Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

 

Xəyalımda Bəxtiyar Vahabzadənin yalanlardan həqiqət səmtinə qaçan bir rəsmi var. İlk gəncliyimdən onun həyatdakı hərəkətlərini daim bu qaçışla tutuşdurmuşam. Düzü, bəzən o, reallıqda xəyalımdakı obrazından geri qalırdı da. Lakin hər halda, bu rəsm uydurulmamış, özlüyündə reallıqlardan doğulmuş, onun xarakterinə də tam uyarlıydı. Bəxtiyar müəllim həyatına zəhər qatan yalanlardan etiraflarıyla qurtulurdu. O, mənəvi yaralar həkimi idi; etiraflarını da öz mənəvi yaralarına məlhəm bilərdi.

Bəxtiyar Vahabzadə acılıqlarını söyləməyə gündüz əldə çıraq adam axtarardı; tapdıqlarından biri də Rafiq Tağı idi.

Qoy özümü öyüm. Mən dərdgötürənəm, xasiyyətimdə elə cəhətlər var ki, təkcə Bəxtiyar müəllim yox ki - təzəcə görüşdüyüm hər bir kəs məndən söz gizlətməz, tezcənə qəlbini açıb-tökər, dərdlərini birgə çalxalayarıq. Hətta yatdığım "Bayıl"da və "zona"da da belə idi. Məhkumlar müstəntiqə-hakimə, hətta doğmalarına da, açmadığı sirlərini mənə etibar edər, ürəklərini taybatay açar və yüngülləşərdilər.

Mən Bəxtiyar müəllimi ancaq etiraf anlarında görmüşəm. Onun mən bildiyim facianə həqiqətlərini, qismət olsa, bəlkə uzun illər sonra açıqlaya biləm. O, həqiqətləri söyləyəndə gözləri şəfəqlənər, bəxtiyar olardı. Bəxtiyar Vahabzadə şəxsi görüşlərimizdə mənə cəmiyyətdəkindən daha böyük görsənirdi. Deyərdim ki, onu mənim qədər nəhəng görən olmayıb.

Zamanın diktə etdiyi mövzuları Bəxtiyar müəllim peşəkar inersiya üzrə - ürəksiz, candərdi yazardı. Quruluş-cəmiyyət bütün hallarda böyük sənətkarları görünməz qəfəslərə salır; şair Bəxtiyar Vahabzadə də qəfəsdəydi. Hərçənd bu qəfəs qızıldandı və elan olunmuş heç bir siyasi azadlıq bu konstruksiyaya aşılayıcı təsir göstərmirdi.

Görünür, böyük sənətkarlar üçün azadlıq mümkünsüzdür.

Sən işə bax, Bəxtiyar müəllim kimi "imkanlı" bir şair cibində mütəmadi siçanlar oynaşan yazıçı Rafiq Tağının azadlığına heyranlığını bildirər, ona - "sən istədiyin hər şeyi yaza bilirsən, mən yox," - deyərdi. Həyat pessimistikdir və bunu görə-görə Bəxtiyar Vahabzadə illüzor işıqlı gələcəkdən, Xeyirin Şər üzərində qələbə çalacağından yazmağa məcburdu. "Ölüm sənin bütün hekayələrində özünü göstərir, mən isə ölümdən yaza bilmirəm," - yenə etiraf.

Həyatı təzadlarla dolu Bəxtiyar Vahabzadə həmişə çırpıntılarla yaşadı. O özündən də, dünyadan da narazı getdi.

Həyatımla bağlı məqamları bu gün önə çəkməyimə görə oxucuların məni qınamamasını istərdim. Mən burada Bəxtiyar müəllimin kirildəki yazılarını latına çevirmək, həm də onun gələcək tədqiqatçılarının işini asanlaşdırmaq məqsədi güdmüşəm. Məramım işıqlıdır: bu sətirləri oxuyarkən Bəxtiyar Vahabzadəmizi anmaq. Hamılıqla.

 

   26 fevral 2009-cu il

 

 I. Qəribə hekayələr

 

   (Rafiq Tağı - "Pozitiv. Neqativ". "Şur" nəşriyyatı. Bakı. 1996)

 

Bir neçə müddətdir "Yeni Müsavat" qəzetində Rafiq Tağının və Böyükkişi Heydərlinin yazılarını oxuyur, hər iki yazarın düşüncə tərzi və mənim üçün tamamilə yeni olan üslubu haqqında düşünürəm: bunlar felyetonmu, essemi, məqaləmi, yaxud da orijinal bədii düşüncələrmi? Açığını deyim ki, mən bu yazıların janrını müəyyən edə bilmirəm. Sonra da öz-özümə deyirəm ki, sənin janrla nə işin var, bu yazılar əgər səndə bədii həyəcan və dərin təəssürat oyadırsa, demək, məqbuldur.

Bu yaxın günlərdə əlimə Rafiq Tağının "Pozitiv. Neqativ" adlı hekayələr kitabı keçdi. Məmnuniyyətlə oxudum və xeyli fikrə getdim. Yenə bu janr məsələsi məni çaşdırdı. Çünki bu hekayələr nəinki bizim, həm də dünya ədəbiyyatından bizə tanış və məlum olan hekayə janrının tələblərinə müvafiq deyil. Bəs onda bunlar nədir? Hekayə janrı nə qədər qısa olsa da, onda müəyyən bir süjet xətti, izlənəsi əhvalat, obraz, onun xarakteri, düşdüyü vəziyyətdəki çırpıntıları və s. olması labüddür. Amma bu hekayələrin bir çoxunda nə süjet xətti var, nə əhvalat və bəzən obrazın daxili dünyası, iztirabları, etirazı, qəsdi və qərəzi ya heç yoxdur, yaxud da işartı və eyhamlarla verilir.

Bəs bu hekayələrdə nə var? Müəllifin dünyaya, həyata, öz mühitinə yuxarıdan eyhamlı və yumorik baxışı... Amma bu baxış necə kəskin, necə dərin və necə sarkazmlı baxışdır. Bu baxış hara zillənirsə, oranın çölündən deyil, içindən, üzündən deyil, mahiyyətindən, cövhərindən xəbər verir. Nüfuzu ilə yandırıb yaxır. Bir halda ki, bu baxış mahiyyətdən xəbər verib, yandırmaq qüdrətinə malikdir, onda bu yazıların janrı haqqında düşünməyə, onları zorla müəyyən ədəbi üslub çərçivəsinə yerləşdirməyə ehtiyac da yoxdur. Bütövlükdə götürəndə, bu hekayələrdəki cazibə cümlələr arasındakı yumorik məntiqdədir: məsələn, aşağıdakı parçada yumordan doğan məntiqə və məntiqdən doğan yumora heyran olmamaq mümkün deyil. "Saç ağ, üzlə boyun - qara, bədən də ki, kağızdan ağ. Sanki həyatda Pənah müəllimin özü yox, onun neqativi yaşayırdı. Pozitivini yalnız ilk uşaqları görmüşdü. Qanunla əvvəl neqativ çıxar, sonra pozitiv. Onda əksinəydi".

Yaxud "İnsan ömründə minimum maraqlı bir şey var ki, o da onun ölümüdür. Əfsus, insan öz həyatının mənalı yerini görmür, həm də mənasız yerləri özünə sərf edir, mənalı yeri camaata".

Bu cür eyhamlı, qeyri-adi mühakimələr, əlbəttə, həyata dərin və qeyri-adi baxışın nəticəsidir. Buna görə də müəllif hamının baxdığı, amma hamının görə bilmədiyini görür və öz gördüyünü bizə də təlqin etməyi bacarır. Bu, əlbəttə ki, həyata fəlsəfi baxışdan doğan nəticədir.

Bu da qəribədir ki, o, prosesi deyil, nəticəni yazır, o, hər şeyi yerli-yataqlı - ağı ağ, qaranı qara yerində təsvir etmir. O, neqativi göstərir, pozitivi tapmağı və görməyi oxucunun ixtiyarına verir.

"XIX əsrin sahibəsi" hekayəsində əhvalat yoxdur. Yazar XIX əsrdə qalmış Fəxrəndə xanımın həqiqətən XIX əsrdə qaldığını, yəni XIX əsrin havası ilə yaşadığını, müasir dünyaya nənəsinin gözləri ilə baxdığını həyatın dolanbaclarında göstərmir, əksinə, onun doğrudan da belə olduğu haqqında özü danışır. Sübut üçün yalnız bir faktı misal gətirir: qohumların ona aldıqları kondisioneri qəbul etmir və deyir: "İstidi - demək, Allahın məsləhəti budur".

Bununla bərabər, qəribə burasıdır ki, yazarın mühakimələri o qədər tutarlı, o qədər düşündürücü olur ki, bu mühakimələr bizi də düşündürür və qəbul etdiklərimizə bizdə də şübhə oyada bilir: "XIX əsrin üstündəki mərtəbədən əcaib musiqi səsləri gəlirdi. XIX əsrin tavanı XX əsrin döşəməsiydi"...

Yazarın bir neçə hekayəsi ("Ölü Həsən", "Sivilizasiya", "Annalar, vronskilər", "Eyvanından vağzal görünən ev" və s.) janrın mən düşündüyüm tələblərinə tam cavab verən çox gözəl hekayələrdir.

"Sivilizasiya"da maraqlı bir əhvalat var; hekayə iki hissədən ibarətdir. Birinci hissədə yaxın qohumları və qonşuları olan Kərimin onlardan inciməsinin səbəbi və izahı verilir: "Yenə aralarında sevgi ola, dərd yarıdır, qohum və qonşuluq Kərimin nəzərində sevgini əvəz edən şeylərdi".

Hekayənin ikinci hissəsində isə müəllif keçmişə qayıdır, uşaq vaxtı qohumu Kərim kişi ilə onun inəyini kolxoz buğalarına çəkdirməyə (höürə) aparması və inəyin zorla höürə məcbur edilməsindən sevinməsi təsvir olunur.

İlk baxışdan adama elə gəlir ki, bu iki əhvalatın bir-biri ilə heç bir əlaqəsi yoxdur.

 Amma hekayənin sonluğu oxucuya bu əlaqəni açıqlayır: "Zifaf "səhər"indən geri qayıdanda, mən Kərimin yerinə utanırdım. Elə bilirdim bu boyda kişi namusunu satmışdı. İnək istəmədiyi bir işə məcbur olunduğundan, gözləri alacalanırdı. Dili də yoxdu Kərimə, ya heç olmasa mənə, bir söz desin. Lakin fəhmlə dərk eləyirdi ki, yalnız bu yoldan keçməklə Kərimə doğma ola bilər".

Nəticə: dilsiz-ağızsız inəyi höürə zorla məcbur edən Kərim dünyaya zor gözü ilə baxdığından, qohumluğu və qonşuluğu sevgidən üstün tutub qızını almadıqlarına görə, onlardan inciyibmiş. Demək, inəklə qızına fərq qoymayan Kərim üçün zor və məcburiyyət həyat qayəsidir. Bu isə sivilizasiyadan uzaqlığımızın nəticəsidir. "Güllələnməli bir iş tutsam, mən sivilizasiyada güllələnməyə hazıram".

R.Tağının oxuduğum hekayələrindən bu qənaətə gəldim ki, o, yazmamışdan əvvəl demək istədiyi mətləbi sübut etmək üçün fikrində uydurma süjet qurmur, müşahidə elədiyi, daha doğrusu, şahidi olduğu həyat parçasını öz münasibətindən, öz mühakiməsindən keçirərək, öz dili ilə nəql edib bizə çatdırır. Daha dəqiq desək, bir müəllif kimi özü kənarda durmur. Təsvirinə dərhal müdaxilə edib öz münasibətini bildirdiyindən, mənim kimi ənənəyə bağlı qələm sahibini janrın tələblərində çaşdırır. Ocaqqulunun qatırı kimi yenə bu janr söhbəti meydana çıxır və burda mən özümü nənəsinin zəmanəsi ilə yaşayan, XIX əsrdə qalmış Fəxrəndə xanıma bənzədirəm: "Nənəm bu adda şey eşitməmişdi. Nənəmə qurban olum".

 Demək, Fəxrəndə xanıma görə, nənəsinin eşitmədiyi və görmədiyi şey bu gün də onun üçün məqbul ola bilməz. Bu, birbaşa mənim janr axtarışıma cavabdır.

 Bu yerdə qulağıma başqa bir səs gəlir. Yazıçı Qorun səsi: "Bütün dəlilər şairdirlər. Bütün şairlər heç kimdə olmayan, nəsə qəribə bir şey diləyirlər... Bütün uşaqlar tərs kimi elə uşaqlıqdan ayaqqabılarını tərs geyinir".

 Məqaləni tamamlayıb makinaçı Nəzakət xanıma verdim. Yazını geri alanda, ömrü boyu yüzlərlə hekayəni, şeiri makinasında yazan, zövqünə yaxşı bələd olduğum Nəzakət xanım dedi ki, mən Rafiq Tağının hekayələri ilə tanışam. Çox maraqlı yazıçıdır. Onun haqqında yazmaqda yaxşı iş görmüsünüz. Janr məsələsi sizi dolaşdırmasın.

Bəli, bu da mənim çaşqınlığıma ikinci tutarlı cavab idi.

 

   ("Yeni Müsavat" qəzeti, 48(237),

   1-3 oktyabr 1996-cı il)

 

 

   II. Xoruz oğlunun pitisi

 

(Rafiq Tağının "Siyasət və ədəbiyyat" polemik yazısı ətrafında düşüncələr)

 

Əzizim Rafiq Tağı, "Yeni Müsavat" qəzetinin 26-28 noyabr 1996-cı il tarixli sayında "Siyasət və ədəbiyyat" adlı məqaləndə yürütdüyün fikirləri sənin özünə məxsus qayəni əks etdirən hekayələrinlə tutuşdurdum. Gördüm, hekayələrində bir adamsan, məqaləndə başqa adam. Sənin fikirsiz, əqidəsiz (yəni - siyasətsiz) bir dənə də hekayən yoxdursa, məqaləndə fikri, əqidəni, mövqeyi - yəni siyasəti niyə inkar edirsən? Axı, unutmaq olmaz ki, əqidə, qayə siyasətin deyil, siyasət əqidənin, mövqeyin övladıdır. Bir də aydınlaşdırmaq lazımdır, sən hansı siyasəti nəzərdə tutursan? Xalqları qul halına salan kommunizm ideolojisi də siyasətdir, ona qarşı çıxan milli azadlıq ideyası da. Sonuncunu ədəbiyyatda bu və ya digər şəkildə əks etdirən siyasi mövzuda yazılmış əsərlərə etirazınmı var? Əgər belədirsə, demək, sən Soljenitsının Sovet ölüm düşərgələrini əks etdirən əsərlərini sırf siyasət kimi qəbul edir, bədii əsər hesab etmirsən?

Mən səni başa düşürəm, Sovet dönəmində qələm sahiblərini yalnız bir ideologiyaya tabe tutduran sosializm realizmi deyilən əjdahadan elə qorxmusan ki, indi də bütün ideologiyaları, qayələri inkara qalxışırsan. Sovet dövründə yazılan əsərlərin bir qisminin plakat ədəbiyyatı olduğunu hamımız bilirik. Lakin o dövrün özündə də müxtəlif yol və üsullarla o dövrə qarşı çıxan əsərlər yazılmamışmı?

 Ədəbiyyata məqaləndəki ölçü ilə yanaşsaq, gərək M.F.Axundzadəni, Mirzə Cəlili, Sabiri və Hadini inkar edək.

"İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalər içində!" - beyti o dövrdə millətin milli varlığını müdafiə edən ən yaxşı siyasi lirika nümunəsi deyildimi?

Sözündən belə çıxır ki, biz bu gün "sənət xalq üçün" şüarından əl çəkməli, "sənət sənət üçün" şüarı ilə yazıb yaratmalıyıq? Biz bu gün ədəbiyyatın əxlaqi, tərbiyəvi rolunu inkarmı etməliyik?

1937-ci ilin qurbanlarından olan böyük Cavid bir yandan "Şairin mövqeyi uca dağ başında," - deyib, "sənət sənət üçün" şüarını bayraq edirdisə, o biri yandan türkçülük ideyasını təbliğ edən "Səyavuş"u yaradıb "sənət xalq üçündür" cəbhəsində dayanırdı.

Dünyanın ən böyük qələm sahibləri ən böyük əqidə və fikir adamları olmuşlar. Sən məqaləndə Puşkini kosmopolit adlandırırsan. Yox, əzizim, Puşkin Rusiyanın ən böyük millətçi şairidir. Rus generalı Yermolovun qoşunları Qafqaza daxil olanda: "Əy başını Qafqaz dağları, Yermolovun ordusu gəlir," - deyə o, Rusiyanın işğalçılıq siyasətini alqışlamamışdımı? Yaxud nəyə görə böyük humanist L.Tolstoy Qafqazda milli azadlıq hərəkatının başında duran Şeyx Şamili deyil, o hərəkata xəyanət edən Hacı Muradı əsərinə qəhrəman seçmişdi? Dünya ədəbiyyatının korifeylərindən Firdovsi isə vətənini işğal etdiyinə görə dünyada yeni bir din yaradan ərəb millətini "həşərat yeyən vəhşi" adlandırmadımı? Görünür, ən böyük dahilər də tərəfsiz ola bilmirlər.

Qardaşım, elm kosmopolit, sənətsə millidir. Hər millətin öz rəngi, öz sifəti, öz dili var. Puşkinə "Niyə sən türk dilində deyil, rus dilində yazmısan" demək mümkün olmadığı kimi, "Niyə sən öz millətinin mövqeyindən çıxış edirsən" də deyə bilmirik.

Şəkidə Xoruz oğlu adlı bir aşpaz var idi. O, piti bişirməyin ustası idi. Bütün Azərbaycanda "Xoruz oğlunun pitisi" məşhur idi. Əsrimizin əvvəllərində Şəkidə bolşevik hərəkatına rəhbərlik edənlərdən birisi hər gün günorta Xoruz oğlunun aşpazxanasında nahar edər və aşpazın haqqını da artıqlaması ilə ödəyərmiş. Azərbaycan sovetləşəndən sonra bu bolşeviki Bakıya böyük vəzifəyə aparırlar. Xoruz oğlu pitisinin dadı damağında qalan bolşevik 10-15 ildən sonra məhz piti eşqinə Şəkiyə gəlir, görür ki, Xoruz oğlunun pitixanası bağlanıb. Soraqlaşa-soraqlaşa gəlib onu bir hökumət restoranında tapır. Ona piti sifariş verir. Yeyir, amma heç xoşuna gəlmir və Xoruz oğlundan soruşur:

 - Xoruz oğlu, bu nə pitidir?

 Xoruz oğlu kefini pozmadan:

- Mən daha Xoruz oğlu deyiləm, Toyuq oğluyam.

- Necə yəni Toyuq oğlu?

- Siz bolşeviklər gələndən sonra xoruzlar toyuğa dönüb.

- Ə, ağzının danışığını bil! Bəs piti niyə bu kökə düşüb?

- Siz gəlməmişdən əvvəl balaca bir dükanım vardı, öz əlim, öz başım idi. Siz gəlib norma qoydunuz. Pitiyə filan qram ət, filan qram noxud, filan qram da quyruq - göstərilən normadan bir qram da o yan-bu yan ola bilməz. Beləliklə də, qram pitinin içinə oturdu. O qaydanı ki siz qoymusunuz, yediyin piti elə ondan artıq olmaz.

Sosializm əsasında yazılan bir çox əsərlər mənə Xoruz oğlunun sovetləşmədən sonrakı pitisini xatırladır. Beləliklə də, ədəbiyyat Xoruz oğlunun pitisi deyil, Toyuq oğlunun pitisi oldu.

Qardaşım Rafiq, amma mən də sənin kimi Toyuq oğlunun deyil, Xoruz oğlunun pitisinin tərəfdarıyam. Ədəbiyyatın sinfiliyi və partiyalılığına mən də yoxam. Bununla belə, mövqesiz, əqidəsiz, qayəsiz ədəbiyyatı ədəbiyyat hesab etmirəm.

 

("Yeni Müsavat" qəzeti, 66(255),

3-5 dekabr 1996-cı il)

 

 

  III. "Əsəd və Zeynəb" həyat faciəmizin ədəbiyyatdakı təzahürüdür

 

   Hörmətli Rauf Arifoğlu!

   Rafiq Tağının qəzetinizdə getmiş "Əsəd və Zeynəb" adlı hekayəsi haqqında yazdığım kiçik qeydləri çap etsəydiniz, şad olardım. Əgər mümkün olmasa, məktubu sahibinə çatdırmağınızı rica edirəm.

   Hörmətlə, B.Vahabzadə

   P.S. Şəkidə olduğuma görə, məktubu poçt ilə göndərdim.

   Əzizim Rafiq Tağı!

   Sənin bütün hekayələrin məni həmişə həyəcanlandırır və ən ümdəsi düşündürür. Çünki söz güllən heç vaxt hədəfdən yayınmır. "Yeni Müsavat" qəzetinin 4-6 iyul tarixli sayında çap olunan "Əsəd və Zeynəb" hekayən isə bir dünyadır. Bu hekayə komediya və faciə janrlarının guya təhlili əsasında qurulmuş, əslində həyat faciəmizin ədəbiyyatdakı təzahürüdür desəm, yanılmaram. Partiya qurultayları adına zavodların direktorlarının dialoqu komediya janrında faciəmiz, əsirlikdən qayıtmış azərbaycanlı qadının əri ilə dialoqu isə faciə janrında komediyamızdır. Beləliklə sən kiçik bir hekayədə "faciə həyatda çoxalır, səhnədəsə azalırdı," deyərək, komediyada faciəmizi, faciəmizdə isə komediyamızı Mirzə Cəlil ustalığı ilə ədəbiyyata gətirməyə müvəffəq olmusan. Amma son akkordundan heç olmaz: "Əcəb uşağın ola, ailəlikcə sirkə gedəsən!"

   Sağ ol, qardaşım, sən bu gün Mirzə Cəlil məktəbinin ən gözəl və ondan fərqli davamçısısan. Səni təbrik edir, daha böyük uğurlar arzusu ilə bağrıma basıb öpürəm.

   Hörmətlə, Bəxtiyar Vahabzadə

 

   8 iyul 1998-ci il

 

   ("Yeni Müsavat" qəzeti, 149(512),

   30 iyul - 5 avqust 1998-ci il)

 

 

Tağı Rafiq

 

525-ci qəzet.- 2009.- 19 mart.- S.7.