“Mixaylo” yad edilib
Noyabrın 2-də əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin vəfatının 65 illiyi ilə əlaqədar qəhrəmanın xatirəsi anılıb. Tədbirdə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar, Respublika Müharibə Veteranları Şurasının rəhbəri Əlövsət Baxışov, “Vətənpərvər” ictimai təşkilatının nümayəndələri, Mehdi Hüseynzadənin yaxınları, qəhrəmanın döyüş yoldaşı Cavad Həkimlinin ailə üzvləri də iştirak ediblər. Tədbir iştirakçıları Mixaylonun qəhrəmanlığından söz açaraq, onun xatirəsinin Azərbaycan və Sloveniya xalqının qəlbində əbədi yaşayacağına inandıqlarını bildiriblər. “Vətənpərvər” ictimai təşkilatının prezidenti, yazıçı-publisist Ruqiyyə Əliyeva əfsanəvi kəşfiyyatçı ilə bağlı apardığı araşdırmalardan danışıb: “Böyük Qələbənin 60 illiyi münasibətilə çap etdirdiyim “Azərbaycanlılar Avropa müqavimət hərəkatında” kitabının bir fəsli bütünlüklə Mehdi Hüseynzadəyə həsr olunub”. R.Əliyeva iki il əvvəl Sloveniyada həmvətənimizin xatirəsinin əbədiləşdirildiyini nəzərə çatdırıb: “Müharibə illərində 9-cu korpusun məşhur həmyerlimiz Cavad Həkimlinin başçılıq etdiyi qərargahının yerləşdiyi Şempas kəndində Mehdi Hüseynzadənin tunc büstü ucaldılıb”.
SARA
525-ci qəzet.- 2009.- 4 noyabr.- S.7.