Hippokratdan sonra
DOKTOR MÜRSƏL QARAYEVƏ İTHAF
Xaqani və Bülbül
küçələrinin kəsişməsində dayanıb
taksi axtarıram. Birisi işıqları yandırıb
söndürür. Yaxınlaşıram. Gedəcəyim yeri
deyib, neçəyə aparacağını soruşuram. Deyir
ki, ürəyin neçəyə istəyir, o qiymətə
də gedəcəyik. Dinməzcə oturub gedirik. Yolboyu sussaq
da, Azneft meydanına çatıb işıqforda dayananda,
deyir ki, düz 40 il əvvəl elə bax, burda dayandıq,
radio Heydər Əliyevin Azərbaycana rəhbər təyin
olunması xəbərini verdi. Qara müəllim də maşındaydı.
“Hansı Qara?” – soruşuram. “Qara Qarayev” – deyir. O vaxt da taksidə
işləyirdiz” – soruşuram. “Yox, Qarayevin
sürücüsü idim...” – deyir, sonra da xeyli maraqlı təfsilatlar
danışır. Qəfildən soruşuram: “Mürsəl
Qarayevi tanıyırdız?”. “Əlbəttə, o qədər
gəzdirmişəm ki...” “Necə adam idi?” Cəmi dörd
söz deyir, özü də rusca: “On bıl moşneyşim
xirurqom”. Xatırlayıram ki, illər əvvəl Mürsəl
Qarayevin həyatıyla maraqlanmışam, yazı
yazmışam. Həmin vaxtı, görüşdüyüm
adamları xatırlayır, Mürsəl Qarayevin şəkillərdən
tanıdığım qarayanız, əzələli,
qürurlu sifətini yadıma salıram. “İnsan ömrü
də yazıdı” deyə fikirləşirəm. Yadıma
düşür ki, bir neçə gündən sonra,
noyabrın 4-də onun doğum günüdür,
yaşasaydı, on minlərlə insana həyat verən bu əfsanəvi
cərrahın 90 yaşı olacaqdı. Külək taksinin
qapısını məndən əvvəl bağlamaq istəyəndə
sürücüdən telefonunu soruşuram. Deyir. Yazıram.
Uzaqlaşanda ardımca səsini eşidirəm: “Adım Ələsgərdi...”
İlk əvvəl musiqili
reklam çarxı kimi nəzərdə tutulan, Brüs
Herbertstounun çəkiliş prosesindəki və sonrakı
ciddi səyləri nəticəsində tammetrajlı kino əsərinə
qədər böyüyən “Günəşli vadinin
serenadası” filmini Mürsəl Qarayev çox sevirdi. Mən
Bakı kinomanlarının filmotekalarındakı uzun
axtarışlardan sonra 1941-ci ildə çəkilmiş o
ağ-qara filmi tapıb baxdım. Bəlkə “Bu günəşli
vadidə baş vermişdi”, “Çetanuqa Çu-çu” kimi
mahnılar və Herri Uorrenin musiqisi, Henri Millerin caz orkestrindəki
saksafon partiyaları və ifa tərzi, ya da ki, elə həmin
Oskara layiq görülmüş “... çu-çu”nun ritminə
uyğun ayaq döyən, nal taqqıldadan qaradərili rəqqasların
rəqsiydi bu filmi ona sevdirən, kim bilir? Cənubda qar az
tapılar, olmaya filmdəki bolluca qar və kaskadyorların xizəklə
olan virtuoz tryukları bu qarayanız, atlet bədənli, bəstəboy
gənc cənublu kişisini içindən tərpədirmiş?
Ya bəlkə bir az romantik-sentimental və o dövrün
adamlarına, kütləvi sənətinə xas pafoslu, hadisələrinin
inkişafını qabaqcadan və addımbaşı söyləmək
mümkün olan süjetin rahatlığı və çəkiciliyi
idi səbəb. Təbii ki, bütün bunların, xüsusən
də caz musiqisinə olan sevginin, hətta saksafon – bəzi
versiyalara görə isə klarnet və qaboy ifası
bacarığının rolu böyükdü. Amma həmin
filmə olan sevginin başlıca səbəbi, məncə,
başqa idi.
ABŞ istehsalı olan bu film yerli amerikan prokatına 1941-ci ilin yanvarında, yanvar ayının 26-da buraxılıb. Bu həmin dövr idi ki, Avropa yenicə düşdüyü qan girdabında boğulur, müharibə edir, amerika və sovet adamları isə rəhbərlərinin müharibə hazırlığına baxmayaraq illüziya dolu növbəti dinc günlərini yaşayırdılar. Sovetlərdən fərqli olaraq dünya dövlətlər tarixi üçün gənc Amerika, Pirl Xarboru istisna etsək, hətta daha realist filmləri üçün gen-bol çəkiliş meydançaları ilə zəngin ərazisiylə bu müharibəyə heç sonra da qoşulmadı. Amma mənim artıq yeddi aydır ki, obrazını (!), xarakterini, cizgilərini düşündüyüm, 85 illiyini ölümündən sonra qeyd etdiyimiz mərhum doktor Qarayev – o vaxtlar ömürlüyü tərcümeyi-hal vərəqələrinin ilk qrafalarında bitən gənc adam bu müharibədə, olsun ki, həkim-şəfaverici kimi, ancaq iştirak etmək məcburiyyətində qaldı. Onda vur-tut 22 yaşı vardı. Bura indilik bir təəssüf sözü də yazmaq olar. Çünki insan öz ilk iş təcrübəsini ehtiyatsızlıq üzündən qəzaya düşən, yaxud xəstəlik səbəbindən cərrahi əməliyyata ehtiyacı olan adamları sağaltmaqla deyil, amansız müharibə maşının dişli çarxları arasında əzilən, şikəst olan yüzlərlə, minlərlə insanın – çoxluğun üzərində qazandı. Sağlam, təmiz, inamlı, savadlı, qaynar, istedadlı, ekstrovert bu gənc faciə ilə çox tez üzləşdi. Əksəriyyətin – ümumun – “xorun ölümünü” öz gözü ilə gördü ki, əsl faciə də bu idi. Özü də o faciəni nə profildən, nə öndən seyr etmədi, ona ən yaxın məsafədə oldu, onu içindən gördü. Bu isə cərrah peşəsinin verdiyi imtiyazdı. Peşələrin içində insana, deməli faciəyə də ən yaxın, ən intim məsafəyə qədər gəlmək, hətta fiziki olaraq insanın içinə girmək icazəsi yalnız cərrahlıqdadır. Və faciəyə bu qədər yaxın gəlmiş gənc adam da əlini, ayağını itirmiş pasiyentləri kimi öz ruhunun uclarını, kənarlarını – yəni, bir hissəsini yenə də çox təəssüf ki, itirməli oldu. Elə ona görə də müharibənin toxunmadığı, ayağı dəymədiyi məmləkətin “qış nağılını” sevməliydi, dövrün icazə verdiyi ruhi reabilitasiya tədbirləri görməli idi: sovet prokatı “Günəşli vadinin serenadası”nı müharibədən həmən sonra, Amerika ilə münasibətlərinin qısamüddətli istiləşməsi, soyuq müharibəyə qədərki müttəfiqlik dövründə əldə etmişdi; filmə çəkilən aktyorlar doktor Qarayevin müasirləri, demək olar ki, həmyaşıdları idi; o, müharibənin izi olmayan parıltılı gözlər, simalar axtarırdı və bunları həmin filmdə tapmışdı da. Ona faciəni görməyən insanlar, insan obrazı lazım idi ki, sonradan o insan obrazı naminə çalışa bilsin, fədakarlıqla mübarizə aparsın. Bu təxminən, ayağı amputasiya olunmuş xəstənin hələ də həmin boşluqda ayağını hiss etməsinə, yeriməyin isə yalnız protezlə, yaxud əsayla mümkünlüyünə inanmamasına bənzəyirdi. Belə olmasaydı, gecə və gündüzlərin bütün saatlarında gözlənilməz xəstə çağırışlarına həyəcanla, qaçaraq getməz və ona “bir az ağır ol, özünü tox tut, soyuqqanlı ol, axı, sən həkimsən” – deyə iradlar edilməzdi. Aşqabad zəlzələsindən zərər çəkənlərə kömək üçün göndərilən həkim briqadasına ürəyi atlanaraq yazılmaz, müharibə edən ərəb ölkələrinə hərbi həkim kimi ezam olunmaq arzusunu dəfələrlə dilə gətirməzdi. Öz sənəti və deməli, özgələri üçün yaşayan XX əsrin böyük bəstəkarlarından biri olan qardaşı Qara Qarayevdən “müalicə olun, yaşa, yaxşı olar ki, sakit həyat keçirəsən – özün üçün yaşa, hamıya və hər şeyə tüpür” – deyə məktub almazdı. Bir vaxtlar, hələ 13-14 yaşındaykən “Vətənin qədri əzizdir Sonaya canı kimi, / Sevər öz yurdunu qəlbində imanı kimi” – Sultanməcid Qənizadənin və Aleksandr Vaynberqin də bəyəndikləri, tərcümə etdikləri, vətəni və deməli, onun övladlarını da sevməyi təlqin edən misraların müəllifindən – Bakının məşhur hüquqşünaslarından biri olan İsgəndər bəyin qızından – doğma anasından da “yalnız özünü fikirləş” tövsiyəsi ilə məktub almazdı. Müharibədən 7 il sonra – onda Mürsəl Qarayevin 33 yaşı vardı, 1952-ci ildə atası – görkəmli uşaq həkimi Əbülfəz Qarayevin ölümünə çox hazırlıqsız, sanki müharibənin dəhşətlərini heç görməyibmiş kimi yanaşmaz, körpə uşaq kimi hönkür-hönkür ağlamaz, hətta bu ölümdən sonra ağır stresslər keçirib xəstələnməzdi. Və həmsöhbətlərimdən biri “məncə, müharibəni görmüş, döyüşən orduda cərrah işləmiş adamın atasının ölümü vaxtı stress keçirməsi onun insansevər xüsusiyyətlərinin böyüklüyündən danışır” deyəndə haqlıydı. Mən təəccüblənmədim. Çünki iki gün əvvəl başqa bir dostu, Mürsəl Qarayevin bəlkə də nə vaxtsa hamının ürəyindən keçmiş bir hissindən danışdı: “Kamil, kaş biz bu dünyaya ya 100 il əvvəl, ya da 100 il sonra gələydik”. Bu həm də o dövr idi ki, insanlar öz tərcümeyi-hallarında partiya mənsubiyyətini doğum tarixindən əvvəl bildirirdilər.
Mürsəl Qarayev 1919-cu ildə
anadan olmuşdu. Noyabrın 4-də. Bu həmin dövr idi ki,
Azərbaycan yüz illərdən sonra ilk dəfə müstəqil
dövlətə, Bakı isə, böyük şəhər
olmasına baxmayaraq, ilk dəfə paytaxta – birinci şəhərə
çevrilmişdi, yəni, daha çox şəhər
olmuşdu. Bu tarixdən 11 gün sonra Bakı Dövlət
Universitetinin təsis olunub fəaliyyətə başlaması
da “birinci şəhərlərin” özəl keyfiyyəti
saymaq olar ki, sonradan onun azərbaycanlı rektorlarından
birinin doktor Qarayevin yaxın qohumu, Qarayevlər soyunun görkəmli
nümayəndəsi Abdulla Qarayevin təyin olunması nədənsə
məndə təsadüf hissi yaratmır. Deyirlər ki, hələ
anası Sona xanımın qucağındaykən hərbi
marş oxuya-oxuya addımlayan milli ordu əsgərlərinə
tamaşa edən, sonradan böyük bəstəkara
çevriləcək Qara Qarayev, o vaxtlar balaca Qara, həmin
marşı özünəməxsus şəkildə
zümzümə edirmiş. XX əsrdə taleyinə paytaxt
olmaq yazılmış Bakının məhz “insani planda
salınmasında və memarlığında” bu soyun və bu
soyun bir nümayəndəsi Mürsəl Qarayevin də
sonradan şəksiz əhəmiyyətli rolu olmuşdu.
Yeri gəlmişkən,
1919-cu il tibb elmində, xüsusən cərrahiyyədə
inqilab edən bir kəşflə də əlamətdardı.
Şomov, Yelanskiy və Neqrov məhz bu il qan qrupunu müəyyənləşdirmək
üçün standart zərdabın alınmasına və
uğurlu qanköçürməyə nail olmuşdular.
Deyirlər ki,
dövrünün ilk savadlı qadınlarından olan,
şairə və yazıçı kimi ad
çıxarmış Sona xanım Axundova – Qarayeva
uşaqlarını heç vaxt özündən ayırmaz,
öz sözlərinə görə, sağında Qaranı,
solunda isə Mürsəli uzadar, sübhədək əllərini
bir-birlərindən ayırmayaraq yatırmışlar. Bu
halın sonradan uşaqların istedadlı böyüməsinə
xüsusi rolu olduğu da bəllidi ki, bu artıq psixoanalizin əhatəsinə
aid məsələdi.
Mürsəl Qarayev Əbülfəz
Qarayevin – Odessa Tibb Universitetinin məzunu, milli uşaq
pediatriyasının banisi, Bakının ilk uşaq müəssisələrinin
təşkilatçılarından biri, Azərbaycan Demokratik
Respublikasında ixtisası üzrə hərbi qulluqda
olmuş, alman, rus dillərini və osmanlı türkcəsini
mükəmməl bilən milli bir kişinin oğlu idi. Yeri gəlmişkən,
sonradan o, milli hökumət strukturlarında
çalışmasına görə təqiblərə də
məruz qalmışdı. Bu evə Nəriman Nərimanov,
Hüseyn Cavid, Seyid Hüseyn, Milli Elmlər
Akademiyasının ilk prezidenti Mirəsəddula Mirqasımov,
Cəmil bəy Ləmbəranski və o dövrün başqa
görkəmli adamları da gedib-gəlirdi ki, bütün
bunlar Mürsəl Qarayevin formalaşmasında xüsusi rol
oynamışdı. Üstəgəl ciddi ev təhsili, alman
dayə də sonradan uşaqların intellektual böyüməsinə
təkan olmuşdu.
Mürsəl Qarayev musiqini
çox sevir, saksafon ifaçılığı ilə məşğul
olurdu ki, müharibədən sonra aldığı kontuziya
sonradan onu musiqi ilə məşğulluqdan
ayırmışdı. Amma onun bir ədəbiyyatçı,
yazar ustalığına, dilinə vaqif olmasını mən
bəzi elmi qeydlərindən və məktublarından hiss
etdim ki, bunu yəqin çox az adam bilir. Misal
üçün, qeydlərinin birində çox obrazlı
şəkildə yazırdı: “Ümumən vəziyyət
qənaətbəxşdi deyə məsələnin həllini
sabaha saxlamaq – bu, təxminən döyüşün
döyüş meydanının keçilməz və bərbad
hala düşənə qədər təxirə
salınmasına oxşayır”. Yaxud, dostu Məmməd Vəzirəliyevə
cəbhə məktublarının birində hansısa
xüsusi vəziyyətə işarə edərək “yəqin
ki, çətirlilər ailəsini xatırlayırsan” deyirdi.
Nəyi nəzərdə tuturdu? Kiminsə çətir
altında gizlənməyinimi? Yaxud çətirlilərin bəzilərinin
bircinsli olmasınımı? Ya bəlkə kimlərinsə
çətirlilər ailəsinə daxil olan bəzi bitkilər
kimi öz bəhərini (hərbi qənimətimi?!) üstə
yox, torpaqda gizlətməsini eyham edirdi? Bu haqda yalnız ehtimal
etmək olar.
Mürsəl Qarayev virtuoz cərrahlıq
texnikasına malik idi. Hətta deyirlər ki, sağ əli
möhkəm əzildiyinə görə əməliyyatlardan
birini tək əllə etməli olmuşdu. Ümumiyyətlə,
həmin gün çox maraqlı və sirli gün imiş.
Gecə növbəsində əhəmiyyətsiz travma ilə
xəstəxanaya düşən bir xəstəni əməliyyat
etdikdən sonra onu diqqətlə müşahidə edən
doktor Qarayev, həmin xəstəyə “ehtiyatlı olun, siz
bura yenə düşə bilərsiniz” deyib. 2 saatdan sonra həmin
adam ağır bıçaq yarası ilə geri gətirilib.
Antik dövr bədii sənədləri
arasında iki mətn – “Ezopun oğluna nəsihətləri” və
“Hippokrat andı” məni elə ilk oxulardaca heyrətləndirmişdi.
Birincini oxuyandan sonra “çoxtanrılı cəmiyyətin
yetirdiyi adamın nəsihətləri monoteist din elçilərinin
qoyduğu əsas qanunlarla necə olurdu ki, birə bir məntiq
və ardıcıllıqla bağlanırdı?” deyə
öz-özünə sual etmişdim. Ezopdan təxminən 200
il sonra Hippokrat daha bir yazı yazmışdı və sonradan
bu sənəd tibbi etikanın ilk və ən təsirli sənədinə
çevrilmişdi. Mən həmin sənədin 1948-ci ildə
Ümumdünya Tibb Assosiasiyasının Baş
Assambleyasının redaktə etdiyi variantından
danışmıram, həqiqi nüsxədən söz edirəm:
“Mən həkim Apollona, Asklepiyə, Gigieyaya, Panakeyaya,
bütün tanrı və tanrıçalara onları
şahid gətirərək and içirəm ki, öz
gücüm və ağlımın imkanları daxilində
bundan sonra bütün söylədiklərimə vicdanla əməl
edəcəm: mənə həkimlik öyrədən müəllimlərimi
valideynlərimlə bərabər tutacam, onlarla ruzimi böləcəm
və lazım gələrsə, onlardan köməyimi əsirgəməyəcəyəm;
onların nəslindən olanları öz qardaşlarım
biləcəm, əgər istəyərlərsə bu sənəti
onlara heç bir müqavilə olmadan və əvəz
gözləmədən öyrədəcəm; mənə
olunmuş tövsiyələri, şifahi dərsləri və
bütün başqa təlimləri onlara – öz
övladlarıma, müəllimlərimin övladlarına və
şagirdlərinə, yalnız və yalnız onlara, başqa
bir kimsəyə öyrətməyəcəyəm. Mən xəstələri
gündəliyini öz ağlım və gücümə
uyğun şəkildə yalnız onların xeyrinə
yönəldəcəm, onlara qarşı ədalətsizlikdən
və pislikdən çəkinəcəm. Mən nəinki məndən
ölüm istəyən xəstələrə kömək
etməyəcəm, hətta bu fikri özlərinə
yaxın buraxmamaları üçün yollar arayacam,
tövsiyələr verəcəm, qadınları abort etməkdən
saqındıracam...”
Andın sonu xəstələrin, ümumiyyətlə insanların sirrini saxlamaq üçün götürülən öhdəlikdən ibarətdir. Evtanaziyanın, abortların və hər cür murdarlığın bəraət aldığı, kütləviləşdiyi XX əsrin, xüsusən onun ikinci yarısının daha bir uğurlu adı “antihippokrat dövrü”də ola bilərdi. Hərçənd, kim bilir, sadalanan pisliklərin mətndən göründüyü kimi elə o vaxt da var olması bu yeni adı mənasız edirdi; hər dəfə olduğu kimi fərdlərin yazdığı fərdlər üçün idi.
Sadəcə Yunan-Roma əsatirlərindəki Apollonun, həkimlərin hamisi olmaqla yanaşı, həm də sənət (musiqi, poeziya), öncəgörmə, şəhərsalma tanrısı olduğu çox maraqlı hal, maraqlı sistemləşmə kimi göründü mənə: fiziki sağlamlığı qoruyanların hamisi ruhi sağlamlığı qoruyanların da hamisi idi; o, həm də gələcəkdən – müalicənin sonundan, müalicə etdiyi xəstənin sonrakı aqibətindən xəbərdar və əmin olmalı idi; xəstəlik isə insanların sıx məskunlaşdığı yerlərdə, şəhərlərdə daha çox yayılır və həkimlər də daha çox orda tələb olunurdu.
Halbuki sonuncu monoteist din olan
islamda Yaradıcının – Allahın adlarından biri də
Həkimdir. Və mən “and”ın əvvəlindəki
“Apollon həkimə...” kəlmələrini
öz-özlüyündə təkrar
pıçıldayıb, qədim Yunan-Roma
çoxtanrılılığının
yanlışını daha aydın hiss etdim. Və “Allah
insanı özünə bənzər yaratdı” ifadəsi də
indi bir başqa çalar alırdı ki, bu haqda bütün
bunlardan sonra uzun uzadı danışmaq istəmirəm.
Mifləri və müqəddəs
mətnləri tədqiq etmək tarix və psixologiya
baxımından onları desakrallaşdırma və
profanasiyadı. Bu söz latın mənşəlli
“profanum”dan doğur. Mənası “məbədgahın
yanı”, “məbəd ətrafı” deməkdi. Profanasiya – bu
müqəddəs yerdən çıxarmaq, qeyri-dini sferaya
keçməkdi. Hippokratdan sonra o anda, bir az fərqli redaktə
ilə sadiq qalan doktor Qarayev indi həqiqi Həkimə daha
yaxındı.
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2009.- 3 noyabr.- S.4.