"Şöhrət" muzeyi

 

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASINDAKI "ŞÖHRƏT" MUZEYİ ÜMUMMİLLİ LİDERİN ÖMÜR YOLUNU NÜMAYİŞ ETDİRİR

 

Milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin tərəqqi yolunu əks etdirən, tariximizi, abidələrimizi, irsimizi, adət-ənənələrimizi, nadir sənət incilərimizi gələcək nəsillərə çatdırmaqda əvəzsiz vasitəyə çevrilmiş muzeylərin yaradılmasına və yeniləşməsinə dövlət səviyyəsində böyük diqqət göstərilir. Son illərdə dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr, eləcə də "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli sərəncamları da muzey işinə dövlət qayğısının aydın təzahürüdür.

Qədirbilən xalqımız da öz sevimli oğlu Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə bilikləri gələcək nəsillərə çatdırmaq üçün Bakıda və digər yerlərdə ulu öndərə həsr olunan muzeylər yaradır. Bunların içərisində ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş bu dahi insanın həyat və fəaliyyətini özündə əks etdirən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyi xüsusi yer tutur. Daim milli qurtuluş və müstəqillik duyğuları ilə yaşamış Heydər Əliyevin ömür yolunu nümayiş etdirən "Şöhrət" muzeyi həm də Azərbaycanın milli təhlükəsizlik orqanlarının, eləcə də ölkəmizin inkişaf tarixini özündə təcəssüm etdirir.

Heydər Əliyev milli təhlükəsizlik orqanlarına və şəxsi heyətinə, milli kadr potensialının yaranmasına və möhkəmləndirilməsinə hər zaman xüsusi diqqət yetirib. Məhz Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla martın 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı, 1 dekabr 1998-ci il tarixli sərnəcamı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin akademiyasının yaradılması günü kimi hər il qeyd olunur.

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasındakı tədris prosesinin ana xəttini Heydər Əliyev irsi və peşəkarlıq ənənələri təşkil edir. Ulu öndərin şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də, xalqımızın gələcəyi olan gənclər üçün əsl həyat məktəbidir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyi ulu öndərin təhlükəsizlik orqanlarına və Azərbaycana rəhbərlik etdiyi, SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu, müstəqil respublikamızın memarı və qurucusu kimi fəaliyyət dövrünü əhatə edən arxiv materialları, orijinal tarixi sənədlərlə zəngindir.

Qeyd etmək lazımdır ki, "Şöhrət" muzeyinin yaradılması, tikinti-inşaat, tərtibat, üslub və dizayna qədər bütün işlərin aparılması milli təhlükəsizlik naziri Eldar Mahmudovun gündəlik nəzarətində və diqqət mərkəzində olmuşdur. Muzeyin yaradılması üçün nazir Eldar Mahmudovun göstərişi ilə tanınmış memarlardan, rəssamlardan, heykəltəraşlardan və muzeyşünaslardan ibarət komissiya təşkil olunmuşdur.

Nəhayət, bir ildən artıq müddət ərzində aparılan inşaat, quruculuq işlərinin və müasir arxitektura düşüncəsinin nəticəsi olan "Şöhrət" muzeyi yaradıldı.

2006-cı il martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına "Döyüş Bayrağı"nın verilməsi, "Şöhrət" muzeyinin və ümummilli liderin abidəsinin açılışı münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdi: "Muzeyin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir". Bu muzeyin yaradılmasında iştirak edənlərin zəhmətinə verilən ən yüksək qiymət idi.

Dörd böyük hissədən ibarət muzey özünün ən müasir tələblərə cavab verən səviyyədə kompozisiya, dizayn, işıq, ornament və qrafika tərtibatının ümumi məcmusu ilə göz oxşayır.

Muzeyin ekspozisiya baxımından birinci hissəsində ümummilli liderin uşaqlıq və gənclik illərini əks etdirən tarixi fotomateriallarla tanış oluruq.

Muzeyin daha böyük ikinci hissəsi Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı 25 illik fəaliyyətini və bu orqana rəhbərlik etdiyi dövrü əks etdirir.

Ekspozisiyanın ayrı-ayrı bölmələrində Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi bir sıra əməliyyatlar haqqında məlumat verilir. Onun tərəfindən uğurla həyata keçirilən "Duel", "Alagöz", "Naturalist", "İzuver", "Duqlas", "Axito" adlı və digər əməliyyatlar milli təhlükəsizlik orqanlarında çalışacaq hər bir gənc əməkdaş üçün əsl peşəkarlıq nümunəsidir. Bu bölmədə həmin əməliyyatlarla bağlı sənədlər, şəkillər və digər məlumatlar təfərrüatı ilə əks olunub. Bunların sırasında təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyətinə görə Heydər Əliyevin SSRİ DTK-nın rəhbərliyi tərəfindən dəfələrlə təltif olunması, 1950-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Dövlət Təhlükəsizlik Nazirliyinin rəhbər heyət üçün xüsusi ali kurslarını əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyətini davam etdirməsi barədə sənədlərlə yaxından tanış olmaq mümkündür.

Ekspozisiyada, həmçinin, erməni millətçiləri tərəfindən Dağlıq Qarabağda azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər də öz əksini tapıb. Sözügedən tabloda Heydər Əliyevin ardıcıl və məqsədyönlü səyləri nəticəsində 1962-ci ildə Dağlıq Qarabağda erməni ekstremistləri tərəfindən milli zəmində yaranan münaqişə ilə bağlı orada gedən proseslərin daim nəzarət altında saxlanıldığı qeyd olunur. Həmin tabloda Heydər Əliyevin Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar söylədiyi fikirlər verilib: "Dağlıq Qarabağ problemi çətin problem idi. Mən burada işlədiyim dövrdə - Dövlət Təhlükəsizlik Komitəsində də, respublikanın başçısı olanda da, bu problemi daim diqqət mərkəzində saxlayırdım. Biz orada gedən proseslərə nəzarət edirdik və imkan vermirdik ki, ayrı-ayrı separatçı qüvvələr baş qaldırsın".

 Azərbaycanın təhlükəsizlik orqanlarında 1950-1985-ci illərdə zabit heyətini göstərən cədvəldən məlum olur ki, 1950-ci illə nisbətdə 1985-ci ildə bu qurumda azərbaycanlı zabitlərin sayı xeyli artıb və çoxluq təşkil edib. Bu eyni zamanda, dahi rəhbərin o vaxtkı dövrdə bütün çətinliklərə və maneələrə baxmayaraq, ardıcıl, düşünülmüş surətdə Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti yürütdüyünün bariz göstəricisidir.

Həmçinin, Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əliyevin 1967-1969-cu illərdə çalışdığı iş otağının əyani təsviri, yazı masası, iri xəritə, divar saatı, general mundiri, qüsursuz xidmətinə görə aldığı təltiflər, medal və ordenlər muzeyin əsas eksponatlarındandır.

Muzeyin önündə tanınmış heykəltəraş Fuad Salayevin yaratdığı Heydər Əliyevin abidəsi və mərkəzi zalında büstü, eləcə də Azərbaycan Respublikasının Dövlət himninin və Hərbi Andın mətnləri, məşhur rəssam Tahir Salahovun tövsiyələri nəzərə alınmaqla hazırlanmış Heydər Əliyevin 1993-cü ildə Prezident inaqurasiyasında andiçmə mərasiminin, ulu öndərimizin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevlə birgə əks olunduğu panno da muzeyə xüsusi görkəm verir. Zalın qranit döşəməsinə isə zərgərcəsinə Milli Təhlükəsizlik Nazirliyinin emblemi həkk olunub. Həmin zalda, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kursantları hərbi and içir, xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılır və digər təntənəli tədbirlər keçirilir.

Muzeyin üçüncü böyük zalında 1969-1982-ci illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə respublikada gedən böyük quruculuq işlərindən, yeni sənaye obyektlərinin açılmasından, su kəmərlərinin, elektrik stansiyalarının tikintisindən, neft və qaz infrastrukturunun, kənd təsərrüfatının inkişafından, azərbaycanlı gənclərin Rusiyanın aparıcı təhsil ocaqlarına göndərilməsindən danışılır, maraqlı fotoşəkillər nümayiş etdirilir və qeyd olunur ki, bu illər ərzində 15 mindən çox tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilib.

Fəaliyyətinin Moskva dövrünü, yəni SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrü əks etdirən fotoşəkillərdə Heydər Əliyevi Kremldəki kabinetində, SSRİ Donanmasının hərbi dənizçiləri arasında, SSRİ Tibb Akademiyasının təntənəli iclasının rəyasət heyətində, Baykal-Amur magistralı qurucuları ilə görüşü haqda dolğun təəssürat almaq mümkündür.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti dövründə də Heydər Əliyev dünyanın bir sıra dövlətlərinin ən yüksək mükafatları - orden və medalları ilə təltif edilib, çoxsaylı elmi və fəxri adlara layiq görülüb.

Bölmənin daha bir ekspozisiyasında xalqımızın tarixində qara, unudulmaz, ağrılı-acılı, qanlı-qadalı, Heydər Əliyevin həyatında isə ən çətin və ən ağır anlara toxunulur: "Qanlı Yanvar hadisələrindən dərhal sonra Heydər Əliyev övladları ilə birlikdə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz kəskin etirazını bildirdi, Sovet rəhbərliyini qanlı faciə törətməkdə ittiham etdi, sovet-erməni qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdi. Az sonra isə böyük çətinlikləri dəf edib Vətənə qayıtdı. Heydər Əliyevin şəxsində özlərinə güclü rəqib görən Azərbaycanın "rəhbərləri" onun Bakıda qalmasına razılıq vermədilər və 1990-cı ilin iyulun 22-də Heydər Əliyev Naxçıvana üz tutmalı və bir müddət burada yaşamalı oldu. 1993-cü ildə dövlət parçalanma, məhvolma təhlükəsi qarşısında qaldı. 1993-cü il 9 iyunda xalqın israrlı tələbi və təkidi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, oktyabrın 3-də isə prezident seçildi".

Muzeyin sonuncu bölməsində 1993-2003-cü illərdə iki dəfə prezident seçilən Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı məqamları açıqlanır.

"Şöhrət" Muzeyini ziyarət edən qonaqlar sonda "Rəy kitabı"nda öz xatirə sözlərini yazırlar. Qürur hissi ilə etmək lazımdır ki, həmin kitabda ilk yazı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. "Şöhrət" muzeyinin açılışı zamanı dövlət başçısı xatirə kitabında bunları qeyd edib: "Heydər Əliyev muzeyinin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Gənc yaşlarından öz taleyini təhlükəsizlik orqanları ilə bağlayan Heydər Əliyev ən yüksək zirvələri fəth etmişdir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi bütün dünyada böyük hörmət qazanmışdır. Müstəqil Azərbaycanın Prezidenti kimi ölkəmiz üçün həlledici, taleyüklü anlarda həmişə cəsarət, müdriklik, vətənpərvərlik nümayiş etdirmişdir. Onun həyat və fəaliyyəti hamımız üçün örnəkdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Eyni zamanda, təhlükəsizlik orqanlarında işlədiyi dövr bizim üçün həmişə çox əziz idi. Ən kiçik vəzifədən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, general rütbəsi almış ulu öndər Azərbaycanda təhlükəsizlik orqanlarının formalaşmasında və möhkəmlənməsində müstəsna rol oynamışdır. Bu gözəl muzeyi yaradanlara öz təşəkkürümü bildirirəm. Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşlarına dövlət maraqlarımızın qorunmasında yeni uğurlar arzulayıram".

Bu möhtəşəm kompleksi ziyarət etməyə gələn qonaqlara təqdim edilmək üçün muzeyin yaranma tarixi, məqsədi və nümayiş etdirilən sənədli materialların əks olunduğu kitab, eləcə də ümummilli lider Heydər Əliyev haqqında yuxarıda adı çəkilən musiqili kompozisiyadan və muzeyə dair hazırlanmış videofilmdən ibarət iki diskin də daxil olduğu nəfis tərtibatlı, Azərbaycan, rus və ingilis dillərində kataloq da nəşr olunmuşdur.

"Şöhrət" muzeyi fəaliyyətə başlayandan 4000-dən artıq ziyarətçi muzeylə tanış olub. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı 25 illik fəaliyyətini əks etdirən nadir eksponatların çoxu yalnız bu muzeydə toplanıb. Məhz buna görə ulu öndərin zəngin və mənalı ömür yoluna bələdçilik edən bu möhtəşəm, analoqu olmayan muzeyi ziyarət etmək hər bir gəncin arzusudur.

   

Samirə İBRAHİMQIZI

 

525-ci qəzet.- 2009.- 19 mart.- S.4.