Dünyanın Ən Varlı Şəhərinin savaş mistikası

 

Siz Vanyanı tanıyırsınız? Əgər Aqil Abbasın "Dolu" romanını oxumamısınıza, başınızı sındırmayın, belə bir adam yadınıza çətin düşə! İşdir-şayətdir, "Dolu" gözünüzü doldurmayıbsa, boğazınızı qəhərləndirməyib, ürəyinizi kövrəltməyibsə, demək, yenə Vanyanı tanımırsınız. Vanyanı tanımaq üçün bir az qarabağlı olmaq, bir az döyüşmək, bir az yaralanmaq, bir az şəhid olmaq, bir az torpaq itirmək, bir az qaçqın düşmək, bir az yataqxanada yaşamaq lazımdır.

Vanyanı tanımaq üçün ömründə: Ağdamda bircə dəfə çayxanada oturmaq, bircə dəfə quş südü satılan bazarından dünyanın malını almaq, bircə dəfə Dünyanın Ən Varlı Şəhərində tikilən evlərə "pəh" demək, bircə dəfə Seyid Lazım Ağanın cəddinə and içmək, bircə dəfə... ağdamlı qız sevmək lazımdır. Vanyanı tanımaq üçün Bakı-Xankəndi qatarının şüşələri sınıq plaskartlarında gedən siyasi söhbətləri dinləmək, Ağdamdan çıxan maşınların dalınca baxmaq, Qədir Rüstəmovun səsindən tutub Tanrının yanına qalxmaq, yanmış, sökülmüş, dağıdılmış evlərin qaraltısını "gör ey" deyə xudavəndi-aləmə göstərmək lazımdır. Vanyanı tanımaq üçün onun traktorçu keçmişinə boylanmaq, əllərinin mazutunu, alnının toz-torpağa qarışmış tərini, həftələrlə daraq dəyməyən başını, kirin-pasın arasında anasına çəkmiş yaşımtıl gözlərini təsəvvür etmək lazımdır. Həmin o Vanya Dünyanın Ən Varlı şəhərində At Belində Gəzənlərin, Rəşid Behbudovun papağını-xəncərini oğurlayan şəhər uşaqlarının, Seyid Lazım ağanın cəddinə and içən alverçilərin, Xudu Məmmədov kimi həm sözün həqiqi mənasında böyük alimi, həm də yerli-yataqlı kişini, Rəmişin timsalında gitaranı təzədən icad eləyən əhli-kefi yetişdirən mühitdə aylarla, illərlə yada düşməyən adamıydı. Amma elə həmin o Vanya Rəmişin avtomat darağı ilə gitara çaldığı, Qədirin şəhid ruhlarını oxşadığı, yüzlərlə gəncin qız üzü görmədən öldüyü günlərdə İsadan min dəfə yaxşı xilaskarıydı...

   "Möhkəməm! - dedi Komandir, sonra üzünü tutdu uşaqlara: - Qatır tankı göndərib. Uşaqlara deyin, ürəklənsinlər.

   - Qatır tankı göndərib...

   - Qatır tankı göndərib...

   - Vanya gəlir..."

   Mənim tanıdığım bir Aqil Abbas var, o, "Batmanqılınc" povestinin yazarıdır, uşağın yadından söz çıxmaz, mən o əsəri oxuyub qurtarmaq üçün "Pioner" jurnalını səbirsizliklə gözləyərdim və indi ağlıma gəlir ki, bizim pioner dəstəmiz Rahib Məmmədovun adınaydı, mənim uşaqlıq arzularımdan da biri gedib Rahib Məmmədovun doğulduğu yerləri görmək idi. Bəlkə də Aqil Abbasın birnəfəsə oxuduğum "Dolu"su məni ona görə kompyuterin qabağında oturtdu ki, romanda Gülablını, Şellini, Kəngərlini, Qarağacını gəzdim, gördüklərim gözümün qabağına gəldi, görmədiklərim gözümün qabağına gəldi və 21-ci əsrin xudavəndi-aləmi Google-nin ətəyindən baxıb "gör ey..." dediyim Dünyanın Ən Varlı Şəhəri gözümün qabağına gəldi...

   "Dolu"nu əlimə iki dəfə almışdım, heç birində oxuya bilməmişdim. Bir dəfə "Drakon", "Pələng", "Fantomas" kimi adlar məni itələmişdi, bir dəfə həvəsimi Qan Turalın roman haqqındakı qeydləri öldürmüşdü. Gənc tənqidçi romanda mistika olmadığını yazmışdı və mən içində mistika olmayan romanın müharibə, döyüş stixiyasını yansıdacağına, Ağdamın ruhuna "qoşula biləcəyi"nə şübhə elədiyimdən kitabı qatlamışdım. O irəli ANS-də Rəmişin Ağdamda, bir çadır toyunda avtomat darağıyla gitara çalmasını, Rəmişi yox, gitaranı yox, O RUHU- AĞDAMIN RUHUNU, AZADLIĞIN RUHUNU, MÜBARİZLİYİN RUHUNU, ŞƏHİDLİYİN RUHUNU görəndən o illəri oxumağa bir kitab gəzirdim.

   "Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə almışdı, başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdırılanda bilmişdilər ki, sağ qolu qalıb evdə. Əlinə düşəndən babat vurub çarpayıya daş kimi düşmüş Kefli Çapay səhər ayılanda evin ortasında? parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi:

   - Bunu kim göndərdi, ə?!"

   Sitat romanın üçüncü səhifəsindəndir, müəllif dolunun yağmağına sevindiyimiz günləri yadımıza salıb bizi uşaqlaşdırandan, bir az ətə-qana gətirib qulağımızı "Qrad", top, mərmi səslərinə alışdırandan sonra DOLU YAĞAN O GECƏnin iki fraqmentini danışır. Və mənim təsəvvürümə gah Dünyanın Ən Varlı Şəhərində o gecənin məxsusi olaraq xanandə ailəsinə - varlı-hallı, qonaqlı-qaralı, görüb-götürmüş, səliqə-səhmanlı, divanlı-kreslolu, arın-arxayın kəllayı-dolayı evə saldığı təşvişi, gah da ayağı, dağılan dünyadan xəbərsiz Qaçayın kanallarını kəlbətinlə dəyişdiyi televizora düşən cırhacır çarpayısı gəlir. Ağcabədi xəstəxanasında xanəndə Baratın arvadını həkimə çatdıranları toxtadan stəkanın və Çapayın çarpayısının altında aşmış abgərdənin dibində qalmış suyu DÜNƏN GECƏ YAĞAN DOLU buza döndərir, o buz kimi suya qolu yaddan çıxan xanım-xatın qadının da, səhər-səhər başının ağrısını götürməyə yüz qram araq saxlamayan dünənki keflinin də üzü düşür (yazıçı təffərrüatı yazmamalıdır, oxucunu hadisənin içinə salmalıdır), ən əsası, ikincinin ürəyindən gələn səs eşidilir, fikir vermisinizsə, ağdamlıların səsi ağızdan, boğazdan gəlmir, daha dərindən- ürəklərinin başından qopur...

   Aqil Abbas təcrübədir... O təcrübə bir daha təsdiqləyir ki, Ağdamdan, Şuşadan yazanda həmişə ürəkdən yazmaq lazımdır, ürəklə yazılmayan, qanla yazılmayan adamı salmır Qarabağın ahənginə? və elə "Dolu"nu uğurlu edən də müəllifin dolu vaxtına düşməsidir, bəzən bəlkə də yazarı ağlatmasıdır:

   "- Drakon!

   - Haycan!

   - Sən qardaşının goru, məni vuracaqdın?"

   Bəlkə yox, yüz faiz ağladıb:

   " Qəhərdən boğulan Drakon onun yarasından öpdü:

   - Mənim sənə əlim qalxar? Özümü atardım, səni yox!

  - Mən !"

   "Drakon"la "Pələng"in yaş fərqini, aralarındakı böyük-kiçikliyi, rəğbəti, sonradan-sonraya düşən ziddiyyəti, ən əsası, Ağdamın hətta ən vələdüzna, ən bicərtdək, ən səfil uşağının da içində olan səmimiyyəti, and vermə səmimiyyətini, dilindəki "haycan" şirinliyini gətirib-gətirib döyüş səhnəsində, partlamış BMP-nin yaxınlığında, ölümün qaşdan gözə endiyi anda bir suala yükləmək Aqil Abbasın yazıçı texnikasıdır, amma o sualın - "Sən qardaşının goru, məni vuracaqdın?"- Aqil Abbasın nə yazıçılığına, nə texnikasına heç bir dəxli yoxdur. O sual heç obrazın da sualı deyil, AĞDAMIN, AĞDAMLI BALASININ VƏ AĞDAMLI RUHUNUN göz yaşardan incəliyidir, xislətidir... O şəhər elmə Xudu Məmmədovu verər, oxumağa Qədiri qabağa çıxardar, gitara çalmağa Rəmişi yetişdirər, döyüşməyə Eldarı, Allahverdini, Fred Asifi, Şirin Mirzəyevi, "Qatır Məmmədi" göndərər və müharibədən bəhs edən romana bədii obraz kimi Drakonları və Pələngləri verər!

   "Dolu"nu müxtəlif səslərlə oxudum- öz səsimlə, tanış ləhcə və səs tembri ilə qəhrəmanlarının, surətlərinin ağzıyla, xeylaq yerlərini müəllifin danışıq tərziylə...

   Sanki bəzi yerləri mən demişdim, yazmışdı ("Qarabağ erməniləri bizimkilərə and verəndə, Həzrət Abbasa and verərdilər. Və onlar çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrət Abbasdan qorxurlar"); müəyyən hissələri qəhrəmanların, surətlərin "təlqini"ylə qələmə almışdı ("Haramıdakı uşaqlar bir az dombalan göndərib, deyim bişirsinlər", yaxud "Sən niyə ölürsən ə, ölsün səni istəməyənlər. Bəs Ağ evdə nə deyirlər?),? neçə-neçə epizodlar onun özünün ürəyindən keçmişdi, yazarın reaksiyaları idi ("Dünyanın tərəqqipərvər xalqlarının da kapitanı biz idik"). Bütün bunların yanında romanda dördüncü bir səs də vardı və o, telefonla danışanda yataqxananın pəncərəsinə çıxan, çıxanda səsi həmişə bizəcən gəlib çatan məchul qadının səsiydi, nə vaxtdır çalışıram, o səsin sahibinin üzünü görə bilmirəm:

   "- Etibarı buraxdılar?

   - Çoxdan buraxıblar.

   - Xəlil Rzanı da?

   - Onu da buraxıblar.

   - Camaat danışır ki, bizim katibi çıxarırlar, düzdü?

   - Camaatdı da danışır...

  - Axı demədin, Qarağacıya qrad düşüb, ya yox? "

   "Dolu" kitabının az qala hər səhifəsində hansısa cümlənin altını cızmışam (məsələn,"sənə dəyən güllənin səsini eşitməyəcəksən", yaxud "köpəyoğlunun arağı qradın dərmanıdır"), "Cəbhəçilər prokuroru Salatın Əsgərovanın qatili ilə dəyişiblər" cümləsinin altından iki dəfə xətt çəkmişəm, vaxt vardı, Salatın Əsgərovanın qatillərini gündə hansısa vəzifəli, sanballı əsirlərlə dəyişirdilər, - müharibə "mifləri"nin belə incəliklə işlənməsi romanı təsirli edir. Amma ən çox xoşuma gələn "Dolu"dakı mistika oldu:

   "Bu camaat üçün Seyid Lazım Ağanın sözü "Quran" ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən asırdı. Üzündən nur yağan Ağa adətən Drakonun mağazasının qarşısında, onun üçün qoz ağacından xüsusi hazırlanmış taxtda otururdu. Bazara gələnlər onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə kedənlər Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə.

   ...Dünyanın Ən Varlı Şəhərinin ən varlı bazarı yenidən qaynamağa başlamışdı - Ağa nə qədər bazardadı, cəddi camaatı qoruyacaq..."

   Ağdamın mistikası Seyid Lazım ağaydı, bəlkə də, Seyid Lazım ağanın mistikası Ağdamıydı...

 

 

Taleh ŞAHSUVARLI

 

525-ci qəzet.- 2009.- 30 mart.- S.7.