Gənc diplomatlar Qubadakı soyqırım məzarlığını ziyarət
ediblər
Azərbaycan Diplomatik
Akademiyasının tələbələri və Xarici
İşlər Nazirliyində çalışan gənc
diplomatlar erməni vəhşiliyinə dair real faktlarla əyani
tanışlıq məqsədilə martın 28-də
Qubadakı kütləvi məzarlığı ziyarət
ediblər. Akademiyadan verilən məlumata görə, öncə
ziyarətçilərə 1918-ci ildə ermənilərin
Quba qəzasında törətdikləri vəhşi
qırğınlar və soyqırımı faktını
sübut edən kütləvi məzarlıqla bağlı ətraflı
məlumat verilib. Gənc diplomatlar ermənilərin 1918-ci ildən
bəri Azərbaycanda, o cümlədən Qubada törətdiyi
soyqırımı aktları barədə bütün
dünya ölkələrinə ətraflı məlumat vermək
üçün təşəbbüslərini daha da
artıracaqlarını bildiriblər. Məlumata görə,
ziyarətçilər kütləvi məzarlıqda uyuyan, əksəriyyəti
qadın, qoca və uşaq olan insanların sümükləri
və bu sümüklər üzərində hələ də
aydın seçilən zorakılıq əlamətləri ilə
əyani tanış olublar. Gənc diplomatlar ermənilərin
1918-ci ildə Quba qəzasında törətdiyi
qırğınların baş verdiyi digər ərazilərə
də baxıblar.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 30 mart.- S.2.