Alim şəxsiyyətinin
fəlsəfi ucalığı
GÖRKƏMLİ FİLOSOF MEHBALI QASIMOVU XATIRLAYARKƏN...
Qədim
Naxçıvan torpağı yetirdiyi böyük simalardan
biri də görkəmli elm xadimi, fəlsəfə elmləri
doktoru, professor Mehbalı Qasımov olub. Mehbalı Məhəmməd
oğlu Qasımov 1906-cı il may ayının 18-də
Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində
anadan olub. İlk təhsilini Naxçıvan Kənd Təsərrüfatı
Texnikumunda alan gələcəyin filosofu 1932-ci ildə Moskva
Tarix-Fəlsəfə İnstitutunun fəlsəfə
fakültəsinə daxil olaraq, 1937-ci ildə təhsilini
bitirib. Bundan sonra respublikanın ali məktəblərində
dialektik və tarixi materializmdən dərs deyən filosof
1940-cı ilin mart ayında ordu sıralarına
çağırılıb. M. Qasımov müharibənin son
günlərinədək müharibə cəbhələrində
Sovet ordusu sıralarında alman faşizminə qarşı
mübarizə aparıb və mayor rütbəsində ordudan
tərxis olunub.
1945-ci ilin ortalarından
Mehbalı müəllim Azərbaycan SSR Elmlər
Akademiyasının Fəlsəfə İnstitutunun elmi əməkdaşı
kimi fəaliyyət göstərir. 1946-cı ildə
"Ömər Xəyyamın fəlsəfi
dünyagörüşü" mövzusunda namizədlik
dissertasiyası müdafiə edir. M.Qasımov 1950-1962-ci illərdə
Azərbaycan Dövlət Universitetində (indiki BDU) fəlsəfə
kafedrasının müdiri vəzifəsində işləyib.
Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi
sahəsində sanballı tədqiqatlar aparan görkəmli
filosofun "Ömər Xəyyam rübailərində
materializm" (1947), "V. Q.Belinski XIX əsr rus klassik fəlsəfəsinin
görkəmli nümayəndəsidir" (1950),
"M.F.Axundov və XIX əsr rus inqilabi-demokratik
estetikası" (1954) kimi əsərləri elmi ictimaiyyət
tərəfindən böyük maraq və rəğbətlə
qarşılanıb. O, 6 cildlik "Fəlsəfə
tarixi"nin müəlliflərindən olub.
M.Qasımov
"Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda
ictimai fikrin inkişafına təsiri" adlı doktorluq
dissertasiyası yazıb, 1956-cı ildə dissertasiyanı
Moskvanın fəlsəfə ictimaiyyəti
qarşısında müvəffəqiyyətlə müdafiə
edərək, fəlsəfə elmləri doktoru dərəcəsi
alıb.
Mehbalı müəllim
yetirmələrinin qayğısına qalır, filosof
kadrların yetişdirilməsinə xüsusi diqqət yetirir,
kafedrada aspirantlarla yanaşı, dissertantların da elmi-tədqiqat
işlərinə cəlb olunmasına şərait
yaradırdı. Onun dissertasiya üzərində işləyən
tələbələri əvvəlcədən tərtib
olunmuş qrafik əsasında vaxtaşırı ona məlumat
verməli idilər. Bu illər ərzində Azərbaycan Elmlər
Akademiyasının fəlsəfə bölməsinə də
rəhbərlik edən Mehbalı Qasımov istedadlı gənclərin
yetişməsinə qayğı göstərməklə bərabər,
SSRİ Elmlər Akademiyasının Fəlsəfə
İnstitutu və M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin aspiranturasına azərbaycanlı kadrlar göndərirdi.
Məhz onun xüsusi diqqəti və qayğısı
altında qısa müddətdə 40-dan artıq elmlər
namizədi və elmlər doktoru yetişmişdi. Hazırda Azərbaycanda
çalışan görkəmli filosof alimlərimizin bir
çoxu onun tələbələridirlər.
Azərbaycan ictimai fikir
tarixinin yazılması üçün M.Qasımovun irəli
sürdüyü elmi konsepsiyanın mahiyyəti bundan ibarət
idi ki, hər bir xalqın ictimai-fəlsəfi fikri özünəməxsusdur
və çox qədim köklərə bağlıdır. Bununla
belə, digər xalqlardakı bəşəri fikirlərin
öyrənilməsi milli fəlsəfənin
qarşılıqlı şəkildə formalaşması və
zənginləşməsinə təsir edir ki, bütün
bunlara tarixilik prizmasından təbii və sistemli yanaşmaq
lazımdır. Bu baxımdan Azərbaycan xalqının milli təfəkkürü
Şərq və Qərb fəlsəfi fikir tarixində qabaqcıl
yer tutur.
M.Qasımovun
düşüncəsi belə idi ki, elmin, təhsilin və mədəniyyətin,
ümumən həyatın müxtəlif sahələrində
yüksək istedadlı gəncləri görmək,
onları qiymətləndirmək və öz qabiliyyətlərini
göstərib, yüksək səviyyəyə qalxmaları
üçün şərait yaratmaq xüsusilə vacibdir. Bakı
Dövlət Universitetinin humanitar ixtisaslar üzrə "Fəlsəfə"
kafedrasının müdiri professor Həmid İmanov
xatırlayır: "Mehbalı müəllim bizə Azərbaycanın
ictimai fikir tarixindən mühazirə kursu oxuyarkən onun rəğbətini
qazanmışdım və professor məni aspiranturada saxlamaq
istədiyini bildirmişdi. Lakin o vaxtlar partiya üzvü
olmayan adamın fəlsəfə üzrə aspiranturaya qəbul
imtahanı vermək və qəbul olunmaq hüququ yox idi. Mən
İranda yaşayan dayıma görə partiyaya qəbul edilmədiyimi
ona bildirdikdə Mehbalı müəllim bu problemi, çətinliklə
də olsa, həll etdi və mən aspiranturaya uğurla imtahan
verdim".
Bu cür yüzlərlə
fakt saymaq olar. Mehbalı Qasımov istedadına
inandığı gənclərlə müəllim-tələbə
münasibətlərindən daha çox dost, yoldaş,
ata-oğul münasibəti qururdu. Həsən Şirəliyev,
Vəli Nəsirov, Adil Nəcəfov, İzzət Rüstəmov
və onlarla gənc həmişə onun
qayğısını hiss edib.
Yenə də professor Həmid
İmanovun dediklərinə nəzər salaq: "Mehbalı
müəllim öz mərdliyi, möhkəm iradəsi, cəsarəti,
həssaslığı, ətrafındakı adamlara
qarşı diqqətli olması və təbii ki, yüksək
elmi və dərin fəlsəfi savadı ilə
seçilirdi. Müdrik məsləhətləri ilə
hamıya doğru yol göstərir, çətin vəziyyətlərdə
kömək edirdi. O, müdrik və kamil bir filosof ömrü
yaşadı".
Bakı Dövlət
Universiteti "Sosiologiya" kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor İzzət Rüstəmov isə
bunları söyləyir: "Mehbalı müəllim
hamının sevdiyi və çox adamların həsəd
apardığı bir filosof, işıqlı şəxsiyyət
idi. Mən kafedrada laborant işləyirdim. Mehbalı müəllimin
şəxsi nüfuzu və təşəbbüsü sayəsində
o vaxt mənə 2 otaqlı mənzil verildi. 17 il həmin mənzildə
yaşadım. O, filosoflar ordusunun baş sərkərdəsi
idi".
Filologiya elmləri
doktoru, professor Yavuz Axundlu da M.Qasımovu ehtiramla xatırlayır:
"Saf, təvazökar, xeyirxah, qayğıkeş,
dostluğa səmimi, haqqın, ədalətin tərəfdarı
və qoruyucusu olan Mehbalı Qasımov həm də
böyük vətəndaş, xalqını və millətini
sevən bir ziyalı idi. O, ədaləti və doğrunu,
özünün mənafeyinə ziyan vuran halda da, müdafiə
edərdi. Bu böyük insan həmişə elmə, vətənə
həqiqi xidmət nümunəsi sayılacaq".
Mərhum
tarixçi-alim, el ağsaqqalı Əli Əliyevin "Əlincə
yaddaşı" kitabındakı xatirələri də
maraq doğurur: "Mehbalı təkcə fəlsəfəni
deyil, tarixi, ədəbiyyatı, siyasəti də dərindən
bilən universal, sanballı şəxsiyyət idi. Azərbaycanın
ədib və şairləri arasında Hüseyn Cavidi daha
çox mütaliə edir, "Şeyx Sənan"ı əzbər
bilirdi...
Mehbalı bu dünyadan
gileyli köçdü. Stalin-Bağırov
irtica rejimi onun sinəsinə dağ çəkmişdi. İndi
məni yandıran odur ki, bu
böyük şəxsiyyət
SSRİ-nin dağılmasını,
doğma Azərbaycanın
müstəqillik qazanmasını
görə bilmədi..."
İnsan mənəviyyatı
və əxlaqının parlaq nümayəndəsi olan
Mehbalı müəllim mənsub olduğu xalqın, millətin
qəm və kədərini, dərd və qüssəsini,
uğur və sevincini öz sinəsində, qəlbində gəzdirən
əsl ziyalı idi. O, xalqımızın
böyüklüyünü və müdrikliyini əsərlərində
vəsf edirdi. Sonrakı illərdə görkəmli filosof
M.Qasımov "Azərbaycan estetik fikir tarixindən"
monoqrafiyasında bu məsələləri ön plana çəkdi.
Görkəmli alim-filosof respublikanın ictimai-siyasi həyatında
da fəal iştirak edirdi. O zamankı Azərbaycan SSR Nazirlər
Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin
ictimai elmlər şöbəsinə başçılıq
etməklə yanaşı, SSRİ Ali Attestasiya
Komissiyasının fəlsəfə elmləri bölməsinin,
"Azərbaycan kommunisti" jurnalının və bir
sıra elmi jurnalların redaksiya heyətinin üzvü idi. Fəlsəfə
elminə verdiyi əvəzsiz töhfələrə,
ictimai-siyasi fəaliyyətinə görə əməkdar elm
xadimi kimi yüksək fəxri ada layiq
görülmüşdü.
Mehbalı Qasımov
1963-ci ilin iyul ayında dünyasını dəyişdi. Elmə,
fəlsəfə tarixinin öyrənilməsinə hələ
çox dəyərli töhfələr verə bilərdi. Amma
elə gördüyü işlər və yazdığı
yüksək səviyyəli əsərlər də onun
yaddaşlarda əbədi yer tutmasına, adının ölməz
şəxsiyyətlər sırasına düşməsinə
kifayət etdi. Müdriklik, xeyirxahlıq unudulmadığı
kimi, bu keyfiyyətlərə malik şəxsiyyətlər də
yaddaşlardan silinmir. Fəlsəfə elmləri doktoru,
professor, əməkdar elm xadimi Mehbalı Qasımov məhz bu
cür şəxsiyyətlərdən idi. Azərbaycan fəlsəfəsində
özünəməxsus yeri olan belə bir filosofu, alimi və
müəllimi unutmaq qeyri-mümkündür.
Məmməd RZAYEV,
Firudin RZAYEV,
Naxçıvan Dövlət Universitetinin
əməkdaşları
525-ci qəzet.- 2009.- 31 mart.- S. 7.