Azərbaycanda "Gürcü
kitabı günləri"
keçirilib
"525 KİTAB"
SERİYASINDAN ŞOTA İATAŞVİLİNİN AZƏRBAYCAN
DİLİNDƏ ŞEİRLƏR TOPLUSU TƏQDİM
EDİLİB
Martın 29-da Müasir
İncəsənət Mərkəzində "Maravalsakhovani
Qvekana" ("Çoxisimli ölkə")
jurnalının və "Qafqaz evi"nin baş redaktoru,
tanınmış gürcü şairi Şota
İataşvilinin Azərbaycan dilində yeni nəşr
edilmiş "Veriya baxçasındakı kafe" şeirlər
toplusunun təqdimat mərasimi olub. Mərasimdə yerli
yazarlarla bərabər, gürcüstanlı ədəbiyyatçılar,
həmçinin Azərbaycan ədəbiyyatının
Gürcüstanda yorulmaz təbliğçisi Zezva
Medulaşvili, şair-tərcüməçi Zviad Ratiani və
başqaları da iştirak ediblər.
Təqdimat mərasimində
"Azərbaycanda gürcü kitabı günləri"
layihəsinin rəhbərlərindən biri olan Səlim
Babullaoğlu çıxış edərək deyib ki, bu,
"Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq
qrupu" və Pen-GUAM təşkilatının birgə layihəsidir:
"Bu layihəyə SOCAR-ENERGY GEORGİA şirkəti dəstək
verib, eyni zamanda layihənin həyata keçirilməsində
Azərbaycan Yazıçılar Birliyi, "525-ci qəzet"
və "Ulduz" jurnalı da yaxından iştirak
edib".
Təqdim edilən nəşrin
həm də redaktoru və tərcüməçisi olan Səlim
Babullaoğlu kitab barədə geniş məlumat verib. O
bildirib ki, "Veriya baxçasındakı kafe" şeirlər
toplusu "525 kitab" seriyasından nəşr olunan sayca
üçüncü kitabdır. Seriyanın rəhbəri
"525-ci qəzet"in baş redaktoru və Azərbaycan
Yazıçılar Birliyinin katibi Rəşad Məciddir. Topludakı
əsərləri dilimizə S.Babullaoğlu, İmir Məmmədli,
Oqtay Kazımov və Əsəd Cahangir çeviriblər.
"Azərbaycan-Gürcüstan
parlamentlərarası dostluq qrupu"nun rəhbəri, millət
vəkili Qənirə Paşayeva layihənin əhəmiyyətindən
danışıb: "Bizim üçün böyük
önəm daşıyan bu layihə Azərbaycan-Gürcüstan
mədəni-ədəbi əlaqələrinin daha da
genişlənməsinə öz müsbət təsirini
göstərəcək. Layihə çərçivəsində
şair və yazıçıların görüşləri,
ədəbiyyat nümunələrinin tərcüməsi
işi həyata keçiriləcək ki, bu da hər iki
ölkənin ədəbiyyatının
qarşılıqlı öyrənilməsinə zəmin
yaradacaq". Bir milləti tanımaq üçün onun mədəniyyətinin
öyrənilməsinin vacib olduğunu diqqətə
çatdıran Q.Paşayeva Şota İataşviliyə və
qonaqlara xatirə hədiyyələri verib.
"Ulduz"
jurnalının baş redaktoru Elçin Hüseynbəyli son
illər Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin
sürətlə inkişaf etdiyini vurğulayıb və
Ş.İataşviliyə rəhbərlik etdiyi jurnalın
"Poeziya ödülü"nü və pul mükafatı
təqdim edib.
Mərasimin sonunda
"Veriya baxçasındakı kafe" kitabından bəzi
şeirlər Şota İataşvili və Səlim
Babullaoğlunun ifasında dinlənilib.
İki gün davam edən
"Azərbaycanda gürcü kitabı günləri"
layihəsinin ikinci günü - martın 30-da ümummilli lider
Heydər Əliyevin məzarı, həmçinin Şəhidlər
Xiyabanı ziyarət olunub, "Gürcü və Azərbaycan
kitabları" sərgisi, həmçinin tərcümə
ilə bağlı dəyirmi masa keçirilib.
Rufik İSMAYİLOV
525-ci qəzet.- 2009.- 31 mart.- S.7.