Yaxın, uzaq Misir
(Əvvəli ötən
saylarımızda)
Bu gün
Misirdə söz azadlığı tam təmin olunmasa da,
ölkədə mətbuatın inkişafı
üçün bir çox addımlar atılıb. Hətta
bir çox məsələlərdə, həm təhqirə
görə həbsə alınmamaq, həm jurnalistlərin
sosial hüquqlarının müəyyən qədər təmini
baxımından Misir bizdən daha öndədir.
QƏDİM VƏ MÜASİR
MİSİR MƏTBUATI
Misir mətbuatının
əsası 1830-cu ildə “Əl Əhram” qəzeti ilə
qoyulub. Bu həm də ərəb ölkələrində ən
qədim qəzetdir. “Əl Əhram” Krallıq dövründə
meydana gəlib və sonuncu Misir kralı Farukun fəaliyyətini
əks etdirib. 1952-ci ildə Camal Abdul Nasirin
başçılığı ilə ölkədə 23
iyun inqilabı baş verəndən sonra mətbuat milliləşdirilib.
O dövrdə Misir mətbuatında çalışanlar
dövlət qulluqçusu kimi fəaliyyətə
başlayıb. Çünki ölkədə azad söz demək
olar ki, yox idi. Qəzetlərin işinə müdaxilə
olunur, jurnalistlər təqiblərə məruz
qalırdılar. Televiziya üzrə mütəxəsis Məhəmməd
Nəcib deyir ki, 70-ci ilə qədər Misirdə vəziyyət
Xuruşovun rəhbərliyi altında yaradılan mətbuat
orqanlarının fəaliyyətinə uyğun gəlirdi. Səbəb
isə ölkəni 52-ci ildən 70-ci ilə qədər hərbi
qurumun idarə etməsi idi. 70-ci ildə Nasirin vəfatından
sonra hakimiyyətə gələn Ənvər Sadat bu sahədə
dəyişiklik etdi. Sadat başa düşürdü ki, mətbuata
azadlıq vermək lazımdır.
“Əl Əhram”
1952-ci ildən bu yana dövlət qəzeti satatusunu
daşıyır. Məhəmməd Nəcib deyir ki, Misirdə
“Vaşinqton post” kimi güclü qəzet olmasa da, mətbuatda
müəyyən inkişaf da baş verib. Misirdə ingilis
dilində 2 qəzet nəşr olunur. Ümumiyyətlə,
indi ölkədə gündəlik 60 qəzet
çıxır. Qəzetlər bir neçə qrupa
ayrılır. Bunlar dövlət, partiya, regional, vətəndaş
cəmiyyəti və xüsusi qəzetlərdir. Demək olar
ki, bütün jurnalistlər Qahirə Universitetinin informasiya
fakültəsinin məzunlarıdır. Onların 62 faizi
dövlət, qalanları digər yönümlü mətbuatda
çalışır. “Əl Əhram” və “Əxbar” qəzetləri
iqtidarın siyasətini əks etdirir. “Əl Əhram” 70 səhifədir.
Misirdə 30-dan artıq müxalifət qəzeti var. Onların rəsmi informasiya almaq problemləri mövcuddur. Müxalifət mətbuatı dövlət qurumlarını tənqid edərkən adətən mənbələri göstərmirlər. Yaxud mənbə bəlli olur, amma informasiya başqa cür şərh olunur. Məsələn, dövlət qəzeti yazır ki, ölkədə donuz qripinə 2 min nəfər yoluxub və onlar xəstəxanalarda yüksək səviyyədə müalicə alırlar. Müxalifət qəzeti də xəstələrin sayının 2 min olduğunu təsdiqləyir, amma xəstəxanalarda vəziyyətin çox pis olduğunu qeyd edir.
Ölkədə ən çox oxunan “Misir bu gün” qəzetidir. Bu qəzet ərəb dilində 300-400 min tirajla çıxır. Digər qəzetlərin imkanları daha böyük olsa da, tirajları 50 mini ötmür.
MİSİRDƏ JURNALİSTLƏR SÖZƏ GÖRƏ
HƏBS OLUNMUR
Misirdə əvvəllər tənqid, təhqir, şəxsi həyata müdaxiləyə görə jurnalistlər həbsə məruz qalıblar. Amma insan hüquqları müdafiə
təşkilatları, o cümlədən Sərhədsiz
Reportyorlar təşkilatının ölkə rəhbərliyinə
müraciətləri əsasında Misirdə bununla
bağlı qanuna dəyişiklik edilib. Əvəzində təhqirə
görə cərimə tətbiq olunur. Məhəmməd Nəcib
deyir ki, bu qərarı ölkə başçısı qəbul
edib və hakimiyyətə kimin gəlməsindən
asılı olmayaraq bu qərar qüvvədədir. Əgər
qəzet yalan, təhqir yazıbsa, cəza tədbiri kimi onu 2
gün bağlaya bilərər. Cərimə isə müxtəlifdir.
Bu, 5-10 min dollar ola bilər.
Jurnalistlərin əmək haqqına gəlincə, yeni işə başlayanlar 200, təcrübəli jurnalistlər isə 1000 dollar və daha çox alırlar. “Əl Cəzirə”də
işləyən jurnalist 7 min dollar maaş alır. Məhəmməd
Nəcibin sözlərinə görə, mətbuatda çox
güclü tənqidlərə rast gəlinir.
Misirdə
bu gün peşəkar jurnalist problemi var. Bu həm də
maliyyə məsələlər ilə bağlıdır. Məsələn,
Misirdə müxbir postu yaradan xarici agentliklər evi olan, Qahirədə
yaşayan har hansı birini işə götürür ki, ona
çəkdiyi xərclər az olsun. Ancaq peşəkarları
seçmək üçün Qahirədə daha çox vəsait
xərcləmək, jurnalistə yüksək qonorar vermək
lazım gəlir. Bunlarla belə, yerli mətbuatda peşəkarlar
var, lakin onlar çox vaxt dövlətdən ehtiyat etdiklərindən
heç də hər şeyi yaza bilmirlər. Bəlkə də
elə buna görədir ki, Misir mətbuatında xəbərlərin
böyük əksəriyyətini xarici informasiyalar təşkil
edir.
Misirdə
jurnalistlər müxtəlif təşkilatlarda birləşib.
6 minə yaxın jurnalist Həmkarlar Təşkilatının
üzvüdür. 2 minə yaxın jurnalist isə həmin
quruma üzv olmadan da işləyir.
Jurnalistlərin
problemləri olanda, maaşları gecikəndə Həmkarlar
İttifaqına müraciət edirlər və problemləri həllini
tapır. Jurnalist təqaüdə çıxandan sonra Həmkarlar
İttifaqı ona aylıq təqaüd verir. Jurnalist yalan məlumat
verəndə Həmkarlar İttifaqı cəza verir. Gənc
jurnalistlərin mənzillə təmininə xüsusi diqqət
yetirilir. Uyğun qiymətə. Həmkarlar İtifaqları
tibb müəssələri ilə müqavilə
bağlayıb və onların ailələri, övladları
belə 50 faiz güzəştlə müalicə ala bilirlər.
MİSİR İNFORMASİYA
AKADEMİYASI
Misirdə
60-a yaxın televiziya şirkəti var. Lakin onlardan 30-a qədəri
daimi fəaliyyət göstərir. Telekanallar
üçün 300 hektar sahədə ayrıca bir şəhərcik
salınıb, Misir İnformasiya Akademiyası adlanır. Mərkəz
300 milyon dollara başa gəlib. Mərkəzin tərkibində
Misir Elm və İnformasiya Akademiyası da yerləşir. Mərkəzdə
30-a qədər telekanal məskunlaşıb. Onlar üçün
ümumi bir inzibati bina ayrılıb. Studiyalar isə
ümumidir və çox böyük, müasir standartlara
uyğundur. Teleşirkətlər burada müqavilə əsasında
məskunlaşıblar. Burada açıq pavilyonlar qurulub.
Şəhərcikdə həmçinin filmlərin,
teleserialların çəkilişləri aparılır,
canlı yayımlar təşkil olunur.
ORTA ŞƏRQ İNFORMASİYA
AGENTLİYİ
Bu agentlik təkcə
Misirdə deyil, bütün ərəb aləmində,
ümumiyyətlə dünyada tanınan agentilikdir. Agentlikdə
400 nəfər çalışır, inzibati işlərlə
isə 800 nəfər məşğul olur. Agentlik xüsusi
mühafizə olunur. Burada 12 şöbə fəaliyyət
göstərir ki, onların da arasında elmi
araşdırmalar, jurnalist araşdırmaları, müxbirlər,
xəbərlərə nəzarət, tərcümə, beynəlxalq
nəşrlər vəs.
Xarici
ölkələrdə 23 nümayəndəliyi var. Son məlumatlara
görə, agentlik dünya agentlikləri arasında 10-cu yerdədir.
İşçilərin maaşlarını dövlət versə
də, agentliyin direktor müavini Ləbib Bədr deyir ki,
müstəqil mövqelərini saxlayırlar. Misirdə
jurnalist kimi fəaliyyət göstərmək
üçün çox imkanlar var. Yeganə məhdudiyyət
isə Misirin milli maraqlarına, təhlükəsizliyinə və
dini məsələlərə toxunmamaqdır. Bu bütün
Misir KİV-lərinə aiddir. Bədr deyir ki, beynəlxalq
münaqişələrlə bağlı agentlik bir tərəfli
mövqe saxlamır. Qarabağla münaqişəsi ilə əlaqədar
informasiya verəndə, həmin ərazilərin Azərbaycana
məxsus olduğunu təsdiqləyirlər. Azərbaycan, məlumatları
əsasən Rusiya agentliklərindən alırlar. Xəbərin
obyektivliyinə, doğruluğuna şübhə olanda, onu
istinadən verirlər. Bununla da məsuliyyətdən kənarlaşırlar.
Ləbib Bədr
hesab edir ki, bu gün Misir demokratiyanın
başlanğıcındadır. Bununla belə, o, Misir
üçün demokratiyanın deyil,
savadsızlığın,
çoxuşaqlılığın problem olduğunu bildirir.
Doğurdan da bu gün savadsızlıq və
çoxuşaqlılıq Misirin başlıca problemlərindəndir.
Misirdə əhalinin 80 faizi savadsızdır.
İnqilabdan
əvvəl də ölkədə savadsızlıq geniş
idi, indi də vəziyyət eynidir. Baxmayaraq ki, Misirdə təhsilin
icbari olması ilə bağlı qanun mövcuddur, amma ölkə
ziyalıları deyirlər ki, qanunun tətbiqinə nəzarəti
artırmaq gərəkdir. Bununla belə Misirdə təhsilin
səviyyəsi yüksəkdir. Azərbaycanlı tələbələr
deyirlər ki, onlara təhsil aldıqları Misirin ali məktəblərində
hərtərəfli yüksək təhsil verilir.
Hər
halda bütün dünyanı öz tarixi, keçmişi bir
sözlə yaratdıqları ilə hələ də heyrətə
gətirən Misir xalqı bu problemlərin də öhdəsindən
gəlmək iqtidarındadır.
P.S. Qahirəni tərk edərkən ayaqqabılarımı oteldə unutdum. Həmkarlarım bunun yaxşı əlamət olduğunu və yenidən mütləq Misirə dönəcəyimi söylədilər. Hər halda Misiri yenidən görməyinə dəyər...
Pərvanə SULTANOVA
Bakı-Qahirə-Bakı
525-ci qəzet.- 2009.- 3 noyabr.- S.5.