Nizami Cəfərovun ədəbiyyat baxışları
BEŞCİLDLİYİN 2-ci CİLDİNİ OXUYARKƏN
Mən Nizami Cəfərovdan çox yazmışam, əsərlərindən yazmışam, ədəbiyyat konsepsiyasından yazmışam, ayrı-ayrı kitablarını reklam eləmişəm, portretini cızmağa çalışmışam; olub ki, filoloq-həmkarım, həmməsləkim, gənclik opponentimdən qısqanclıqla bəhs eləmişəm, polemik yazmışam, konkret hallarda sərt mövqe tutmuşam; amma həmişə və həmişə Nizami Cəfərovun ədəbiyyatımızda yeritdiyi xətti duya-duya, anlayıb da sevə-sevə qələm işlətmişəm. Və budur, illər keçəndən sonra baxıb-görürəm ki, demə, mən Nizami Cəfərovdan da çox, öz ədəbi nəslimizdən, nəslimizin ədəbi mövqeyindən, ədəbiyyat həqiqətindən söz açmışam, onun simasında özümüzü, sözümüzü, ədəbiyyat baxışlarımızı müdafiə-təqdim-təbliğ eləməyi gərək və borc bilmişəm.
Əslində, filoloqun ədəbiyyat
baxışlarından danışmaq, yəqin ki, qəribə
görünməlidir; çün filoloqun baxışları
başqa nə olmalıymış ki. Amma əvvəla, belədir ki, N.Cəfərov
özü buna qol qoymuş; o mənada ki, “Seçilmiş
əsərləri”nin beşcildliyində (Bakı, “Elm”, 2007) əvvəlki
kitablarının tərtibindən fərqli, differensial yolla
gedərək, hər bir cildin mövzu-problem-analiz əhatəsini
bir sahəyə aid eləmiş, üstəlik hər birinə
də ayrıca ön söz yazmışdır: “Ön söz, yaxud Azərbaycan dili tarixinin metodoloji problemləri”
(1), “Ön söz, yaxud Azərbaycan ədəbiyyatının
tarixi” (2), “Ön söz, yaxud türkolologiyanın tarixindən”
(3), “Ön söz, yaxud Azərbaycanşünaslığın
müasir problemləri” (4), ən nəhayət: “Ədəbiyyat
siyasəti, yaxud ədəbiyyatdan siyasətə” (5)...
İkincisi, elə bu son məqamın
davamı olaraq, düşünürəm ki, Azərbaycan cəmiyyətinin
inkişafı belə gətirmiş: burda ədəbiyyatçı,
yazıçı, filoloq dərinə meyl etdikcə, üstə
çıxır, yəni istər-istəməz çiynini
ümumən milli-ictimai-tarixi-mədəni fikir işinin də
altına verməli olur (ədəbiyyatdan siyasətə);
bir növ, universal tarixi missiya onun boynuna yazılmış.
Tarixən belə olmuş – zərurətdən; adəta, yenə
belə qalır. Hərçənd cəmiyyət, mədəniyyət
tariximiz bu nöqtədə ədəbiyyatımızı
udursa da, görünür, filolojinin dərinlikləri də
bahəm bundan itirir.
Nizami Cəfərovun ədəbiyyat
baxışları ilk öncə Azərbaycan ədəbiyyatı
tarixçiliyi sahəsində görünür, ən
dolğun ifadəsini məhz burda tapır. Mən bunu
yazılarımda, bir neçə dəfə qabartmışam:
hazırda ədəbiyyatımızın tarixən
yaranmış obrazı dağıldığı, ədəbiyyat
tarixçiliyimiz qırıq-parça sitatlar, bu və ya digər
əlahiddə, eklektik sıralar, baxışlar şəklində
göründüyü bir halda, Azərbaycan ədəbiyyatı
tarixini bütünlükdə, ən qədim dövrlərdən çağımızacan,
müasirliyi və tarixi perspektivində təsəvvür, təsvir
və təqdim eləməyə cəhd edən bircə
Konsepsiyanın adını çəkmək olar. Bu – əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü, filoloji elmləri doktoru, professor Nizami Cəfərovun
artıq iki onildən bəri irəli
sürüb-bölüşdüyü, hər dəfə, hər
kitabında daha da dolğun, düşünülmüş, təkmil
ortaya qoyduğu müvafiq elmi konsepsiyadır.
Bu həmin o Konsepsiyadır ki, N.Cəfərov
şərhini “Azərbaycan xalqının şah əsəri”
yazısında Dədəm Qorquddan başlayır: “Dədə
Qorqud” eposunun tarixi, Azərbaycan etnik-mədəni sisteminin
ümumtürk etnik-mədəni sistemindən fərqlənərək
ayrılması (differensiyası) tarixidir...” və kitab boyu
bütün yazılarından keçirərək,
perspektivini müsahibələrində belə görür:
“Axı bunlar (gənc yazarlar – T.Ə.) “Dədə Qorqud”u,
“Koroğlu”nu yaradan xalqın övladlarıdırlar. Bunlar Cəlil
Məmmədquluzadənin övladlarıdırlar. Bir şeyi
ki, biz yaratmışıq, onun üzərində yüksəlmək
lazımdır...” (“Zaman ədəbiyyat adamlarına əsl
yerlərini başa salır”)
Bu, o ədəbiyyat
tarixçiliyidir ki, həmin elmin bizdə yarandığı
150-100 ili ərzində vur-tut bir neçə konseptual mərhələdən
keçib-gəlmiş: “...F.Köçərlinin “Azərbaycan
ədəbiyyatı”ndan sonra bu və ya digər dərəcədə
bir neçə mükəmməl “Azərbaycan ədəbiyyatı
tarixi” yaranmışdır ki, onların hər biri,
şübhəsiz, təqdirəlayiqdir. Lakin həmin “Tarix”lər
bu sahədə görülmüş işlərin
uğurları ilə yanaşı, qüsurlarını,
problemlərini də kifayət qədər əks etdirir...”
(“Ön söz, yaxud Azərbaycan ədəbiyyatının
tarixi”); və Nizami Cəfərovun Konsepsiyası da hakəza
bütöv bir baxış sistemi olaraq, həmin “Tarix”lərlə
polemik münasibətdə mövcud olur.
Belə ki, Nizami Cəfərovun ədəbiyyat tariximizə fərqli baxışı hələ 1988-ci ildə qələmə aldığı (kitabda da mərkəzi yer tutan) “Azərbaycan intibahı: problemlər, mülahizələr”, “Füzulidən Vaqifə qədər” kimi yazılarında aydın görünür; hərçənd vaxtilə mətbuatda dərc olunarkən, həmin platforma sadəcə “Ədəbiyyat və incəsənət” qəzetində tutduğu yerinə, əlahiddə istedadına güvənən bir gəncin subyektiv manifesti kimi anlaşılmışdı. O zamankı kanonlaşmış ədəbiyyat tarixçiliyi baxışlarına görə beləydi: Azərbaycan ədəbiyyatının qədimliyi prioritet götürülür və farsdilli ədəbiyyatımız, başda Nizami Gəncəvi olmaqla, XII əsrin intibah hadisəsi və zirvə məqamı kimi alınırdı; nəticədə ortaçağ Azərbaycan şeiri XVI əsrdə Füzuli zirvəsi də daxil olmaqla bunun yalnız layiqli davamı kimi şərhə gəlirdi; və bu hesabla M.F.Axundova, hətta XX əsrəcən də milli mədəniyyətdə orta əsrlərin təsiri qalmış olurdu; bir növ bütöv bir ədəbiyyat tarixi, bir dühanın kölgəsinə sığışırdı.
N.Cəfərov neyləmişdi: məhz Azərbaycan mənası, Azərbaycan vurğusunun qabarıq göründüyü XVII-XVIII əsrlər tarixi və mədəniyyətimizdə bir intibah hadisəsi kəşf etməklə üstünlüyü, ağırlığı, diqqəti yenidən (F.Köçərlinin ilk Ədəbiyyat Tarixindən sonra) müasirliyin üzərinə qaytarmışdı; alim həmin və daha sonrakı yazılarında (“Koroğlu”nun poetikası”, “Vidadidən Vaqifə qədər”), bu yöndə olan digər tarixçilik baxışlarına da (F.Köçərli, mühacir ədəbiyyatşünaslığımız, Həmid Araslı, Araz Dadaşzadə, Əlyar Səfərli və Xəlil Yusifov...) aktuallıq qazandıraraq, yeni bir tipologiyanın əsasını qoymuş oldu: “Dədə Qorqud” eposundan başlayaraq qədim türk ədəbiyyatı kontekstində mövcud olan (farsdilli poeziya və N.Gəncəvi də daxil olmaqla) qədim və ilkin orta əsrlər Azərbaycan ədəbiyyatı; ortaçağ (türk və fars dillərində) klassika); və XVII-XVIII əsrlər intibahından çağımızacan gəlişən yeni və müasir Azərbaycan ədəbiyyatı.
Sanki az fərqlənən
bu Konsepsiyanın əvvəlkindən üstünlüyü
bu idi ki, ədəbiyyat tariximizin inkişaf məntiqini hardasa
uzaqda qalmış “qızıl dövr”də (üstəlik
farsdilli əsaslarda) aramırdı; milli ədəbiyyatın
nəşət etdiyi, özünü tanıdığı
(həm də türklük məqamı üzərində)
tarixi mexanizmdən təkanlanaraq, hər bir dövrdə adekvat
müasirlik keyfiyyətlərini axtarıb-tapır, ona isnad
edirdi. Deyək, Nizami Gəncəvi
yaradıcılığı buradaca özündən əvvəlki
əsrlərə də işıq salır: “Nizami “Xəmsə”sinin
fəlsəfi əsaslarını, əgər belə demək
mümkünsə, əl-Fərabi (IX-X əsrlər) müəyyən
etmişdir. Və dahi türk şairinin
yaratdığı, demək olar ki, bütün poetik
obrazların fəlsəfi sxemi dahi türk filosofunda
mövcuddur – “hökmdarın qeyri-adi kamilliyi”, “ideal idarə
sistemi”, “etik intellektualizm”, “qnesoloji optimizm” və s. məsələlər
Nizamiyə əl-Fərabidən gəlir” (“Nizami Gəncəvi”).
Yaxud N.Cəfərovun təqdimində “Füzuli orbiti” nəinki
özündən sonrakı bəlli üç əsrdə təsirini
saxlayır, eləcə də özündən əvvəlki
üç yüzilə də hökmünü verir:
“Füzuli düşüncə tərzinin elementləri Həsənoğludan
(XIII əsr) etibarən müşahidə edilir. Qazi Bürhanəddin
(XIV əsr), xüsusilə Kişvəri (XV əsr) ilə
artıq müstəqil axara çevrilir; beləliklə,
Füzuli üç əsrdən də artıq müddətə
yetişir. Saib Təbrizidən (XVII əsr) etibarən ətalətlə
mövcudluğunu davam etdirən Füzuli düşüncə
tərzi getdikcə ekzotikaya çevrilir” (“Füzulidən
Vaqifə qədər”). XVIII əsrdən başlayaraq isə ədəbiyyatımızın
inkişafı sırf milli estetika, milli xarakter və fəlsəfə
üzərində gəlir: “XVI əsrin əvvəllərindən
etibarən Azərbaycan milli estetik təfəkkürünün
formalaşması prosesi gedir; klassik estetika
(ictimai varlığa Füzuli münasibəti) tədricən
funksional normativliyini itirir, əvəzində isə şifahi
xalq ədəbiyyatından gələn inikas üsulu
normativlik əldə edir, nəticə etibarilə, XVIII əsrin
sonu XIX əsrin əvvəllərində milli estetik təfəkkür
faktlaşır” (“Vidadidən Vaqifə qədər”); və
sonrakı (predmeti Aşıq Ələsgərdən ən gənc
yazarlara qədər olan) oçerklərdə təsbit olunur
ki, ədəbiyyatımız yalnız bu keyfiyyəti – milli səbatını
qoruyanda özü olur.
N.Cəfərovun ədəbiyyat baxışları əhatəli olduğu qədər də sirayətedicidir, çün bütöv-ardıcıl Konsepsiyadan gəlir. Mən həmişə heyrətlənmişəm, bir çox ədəbiyyatşünaslar (özümü də bu sıradan ayırmıram) problemlər qoyub, mülahizələr üzərində vurnuxduğu, illərlə araşdırmalar aparıb məsələnin həllinə metodoloji açar axtardığı yerdə, N.Cəfərov iti fəhmi, çevik düşüncəsi, hazır-sanballı ədəbiyyat bilikləri ilə necə də asan tərzdə həməncə fikri çalır, sadə bir dildə, aydın qənaətlərlə şərh edir, tezislərini söyləyir, ideyalarını bölüşür, qabağa qaçmadan, amma eyni zamanda vasvasılığa da lüzum görmədən problem-situasiyanın dürüst mənzərəsini verir.
Bu zaman ədəbiyyatşünaslığımızın
təklif etdiyi “dolu səhifələr”, elə yerini tutmuş
məqamlarla da birgə, N.Cəfərovun tarixçilik
konsepsiyası işığında necə dəyişib,
özgə cür görünməyə başlayırsa, hələ
nə qədər də nəzəri boşluqlar aşkar
edir. Məsələn,
(Cahangir Qəhrəmanovun 1984-cü ildə
hazırladığı nəşrdən dərhal sonra) o
vaxtacan az diqqət çəkmiş Kişvəri şeirini,
şairə həsr etdiyi yığcam oçerkində N.Cəfərov
ədəbiyyat tariximizə necə də ustalıqla otuzdurur:
“Əgər Nemətullah Kişvəri böyük Füzulidən sonra yaşamış
olsaydı, deyəcəkdik ki, Füzulinin tələbəsidir:
ona görə ki, Kişvəridəki obraz mükəmməlliyini
məhz Füzuli əndazəsi ilə ölçmək olar,
başqa bir ölçü-biçi çətin ki,
yarıya. Hər halda Kişvərini Füzuli
yetirib...”; və təkcə Füzuli deyil, Kişvəri-Nəsimi,
Kişvəri-Vaqif, Kişvəri-Zakir, Kişvəri-Sabir,
Kişvəri-Nəvai paralelləri də şairin
bütöv ədəbiyyat tarixi sırasında görünməyinə
imkan verir (1985). Yaxud “Ələsgərəm,
hər elmdən halıyam...” məqaləsində təkcə
şairin ədəbiyyat tarixindəki yerinə yox, ümumən
aşıq yaradıcılığının təşəkkülünə
dair elə tutarlı müddəalar söyləyir ki, çəkinmədən
demək olar, sonradan bu istiqamətdəki tədqiqatlara da
rəvac verir: “Və əslində, Aşıq Ələsgər
(ümumən XIX-XX əsrlər aşıq) sənətinin
ideya-estetik məzmunu təsəvvür etdiyimizdən çox
mürəkkəbdir; həmin mürəkkəblikdə
az-çox izaha gələn odur ki, sufi-irfani ideyaların
daşıyıcısı kimi formalaşan aşıq XIX əsrdən
etibarən dünyəvi ideyaların təfsirinə daha
ardıcıl cəlb olunur. XIX-XX əsrlərin
aşığı nəinki XVI əsrin, heç XVII-XVIII əsrlərin
də aşığı deyil. Lakin XIX-XX əsrlərin
aşığı da zamana, dövrə özünəməxsus
bir şəkildə müqavimət göstərir, “tarixi
kimliyi” ilə müasir funksiyası arasında qalır. Və
ancaq Aşıq Ələsgər kimi böyük sənətkar
həmin “ziddiyyəti” birləşdirərək aşıq sənətinin
müasir tipologiyasını, xarakterini müəyyən
edir...” (1988). “Nizami Gəncəvi” oçerkində N.Cəfərov
farsca yazıb-yaratmış “Azərbaycan şairi Nizami”ni qədim
türk epos təfəkkürü zəminində izaha cəlb
etməklə, bəlkə də bu istiqamətdə M.Ə.Rəsulzadədən
sonra növbəti metodoloji cövhər
axtarışlarının əsasını qoymağa cəhd
edir: “Xəmsə”nin poetikasında qədim (ümumi) türk əlaməti
genotip kimi, ümumşərq əlaməti isə fövqəltip
kimi özünü göstərir – sistem isə genotiplə
fövqəltipin mürəkkəb münasibəti əsasında
müəyyənləşir...” (1995); və bununla da gərəyincə
eninə, “bir qayda olaraq, dahi şairin “təhlil”ini
metodologiyasızlaşdırmaq istiqamətində inkişaf
etmiş” milli nizamişünaslığı, bir qədər
də dərinlərə dəvət edir.
Bir təkan tezis bəsdir ki, lokomotiv olub ədəbiyyatımızın “materiallar”la dolu tarixini, deyək, indiyəcən oluşduğu yox, digər – daha doğru istiqamətə çəkib-aparsın. N.Cəfərovun “XX əsr Azərbaycan ədəbiyyatı” məqaləsi sanki elə bir bu niyyətə xidmət edir: “XX əsr Azərbaycan ədəbiyyatı tarixi aşağıdakı mərhələlərdən ibarətdir: 1. XIX əsrin sonu XX əsrin əvvəllərindən XX əsrin 30-cu illərinin ortalarına qədər; 2. 30-cu illərin ortalarından 50-ci illərin sonu 60-cı illərin əvvəllərinə qədər; 3. 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər; 4. 80-ci illərin sonu 90-cı illərin əvvəllərindən sonra” (2002). Məqalə vur-tut həmin ədəbi mərhələlərin yığcam xülasəsindən ibarətdir; bununla təbii ki, N.Cəfərov ümdə olaraq müasir ədəbiyyat tarixini əzəlki qeyri-elmi, daha çox yabançı ideoloji təsnifatdan (bir qayda olaraq XX əsr ədəbiyyat tarixi belə bölünürdü: XX əsrin əvvəlləri və sovet ədəbiyyatı) qurtarmağa çalışır; amma eyni zamanda bu metodoloji karkas sanki Mendeleyev cədvəli sayaq daha sonrakı tədqiqatlar üçün sxem rolunu oynayır: Konsepsiya açıldıqca müasir ədəbiyyatın inkişaf məntiqi boş xanaları da doldurası, yazılmamış səhifələri yerinə qoyasıdır. Hərçənd bu gün biz artıq buna əmin olmaqdayıq...
Obyektivlik nədir: məgər növbənöv subyektiv nəzərlər sırasından aparıcı, məhz zamanın tələblərinə cavab verən, ondan doğulub onu ifadə edən subyekt baxışlarının obyektdə özünü tapması, təcəssümlənməsi, reallaşması demək deyilmi?! Nizami Cəfərovun ilk əvvəl subyektiv anlaşılan tarixçilik konsepsiyası da eləcə, çox keçmədi ki, çoxsaylı kitablarında, geniş elmi-pedaqoji və humanitar-mədəni fəaliyyətində realizə olunaraq, hiss olunmadan, tədricən köhnəlmiş ədəbiyyat tarixçiliyi baxışlarının yerini tutmağa başladı. Həm də bu çevrilmə o qədər rəvan, qanunauyğun, müqavimətsiz baş verdi ki, bugün, sabiq sovet dönəmindən tamam fərqli, milli müstəqillik havası və azad düşüncə ilə süslənmiş mühitimizdə bəzən bu baxışların ta əvvəldən hökmfərma olduğu təsəvvürləri də yaranır. Orta məktəbin yuxarı sinifləri üçün ədəbiyyat dərsliklərindən tutmuş (10 və 11-ci sinif dərsliklərinin müəllif kollektivinə məhz N.Cəfərov başcılıq edir), ali məktəblərin filoloji fakültələrində proqram və dərsliklərəcən Azərbaycan ədəbiyyatı tarixi indi əsasən bu tipologiya üzrə təsnif, şərh və tədris olunur: “1. V-XII əsrlər Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatı tarixinin qədim dövrü. 2.XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının orta dövrü. 3.XVII əsrdən XX əsrin əvvəllərinə qədərki Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının yeni dövrü. 4. Nəhayət, XX əsrin əvvəllərindən sonrakı Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrü” (“Ön söz, yaxud Azərbaycan ədəbiyyatının tarixi”) Olsa-olsa, bəlkə bir akademik elmin həmin polemik çevrilmədən xəbəri yox (Hər halda, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 6 cilddə nəzərdə tutduğu çoxcildliyin daha çox oçerklər sırası kimi tərtib tapdığı ilk cildləri bu mülahizəyə yer qoyur).
Nizami Cəfərovun ədəbiyyat
tarixçiliyi Konsepsiyasının tarixi-mədəni və
ideoloji mənşəyi də kifayət qədər şəffaf,
durudur; 1970-80-ci illərdə, hələ sovet səması
altında ulu Heydər Əliyevin uzaqgörənliyi və
inadlı səyi ilə formalaşmış milli-mədəni
quruculuq və çağdaş azərbaycançılıq
ideologiyasına müvazi olaraq irəli gəlmiş, müstəqillik
illərində üçrəngli bayrağımızın
imkan verdiyi geniş kontekst və ideyalar müstəvisində
sürətlə təşəkkül tapmışdır. Bunu təkcə N.Cəfərovun ədəbiyyat
baxışlarının əks olunduğu mətnlərin
altındakı tarixlər deyil, bütövlükdə
Konsepsiyanın üzvi tərkibi olduğu və beş
cildliyin mövzu, problem əhatəsində təcəssüm
tapan dilçilik, ictimai-siyasi, ideoloji və türkoloji
baxışları da dürüst səciyyələndirməkdədir.
Daha geniş söhbət istəyən bu
mövzuya varmadan, bircə onu deyək ki, ümumən ideoloji
substratın N.Cəfərovun ədəbiyyat
çalışmalarında həmişə payı
vardır, məxsusən də bugünlə bağlı ədəbi
tənqid yanaşmalarında: “Bizim bir
problemimiz də ədəbiyyatımızın ideoloji məzmununu
yüksəltməkdir. Ədəbiyyatımızın
bugünkü vəzifəsi yaradılan əsərlərin Azərbaycan
vətəndaşlarının, dövlətçiliyinin
düşüncəsi səviyyəsində olmasını təmin
etməkdir. Xüsusilə gənclər öz fərdi
hisslərindən bir qədər ayrılıb kənara
baxmalıdırlar” (“Azərbaycan prezidenti Heydər Əliyevin
gənc yazıçılarla görüşündə
Nizami Cəfərovun çıxışı”).
Nizami Cəfərovun ədəbiyyat
baxışlarının orijinallığını ortaya
qoyan məqamlardan biri də alimin ədəbi-nəzəri
görüşləridir; bilavasitə predmetləşdirmək
qayğısına çox qalmasa da, hər bir
yazısında, məqaləsində həmin potensialın
miqyasını duymamaq olmur. İki il öncə, güclü nəzəri bazaya malik ədəbiyyatşünaslarımızdan
olan Rüstəm Kamal Nizami Cəfərovun ədəbiyyat
baxışlarına dair gözəl bir əsər yazdı:
“Nizami Cəfərov, yaxud bir təfəkkürün
poetikası” (Bakı, 2007); və böyük
bir sitatlar dairəsi (Baxtin, Lotman, Blanşo, Batay, Bart, Fuko,
Dürkheym, Yakobson, Vıqotski, Benyamin, Lixaçov, Eyxenbaum,
Bibler, Leontyev, Tınyanov, Tomaşevski, Toporov...) cızaraq, XX
yüzilin ədəbiyyat nəzəriyyəsi müstəvisində
bu milli fenomenin yerini aradı. Amma desəm ki, Nizami Cəfərovun
nəzəri görüşlərinin mənbəyi
bilavasitə bu kontekstdən gəlmir, bu heç də Nizami Cəfərov
hadisəsinin həmin müstəvidə yersizliyi anlamına gəlməsin;
əksinə, çəkinmədən söyləmək
olar: Rüstəm Kamal kitabda hadisənin əsl müasir
dekonstruksiyasını verir; məhz müasir.
Nizami Cəfərov
isə bir ədəbiyyatşünas kimi modernizə
dövrünün klassikasına meyl edir; mən onun nəzəri
görüşlərində Ferdinand de Sössür (heç
təsadüfi deyil ki, dünyaca məşhur alimin “Ümumi
dilçilik kursu”nu, üstündən yüz il ötdükdən
sonra, Azərbaycan dilinə məhz N.Cəfərov
çevirmişdir), Vilhelm fon Humboldt (Əbülfəz Rəcəblinin
170 il sonra dilimizə tərcümə etdiyi “Bəşər
dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin
mənəvi inkişafına təsiri haqqında” əsərinin
elmi redaktoru da N.Cəfərovdur) və b. klassik dilçilərin,
Aleksandr Veselovski, Dmitri Lixaçov kimi ədəbiyyatşünasların,
ümumən rus formal məktəbinin (həmincə Yakobson,
Tınyanov, Tomaşevski...), bir qədər də Hegel
dialektikasının izlərini aydınca görürəm;
açıq sitatlar şəklində olmasa da, əsasən
XIX əsri və XX əsrin əvvəllərini ehtiva edən
bu klassikaya N.Cəfərovun sadiqliyi işlətdiyi universal
formullarda, milli tarix, mədəniyyət və ədəbiyyat
materiallarını formal dilçilik və tarixi poetika
kateqoriyaları məcrasında həzm və şərh eləməsində
istər-istəməz üzə çıxır. Göstərilən
dövr bir yandan filoloji elmdə nəzəri dilçilik və
ədəbiyyatşünaslıq məktəblərinin
yarandığı, digər tərəfdən həmin nəzəri
təcrübə ilə bir-birinin ardınca milli ədəbiyyat
tarixlərinin yazıldığı dövrdür; belə ki, bu
gün belə bizdə Firudin bəy Köçərli ilə
başlayıb 1930-cu illərdə yarımçıq kəsilmiş
(sonrakı illərdə yalnız sosioloji təhriflərlə
davam eləmiş) milli ədəbiyyat tarixçiliyinin
klassikasına dönüş elə də təəccüb
doğurmamalıdır. N.Cəfərovun hər
bir ədəbiyyat tarixi oçerkində, məsələn,
A.Veselovskinin “Tarixi poetikası”na, ya D.Lixaçovun “Qədim
rus ədəbiyyatının poetikası”na, yaxud formal məktəb
nümayəndələrinin janr mündəricəsi və
janr estetikası axtarışlarına müvafiq olduqca ciddi
milli poetika araşdırmaları ilə üzləşirik.
Bizdə
tarixi poetika araşdırmaları istiqamətində ilk məcmuə
yalnız 1989-cu ildə, ədəbiyyatşünas Şirindil
Alışanovun redaktorluğu ilə çıxmağa
başlamışdır (Sevindiricidir ki, yenidən bərpa
olunmuş “Azərbaycan ədəbiyyatının tarixi
poetikası”nın üç il öncə daha bir toplusu
işıq üzü gördü (Bakı, “Elm”, 2006); N.Cəfərovun
“Vidadidən Vaqifə qədər (janr texnologiyalarının
inkişafı)” məqaləsini də ilk dəfə mən həmin
məcmuədə oxumuş, bu günəcən də onu bizdə
tarixi poetikaya dair ən gözəl nümunə hesab edirəm.
Məqalədə
janr (qəzəl-qoşma) münasibətləri fonunda həm
XVIII əsr Azərbaycan ədəbiyyatında baş verən
keyfiyyət çevrilmələri bütün parametrlər
üzrə (məzmun, ideya-fəlsəfə, lirik qəhrəman,
estetika və poetika) izlənilir, həm də bu çevrilmənin
nəzəri məntiqi
(tarixi poetikası) aşkarlanır: “Janrın estetik-qnoseloji
imkanı hüdudludur; estetik prinsiplər təkmilləşdikcə
janr da təkmilləşir, o vaxta qədər ki, estetik
prinsiplərdə keyfiyyət çevrilişi olur, – bu zaman
janr çevrilişi baş verir”. “XVII, xüsusən XVIII əsrdə
normativliyini itirən qəzəl qoşmanın normativləşməsinə
kömək edir; ona görə ki, qəzəli də,
qoşmanı da bir şair yazır (əgər belə
olmasaydı, biz heç israr edə bilməzdik ki, qəzəl
standartlarından qoşma standartlarına keçid
dövrün estetik mahiyyətini təşkil edir)...” “M.P.Vaqif
qoşmanı qəzəlin XVI əsrdəki M.Füzuli səviyyəsinə
qaldırmaq imkanı əldə edir... XVI əsrdəki qəzəl
normativliyi XVIII əsrdəki qoşma normativliyi ilə məzmun,
forma və funksiya planlarında qarşı-qarşıya
qoyulur, – yeni oppozisiya deyəndə biz bunu nəzərdə
tuturuq” və s.
Nizami Cəfərov bütün gəlişi ilə milli ədəbiyyatın doğurduğu fenomendir; bu həm də ona bilavasitə ədəbiyyatın iç təcrübəsindən çıxış edib, nəzəri ümumiləşdirmələr aparmaq səlahiyyəti verir; XX əsrə qədərki ədəbiyyatımızın buna tam gücü də var: “Ədəbi-bədii fikrimizin inkişafında Füzuli mərhələsi, Vaqif mərhələsi, nəhayət S.Vurğun mərhələsi məntiqi əlaqə təşkil edir; hər bir mərhələnin müstəqilliyi ilə yanaşı, bir-birinə dialektik istinadı da diqqəti çəkir. Füzuli mərhələsi – tezis, Vaqif mərhələsi – antitezis, S.Vurğun mərhələsi isə sintez faktı kimi araşdırma tələb edir” (“Füzulidən Vaqifə qədər”). “Və bir sıra siyasi-ideoloji, ədəbi-bədii materialların sistemli öyrənilməsi göstərir ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai təfəkküründə Cənubun payı Şimalın payından az deyil. Bu isə o deməkdir ki, millətin qarşısına qlobal problemlər çıxanda ona Şimal bir cür, Cənub isə başqa cür reaksiya verməmiş, ümumi ideoloji ədəbi estetik mövqedən çıxış edilmiş, vahid (ümummilli) düşüncə mədəniyyətində hər iki Azərbaycan üzvi əlaqədə təmsil olunmuş, bütün bunların nəticəsi olaraq bütöv Azərbaycan ideyası (əsasən, mənəvi-mədəni baxımdan!) formalaşıb yayılmışdır...” (“Azərbaycan ədəbiyyatı: Şimalda və Cənubda”)
Nizami Cəfərov ədəbiyyatın
varlığını böyük ölçülərdə
axtarır; onu tarixi-mədəni dəyərlər yetirməli
və o özü də bu dəyərləri
yaratmalıdır. O baxımdan N.Cəfərovun nəzərində
bütün XX əsr ədəbiyyatı eksperimentlərdən,
məhz klassik milli dəyərlərin təkrar-təkrar əsr
keşməkeşlərindən keçib, özünü təsdiqlədiyi,
təsdiqləyə bildiyi məqamlardan, epizodlardan, hadisələrdən
sıra tapır.
“Səməd Vurğun”, “Azərbaycan legion ədəbiyyatı”,
“İsmayıl Şıxlı, yaxud mənalı ömrün
dastanı”, “Bəxtiyar Vahabzadə, yaxud millətin şairi”,
“Hüseyn Arif dünyası”, “Akademik Bəkir Nəbiyevin
yaradıcılıq yolu”, “Həyat dəryasının ədəbiyyat
gəmiçisi (Seyfulla Əsədullayev)”, “İsa Muğanna:
məlumluqdan məchulluğa”, “Vidadi Babanlıya
açıq məktub”, “Azərbaycanın ədəbiyyat
filosofu (Yaşar Qarayev)”, “Nəriman Həsənzadə:
tariximizin taleyi, taleyimizin tarixi”, “Anar”, “Elçin”, “Fərman Kərimzadə...
Düşünən (və döyüşən)
tarix”, “Nüsrət Kəsəmənli: sevən şair, sevilən
şair”, “Zəlimxan Yaqubdan yazanda” və s. – həmin ədəbiyyatın
yalnız epizodlarıdır, hər biri ayrılıqda və
bir ayrı cürə bu dəyərləri yaşadır və
təqdim edir.
Bu zaman N.Cəfərov predmetə o qədər yaxın, doğma nöqtələrdən yanaşır ki, ədəbi-tənqidi fikirlə predmet, nəzəriyyə ilə ədəbiyyat praktikası arasında cüzi belə yadlaşmaya fürsət qalmır. İsmayıl Şıxlı obrazını oxucuya hansı nöqtədən tərif edəsən ki, bütövünə xələl gəlməyə – əlbəttə, şəxsiyyətindən; “İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir... Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən danışmaq lazımdır – İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki, orada həm məişətdə, həm əxlaqda, həm də ictimai münasibətlərdə qəribə bir epos təbiiliyi, təmizliyi var...” (1992). Bəs Bəxtiyar Vahabzadə obrazını necə: “...məsələ ondadır ki, Bəxtiyar Vahabzadənin şairliyi də, filosofluğu da, ictimai xadimliyi də mənsub olduğu xalqa məxsusdur. O, bütünlüklə “Azərbaycan məktəbi”nin yetişdirməsi olub, bu məktəbin müasir təfəkkür imkanlarını nümayiş etdirir...” (1996). Hüseyn Arif obrazına xatirələrə, lətifə-stuasiyalara, şairin dünyasına baş vurmadan necə girmək olar: “...Qağa özünü hamıdan çox istəyirdi və bu, bəzən lap özünə məftunluğa qədər gedirdi. Ona görə yox ki, eqoist idi, daha çox ona görə ki, özünün sənətkar, mütəfəkkir kimi böyüklüyünə əmin idi. Özünün kim olduğunu hamıdan yaxşı bilirdi...” (1999).
Çox vaxt klassik sənətkarlara münasibətdə belə əsirgədiyimiz “mütəfəkkir” sözünü N.Cəfərov ədəbi portretini cızdığı müasirlərinə şamilən asanca işlədir, sözün sadəcə “fikir adamı” mənasında; o da hər yerdə yox, fikir umduğu yaradıcılara nisbətdə: “İdeal” müəllifi ilə mübahisə etmək olar. Lakin ondan daha humanist, daha mütəfəkkir bir nəticəyə gəlmək olarmı?...” (2007), “Nəriman Həsənzadə yalnız bugünün şair-mütəfəkkiri deyil, o, Tarixin övladıdır, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının məhz Tarixi hadisəsidir...” (1997-2002), “Azərbaycan, ümumən türk ictimai-mədəni mühiti ən azı üç Anar tanıyır: onlardan birincisi yazıçı Anardır, ikincisi mütəfəkkir-alim, üçüncüsü isə ictimai xadim Anardır...” (2004) Amma deyək, akademik Bəkir Nəbiyevi “ustad” mənziləsində, ədəbiyyatşünaslıqda keçdiyi “yarım əsrlik yaradıcılıq yolu”ndan (2005), professor Seyfulla Əsədullayevi nəzəriyyəçi kimi “beynəlxalq nüfuzu”ndan (2004), Yaşar Qarayevi bir “ədəbiyyat filosofu kimi düşüncəsinin bütün inqilabi miqyası”ndan (1996), yazıçı Vidadi Babanlını oxucu mövqeyindən (2007), Elçini hərtərəfli yaradıcılığının nəhəng miqyasından təqdim etməyi daha vacib və münasib bilir: “Mən əminəm ki, Elçin oncildlikdə toplanmış əsərlərinin, demək olar ki, hamısını bir nağılçı, dastançı kimi əzbərdən, sinədən deyə bilərdi. Və dedikləri yadda qalardı. Çünki onlar yazı mətnindən çox, mükəmməl bir epik yaradıcılıq (epos yaradıcılığı!) məhsullarıdır, bütöv bir bədii-estetik texnologiyanın yaratdığı sənətkarlıq modelləri, konstruksiyalarıdır. Elçinin əsərləri bir küll halında zəmanəmizin eposudur...” (2006)
Bütövlükdə, Nizami Cəfərov bilavasitə canlı, fuksional yaradıcılıq nəzəriyyəsi tərəfdarıdır; müasir ədəbiyyatın izahını hansısa alınma sxemlərdə aramaqdansa, özgə düsturlarla qiymətini verməkdənsə, milli təcrübənin öz içindən çıxış etməyi, öz düsturlarımızı tapmağı düzgün sayır; əks halda olub-qalanımız da sitatlar altda quylana bilər: “Dünyanın heç bir yerində Azərbaycan şeirinə ayrılıqda baxmırlar. Ümumtürk şeirinin tərkib hissəsi kimi baxırlar. Vahid ümumtürk şeiri var. Onun texnologiyası var, modelləri var, o etiraf olunan bir hadisədir. Nəyi etiraf olunub? Azərbaycan şeirinin ərəb şeirindən sonra yüksək standartları, yüksək modelləri, yüksək simmetriyası, yüksək texnologiyası. Məsələn, dünya şeirində bu dərəcədə sistematikliyə, universallığa, kompaktlığa çatan şeir o qədər çox deyil”; “Amma nəsrdə belə deyil. Nəsrdə yazar 30 yaşa qədər axtarışda olur. Nasir ciddi yazıçıdırsa, 30 yaşından sonra ciddi yaradıcılığa başlayır. O yaşa qədər onun yazdıqları lazımi keyfiyyətdə olmur...” “Bu gün Azərbaycan romanı yoxdur, demək olar ki, yaranmır, çünki onun yaranması üçün şərait yoxdur. Azərbaycan düşüncəsinin, təfəkkürünün o vaxtı deyil... Azərbaycan romanı eposdan gəlməlidir. Milli mənbə eposdur. Epos düşüncə tərzini də 20-30-cu illərdə sındırdılar, ideoloji təzyiqlə məhv elədilər. Onun əvəzində kəsik-kəsik süjetlər təqdim etdilər və beləliklə də Əbülhəsənin romanları yarandı...” (“Zaman ədəbiyyat adamlarına əsl yerlərini başa salır” müsahibəsindən)
Məxsusən qabartdığımız çoxlu sitatlardan da bəlli olur ki, Nizami Cəfərovun ədəbiyyat baxışlarına bir epos axtarıcılığı xasdır; alimin yaradıcılığından söz açan müəlliflər də, bir qayda olaraq, onun üslubuna epikliyin, epik təmkinin xas olduğunu vurğulayırlar. Geniş və miqyaslı yaradıcılığında N.Cəfərov epos təfəkkürü, epos enerjisini, gücünü haradan alır? – təbii ki, ilk öncə müasirliyini, modern əsrini yaşayan, sabahını quran xalqının, millətinin çağdaşlıq həyatından; “Azərbaycan xalqının ədəbi mədəniyyəti: genezisdən tipologiyaya” məqaləsində alim həmin məqamın universal səciyyəsinə istinad edir: “XX əsrin 30-cu illərindən etibarən Azərbaycan ədəbi mədəniyyətinin tarixinə baxışlar nə qədər ideoloji təzyiqlər altında olsa da, kifayət qədər müasir, kifayət qədər kompleks xarakter daşımağa başladı. Firudin bəy Köçərlinin təcrübəsi bu və ya digər dərəcədə konsepsiya halına gətirildi. Yalnız elmi-nəzəri münasibətin yüksələn səviyyəsi deyil, ədəbi yaradıcılıq praktikası da göstərdi ki, Azərbaycan ədəbi mədəniyyətinin əsas mənbəyi Azərbaycan türklərinin xalq yaradıcılığıdır...” (2005)
Ümumən dünya humanitar elmində “böyük narrativlər”in dağıldığı bir vaxtda N.Cəfərovun milli mədəniyyətin realiyalarından təkanlanıb, uğurla məxsusi epik üslub yapması maraqlı hadisədir; üstəlik bizimçün vacibdir də. Bir sıra səbəblərdən, məsələn, Azərbaycan ədəbiyyatı tarixçliyinin problemləri elədir ki, epik təhkiyəyə, epos nəfəsinə köklənmədən onu ehtiva etmək heç mümkün də deyil; adəta N.Cəfərovun yazıları ideyalarla o qədər bol, dolu olur ki, ucundan tutub, bütöv məqamları, səhifələri çevirmək olar. Epik düşüncə təfərrüatların, vaxtilə qarşısında aciz qaldığımız bir çox sivilizasion əngəllərin üstündən keçməyə də yol verir: “Söhbət ondan gedir ki, Azərbaycan ədəbiyyatının əsas hadisələrini ikinci, yaxud üçüncü dərəcəli hadisələrdən ayırmaq lazımdır. Və Azərbaycan ədəbi mədəniyyətini xarakterizə edərkən birinci növbədə xalq yaradıcılığı, onun poetexnologiyası əsasında yaranmış professional ədəbiyyat diqqət mərkəzinə çəkilməlidir. Əgər belə olmasa, yəni “iç struktur”un deyil, “dış struktur”un “varisliyi”nə əsaslanmağa çalışsaq, vahid genotip üzərində möhkəm dayanmayan eklektik bir ədəbi mədəniyyətin varisi olmaqdan başqa çarəmiz qalmazdı” (“Azərbaycan xalqının ədəbi mədəniyyəti: genezisdən tipologiyaya”)
Nizami Cəfərovun
ədəbiyyat baxışları zahirən (dış
strukturuna görə) nə qədər qəti, təmkinlidirsə,
daxilən (iç strukturuna görə) az
qala həmişə polemikdir, ilk tezisindən son nəticəsinə
qədər alternativ ovqatında olur; bu keyfiyyəti ona milli mədəniyyətin
məhz həmən situasiyası – iç strukturun
dışa etirazı vermişdir. Zahirən N.Cəfərovun
yazıları akademik ölçülərdən – sitatlar,
elmi mübahisə və müzakirələrdən
azaddır, tək-tək istinadları çıxsaq, heç
məqalələrin (yaxud kitabın) sonunda elmi ədəbiyyat
siyahısı da görünmür. Amma bu
mübahisələr var, həm də o qədər çox,
konseptual və dərindir ki, alim onu sadəcə epik təmkininin
içinə alıb, toxtatmalı olur. N.Cəfərovun
yanaşmasında akademizm də yerindədir; toxunduğu hər
problemə dair özünəqədərki milli akademik elmin
son qənaətlərindən, nəticələrindən
(yekunlaşdırıcı sitatlardan) çıxış
edib, sözünü deyir, tezis verir, meydan açır.
Sadəcə, özünün də çox
işlətdiyi “diplomatiya” məfhumu N.Cəfərovun elmi
mübahisələrinə də sirayət edir; N.Cəfərov
o qədər mahir polemistdir ki, ucuz yanaşmalardan, yersiz təfərrüatlardan
daim kənarda qala bilir. Üçcə səhifəlik
bir məqaləsində: “Dədə Qorqud” eposu İslam dinini
qəbul edib yayan oğuz türklərinin eposudur, ona görə
də “Kitab”a islamın sonradan əlavə edilməsi
mülahizəsi yanlışdır” deyə, opponentlərinin
arqumentlərini bircə-bircə heçə endirəndə
də belədir (“Azərbaycan xalqının şah əsəri”);
görkəmli əruzşünas-alim Əkrəm Cəfərlə
onun öz “ərazisi”ndə dartışma yaparkən də:
“...belə düşünmək nə dərəcədə
doğru olardı ki, XIII əsrdən XVI əsrə (yaxud XIX əsrə)
qədər Azərbaycan dilinin (və poetik təfəkkürünün)
estetik idealı əruzun qəliblərinə getdikcə daha
yaxşı sığışmaqdan ibarət olmuşdur? Əruz
Azərbaycan türk şeirində möhkəmlənə-möhkəmlənə
xalq şeirinin həm məzmun, həm də formaca təsirini
qəbul edirdi, çünki əruzu Azərbaycan türk
şeirinə yad təfəkkür deyil, azərbaycanlı təfəkkürü
gətirirdi...” (“Kişvəri”); Azərbaycan
tarixşünaslığında Koroğlunun tarixi şəxsiyyət
olması ideyasına aludə olmuş tarixçilərə
mesaj ünvanlayanda da: “Lakin dastandakı Koroğlu tarixi şəxsiyyət
olmuş Koroğludan daha əzəmətli, daha böyük,
daha qüdrətli olmaqla yanaşı, həm də daha
çox tarixidir. Çünki dastan qəhrəmanı
Koroğlu Azərbaycan tarixinin bütöv bir
dövrünün idealıdır, həmin dövrün
estetik təfəkkürünün bilavasitə məhsuludur...”
(“Koroğlu”nun poetikası”); lap apaydın məsələlərdə
“mürəkkəblik” ortaya çıxanda da: “Həmin məntiqlə
Qurbaninin, Aşıq Abbas Tufarqanlının, yaxud Xəstə
Qasımın da savadsız olduğunu təsdiq və ya inkar
etmək mümkündür. Əslində isə,
istər bu böyük xalq sənətkarları, istərsə
də Aşıq Ələsgər ərəb əlifbasını
(əski Azərbaycan əlifbasını) mükəmməl
bilmişlər. Məgər “Əlif-lam”
müəllifini (söhbət Aşıq Ələsgərdən
gedir) savadsız saymaq mümkündürmü?!” (“Ələsgərəm, hər elmdən
halıyam...”); və elə ümumən hər hansı ədəbiyyat
kürsüsündən sözünü deyəndə də.
Belə ki, N.Cəfərovun konseptual və
prinsipial alim mövqeyinə söykənən analitizmi
heç də epik inandırıcılıq və təlqinindən
ayrı olmayıb, üslubunun üzvi tərkibidir.
Nizami Cəfərovun olduqca orijinal ədəbiyyat baxışları, ədəbiyyatşünaslıq platforması bir daha onu təsdiqləyir ki, Azərbaycan ədəbiyyatı da öz fərqli “filoloji məktəbi”ni doğurmağa, irəli çəkməyə qadirdir; bu, ən azı, N.Cəfərovun özünün sözlərinə isnad etsək: “dünya miqyasına öz Azərbaycan qeydiyyatımızla çıxmaq”dan ötrü lazımdır. Sadəcə bu elmə, bu tənqidə, bu ədəbiyyata bir az həssaslıq, bir qədər də diqqət gərəkir. Çox yox, bir azca.
525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.