Yaxın, uzaq Misir
(Əvvəli ötən
saylarımızda)
Misirlə bağlı yazılarıma bu sərlöhvəni
seçməyim təsadüfi deyil. Səmimi etiraf edim ki, Misirdə olmazdan əvvəl
bir-birimizə bu qədər uzaq olduğumuzu güman etmirdim.
Uzaqlıq yalnız məsafə ilə ölçülsəydi
nə vardı ki... Baxmayaraq ki, hər ikimiz şərqliyik,
eyni dinə, ortaq dəyərlərə mənsubuq, bununla belə
Misirdə demək olar ki, Azərbaycanı tanımırlar.
Əcnəbi kimi hansı ölkədən
olduğumuzla maraqlanan misirlilərə Azərbaycandan gəldiyimizi
bildirəndə onların hətta ölkəmizin
adını belə tələffüz edə bilməmələri
şəxsən məni çox incitdi. İstər təlimlər
keçirilən Qahirə Universitetində, istər
qaldığımız oteldə, səfər proqramı
çərçivəsində baş çəkdiyimiz yerlərdə
bir nəfərin belə Azərbaycan adlı dövlətdən
xəbəri yox idi. Ötən yazımda qeyd etmişdim ki,
bizi hər yerdə “ermənisiniz?” sualını verirdilər. Misirdə
olduğumuzu müddət ərzində Qahirə Universtetinin tələbələrinə,
ümumiyyətlə bizimlə maraqlanan, maraqlanmayan hər kəsə
yaxınlaşıb Azərbaycandan olduğumuzu, ölkəmizin
harada yerləşdiyini izah etməyə
çalışırdıq. Səfirlikdən əldə
etdiyimiz ərəb dilində kitabları onlara təqdim
edirdik. Əlbəttə 14 gün ərzində Azərbaycanı
tanıtmağın mümkün olmadığını
bilirdik. Amma bacardığımızı da etməkdən
çəkinmirdik. Düzdür, Azərbaycan uzun müddət
sovetlərin tərkibində olub. Amma axı, 20 ildir müstəqilik,
özü də müsəlman dövlətiyik. Təəssüf
ki, Ermənistanı Misirdə daha yaxşı
tanıyırlar. Bu ölkədə turizm, ticarət sahəsində
çalışanların əksəriyyəti də ermənilərdir.
Qahirə Universitetinin professorlarına Qarabağ
münaqişəsi ilə bağlı
ünvanladığımız suala isə onlardan biri bilərəkdən,
yaxud bilməyərəkdən bu barədə məlumatının
olmadığını, digəri isə Qarabağın Misir
üçün milli təhlükəsizlik məsələsi
olmadığını bildirdi. Treninqlərin sonuncu günü keçirilən mərasimdə
Misirin xarici işlər nazirinin müavini Səmah Suruhi də
iştirak edirdi. Mən cənab nazir müavininə Misirdə
Azərbaycanla bağlı məlumatın olmaması, BMT-də
Azərbaycana dair səsəvermədə rəsmi Qahirənin
bitərəf qalması barədə sual ünvanladım.
Düzdür, bəzi həmkarlarım bunu mənə irad
tutdular. Onlar deyirdilər ki, niyə bunu Misirdən tələb
etməliyik. Əslində isə bu tələb deyildi, həm
vətənpərvərlik hissindən, həm də jurnalist
marağından irəli gələn bir sual idi. Nazir
müavini Misir xalqında Azərbaycana, Qarabağ
münaqişəsinə dair məlumatın az olması ilə
razalaşır. Səbəbi isə ölkəmizin uzun
müddət SSRİ-nin tərkibində olmasında
görür. Onun sözlərinə görə, Misir xalqı
son illər Azərbaycanı, Asiya dövlətlərini
tanımağa başlayıb. “Bu bəlkə bizim
günahımızdır, bəlkə də siz jurnalistlərin.
Mən Avropa ölkələrində səfir kimi
çalışmışam. Elmi işim dünyanın təhlükəsizliyi
ilə bağlı olub. Mən Qarabağ münaqişəsini
öyrənmişəm, amma bu sadə xalq üçün
kifayət etmir. Ermənilərə gəlincə, onlar Misirdə
çoxdan yaşayırlar. Onların məşhur müğənniləri,
aktrisaları var. Ona görə də Misirdə daha çox
tanınırlar”. Nazir müavini deyir ki, Misirin həm Ermənistan,
həm Azərbaycanla yaxşı münasibətləri var. Bu
isə onlar üçün çətinlik yaradır. BMT-də
bitərəf mövqe tutmalarının səbəbi də
budur. Misir münaqişənin sülh yolu ilə həllini
istəyir.
Qeyd edim ki,
səfərimizin başa çatmasına az
qalmış Ermənistandan gələn bank işçilərindən
ibarət nümayəndə heyəti də bizimlə eyni
oteldə yerləşdirildi. Düzü, bəzi həmkarlarım, xüsusilə də
müharibənin ağrı-acısından daha çox əziyyət
çəkib, yaxınlarını itirən qrup üzvlərimiz
özlərini güclə ələ alırdılar. Mən
onda dərk etdim ki, torpaqlarımızı işğal edib,
qarşımızda şəstlə gəzən ermənilərin
qarşısında hamımızın başı
aşağıdır. Onlar işğalçıdırlar,
amma həm də qalibdirlər. Ermənilərin ərəb tərcüməçisi
bizə yaxınlaşıb Azərbaycana öz
ehtiramını, sevgisini bildirib, qurupumuzla şəkil çəkdirməsi
ermənilərin heç xoşuna gəlməmişdi.
Onların sərt reaksiyalarından bunu aydın hiss edə bildik.
Xarici işlər nazirinin müavini ilə
görüşdə bəzi həmkarlarım ermənilərlə
eyni oteldə yerləşməyimizlə bağlı məsələni
qaldırdılar. Cənab
Suruhi bunu gələn dəfə nəzərə
alacaqlarını bildirdi. Əlavə etdi ki, hər biriniz
intellektli insanlarsınız. Ona görə də bunun problem
yaradacağını düşünmür. Qahirə
Universitetinin professoru Samiyə Əhməd isə bizə
düşmənlə davranmaqla bağlı məsləhət
verdi. “Mən yəhudiləri görəndə sadəcə
üzlərinə gülümsəyib keçirəm, siz də
belə edin”.
ƏFSANƏVİ
ŞARM ƏL-ŞEYX
Ermənilər ovqvatımızı korlasa da, əfsanəvi
Şarm əl Şeyxə səfər hər birimizin ürəyincə
olmuşdu. Buranı
Misirin müasir möcüzələrindən biri də
adlandırmaq olar. Qahirədən Şarm əl Şeyxə
520 km, təxminən 10 saat yoldur. Yolumuzun uzun
olacağını bildiyimizdən, bir gün əvvəldən
səfərə hazırlıqlı çıxmağı qərara
almışdıq. Yəni hər kəs bildiyi maraqlı əhvalatı
danışmalı, şeir söyləməli idi ki, yol bəlkə
bizə qısa görünsün.
Şarm əl Şeyxin üstün cəhəti
ondan ibarətdir ki, bu şəhər Sinay
yarımadasının cənubunda, yəni Misirin Asiya hissəsində
yerləşir. Daha
doğrusu, bura Avropa, Asiya və Afrika qovşağıdır.
Yol boyu ucsuz-bucaqsız Afrika səhraları, bədəvi
ərəblərin yaşadıqları alaçığa bənzər
komalar və bu komaların qarşısındakı dəvələr
qədim zamanları xatırladırdı. Səhrada palmalar
arasında salınan istirahət yerləri insanı heyrətdə
qoyur. Süveyş kanalının altından çəkilmiş
möhtəşəm tunel bizi 21-ci əsrə qovuşdurdu.
Bu mənzərə isə bizi
darıxmağa qoymurdu.
Şarm əl Şeyxə gecə
çatdıq. Səsli küylü Qahirədən sakit,
nağıllar aləminə bənzəyən bir məkana
düşmüşdük. Şarm əl Şeyx demək olar
ki, turistlərin ən çox üz tutduqları istirahət
yeridir.
Sinay yarımadası 1956 və
1967-ci illərdə İsrailin işğalına məruz
qalıb. Bu yarımada işğaldan azad olduqdan sonra Misir
hökuməti bu regiona ciddi diqqət göstərərək
onu cənnətə çevirməyə nail olub. Dövlət
bu yarımadada əhalinin miqrasiyasının
qarşısını almaq üçün xüsusi qərarlar
qəbul edib. Sinayda işləyənlərin maaşı
Misirin digər regionlarına nisbətən iki-üç qat
artıqdır. Dövlətin digər güzəştlər
də misirlilərin burada daimi məskunlaşmasına yönəlib.
Xüsusən ali təhsili başa vurmuş gənclər bu
güzəştlərdən yararlanmaq üçün Sinaya
üz tutur.
Şarma əl Şeyx şəhəri Şarma və
Nyama-Bey adlanan iki hissəyə bölünür onlar
arasındakı məsafə altı kilometrdir. Uzunluğu 35 kilometr olan istirahət
zolağı dünyanın dörd bir tərəfindən gəlmiş
turistlər tərəfindən “işğal” olunub. Şəhərin
yalnız Nyama-Bey hissəsində bütün standartlara cavab
verən 32 beşulduz otel var. Beşulduz otellərlə
Qırmızı dənizin arasındakı məsafə isə
çox qısadır. Belə ki, oteldən çıxıb
5-10 dəqiqəyə dənizə yetişmək olar.
Misirlilər səhranın
ortasında palmalarla zəngin oazis yaratmağa müvəffəq
olublar. Burada elə bir “cənnət”
salınıb ki, sözlə ifadə etmək belə çətinlik
yaradır. İlin bütün fəsillərində turistlərin
istifadəsində olan Qırmızı dəniz, sahildəki
təmiz qum, qeyri-adi əyləncə mərkəzləri,
bağçalar, könül oxşayan palma ağacları,
bir-birindən gözəl otellər və restoranlar, qədim
Misir dəbdəbəsini xatırladan hovuzlar, heykəllər,
abidələr-bir sözlə gözlə görünən nə
varsa, insan beynini düşünməyə vadar edir.
Şarm əl Şeyx başdan ayağa möcüzələr diyarıdır. Ona görə də turistlərin bura axını səngimir.
Burada istirahət
üçün hər şey var: bilyard, boulinq, uşaq attraksionları,
mağazalar və.s. Rəqs meydanına
çıxdıqda isə gözlənilməz məqamlara hazır
olun. Çünki rəqs etdiyiniz yerdə
qəfil tavan itir və başınızın üstündə
ulduzlu tünd göy səma peyda olur. Bu mənzərəni
seyr edərək musiqili fəvvarənin yanına da yollana bilərsiniz.
Burada hər axşam teatr şousu nümayiş
olunur. Qədim misirli geyimindəki kişilər
qılınclarla rəqs edirlər. Yəqin
ki, bu rəqs hər hansı tarixə söykənir. Ən
yaxşısı isə kafelərin birində stol
arxasında oturub tamaşaya baxmaqdır.
Möcüzəli Şarm əl Şeyxdə qalmaq
bizə iki gün nəsib oldu. Amma yolda itirilən
vaxtımızı da bura əlavə etsək, demək olar
ki, Şarm əl Şeyxdə çox az
qaldıq. Bu isə o deməkdir ki, biz bu əfsanəvi
diyarın gözəlliklərini tam duya bilmədik.
Geri, Qahirəyə dönəndə hamımız
eyni arzunu dilə gətirdik; Şarm əl Şeyxə
mütləq dönməliyik. Çünki
burada görmədiymiz çox şey qaldı. Gördüklərimizin dadını isə istədiyimiz
qədər çıxara bilmədik.
Onu da qeyd edim ki, bura nə qədər möcüzəli
olsa da, istirahət üçün qiymətlər o qədər
də möcüzəli deyil. Məsələn
1500 dollara iki həftə istirahət etmək
mümkündür. Turistlərə xidmət
isə yüksək səviyyədədir.
Şarm-əl Şeyxdən ayrılıb Afrika qitəsinə-Qahirə
şəhərinə dönürük. Bizi
yeni möcüzələr gözləyir.
SƏS və İŞIQ ŞOUSU
Bu şou həftədə bir dəfə-yalnız
cümə günləri rus dilində nümayiş etdirilir.
Bu həm də xarici turistlərin
böyük maraq göstərdiyi bir şoudur. Piramidalar
önündə lazer kompoziyası- bir daha bizi min illər əvvələ
qaytardı. Gizada Xeopsun, Xefrenin və Mikerinin piramidaları
önündə açıq havada seyr etdiyimiz 50 dəqiqəlik
kompozisiya adamı mat qoyur. Sfinksin möhtəşəm
heykəli arxasında piramidaların lazer texnikası vasitəsi
ilə işıqlandırılması, bəşəriyyətin
keçdiyi beş min illik tarixin müəyyən kəsimlərinin
Sfinksin dilindən kadrarxası səsləndirilməsi,
dördüncü nəsil fironların həyatı
haqqında, onların dünyaya bəxş etdikləri
piramidalar barədə müfəssəl məlumat, ən nəhayət
əlli dəqiqə ərzində səslənən mükəmməl
musiqi insanı sanki həmin tarixə aparırır. Amma biz
bir gün sonra piramidaları səfər edəcəkdik. Ona
görə də gecədən bu möcüzəni görməyə
tələsirdik... Bu kompazisiyadan sonra hər birimiz Gizadakı
Misir ehramlarını tezliklə görmək ümidi ilə
yaşayırdıq. Tarixin atası sayılan Herodotun
dünyanın yeddinci möcüzəsi saydığı
Misir piramidalarını ziyarət etməyin nə demək
olduğunu anlatmağa lüzum yoxdur. Hansı bəşər
övladı Misir piramidalarını öz gözləri ilə
görməyi istəməz ki?
(davamı növbəti sayımızda)
Pərvanə
SULTANOVA,
Bakı-Qahirə-Bakı
525-ci qəzet.-
2009.- 30 oktyabr.- S.5.