Lənkəranda muzey əməkdaşları üçün zona seminarı keçirilib

 

Cənub bölgəsi rayonlarının muzeylərində çalışan bərpaçı-rəssamlar və fond mühafizəçiləri üçün Lənkəranda zona seminarı təşkil olunub. APA-nın cənub bürosunun məlumatına görə, respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə muzey sərvətləri və xatirə əşyalarının Elmi-Bərpa Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.

Respublika Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova Azərbaycanda tarixi-mədəni abidələrin və sənət əsərlərinin bərpasının böyük əhəmiyyət daşıdığını bildirərək rəhbəri olduğu qurumun maddi və mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini deyib. O, indi Mərkəzdə 20-dən yuxarı yüksək kateqoriyalı bərpaçı rəssamın çalışdığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində Elmi-Bərpa Mərkəzinin qrafika, rəngkarlıq, xalça və metal üzrə bərpaçı-rəssamlarının rəhbərliyi ilə keçirilən təlimlərdə isə bərpa olunan əşyaların saxlanma şəraiti haqqında iştirakçılara lazımi bilgi verilib.

 

 

525-ci qəzet.- 2009.- 30 mart.- S.7.