. Deməli,
qabaqcıl azərbaycanlıların adı heç
aşağıların siyahısında da yoxmuş".
Bu görüşdə
fürsətdən istifadə edib kolxozun böyük bir
problemi-suvarmada qarşılaşdıqları çətinliklər
haqda da söz açdı. Katib Respublika Suvarma-Tikinti İdarəsinin
rəisini çağırıb bu işlə məşğul
olmağı tapşırdı. Məqsəd
Göyçə gölündən əkin sahələrinə
su gətirmək idi. Rəis dedi ki, bu il
su qurğusu üçün stansiya tikintisini başa
çatdırın, gələn il qurğunu-nasosu verərik
quraşdırarlar.
Oradan qayıdan kimi
kolxozun gəliri və kəndin işçi qüvvəsi
hesabına tikinti başlandı. Əlverişsiz hava şəraitində,
şaxtada bütün əziyyətlərə qatlaşaraq
işi davam etdirdilər. Gündüz tikir, gecə onun
üstünü samanla örtürdülər. Beləliklə, martın sonunda tikinti başa
çatdı. Suvarma-Tikinti İdarəsinin
rəisi stansiyanın hazır olduğunu eşidəndə təəccüb
etdi ki, 40-45 günə bu işi necə gördünüz?
O, tikintinin
açılışına gəldi və məcbur olub dediyi
vaxtdan əvvəl nasosu - su qurğusunu göndərdi. Artıq
həmin ilin yayında avtomat su qurğusu işə
salındı.
Abbas müəllim
ensiklopedik məlumata malik olan ziyalılarımızdandır. O, dərin mütaliə
sahibidir. Tariximizin, ədəbiyyatımızın,
xüsusən, folklorumuzun dərin bilicisidir. Saza, sözə mizan-tərəzi ilə
yanaşandır. Aşıq
yaradıcılığının, o cümlədən
Göyçə aşıq məktəbinin həvəskar
araşdırıcısıdır. Onun
saz və söz sənətimiz, Miskin Abdal haqqında olan
mülahizələrinin hərəsi samballı bir tədqiqat
əsəri timsalındadır. Abbas müəllim
xalqımızın gözəl adət-ənənələrini
dərindən bilir, onu sevib qoruyur, təbliğ edir. Abbas müəllim şeir həvəskarıdır,
həm də gözəl saz ifaçısıdır.
O, nə gözəl şeir oxumaqdan, nə də gözəl
şeir yazmaqdan keçən deyil. Mayası yurd
şevgisi, Vətən həsrəti, doğma od-ocaq
yanğısından yoğrulmuş şeir dünyası hikmət
xəzinəmizdən bəhrələnərək
özünəməxsus sənət nümunələrinə
çevrilib.
"Göyçə
kimi intizarda elim var" kitabında toplanmış əsl vətəndaş
haraylı, Şəhriyar deyimli şeirlər buna canlı
nümunədir.
Hanı Cavad, Məsəd
İsa.
Məsəd
Qasım, Qara Musa,
Deyin,
Göyçə batıb yasa.
Qoy titrəsin
Yer kürəsi,
Qoy
məhv etsin bu məhbəsi.
Təəccüb
edirsən ki, addımbaşı erməni
ikiüzlülüyü, hiyləgərliyi ilə
qarşılaşan Abbas müəllim bu qədər
böyük işlər görərkən, mütaliə ilə,
ədəbiyyatla məşğul olmağa necə vaxt
tapıb?
Sonra belə qənaətə gəlirsən: Deyəsən,
Abbas müəllimin qoluna qüvvət, dizinə taqət, qəlbinə
qurub-yaratmaq eşqi, bir də Vətənə məhəbbət,
insana qayğı hissi verən ədəbiyyatımızın
tarixlərdən süzülüb gələn çeşmə
qaynağı olub. Xalq şairimiz M.Araz da hələ 1971-ci ildə
"Söhbət kənd problemindən gedir" adlı məqaləsində
bir qrup təsərrüfat rəhbəri ilə (onların
arasında Abbas Mazanov da olub) görüşdən
aldığı təəssüratla yazırdı: "Bu qərara
gəlmişəm ki, deyəsən onlar təsərrüfatı
bədii ədəbiyyatla idarə edirlər. Bu
idarəetmə üsulunda insana qayğı ön planda durur".
Abbas müəllim Qərbi Azərbaycanda yaşayarkən
respublikanın komsomol, partiya təşkilatı
qurultaylarına, III Ümumittifaq Kolxozçular qurultayına
nümayəndə, Respublika Kolxozlar Şurasına üzv,
rayon kolxozlar şurasına sədr seçilmişdi. İki orden, ona qədər medal, çox sayda Fəxri
Fərman və təltiflər alıb. Alıb
deyirik ona görə ki, yuxarıda saydıqlarımız onun
böyük əməyinə verilən qiymətin çox
cüzi bir hissəsi idi. Onu da, demək
olar ki, zorla, erməniləri yandıra-yandıra
almışdı. Əsl qiyməti isə ona öz eli, obası, camaatı, bir də Ulu Tanrı
verib.
Abbas müəllimə
uşaqdan böyüyə hamı müəllim deyə
müraciət edir. Bu, başqalarına etika xatirinə deyilən
adi müraciət etiketi deyil. Bütün
varlığına hakim kəsilmiş müəllimlik onun
işində, əməlində, yaxşıya, pisə-hər
şeyə münasibətində özünü göstərir.
Hələ Göyçədə ikən elin,
obanın bütün müşkülünü həll edən
Abbas müəllim bu gün də onu tanıyanların
başbiləni, yaxın məsləhətverəni,
yolgöstərəni, güvənc yeridir.
Gülzar və Tahir İBRAHİMOVLAR
525-ci qəzet.- 2009.- 19 mart.- S.6.