Sönməyən çırağın
işığında
BÖYÜK USTAD AŞIQ ƏMRAHIN
100 İLLİK YUBİLEYİNDƏN QISA QEYDLƏR
E. CƏLALOĞLU
Martın 10-da Tiflis
şəhərinin "Rustaveli" teatrında görkəmli
ustad sənətkar Aşıq Əmrah Gülməmmədovun
100 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley
mərasimində iştirak etmək üçün Azərbaycanın
bir qrup ziyalıları ilə birlikdə Borçalıya yola
düşdük.
Tədbirdən bir
gün əvvəl Marneuli rayon mərkəzində Azərbaycandan
gedən ziyalıların Kvemo-Kartli bölgə qubernatoru David
Kirkitadze ilə görüşündə Aşıq Əmrahın
xatirəsini əbədiləşdirmək üçün
qoyulacaq büstün yeri müəyyənləşdirildi. Xalq
şairi Zəlimxan Yaqubun həmin abidədə
Borçalının digər ustad aşıqlarının
barelyefləri və ornamentlərlə bəzədilməsi təklifini
bölgə qubernatoru razılıqla qarşıladı. Bu layihənin
hazırlanması Azərbaycanın əməkdar memarı,
memarlıq namizədi Ömər Qoçuluya həvalə
olundu.
Günorta vaxtı Tiflis
şəhərinə yola düşdük. Tədbir saat
17-00-da başlayacaqdı. Rustaveli teatrının
qarşısında canlanma müşahidə olunurdu. Tədbirin
başlıca özəlliyi onun ölkə rəhbərliyinin
qərarı ilə respublikanın paytaxtında keçirilməsi
idi. Bu Gürcüstan hökumətinin Borçalı
türklərinə ayırdığı diqqət idi.
Tədbiri
Borçalı Aşıqlar Birliyinin sədri şair Osman Əhmədoğlu
açıq elan edərək ilk sözü Marneuli rayon
İcra Hakimiyyəti başçısının müavini
Hüseyn Yusifova verdi.
Tədbirdə Tiflisdə
fəaliyyət göstərən Gənclər Təşəbbüs
Qrupunun hazırladığı "Aşıq Əmrahın
həyat və yaradıcılığı"ndan bəhs edən
film nümayiş etdirildi. Filmdən sonra Kvemo-Kartli bölgə
qubernatoru David Kirkitadze, Azərbaycan Milli Məclisinin üzvləri
Gültəkin Hacıbəyli, Azərbaycan-Gürcüstan
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə
Paşayeva, Musa Quliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri,
xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Neft
Şirkətinin meneceri Arif Əliyev və başqaları
çıxış edərək Aşıq Əmrahın sənətkarlıq
qüdrətindən danışdılar.
Bölgə qubernatoru
David Kirkitadze Marneuli şəhərindəki parkların
birinin Aşıq Əmrahın adını
daşıyacığını bəyan etdi.
Millət vəkili Q.Paşayeva
yubileyi təşkil etdiklərinə görə ölkə rəhbərliyinə
minnətdırlığını bildirdikdən sonra,
Kvemo-Kartli qubernatoruna və Marneuli rayon rəhbərliyinə hədiyyə
olaraq "Qarabağ xanəndələri" toplusunu, xalq
şairi Zəlimxan Yaqubun təzəcə işıq
üzü görmüş "Peyğəmbər"
kitabını və saz təqdim etdi.
Tədbirdə Azərbaycanın
Gürcüstandakı səfiri Namiq Əliyev, səfirliyin əməkdaşları,
Gürcüstan prezidentinin milli azlıqlar üzrə
müşavirləri Mübariz Qarayev, Tamar Kintsuraşvili,
TİKA-nın Gürcüstan bürosunun rəhbəri Aytəkin
Ayden, Gürcüstanın Reinteqrasiya nazirinin müşaviri
Savalan Mirzəyev, Azərbaycandan gələn qonaqlar,
Gürcüstan parlamentinin azərbaycanlı deputatları,
Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Rustavi, Kaspi, Msxeta, Zalqa
rayonlarından gəlmiş azərbaycanlı ziyalılar və
görkəmli aşığın ailə üzvləri
iştirak etdilər. Tədbirin vaxtı məhdud (cəmi iki
saat yarım vaxt ayrılmışdı) olduğundan bir
sıra qonaqların söz demək, aşıqların isə
ifa etmək imkanı olmasa da, bəzi aşıqlar dinlənildi.
Aşıq Əmrahın sazı rəmzi olaraq istedadlı gənc
aşıq Ramin Kamandara təqdim olundu.
Gürcüstan
parlamentinin deputatı Azər Süleymanov tədbir
iştirakçılarına Kvemo-Kartli qubernatorunun xalq
şairi Zəlimxan Yaqubun 60 illik yubileyini Tiflis şəhərində
keçirmək arzusunun olduğunu bildirdi.
Tədbirdən sonra
şəhərin dilbər guşələrindən birində
qonaqların şərəfinə ziyafət verildi.
... Məlumat
üçün bildirək ki, Aşıq Əmrah Gülməmmədov
XX əsrdə Borçalıda yaşayıb-yaratmış
qüdrətli saz ustası, aşıq sənətinin korifeylərindən
biridir. O, aşığa xas olan bütün komponentləri, o
cümlədən saz çalmaq, qoşmalar qoşmaq,
mahnılar oxumaq, dastanlar danışmaq qabiliyyətini göstərməklə
kamil sənətkar kimi özünü təsdiq etdi. Yaradıcılığının
lokal təsvirləri ilə kifayətlənməyən ustad,
yaddaşlarda saz havalarını yeni xallar və güllərlə
cilalandırmaqla, eləcə də özünün
yaratdığı bir-birindən gözəl saz havaları ilə
qalıb. O, yaratdığı yeni saz havaları ilə
aşıq idrakının bəsirət qatlarını
nümayiş etdirə bildi, sazın əbədilik
simfoniyasını yaratdı. Onun saz aləmində
yandırdığı, bu günə qədər də
sönməyən çıraq bu fikrimin silqətinə
şahidlik edir. Aşıq Əmrah
aşıqlığın kamillik mərtəbəsini öz
varlığı və orijinal yaradıcılığı
ilə fəth etdi. Böyük ustad saz havalarına
özünə məxsus yeniliklər gətirməklə
aşıq sənətinin dəyərlər xəzinəsini
zənginləşdirdi. 10-a yaxın saz havasının müəllifi
olan ustad bütün havalara demək olar ki, öz
"möhürünü" vurub. "Süsənbəri",
"Turacı", "Yurd yeri" havaları da ustadın
yaradıcılıq orbitinin orijinal məhsullarıdır. İlk
dəfə on bir telli sazı (məlumata görə, bu
sazı 1946-cı ildə milliyyətcə aysor olan Abram
adlı sazbənd bağlayıb) sinəsində dilləndirən
Aşıq Əmrah muğamları, Anadolu ozanlarısayaq
çaldığı havaları da gözəl və məharətlə
ifa edər, sanki sinəsində orkestr canlandırardı. Düzdür,
bugünkü aşıqlarımız belə havalara yer
vermirlər, ancaq bu cür havaların saz sənətinin
inkişafında bəhrə verəcəyini düşənərək,
onların fövqəladə lazım olduğunu vurğulamaq
istəyirəm.
Dərsini atası
aşıq Paşa, aşıq Məsim Yadigarov və şair
Ağacan kimi ustadlardan alan Aşıq Əmrah 22
yaşında elə yetişmişdi ki, artıq
Borçalı məclislərində, konsertlərdə məharətlə
çıxış edər, seyrçilərini heyran
qoyardı ki, bu da hər sənətkara qismət olmur. Radio və
televiziyanın hər evə ayaq açmadığı bir
dövrdə, XX əsrin 50-ci illərində 42 yaşlı
ustadın möhtəşəm ifaları hətta Bakıda
da sevilə-sevilə dinlənilirdi. Beləliklə,
aşıq sənəti ilə cəmiyyət arasında yeni
harmoniyanı yaratmaq Aşıq Əmraha öz fitri
istedadı və məharəti hesabına müyəssər
oldu. O, bütün sazsevərlərin diqqətini
özünün kompozisiya bütövlüyü ilə
seçilən və bu günə qədər də
dominatlığını saxlayan yeni çalğı
üslubuna çəkməyi bacardı. Onun alternativi olmayan və
milli koloritli bu çalğı üslubu saz havalarında
bütün gözəlliklərin rənginin və ahənginin
vəhdətini təcəssüm etdirir.
Aşıq Əmrah
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
və incəsənəti ongünlüyündə digər
ustadlarla birlikdə böyük uğur əldə edir. Dədə
Əmrah 1961-ci ildə Azərbaycan aşıqlarının
III qurultayında ustad aşıq kimi çıxış
etmişdisə, 1984-cü ildə keçirilən IV qurultayda
respublikamızın ziyalıları tərəfindən
yekdilliklə "sazın şah Əmrahı" kimi
gurultulu alqışlarla qarşılanmışdı ki, bu da
qırxa yaxın şəyird yetirmiş və
çağdaşı olduğu saz pərəstişkarlarının
təfəkküründə özünün etiketini yaratmış
ustadın sözün əsl mənasında kimliyindən xəbər
verir.
Ustadın möhtəşəmliyi,
saza və sözə tam məsuliyyətiylə
yanaşması qoşmalarında da apaydın
görünür. "Bilməzsən" rədifli
şeirində yetişdirdiyi şəyirdlərinə və
ya tam püxtələşməmiş özünə
"aşığam" deyənlərə üz tutaraq:
Aşıqlıq
deyilən böyük sənətdir,
Qıfılbənd
deyəllər yoza bilməzsən.
Məclisdə
əyləşir neçə xiridar,
Üçcə
kəlmə sözü düzə bilməzsən
Və ya
Çox
güvənmə sənətinə
Sənə
qalmaz, ay qadası.
Sazı
çalan mahir çalar,
Elə
çalmaz, ay qadası
- deməklə
onları kamilliyə çağırırdı. Aşıq
Əmrah sənətə son dərəcə tələbkar
olduğundan bir çoxları onun iştirakçısı
olduğu məclislərdə saz götürüb, söz deməyə
ehtiyat edərlərmiş. Çünki, bu sənət
azmanı saz havalarının güllərini sadəcə ifa
etmir, onları incələyirdi, eyni zamanda sözü
insanların idrakına hopdura bilirdi. O, "məndədi"
rədifli qoşmasında
Sadiq
olduğum
sənətə
əhdi-vəfa məndədi.
Telli saza
mehman ol gəl,
zövqü-səfa
məndədi.
Qananlara
canım qurban,
nadanlarla
işim yox,
Sərraf
olsa söz sataram,
hər
söz baha məndədi
- deməklə
hər bir sənətkarı öz sənətinin sərrafı,
zərgəri kimi görmək istədiyini bildirirdi.
Bu il 100
yaşı tamam olan Aşıq Əmrahın dünyaya gəlişi
aşıq sənətində böyük bir hadisə,
inqilab oldu və bu inqilab sazsevərlərin şüurunda onun
istedadının yaradıcılıq ölçülərinin
fövqündə olduğunu isbat etdi.
... Qeyd
edim ki, yubiley mərasimində fəlsəfə elmləri
doktoru, professor Camal Mustafayevin tədbir
iştirakçılarına müraciəti də çox
maraqla qarşılandı. Həmin məktubu
iştirakçıların diqqətinə bu sətirlərin
müəllifi çatdırdı. Xəstəliyi ilə əlaqədar
böyük sənətkarın yubileyində iştirak edə
bilməməsini qeyd edən 80 yaşlı Dədə
Camalın yaddaşına Aşıq Əmrahla bağlı
çoxlu xatirələr həkk olunub. Həmin xatirələrdən
birini siz də eşidin: "Kiçik məclis qurulmuşdu.
Aşıq Əmrahın səsini lentə yazırdılar. Rəhmətliyin
barmaqları elə bil saz üçün biçilmişdi.
O öz Əmrahlığında, biz dinləməkdə, səsyazan
isə yazmağındaydı. Bu vaxt bir tarzən qoltuğunda
tar içəriyə daxil oldu və keçib bir tərəfdə
oturaraq ustada qulaq asmağa başladı. Aşıq Əmrah
bir neçə hava da oxuduqdan sonra ustadlara xas olan bir təvazökarlıqla
üzünü mənə tutaraq - Camal müəllim, sizin
icazənizlə tarzənimiz də öz məharətini
göstərsin - dedi. Nəhayət, tarzən bir muğam
başladı, ta axıra çatana qədər hamı onu
dinlədi və ifa lentə alındı. O ifasını bitirən
kimi Əmrah ayağa durub "indi icazənizlə həmin
muğamı mən sazda ifa edəcəm, lentə
yazdırıb müqayisə edərsiz" dedi. O muğamı
çalmağa başlayanda sanki məclisə su ələndi.
Muğam onun sazında o qədər gözəl, o qədər
təbii, o qədər mükəmməl səsləndi ki, az
qala dinləyiciləri yuxuya vermişdi. Narahat olansa tarzən
idi. Əmrah möcüzəsindən heyrətə gələn
tarzən ya utancdan, ya da qısqanclıqdan məclisi lal-dinməz
tərk etdi".
Qeyd edim ki,
yaradıcılığının polifonikliyi ilə
seçilən aşıq Əmrah əcnəbi havaları da
məharətlə çalırmış. Atam aşıq Cəlalın
söylədiyinə görə, bir gün Aşıq Əmrahla
aşıq Hüseyn Saraçlı birgə məclis
keçirirlərmiş. Aşıq Əmrah dastan
danışan zaman məclisin o biri başında bir neçə
gəncin səs saldığını görür və
onların diqqətini çəkmək üçün bir əcnəbi
hava çalır. Aşıq Hüseyn də gülərək
"Əmrah, ruscamı çalırsan?" deyir.
Tədbir öncəsi
qonağı olduğum Kürüstü Kəpənəkçi
kəndində aşıq Kamandarın ocağında
aşıq Yaqubun dilindən eşitdiklərim:
"Aşıq Əmrah 14-15 yaşlarında olarkən
ustadı Aşıq Məsimlə məclis
aparırlarmış. Məclisin qızğın,
aşıq Məsimin başının qarışıq,
canının yorğun vaxtı dinləyicilər bir saz
havası sifariş edirlər. Nədənsə aşıq Məsim
həmin havanı çalmaq istəmir və "bilmirəm"
deyir. Yeri gəlmişkən, qeyd edim ki, adətən
aşıqlar havanı bilmədiklərini bəyan etməz,
özlərini sındırmamaq üçün sadəcə
yayınardılar. Ustadın etirafından sonra gənc
aşıq Əmrah həmin havanı çalmağa
başlayır, ustadı isə onu yarımçıq
saxlayır.
Məclisdən
sonrakı gün aşıqların hərəsi öz
atında evə qayıdırlarmış. Bir endirmədə
Aşıq Məsim şəyirdindən atının
qantırğasını çəkməyini əmr edir. Əmrah
atı saxlayır və ustadının ifa etmək istəmədiyi
havanı çalmaq ona ustad qamçısı bahasına
başa gəlir".
Bakı-Tiflis-Bakı
09-14 mart 2009-cu il
525-ci qəzet.-
2009.- 20 mart.- S.26.