Böyük sözün övladı

 

           K. V. NƏRİMANOĞLU

 

           Çingiz Aytmatov vəfat edəndə mən Türk Dünyasının çəkisinin, boyunun azaldığını fiziki hiss etdim. Bu yaxınlarda Bişkekdə idim. Çingizin qəbrini ziyarət etdim -bacısı oğlu ilə birlikdə. Bu ziyarət mənə qürur verdi. Mən Çingiz Aytmatovun şərəfli yaradıcılığı önündə başımı həmişə dik tutmuşdum və başımı onun qəbri önündə endirdim. Qəbr üstünə yalqız gedərlər. Kimsə sənin hisslərinə mane olmasın, utanmadan ağlayasan, təmənnasız dua oxuyasan və bir damla göz yaşınla mərhumun ruhuna toxunmağa çalışasan. Elə də etdim. Ağladım. Fatihə oxudum və Çingiz Aytmatov haqqında bir daha ən yaxın məsafədən son dəfə düşündüm. Cənazə və torpağın üzü soyuduqdan sonra ruh da yavaş-yavaş çıxıb gedir uzaqlara, çox uzaqlara. Son zamanlar mən öz ürəyimin sözünü yazanda ağlayıram. Yəqin ki, yaşdandır. Doğrudan da insan yaşlaşdıqca uşaqlaşır, kövrəkləşir. Ancaq mənim qəbir üstündə axıtdığım göz yaşları tamam başqa göz yaşları idi. Bu yaşları mən son dəfə anamın dəfnində, H.Matevosyanın ölüm xəbərini oxuyanda və bir dostumun əzablı ölümü günü axıtmışdım. Hiss etdim ki, bu yaş da o yaşdandır. Və qəbir üstə tək gələndə mən Çingizin oğul-uşaq, qohum-qardaş, el-oba, hökumət-dövlət içində yalqızlığını yaşadım və anamın çox razı olduğu övladları olsa da, atamın ölümündən sonrakı yalnızlığı dərin bir uçurum idi, elə bil bir adam onu uçurumun dibində tək-tənha qoyub getmişdi. Heç bir söz demirdi və susmağı ilə elə şeylər deyirdi ki, onu yazmaq mümkün deyil. Dostum yanmışdı və ən dəhşətlisi də odur ki, ölməmişdi, huşunu itirməmişdi, o vəziyyətdə yalqızların ən yalqızı idi. Hrant qaragüruh içində, erməni xaosu, murdarlığı içində qərd olmuş, yalqızlığın özü olmuşdu. Hrant öz milləti içində öz millətini sevə-sevə ölümə məhkum edilənlərin abidəsidir: haqqı dediyi və yazdığı üçün. Çingizin yalqızlığı başqa yalqızlıq idi. 80 yaşlı qırğız kişisi bütün dünyaya ün saldıqdan sonra çiymə pambıqlı ayağında əskər çəkməsi və qurd üzünə bənzər üzü ilə tənha qalmışdı. Nə Tanrı dağlarının əzəməti, nə yazdıqlarının şöhrəti, nə yaza biləcəklərinin ümidi onu bu tənhalıqdan ayırmaq gücündə idi. O, öz içindəki dibsiz quyuya düşmüşdü və əzrayıldan başqa heç kəs onu bu quyudan çıxarmaq iqtidarında deyildi. Qoy dostları, qohumları, sevənləri, vurğunları inciməsin, Çingizin tənhalıq gücü onların Çingizi yaşadan, yaşada bilən gücdən qat-qat artıq idi. Və yalqızlığın bu dəhşətli gücü Çingizi əsla rahatsız etmirdi. Bir imperiya çökmüş, içindən dağılmışdı. Hətta bu imperiyanın əleyhinə olsa belə, Çingiz bu imperiyanın adamı idi. Saxarov kimi, Soljenitsın kimi... Dibindən qopan ağac onu sevənləri də, sevməyənləri də məhv edir. Nə müstəqil Qırğızıstan respublikası, nə yeni Türk Dünyası onun idi. Onun dünyası dünyadan silinmişdi. Sovetlər Birliyi dağıldıqdan sonra ən yeni nəsil - az-çox yazan və yazmaq istəyənlər ortaya çıxdı. Bu, olduqca təbii idi. Siyasətin aparıcı olduğu bir zamanda yeni və ən yeni ədəbi (bəzən ədəbi-siyasi) nəslin zamanın gətirdiyi bir avantajla birlikdə "Sovet ədəbiyyatı" qavramının "sovet siyasəti", "sovet rejimi", "sovet cəmiyyəti" qavramları ilə eyniləşdirilməsi doğru baxış sayıla bilməz. Bəli, Demyan Bednı ədəbiyyatı və ya Pavlik Morozov obrazının "Sovet rejimi" qavramı ilə üst-üstə düşməsi həqiqəti ifadə edir. Azərbaycan sovet ədəbiyyatında bunun örnəkləri kifayət qədərdir. Sözü uzatmadan mətləbə keçirəm. Sovet ədəbiyyatının V.Mayakovskisi də, M.Qorkisi də, B.Pasternakı da, M.Şoloxovu da, S.Vurğunu da, R.Rzası da, B.Vahabzadəsi... də böyük ədəbiyyat ölçülərinə cavab verən ustadlardır. Və əlbəttə ki, bu sırada Ç.Aytmatovun adı zirvədəkilərdəndir. Rejim dövründə böyük ədəbiyyat yarana bilməz fikri həqiqəti ifadə etmir. Rejim vaxtı sənətkar faciə yaşaya bilər, zamanın ziddiyyətləri içərisində çırpına bilər, böyük ədəbiyyatla vulqar ədəbiyyat ölçüləri içərisində çabalaya bilər, ancaq bu şərtlər 70-80 illik zamanın ədəbiyyatı üzərinə xətt çəkə bilməz. Və unutmayaq ki, müasir rus modernist nəsri də, postmodernist nəsri və gələcək hansısa nəsri də adlarını çəkdiyim və çəkmədiyim Trifonovdan, Şukşindən, Belovdan, Bitovdan... çox uzağa gedə bilməyəcək. Əgər gedəcəksə, sənətin yolu açıqdır. Sənət izmlərin içində deyil, izmlər sənətin içindədir. Bu uzun söhbəti mən Türkiyədə bir nəzəri jurnalda "Sovet ədəbiyyatı: açıq söhbət" silsilə məqalələrdə genişliyi ilə yazacağam və Azərbaycan sovet ədəbiyyatına yeni baxışı ortaya qoymağa çalışacağam. Hər cür polemikaya da hazıram. Mətləbdən bir qədər uzaq düşdüm, deyəsən. Amma elə bəhs etdiyim mətləbə Çingiz Aytmatov örnəyi hər cür - zaman və sənətkar, rejim və ədəbiyyat, ədəbiyyatda oyun, qurğu poetikası... baxımından məncə, tam uyğundur. Türkcə düşünüb rusca yazan, Lenin mükafatçısı və sonralar Nobel mükafatı namizədləri arasında olan, Avropanın, Amerikanın və Asiyanın ən üst düzey ədəbiyyat, üslub, poetika, fəlsəfə, siyasət, psixologiya... axtarışlarının mərkəzində olan sovet yazıçısı da, yeni tipli Avrasiya yazarı da, Quran və "Manas" açarı ilə dünya ədəbiyyatını qapılarını açmaq istəyən də Ç.Aytmatov idi. Manqurtluq fəlsəfəsi ilə zamana yeni bir baxış, yozum və bədii, elmi şərh, diskussiya gətirən də Ç.Aytmatov idi. Təəssüf, min təəssüf ki, ədəbiyyat, sənət zamanın içərisindədir və zamanın içərisində ola-ola zamansızdır. Nə qədər paradoksal olsa da, bu, belədir. Və zamansızlıq, məkansızlıq dünyasında Ç.Aytmatov zamanı və məkanı bizi hələ çox düşündürəcək. Mən Bişkekdə Ç.Aytmatova həsr olunmuş elmi konfransda, "Ç.Aytmatovun nəsr poetikası" mövzusunda məruzə etdim. Bu yazıda bir kəlməsinə də toxunmadığım o məruzəni oxucuya ayrıca təqdim etmək niyyətindəyəm. ...Tanrıdan böyük insan, böyük türk və böyük sənətkar Çingiz Aytmatova rəhmət diləyirəm. Dünya dönəcək, zaman keçəcək, yeni nəsillər, yeni mədəniyyətlər yaranacaq. Hər şey dəyişəcək və əslində, heç nə dəyişməyəcək. Və dünyanın yaddaşında Çingiz Aytmatov şəxsiyyəti əbədi yaşayacaq. ...Dünya yolunun Çingiz Aytmatov dayanacağında tənha bir kişi - yorğun baxışlı bir qırğız kişisi bizləri gözləyir...

           ...Bu yazını bitirəndə iki hadisədən sarsıldım. Və hər iki xəbər dolayı şəkildə Çingiz Aytmatovla bağlı idi. İlk xəbər böyük sənətkar Müslüm Maqomayevin vəfatı xəbəri idi. Müslümlə bizim nəsil üçün də son zəng çalındı. SSRİ 1991-ci ildə deyil, Müslümün öldüyü gün öldü. SSRİ-nin əzəmət dolu səsi qeyb oldu. Müslümlə dünya səs sənəti də sağalmaz itkisini yaşadı. İkinci isə yenə də dünya ölçüsündə mədəniyyət xadimi Rüstəm İbrahimbəyovun böyük səs-küyə səbəb olmuş müsahibəsini oxudum. O yazı siyasi yazı deyil. O müsahibə - yazı vicdan yazısıdır və tale, etiraz yazılarını təəssüf ki, hər kəs anlamaz...


   

        Kamil Vəli NƏRİMANOĞLU

 

        525-ci qəzet.-15 noyabr.-2008.-S.26.