Azərbaycanda Milli Kitab Mükafatı təsis olunub
“İNANIRIQ Kİ, BU MÜKAFAT
YENİ ƏDƏBİ İMZALARIN, İSTEDADLI MÜƏLLİFLƏRİN
MEYDANA ÇIXMASINA TƏKAN VERƏCƏK”
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada müasir Azərbaycan ədəbiyyatının inkişafı
naminə Milli Kitab Mükafatının
(MKM) təsis olunması
ilə bağlı mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi nazirlik tərəfindən kitab işinin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli
layihələrin həyata
keçirildiyini önə
çəkib: “Bu il bizim kitab işi
ilə bağlı ən böyük layihələrimizdən iri
Birinci Bakı Beynəlxalq Kitab Sərgisi oldu. Biz hər iki ildən
bir bu kitab
sərgisini keçirməyi
planlaşdırırıq. İnanırıq ki, təsis olunan bu mükafat yeni ədəbi imzaların, istedadlı müəlliflərin meydana
çıxmasına təkan
verəcək”.
Tədbirdə çıxış edən MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli layihənin icrasında əsas məqsədin ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın sosial önəmini artırmaq və milli ədəbiyyatımızı zənginləşdirəcək əsərləri ortaya çıxarmaq olduğunu bildirib: “Biz çox ümid edirik ki, bu layihəni həyata keçirmək milli ədəbiyyatımız üçün inci sayılacaq ədəbi əsərlər yarada bilən müasir müəlliflərin yaradıcılığının stimullaşdırılmasına nail olacağıq”. Layihənin həyata keçirilməsində bir çox insanların və qurumların əvəzsiz rolunu önə çəkən təsisçi bu sırada Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, mükafatın baş sponsoru “Azercell” şirkətinə xüsusi təşəkkürünü çatdırıb. O, “Azersun Holdinq” və “Qarant Sığorta”ya da bu təşəbbüsü dəstəklədiklərinə görə minnətdarlığını bildirib.
“Azercell”in əməkdaşı Ülviyyə Həsənzadə bu şirkətin ölkəmizdə həyata keçirilən xeyriyyə layihələrinə hər zaman dəstək verdiyini, bu sahədə örnək sayıla biləcək qurum olduğunu vurğulayıb. Şirkət təmsilçisi Azərbaycan vətəndaşlarının mədəniyyətə marağını artırmaq yönündə çalışmağın “Azercell” üçün böyük məmnunluq mənbəyi olduğunu qeyd edib.
“Azersun Holdinq”in nümayəndəsi Kazım Babayev kitaba diqqətin artırılmasına yönələn belə bir layihəyə dəstək verməkdən zövq aldıqlarını dilə gətirib.
“Qarant Sığorta”nın müşaviri Rüfət Abbasov da layihəni dəstəkləməkdən şad olduqlarını bildirərək, sığorta mövzusunda kiçik hekayələrin şirkət tərəfindən mükafatlandırılacağını açıqlayıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid layihə müəllifinin fəaliyyətinin müstəsnalığına diqqət yönəldib: “İşgüzar xanım Nigar Köçərli biznes sahəsinə girişməyib, şadlıq evi yox, məhz kitab mağazaları açmağa üstünlük verib. Kitab mağazalarının gəlir gətirmədiyi bir zamanda onun böyük cəsarət nümayiş etdirərək həm də ilk Milli Kitab Mükafatını təsis etməsi dərin ehtirama layiq bir addımdır”. AYB katibi bu əhəmiyyətli layihəyə dəstək verən qurum və şirkətlərə də minnətdarlığını ifadə edib.
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı N.Köçərlinin kitab sahəsinin inkişafına yönələn təşəbbüsünü alqışlayıb və təşkilat komitəsinə çoxlu maraqlı ədəbi əsərlər təqdim olunacağına inandığını deyib. O, seçim zamanı yalnız əsərlərin dilinin zənginliyi, süjet xəttinin maraqlılığı, əsərin verdiyi mesajın mahiyyəti və digər nüansların nəzərə alınacağına əminliyini vurğulayıb.
Millət vəkili Rəbiyyət Aslanova Azərbaycan kitabının milli çərçivəni aşaraq, bir mənəvi dəyər kimi bütün dünyada tanınmasını arzulayıb: “Azərbaycan həqiqətlərinin, milli ənənələrin dünyaya çatdırılması baxımından kitablar xüsusi önəm daşıyır”. Millət vəkili Azərbaycanda tarixən dəyərli yazıçılara yüksək qiymət verildiyini xatırladaraq, N.Köçərliyə artıq unudulmaq təhlükəsilə üzləşən bir ənənəni canlandırdığı üçün təşəkkür edib.
Bütün ölkəni əhatə etməsi nəzərdə tutulan layihə çərçivəsində Təşkilat Komitəsi və Münsiflər Heyəti üzvlərinin tarixən ədəbi mərkəzlər hesab olunan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və Qubadan, eləcə də ətraf rayonlardan dəvət olunacaq ziyalı və gənclərlə görüşü planlaşdırılıb. Onların Azərbaycanın bir sıra nüfuzlu ali məktəblərində tələbələr qarşısında çıxışları təşkil olunacaq.
Məlumat üçün bildirək ki, müsabiqəyə hekayə, povest, roman və digər ədəbi janrlarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Buraya, müəllifin vətəndaşlığından asılı olmayaraq, Azərbaycan dilində və əsərin dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim edilə bilər. Əsərlər minimum 40 min çap işarəsi həcmində olmalıdır. Əsərlər bu il dekabrın 31-dək qəbul ediləcək.
Müsabiqənin münsiflər heyətində ədəbiyyat xadimlərindən Çingiz Abdullayev, Vaqif Səmədoğlu, Rüstəm İbrahimbəyov, Rəşad Məcid, millət vəkili Rəbiyyət Aslanova, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, kinorejissor Ramiz Fətəliyev, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov təmsil olunurlar.
Seçilən 20 əsər gələn il yanvarın 26-da münsiflər heyəti tərəfindən oxunaraq xüsusi mexanizm vasitəsilə dəyərləndiriləcək. Fevralın 10-da 10 əsərin daxil olduğu kiçik siyahı MKM-nın rəsmi İnternet saytında (www.mkm.az) yerləşdiriləcək və arzu edənlər üçün online səsvermə imkanı yaradılacaq. Mayın əvvələrində isə 3 qalibin adı elan olunacaq və təntənəli təqdimetmə mərasimi keçiriləcək. Birinci yerin sahibi 3 min manat məbləğində mükafat alacaq. Sonrakı iki yeri tutanlara, müvafiq olaraq, 2 min və min manat məbləğində mükafat veriləcək. Ən yaxşı 10 əsər nəşr olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanacaq.
MKM çərçivəsində “Qarant Sığorta” ən maraqlı kiçik hekayə müəllifinə min manat məbləğində mükafat və 100 min manat dəyərində mənzil sığortası hədiyyə edəcək.
Gənclər və İdman Nazirliyi də gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə min manatlıq mükafat təsis edib.
Layihəyə informasiya dəstəyi verən mətbuat orqanları sırasında “525-ci qəzet”lə yanaşı Day.az, Disput.az və 1news.az xəbər portalları, “Zerkalo” və “Azərbaycan” qəzetləri, APA informasiya agentliyi və “Media FM” radiosu var.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 4 noyabr.- S.7.