Ombudsman 31 mart soyqırımı günü
ilə bağlı bəyanat verib
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların
soyqırımı günü ilə əlaqədar bəyanat
verib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya
verilən məlumata görə, bəyanatda qeyd edilib ki, ermənilərin
azərbaycanlılara qarşı genetik nifrəti
özünü tarixin bütün dövrlərində
büruzə verib: "Qan yaddaşının təməlinə
şovinizm hakim olan ermənilərin törətdiyi qanlı
faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart
tarixində azərbaycanlılara qarşı
soyqırımı hadisələridir. Həmin il martın
30-da səhər tezdən erməni-bolşevik birləşmələri
Bakını gəmilərdən yaylım atəşinə
tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların
evlərinə soxularaq amansız qətllər törətmişlər.
Martın 31-i və aprelin 1-də qırğınlar kütləvi
şəkil alıb. Erməni daşnakları üç
gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına
son qoymuş, qocaları, qadınları və uşaqları
amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri
məhv ediblər. Bakı və Gəncə
quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran,
Muğan qəzalarında və digər bölgələrdə
də bu cür qanlı faciələr törədilib".
Ombudsman nüfuzlu beynəlxalq
təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə
çağırıb, ədalətin tezliklə öz yerini
tapacağına, soyqırımını dövlət siyasətinin
tərkib hissəsinə çevirən Ermənistan dövlətinə
qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən
sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi
bütövlüyünün, qaçqın və məcburi
köçkünlərin kütləvi şəkildə
pozulmuş hüquqlarının bərpa ediləcəyinə,
əsir və girovların azad olunacağına
inandığını bildirib.
Bəyanat BMT-nin Baş
Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı
münaqişələr problemi üzrə xüsusi nümayəndəsi,
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT,
Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar
institutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq
Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif
ölkələrin ombudsmanları, Azərbaycanın xarici
ölkələrdəki, xarici ölkələrin respublikamızdakı
səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına
ünvanlanıb.
525-ci qəzet.- 2009.- 30 mart.- S.3.